İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Tədbirdə dövlət başçısı əhatəli nitq söyləyib. İlham Əliyev 2018-ci ilin ilk altı ayı ərzində görülən işləri ətraflı təhlil edib və ondan çıxarılan nəticələri vurğulayıb. Ölkə rəhbəri keçən müddətdə Azərbaycanın daxilində, rəsmi Bakının yeritdiyi xarici siyasətdə və beynəlxalq aləmdə cərəyan edən geosiyasi hadisələrin məzmununda baş verən dəyişikliklərdən bəhs edib. İfadə edilən fikirlərdən aydın olur ki, son altı ay müddətində daxili və xarici siyasətdə yaddaqalan, dövlət quruculuğu baxımından əhəmiyyəti olan hadisələr baş verib. Bununla yanaşı, xarici siyasətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib. Dünyanın böyük dövlətləri ilə əməkdaşlıq sahəsində uğurlar əldə edilib. Seçkidən sonra Azərbaycan Prezidentinə ünvanlanan məktublarda onunla əməkdaşlıq arzusu ifadə olunub. Bunun fonunda Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti də İlham Əliyev dolğun təhlil edib. Bu kimi məqamların üzərində geniş dayanmağa ehtiyac görürük.
Müstəqilliyin şərtləri: daxili və xarici faktorların vəhdəti
İstənilən müstəqil dövlətin fəaliyyətinə geniş kontekstdə baxmaq lazım gəlir. İndi təcrid olunmuş heç bir ölkə uğur qazana bilməz. Təcrübə göstərir ki, ən qüdrətli dövlət belə digərləri ilə qarşılıqlı əlaqələrin məzmunundan çox asılıdır. Bunlara regional özəllikləri də əlavə etmək gərəkdir. Çünki bu faktor faktiki olaraq ölkənin geosiyasi statusunun formalaşmasında ciddi rol oynayır. Məsələn, Cənubi Qafqazın region kimi geosiyasi aspektdə öz xüsusiyyətləri mövcuddur və onları nəzərə almadan bu coğrafiyada mövcud olan dövlətləri xarakterizə etmək imkansızdır. Buraya iqtisadi, mədəni, siyasi, energetik və s. xüsusiyyətlərlə yanaşı, müstəqil dövlətçiliyin baş tutub-tutmaması məsələsi də daxildir.
Nəhayət, müasir mərhələdə müstəqil dövlətçilik yerli hakimiyyətin seçdiyi siyasi kursdan birbaşa asılıdır. Yuxarıda vurğuladığımız faktorlar nə qədər əhəmiyyətli rol oynasa da, dövlət quruculuğu kursunun məzmunu həlledicidir. Cənubi Qafqazın üç ölkəsinin timaslında bu tezisin doğruluğunu tam sübut etmək mümkündür.
Məsələnin bu tərəfinə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə edilən fikirləri işığında nəzər saldıqda, siyasi və geosiyasi baxımdan daha maraqlı məqamları görə bilərik. Dövlət başçısının tədbirdə söylədiyi geniş məzmunlu dərin nitqində həm müstəqil dövlətçiliyin inkişafı, həm də dövlətlərarası münasibətlərin aktual aspektləri ifadə olunub. Xüsusilə Ermənistanın düşdüyü indiki vəziyyətin səbəbləri dəqiq göstərilib. Bunun fonunda Azərbaycanda uğurlu müstəqil dövlət quruculuğunun mühüm məqamları göstərilib (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 9 iyul 2018).
2018-ci ilin ilk altı ayı ərzində görülən işləri ümumiləşdirərək İlham Əliyev vurğulayıb: "Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir" (bax: əvvəlki mənbəyə). Burada ölkə rəhbəri dövlətin fəaliyyətində dörd mühüm aspekti yığcam ifadə edib.
