Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.
“Azər Ekov” MMC-nin direktoru Tofiq Həsənov park haqqında məlumat verdi. Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəki tapşırıqlara uyğun olaraq, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb.
Məlumat verildi ki, Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən sentyabrdan başlayaraq hər həftə sonu məktəblilər üçün Safari Parka turlar təşkil ediləcək. Ərazini gəzmək məktəblilər üçün ödənişsiz olacaq. Turist qəbulu üçün də hazırlıqlar tamamlanmaq üzrədir. Oktyabrdan etibarən turistlərin buraya səfərləri təşkil olunacaq. Həm məktəblilər, həm də turistlər parkda vəhşi heyvanları seyr edə, onların şəkillərini çəkə və ətraflı məlumat ala biləcəklər.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Heyvanlar üçün çoxsaylı təbii daldalanacaqlar düzəldilib. Onların qidalanmasına da diqqət yetirilir.
Qeyd edək ki, Şamaxı Safari Parkı 2017-ci il oktyabrın 2-də yaradılıb. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə yaxından tanış olublar.