İsrailin Hərbi-Hava Qüvvələri dünən gecə Fələstinin Qəzza bölgəsinin bombardmanlarını davam etdiriblər.
HƏMAS hərəkatının Qəzza bölgəsindəki lideri, sabiq baş nazir İsmayıl Haniyənin evi də bombalanıb. Milli.az al mənar-a istinadən bildirir ki, İ.Haniyənin evinə 5 raket buraxılıb.
HƏMAS lideri həmin anlarda evdə olmadığından sağ qalıb.
İsmayıl Haniyənin oğlu deyib: "Raket zərbələri zamanı evdə kimsə yoxdu. Evimiz darmadağın olub".
Eyni zamanda, Al-Aqsa TV və Al-Aqsa Radio-nun ofisləri də bombalanıb. Qəzzanın mərkəzindəki Əl Büreyc qaçqın düşərgəsinin bombalanması nəticəsində 11 nəfər həlak olub, 15 nəfər yaralanıb. Həlak olanların arasında 2 qadın və 3 uşaq var.
Qəzzanın Misirlə sərhədində yerləşən Rəfah şəhərinin bombalanması nəticəsində 8 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Əl Jazeera bildirir ki, Qəzza şəhərinin yaxınlığında yerləşən Əş Şəti qaçqın şəhərciyi də bombalanıb. Ramazan bayramını qeyd etmək üçün yerli parkda uşaqların əyləndiyi zaman başlanmış raket-bomba zərbələri nəticəsində 10 uşaq həlak olub, 43 uşaq isə ağır yaralanıb.
HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl Qəssam dəstələri" bu amansızlığa cavab olaraq İsrailin Eşkol qəsəbəsini raket atəşinə tutub. Raketlərin partlaması nəticəsində 6 israilli həlak olub. İsrailin iyulun 8-də Fələstinin Qəzza bölgəsində "Sarsılmaz qaya" əməliyyatını başladığı gündən bəri 1200 fələstinli həlak olub, 6 min fələstinli yaralanıb. İsrailin Müdafiə Ordusunun (SAXAL) isə 50 hərbçisi həlak olub, 500 nəfər yaralanıb.