Dövlət quruculuğu: 2018-ci ildən baxış
Birincisi, dövlət olaraq keçən altı ay ərzində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. Bu o deməkdir ki, hakimiyyətin bütün qanadları səmərəli fəaliyyət göstərib. Öz növbəsində həmin məqam dövlətin idarəetmə mexanizmlərinin dəqiq işlədiyini ifadə edir. Məlumdur ki, dövlət orqanlarının funksionallığı müstəqil dövlət quruculuğunun çox mühüm şərtidir. Bu, ödənilmədən hər hansı işlək idarəetmədən bəhs etmək imkansızdır. Məsələn, hətta böyük dövlətlərdə müşahidə olunur ki, Prezidentin tapşırıqlarının yalnız kiçik bir faizi icra edilir. Azərbaycanda isə 2018-ci ilin ilk altı ayının nəticələri göstərir ki, həmin göstərici yüksəkdir.
İkincisi, Azərbaycan ötən altı ayda bütün vəzifələri özünün dinamik inkişaf tempini saxlamaqla reallaşdırıb. İnkişaf templərini saxlamaq da vacib faktordur. Çünki indi dünya dövlətləri davamlı inkişafın təmin edilməsini aktual problem kimi qəbul edirlər. Onu da nəzərə alaq ki, uzun illərdir Azərbaycanda inkişaf tempi qorunub saxlanılır. Bu prosesin 2018-ci ilin ilk altı ayında da davam etməsi inkişaf modelinin səmərəli olduğunu təsdiqləyir.
Üçüncüsü, Azərbaycan həmin müddətdə daxili siyasətdə, iqtisadiyyatda uğurlar əldə edib. Hər şeydən öncə, göstəricilər onu ifadə edir ki, əvvəlki illərdə aparılan islahatlarla bu il aparılan islahatlar bir-birini üzvi şəkildə tamamlayır. İllərdir ki, bu ənənə qorunur, kənara çıxmalar müşahidə edilmir. Konkret rəqəmlərə nəzər salaq.
İlk altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artıb, qeyri-neft sektorunda artım 2 faiz olub, qeyri-neft sənayesi 8,8 faiz artıb. Kənd təsərrüfatı sahəsində artım 7,6 faiz olub. Bitkiçilik isə 14 faiz artıb. İnformasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.
Dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri isə 9,5 milyard manat təşkil edib. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub. Bu rəqəm 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur. Əhalinin gəlirləri 9,3 faiz artıb. Bu, inflyasiyanı 6,3 faiz üstələmək deməkdir. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb (bax: əvvəlki mənbəyə).
İlk altı ayda 67 min iş yeri açılıb. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faiz təşkil edib. Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar olub. Bu gün ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir (bax: əvvəlki mənbəyə).
Digər rəqəmləri də göstərmək olar. Lakin yuxarıda vurğulananlar da görülən işlərin səmərəliliyini, aparılan siyasətin uğurlu olmasını, həyata keçirilən proqramların keyfiyyətli olmasını kifayət qədər təsdiq edir. Onu da nəzərə alaq ki, bu nailiyyətlər bütövlükdə dünyada iqtisadi-maliyyə və geosiyasi böhranın davam etməsi fonunda əldə edilib. Deməli, Azərbaycan rəhbərliyi mövcud vəziyyəti hərtərəfli və dərindən analiz edib, dəqiq düşünülmüş kurs müəyyənləşdirib.
Bu proses nəqliyyat və energetika sahələrində də müşahidə edilib. Dövlət başçısı həmin kontekstdə nitqində vurğulayıb: "May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var" (bax: əvvəlki mənbəyə).
Deməli, bu ilin ilk altı ayı Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar baxımından da əhəmiyyətli olub. Ölkənin geosiyasi-iqtisadi mövqeyinin möhkəmlənməsi aspektində bunun böyük əhəmiyyəti olduğunu dərk etmək gərəkdir. Xüsusilə "Yeni İpək Yolu" layihəsi çərçivəsində həmin faktorun vacibliyinə şübhə yoxdur.
Dövlət başçısı ilk altı ay üçün digər tarixi hadisə kimi Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində atılan addımları vurğulayıb. İlham Əliyev ifadə edib: "May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb – "Şahdəniz-2", Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə – TAP qrafik üzrə icra edilir" (bax: əvvəlki mənbəyə). Söhbət beynəlxalq əhəmiyyətli nəhəng enerji layihəsindən gedir. İki ay ərzində bu proyektin reallaşması istiqamətində mühüm addımlar atılıb. TANAP-ın rəsmi açılışına dünyanın böyük dövlətləri də reaksiya verib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Rusiya bu layihəni alqışlayıblar. Deməli, 2018-ci ilin may və iyun ayları Azərbaycanın enerji siyasətinin növbəti təntənəsi zamanı kimi yaddaşlarda qalacaq.
Bu bağlılıqda onu vurğulayaq ki, Cənub Qaz Dəhlizinin reallaşması bütövlükdə dünyanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli hadisədir. Azərbaycanın enerji siyasətinin beynəlxalq aləm üçün əhəmiyyəti bu aspektdə bir daha özünü göstərmiş olur. 2018-ci ildə bu sahədə vacib uğurların əldə edilməsi, təbii ki, sevindiricidir. Məsələnin bu aspektinin Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlərin işığında da xüsusi əhəmiyyət daşıdığı aydın görünür.
Dördüncüsü, 2018-ci ilin ilk altı ayı ərzində Azərbaycan beynəlxalq siyasətdə də böyük uğurlar əldə edib. Bu sferada uzun illərdir aparılan siyasət davamlı olaraq reallaşıb. Ayrıca, 2018-ci ildə xarici siyasətin səmərəliliyinə ciddi təsir edən bir məqamı vurğulamaq gərəkdir. Dövlət başçısı nitqində həmin məqama xüsusi diqqət yetirib. İlham Əliyev vurğulayıb: "Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq" (bax: əvvəlki mənbəyə).
Məlumdur ki, müasir dövrdə hakimiyyətin legitimliyini müəyyənləşdirən vacib faktorlardan biri seçkidir. Əgər seçkidə siyasi lider uğur əldə edirsə və xalq onu dəstəklədiyini birmənalı öz səsi ilə təsdiqləyirsə, həmin iqtidara beynəlxalq inam yüksək olur. Azərbaycan xalqı İlham Əliyevə yüksək etimad göstərdi və dünyaya nümayiş etdirdi ki, öz liderinin arxasındadır, ona inanır və birlikdə irəli getməkdə qərarlıdır. Bu, xarici siyasətdə nailiyyətlər əldə etmək üçün zəruri bir faktordur.
Onu demək gərəkdir ki, seçkidən əvvəl keçirilmiş "exit-poll"lar rəsmi nəticələrin tam əsaslı olduğunu göstərir. Konkret deyilsə, seçkidə Azərbaycan cəmiyyətinin iradəsi tam öz əksini tapdı. Ona heç kimsə təsir göstərə bilmədi, yəni xalqın seçki mədəniyyəti kifayət qədər yüksəkdir. Azərbaycan xalqı siyasi cəhətdən yetkin və ayıq-sayıqdır. Bu xalqı məğlub etmək mümkün deyil. "Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir" (bax: əvvəlki mənbəyə).
Bütün bunlara görə təsadüfi deyildir ki, seçkidən sonra bir çox ölkələrin, ilk növbədə böyük dövlətlərin başçıları İlham Əliyevə təbrik məktubları göndərdilər, eyni zamanda, əməkdaşlıq təklifləri etdilər. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Rusiya və Çin kimi dövlətlərin rəhbərləri geniş əməkdaşlıq təkliflərini ifadə etdilər. Bu, təbii ki, çox sevindiricidir və ciddi siyasi nailiyyətdir. Xarici dövlətlər görürlər ki, Azərbaycan cəmiyyəti İlham Əliyev iqtidarını tam dəstəkləyir və daim arxasında dayanıb. Deməli, "...beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir" (bax: əvvəlki mənbəyə).
Bununla əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib və bu müstəqil dövlətə böyük hörmət göstərilir. Dövlət quruculuğu və suverenliyin təmini baxımından, əlbəttə, bu, olduqca əhəmiyyətli faktordur. Onun ilk növbədə xarici siyasətin məzmununa ciddi təsir etdiyini dərk etmək vacibdir. Eyni zamanda, bir sıra dairələrin Azərbaycandakı seçkiyə kölgə salmaq cəhdlərinin səbəbləri aydın olur. Onlar xaricdə kök salıblar, lakin daxildə də qulluq edənləri mövcuddur. Məhz daxildəki əmrə müntəzir olanların əli ilə seçkinin nəticələrinə şübhə yaratmağa çalışırlar.
Xarici siyasətin uğurları: bütün istiqamətlərdə nailiyyətlər
Xaricdəki bədnam dairələr görürlər ki, Azərbaycan daim inkişaf edir, demokratiya yolunda inamla addımlayır. Bunun fonunda təcavüzkar Ermənistanın cılız və antidemokratik vassal ölkə imici yaranır. Artıq dünyada belə bir imicin olduğuna şübhə edən yoxdur. Bunu hətta Rusiya siyasətçiləri, analitikləri və ekspertləri də etiraf edirlər.
Məsələn, Aleksandr Dugin açıq bəyan edib ki, Ermənistan Yeltsin Rusiyasının və başqa dövlətlərin aktiv dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və indi buranı qeyd-şərtsiz tərk etməlidir. Bu, dolayısı ilə illərdir ki, müəyyən dairələrin Ermənistanın müstəqil olması, demokratik ölkəyə çevrilməsi və güclü orduya sahib olması haqqında yaradılan mifləri darmadağın etmək deməkdir. Təsəvvür edin ki, belə bir proses Azərbaycanın hərtərəfli inkişaf etməsi fonunda baş verir. Adi şüur belə bu müqayisədən uyğun nəticə çıxara bilər.
Deyək ki, informasiya savaşında Azərbaycanın hər addımda Ermənistanı üstələməsinin səbəbi aydın olur. Öz gücünü cəmiyyətdən alan, müstəqil xarici siyasət yeridən və sosial-iqtisadi sahədə dalbadal uğurlu layihələr həyata keçirən Azərbaycanla uğursuz Ermənistan necə rəqabət apara bilər? İrəvanın hansı arqumentləri var? Ciddi düşünən insanlar üçün onların heç bir tutarlı faktı və ədalətli mövqeyi yoxdur. Buna görə də Azərbaycanın haqq səsi getdikcə daha aydın eşidilməkdədir. Dünya ictimaiyyəti Bakını daha çox dəstəkləyir və onun əsl müstəqil dövlət olduğuna əmin olur. Bütün bunlara görə də, Prezident İlham Əliyev aşağıdakı fikirləri ifadə etməkdə tam haqlıdır: "...xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir" (bax: əvvəlki mənbəyə).
Bunlar onu deməyə əsas verir ki, bu ilin altı ayında Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə dostluq, strateji tərəfdaşlıq əlaqələri yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyev altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bundan başqa, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə və nüfuza malik olan ölkəyə çevrilib. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması bu əlaqələri daha da möhkəmləndirdi.
Azərbaycan Avropa İttifaqı ilə yeni saziş üzərində işləyir. Bütövlükdə Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Təsadüfi deyil ki, "Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır" (bax: əvvəlki mənbəyə). Bu aspektdə iyun ayında Brüsseldə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq prioritetləri ilə bağlı yeni sənədin imzalanması ayrıca əhəmiyyət daşıyır. Burada geosiyasi baxımdan böyük əhəmiyyəti olan və Azərbaycanın xarici siyasətinin mühüm cəhətini ifadə edən bir özəlliyi vurğulamaq istərdik.
Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi dinamikaya malik məkanda yerləşən ölkələrin xarici siyasəti zərgər dəqiqliyi ilə işlənməlidir ki, böyük dövlətlərlə ixtilaflar yaranmasın. Gürcüstan və Ermənistan buna nail ola bilmirlər. Ermənistan daha çox özünün yarıtmaz və ziddiyyətli siyasətinin girovuna çevrilib. Bu forpost ölkə gah Rusiyanın, gah da Qərbin qəzəbinə tuş gəlir. Deyək ki, S.Sarkisyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqla bağlı qərar verəndə, Brüssel çox qəzəbləndi. Rəsmi İrəvanın heç bir izahatı qəbul edilmədi və xəbərdarlıq aldı ki, "bir əldə iki qarpız tutub, iki stulda eyni zamanda oturmaq xəyalına düşməsin".
İndi də N.Paşinyan Moskva ilə Vaşinqton arasında vurnuxur, lakin onların heç biri ona inanmır. Əksinə, gah bu, gah da digər tərəf xəbərdarlıq edir ki, mövqeyini dəqiqləşdirsin. Maraqlıdır ki, "küçə demokratı" hər iki tərəfə vəd verməyə çalışır. Proseslər göstərir ki, bu primitiv erməni siyasətçisinin ibtidai diplomatik manevrləri yalnız gülüş doğurur.
Rəsmi Tbilisi də tam olaraq reallığa uyğun geosiyasi mövqe seçə bilmir. Son olaraq, Brüsseldə D.Tramp gürcü liderlərə anlatdı ki, Qərbə inteqrasiya incə yanaşma tələb edir. Gürcüstan çoxlu sayda tələbləri yerinə yetirməldir ki, məsələn, NATO-ya üzv ola bilsin. Bununla yanaşı, Rusiya faktorunu da qətiyyən unutmamalıdır. Moskva Cənubi Qafqaza böyük təsir imkanlarına malikdir və onunla razılaşdırılmamış heç bir prinsipial geosiyasi addım tam reallaşa bilməz. Bununla Tbilisi də hazırda odla su arasında qalmış kimi görünür.
Məhz bu reallığın fonunda Azərbaycanın Aİ ilə əlaqələrini zərgər dəqiqliyi ilə inkişaf etdirməsi çox əhəmiyyətlidir. Rəsmi Bakı özü əməkdaşlıq planı təklif etdi. Assosiativ üzvlüyün yarada biləcəyi təhlükələri açıq ifadə etdi. Nəticədə, Brüssel Bakı ilə özəl plan əsasında əlaqələri inkişaf etdirmək və ona strateji tərəfdaşlıq xarakteri vermək qərarına gəldi. Budur, artıq Brüsseldə məhz bu istiqamətdə konkret sənəd imzalandı. Və buna böyük dövlətlərin reaksiyası necə oldu?
Çox sakit və təmkinli. Çünki Azərbaycan elə əməkdaşlıq formatı seçir ki, kimsənin maraqlarına zərər gəlmir. Bunu Rusiya, Çin, İran, Türkiyə istiqamətlərində olduğu kimi, Avropa və ABŞ istiqamətlərində də aydın görürük. Buna görədir ki, Brüsseldə imzalanan sənədlərə başqa böyük geosiyasi qüvvələr anlayışla yanaşırlar. Bu aspektdə ekspertlər Rusiya Prezidenti V.Putinin TANAP-ın açılışı ilə bağlı verdiyi bəyanatın müsbət tonuna hətta müəyyən dərəcədə təəccüb etdilər. Əslində isə bu, normal haldır və Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin bariz nümunələrindən biridir.
Həmin kontekstdə biz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində ifadə etdiyi bir fikri vurğulamaq istərdik. Dövlət başçısı bəyan edib: "Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək" (bax: əvvəlki mənbəyə).
Rəsmi Vaşinqtonun Azərbaycanın dövlət başçısı ilə əməkdaşlığa böyük maraq göstərməsi, əlbəttə, bütün dünya üçün bir mesajdır. D.Trampın siyasi lider kimi nə dərəcədə mürəkkəb şəxsiyyət olduğu məlumdur. Onun İlham Əliyevə xüsusi məktublar yazması və hər dəfə əməkdaşlıqdan bəhs etməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksək olmasından xəbər verir və ayrıca ABŞ istiqamətində siyasətin səmərəliliyini göstərir.
Dövlət başçısı nitqində xarici siyasət kontekstində bir mühüm məqamı da vurğulayıb. Prezident Azərbaycanın üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının işində fəal iştirakını qeyd edib. Bu il Bakıda bu təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib. Həmin tədbirdə də Azərbaycanın siyasətinə dəstək ifadə edilib. Gələn ildən isə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Eyni zamanda, Bakıda təşkilatın zirvə görüşü keçiriləcək (bax: əvvəlki mənbəyə).
Bütün bunların əsasında dövlət başçısı 2018-ci ilin ilk altı ayında xarici siyasət sahəsində atılan addımlara ümumi qiymət verib. İlham Əliyev vurğulayıb: "Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq" (bax: əvvəlki mənbəyə).
Bu fikirlərində də Prezident xarici siyasətin xarakteristikası üçün əhəmiyyəti olan bir sıra məqamları vurğulayıb. Öncə, deyək ki, Azərbaycan həm ayrı-ayrı ölkələrlə, həm də bütün güc mərkəzləri ilə faydalı münasibətlər qurmağa nail olub. Digər məqam ondan ibarətdir ki, bu münasibətlər konkret olaraq qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsiplərinə söykənir. Nəhayət, bunların nəticəsində Azərbaycanın uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit yaranıb. Yəni Azərbaycanın xarici siyasətinin düzgünlüyü nəticəsində onun üçün səmərəli olan beynəlxalq mühit formalaşıb. Bunu rəsmi Bakı gərgin və səmərəli fəaliyyəti ilə qazanıb. Məsələnin bu tərəfinin başqa məqamlarla yanaşı, Ermənistanın hazırkı geosiyasi durumu baxımından da ciddi əhəmiyyəti var.
Azərbaycanın inkişafı fonunda: Ermənistan dövlətçiliyinin iflası
Prezident İlham Əliyev bu bağlılıqda ifadə edib: "Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?!" (bax: əvvəlki mənbəyə). Xarici siyasəti müqayisə etmək üçün lazım olan həqiqət anı bundan ibarətdir.
Ermənistan 26 ildir ki, kağız üzərində müstəqildir və orada guya dövlət quruculuğu prosesi gedirmiş. Əslində isə son 20 ildə erməni hakimiyyətinin başında duran adamın mürəkkəb korrupsiya və oğru sistemi yaratdığını ermənilərin özləri etiraf etməyə başladılar. Bəs onda hansı mənada "Ermənistan müstəqil dövlətdir" deyə bilərik? Yalnız formal olaraq. Siyasi, iqtisadi, geosiyasi və hərbi aspektlərdə Ermənistan Rusiyanın forpostudur. Mənəvi, əxlaqi və mədəni olaraq da korrupsiya və oğru sistemin buxovlarında çırpınan zavallı toplumdur. Orada müstəqil dövlətçiliyin baş tutmadığını əminliklə demək olar.
Bütün bunlara görə, Azərbaycan Prezidentinin çıxardığı nəticə reallığı tam əks etdirir. Ölkə rəhbəri həmin nitqində sözlərinə davam edərək ifadə edib: "Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu" (bax: əvvəlki mənbəyə). Dövlətçiliyi iflasa uğramış bir ölkənin xarici siyasəti ola bilərmi? Mümkün deyil – o, yalnız sistemsiz və düşüncəsiz addımlar ata bilər ki, bunları da biz müşahidə edirik!
Azərbaycan rəhbəri bu kontekstdə bir həqiqəti də dilə gətirib. Prezident vurğulayıb ki, Ermənistandakı rejimin çökməsində Azərbaycanın da rolu olub. Bunu ölkə rəhbərliyi şişirtmək istəmir, öz adına çıxmaq fikrində deyil. Ancaq o da həqiqətdir ki, rəsmi Bakının apardığı "siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi". Azərbaycan təcrid siyasətini uğurla aparıb. Bu barədə İlham Əliyev açıq, birbaşa və heç kimsədən çəkinmədən dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlara deyib. Hər kəs bilməlidir ki, nə qədər "torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq". Bu siyasət Ermənistanı iqtisadi iflasa uğradıb, onun inkişaf perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə sərmayə qoyan tapılmır. Ayrıca, orada demoqrafik vəziyyət acınacaqlı olaraq qalır. Rəsmi İrəvanın özü etiraf edir ki, hər il minimum 50-60 min insan Ermənistandan köçür (bax: əvvəlki mənbəyə).
Yuxarıda vurğulanan kontekstdə ölkə rəhbəri Aprel döyüşlərinin Ermənistan iqtidarının çöküşündə oynadığı xüsusi rolu vurğulayıb – "...iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, – guya onların ordusu güclü ordudur, – darmadağın edildi. Biz bu mifi məhv etdik" (bax: əvvəlki mənbəyə).
Bunlar təbii ki, Ermənistan cəmiyyətində böyük bədbinlik yaratdı. Onlar gördülər ki, uzun illərdir ağız dolusu güclü ordudan danışan S.Sarkisyanın yaratdığı müdafiə səddi cəmi bir neçə saat ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. S.Sarkisyan buna necə reaksiya verdi? Dərhal xarici ölkələrə və beynəlxalq təşkilatlara yalvarmağa başladı ki, Ermənistan ordusunun tam məğlub olmasının qarşısını alsınlar. Bütün bunları nəzərdə tutaraq Azərbaycan Prezidenti sual edir: "Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda anti-milli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü" (bax: əvvəlki mənbəyə).
Deməli, Azərbaycanın torpaqlarını işğal altında saxlamağın bədəlini Ermənistan dövləti və cəmiyyəti ağır surətdə ödəyir. İndi bütün gəlirli layihələrdən məhrum edilmiş bu vassal ölkə keçən əsrin 90-cı illərində öz xarici havadarlarının ciddi yardımı və təhriki ilə Azərbaycanın 20 faiz ərazisini zəbt etməklə özünü böyük bəlaya salıb. İqtisadi uğurlarla yanaşı, Azərbaycan ordu quruculuğunda da böyük irəliləyiş əldə edib ki, bunun da əyani sübutlarından biri bu il keçirilən hərbi parad oldu. Dünya, o cümlədən erməni cəmiyyəti gördü ki, Azərbaycan silahlı qüvvələri çox güclüdür, onun vurucu imkanları sürətlə yüksəlib, döyüş qabiliyyəti ən yüksək səviyyədədir və eyni zamanda, ən müasir hərbi texnika ilə təchiz olunub.
Yenə də ən böyük humanizmi Azərbaycan rəhbəri nümayiş etdirir. İlham Əliyev nitqində acınacaqlı vəziyyətdə olan Ermənistana deyir: "…beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər" (bax: əvvəlki mənbəyə).
Çox gözəl sonluqdur. Azərbaycan sürətli və davamlı inkişafında, Ermənistan isə iflasla uğraşmaqda… Ermənistanın bircə xilas yolu var ki, onu da Prezident İlham Əliyev konkret ifadə edib!
Newtimes.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM