"Fransızdilli" Ermənistanın Frankofoniya sərgüzəştləri

11:49 / 25.09.2018

Xülasə

Məqalədə ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya istiqamətində apardığı siyasətin geosiyasi aspektləri təhlil edilir. Yazıda son illərdə baş verən geosiyasi-hərbi dəyişikliklər nəzərə alınmaqla bu siyasətin müxtəlif aspektlərinə işıq salınır. Göstərilir ki, ABŞ və Aİ-nin Mərkəzi Asiyada yeritdiyi siyasət özünəməxsus dinamikaya malikdir. Öncə hər iki böyük güc daha geniş məqsədləri güdən proqramlar müəyyənləşdirdilər. Ancaq təcrübə göstərdi ki, nəzərdə tutulanlar lazımi səviyyədə reallaşmadı. Bunun bir səbəbi həmin regionda aktiv olan Rusiya və Çinin atdığı addımlardırsa, digər səbəbi Qərbin özünün Mərkəzi Asiya siyasətinin lazımi səviyyədə konkret olmaması ilə əlaqəlidir. Məqalədə bu kontekstdə ABŞ və Aİ-nin həmin regionla bağlı siyasətinin əsas aspektləri təhlil edilir. Belə bir qənaətə gəlinir ki, Qərbin Mərkəzi Asiya siyasəti yenilənməlidir. Bu istiqamətdə hələlik dəqiq addımlar atılmır. Lakin yaxın gələcəkdə bunun baş verməyəcəyinə də dəlalət edən faktlar yox dərəcəsindədir. Buna görə də Mərkəzi Asiyada geosiyasi mənzərənin qeyri-müəyyən olduğu nəticəsini çıxarmaq olar.

Mərkəzi Asiya qlobal siyasətin gündəmindəki aktual mövzulardan birinə çevrilib. Bütövlükdə Asiyanın geosiyasi olaraq daha aktiv hala gəlməsi öz təsirini bu regiona da göstərir. Təcrübə təsdiqləyir ki, hazırda həmin bölgədə ABŞ, Çin, Rusiya və Avropa İttifaqı nüfuz uğrunda mübarizə aparırlar. Mütəxəssislər buraya Yaponiya, Hindistan və Cənubi Koreyanı da daxil edirlər. Son illər sadalanan ölkələrin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı müxtəlif formatlar alıb. Onların sırasında ekspertlər "5+1" formatına daha çox diqqət yetirirlər. Bu formatla bağlı ABŞ və Aİ-nin regionda həyata keçirdiyi siyasətin təhlili aktual görünür.

Giriş

Qlobal dünya siyasəti üçün Mərkəzi Asiya regionu iki səbəbdən daha da aktuallaşıb. Onlardan biri Şimali Koreyanın nüvə silahının istehsalı və sınağı ilə bağlı dünyaya meydan oxuması fonunda ABŞ-Çin münasibətlərində risklərin artması, digəri isə Myanmada müsəlmanlara qarşı misli görünməmiş zorakılığın tətbiqi nəticəsində regionda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Bu proseslər analitiklərin yekdilliklə qlobal siyasətin Asiyada xeyli aktivləşməsindən bəhs etdiyi bir zamanda baş verir ki, bu da məsələyə əlavə aktuallıq gətirir.

Rusiya, Çin və Hindistana yaxın regionda iki yeni münaqişə ocağının – Koreya yarımadası probleminin və buddist-müsəlman qarşıdurmasının meydana gəlməsi istisna edilmir. Coğrafi olaraq Koreya yarımadası Çinə şimal-qərb istiqamətində, Myanma isə cənub-qərb istiqamətində həmsərhəddir. Bundan başqa, Myanma Vyetnam, Hindistan və Əfqanıstana da yaxındır. Onun Cənubi Çin dənizindən uzaq olmadığını da nəzərə alsaq, onda region üçün geosiyasi əhəmiyyəti haqqında daha dəqiq təsəvvürlər yaranar. Bu kontekstdə Myanma və Şimali Koreyanın Cənubi Çin dənizində ticarətdə açar rol oynayan Parasel (Sişa) adalarına yaxın olması da müəyyən əhəmiyyət kəsb edir.

Deməli, Asiyada bütövlükdə bir neçə münaqişə ocağı yetişir ki, onların böyük bir məkanda geosiyasi silkələnmə yarada bilməsindən bəhs edənlər var. Həmin bağlılıqda Mərkəzi Asiya faktoru yada düşür. Çünki uzun müddətdir ki, bu regionun geosiyasi taleyi ilə əlaqədar analitik-proqnostik yazılar dərc edilməkdədir. Müəlliflərin əksəriyyəti Mərkəzi Asiyada böyük dövlətlərin maraqlarının toqquşduğunu vurğulayırlar. Bu sırada əsas olaraq ABŞ, Aİ, Rusiya, Çin, Yaponiya və Hindistanın adı çəkilir. Böyük dövlətlərin region ölkələri ilə əməkdaşlığını nəzərdə tutan və ümumi olaraq "5+1" formatı adlanan əməkdaşlıq formulu aspektində Mərkəzi Asiyanın geosiyasi mənzərəsi təhlil edilir. Bu çərçivədə ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya siyasətinin başlıca geosiyasi məqamlarının təhlili də olduqca aktual görünür.

Qeyd edilən kontekstdə Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qlobal Problemlər Mərkəzinin analitiki Yelena Alekseyenkovanın təhlili yazısı maraqlı təsir bağışlayır (1). Məqalədə böyük dövlətlərin Mərkəzi Asiya siyasətinin müxtəlif aspektləri analiz edilir, onun əsasında müəyyən proqnozlar verilir. Lakin problem yalnız bu aspektdə aktual deyil.

Məsələ ondan ibarətdir ki, böyük dövlətlərin hər birinin Mərkəzi Asiya siyasəti bütövlükdə Asiya siyasətinin tərkib hissəsi olduğundan, həmin reallığa qlobal geosiyasi dinamika müstəvisində yanaşdıqda, xeyli maraqlı məqamları görmək mümkündür. O cümlədən geosiyasi aspektdə müttəfiq sayılan ABŞ və Aİ-nin regiondakı maraqları arasındakı fərqlər yeni bucaq altında özünü göstərir. Bunun başqa faktorlarla yanaşı, Avropa İttifaqının geosiyasi taleyi kontekstində də ciddi əhəmiyyətinin olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki Mərkəzi Asiyada beş geosiyasi əhəmiyyətli dövlət yerləşib. Uzaq Şərqə, ilk növbədə, Çinə gedən yolun üstündədir. Region dövlətlərinin Çin və Hindistanla əlaqələri son illər yeni tempə çatıb. Başqa tərəfdən də Rusiyanın Mərkəzi Asiyaya təsiri böyükdür. Moskva bir sıra strateji məsələləri həmin regionu nəzərə almaqla qiymətləndirir. Bu mənada Çin də daxil olmaqla digər böyük dövlətlər Kremlin regionda rəqibidir. Hətta artıq onlar arasında müəyyən ziddiyyətlər də özünü göstərib.

Bütün bunlar Amerika və Avropa İttifaqı üçün Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətini göstərir. İlk öncə ABŞ-ın həmin regionla bağlı siyasətinə nəzər salaq.

ABŞ: "Səmərqənd bəyannaməsi"ndən sonrakı vəziyyət

2015-ci ilin 30 oktyabr-3 noyabr tarixlərində ABŞ-ın artıq keçmiş dövlət katibi Con Kerrinin Mərkəzi Asiya ölkələrinə səfəri oldu. Bununla tərəflər arasında "C5+1" adlanan formatda əməkdaşlığın əsası qoyuldu. Onun əsas məqamları "Səmərqənd bəyannaməsi" adlanan sənəddə öz əksini tapdı. Burada başlıca bəndlər suverenlik, müstəqillik və ərazi bütövlüyünə sədaqətlilikdən ibarət idi. Həmin əsasda Amerika ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan arasında ticarət, nəqliyyat, tranzit potensialı, energetika, biznes mühitinin yaxşılaşdırılması, sərmayələrin stimullaşdırılması, dayanıqlı, sabit mühitin yaradılması, energetik effekti olan texnologiyalar və s. sahələrdə əlaqələrin inkişafı etdirilməsi nəzərdə tutulurdu.

Bu siyahıya terrorizm, silah qaçaqçılığı, narkotiklərin qanunsuz dövriyyəsi ilə birgə mübarizə də daxil edilmişdi. Əfqanıstanda sabitliyin möhkəmləndirilməsi dəstəklənir, onun regiona təsiri etiraf edilirdi. Bunlardan başqa, sənəddə Mərkəzi Asiyanın nüvəsiz zona olması və humanitar əməkdaşlıq məsələsi də öz əksini tapıb. Humanitar sferada əsas olaraq mədəniyyət, təhsil, elm və biznes istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulurdu.

Belə görünür ki, əməkdaşlığın məzmunu baxımından bu sənəddə yeni heç bir şey yoxdur. Ancaq maraqlı cəhət ondan ibarətdir ki, ABŞ və regionun bütün dövlətləri qarşılıqlı əlaqəyə və kooperasiyaya hazır olduqlarını təsbit edib, ümumregional problemlərdə ortaq fikrə gəlib, həmin problemlərlə bağlı çoxtərəfli dialoq aparmaq zərurətini qeyd ediblər.

Ekspertlər Vaşinqtonun hansı səbəblərdən yeni əməkdaşlıq formatına üstünlük verdiyi sualına cavab axtarırlar. Məsələ ondan ibarətdir ki, 30 il idi ki, Amerika Mərkəzi Asiyada demokratiya "yetişdirməyə" üstünlük verirdi. Bu fonda ABŞ-ın region dövlətləri ilə energetika, maliyyə, hərbi və iqtisadi sahələrdə bir sıra proqramları mövcuddur. Məsələn, elektrik enerjisi sahəsində CASA-1000, qaz ixracatı üzrə TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihələri hazırlanmış, bəzi region ölkələrində hərbi baza yaradılmışdı. Amerika bütövlükdə özünün "Yeni İpək Yolu" adlanan proqramını həyata keçirmək məqsədini qarşıya qoymuşdu.

Mərkəzi Asiyada nəzərdə tutulan bu proqramların reallaşması yolunda Əfqanıstan faktoru ciddi rol oynayır. ABŞ region dövlətlərindən Əfqanıstanda sabitlik və inkişafın bərqərar olması üçün yararlanmağa çalışır. Ancaq bu planın reallaşmasına mane olan bir sıra geosiyasi proseslər meydana gəldi.

Hər şeydən öncə, ABŞ-ın yeni administrasiyası hərbi kontingentini Əfqanıstandan çıxarmaq qərarını almışdı ki, bu da digər proqramların reallaşmasına da öz təsirini göstərməli idi. Konkret olaraq Amerika CASA-1000 və TAPİ layihələrinə marağı azaltdı. Digər faktor kimi regionda Çin və Rusiyanın daha da aktivləşməsi göstərilir. Belə ki, Pekin Mərkəzi Asiyada demək olar bütün sahələri əhatə edən və maliyyə həcmi milyard dollarlarla ölçülən proqramlar həyata keçirməyə başlayıb.

Rusiya da öz növbəsində Mərkəzi Asiyadakı ənənəvi mövqelərini daha da gücləndirməkdədir. Buraya yalnız təhlükəsizliklə bağlı problemlər deyil, nəqliyyat, enerji və tranzitlə əlaqəli məqamlar da daxildir. Təsadüfi deyil ki, Mərkəzi Asiyanın iki dövləti – Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqının üzvləridirlər. Rusiyanın İslam Kərimovdan sonra Özbəkistanla da əməkdaşlığı genişləndirdiyi məlumdur.

Bütün bunlara ABŞ necə reaksiya verməli idi? Burada maraqlı cəhət odur ki, Vaşinqton yenidən Əfqanıstan istiqamətində hərbi mövcudluğunu artırmağa qərar verib. Donald Tramp dünyaya ABŞ-ın bu Asiya ölkəsində hərbi varlığını sübut edəcəyini bəyan edib. Bu, bütövlükdə Vaşinqtonun Mərkəzi Asiya siyasətinin dəyişməsi anlamına gəlmirmi? Ekspertlər bu barədə dəqiq fikir bildirməyiblər. Lakin proseslərin gedişindən görünür ki, Amerika yaxın perspektivdə həmin regionda daha fəal olmağa çalışacaq. Bunun üç səbəblə bağlı olduğunu düşünürük.

Əvvəla, Əfqanıstandakı vəziyyət ətraf bölgələrə də təsir edir və bu kontekstdə terror dalğası genişlənə bilər. İkincisi, Çinlə bağlı problemlər getdikcə artır. Xüsusilə Şimali Koreya məsələsində Vaşinqtonu qıcıqlandıran tendensiyalar dərinləşməkdədir. Həmin istiqamətdə daha təsirli olmaq üçün Mərkəzi Asiyadan platsdarm kimi istifadə etmək faydalı olardı.

Nəhayət, Rusiya faktoruna gəlincə, son zamanlar Moskva dünya miqyasında fəallaşıb. O cümlədən Asiya istiqamətində öz marağını təmin etmək məqsədi ilə addımlar atır. Kremlin Mərkəzi Asiyada mövqeyi güclüdür. Bununla yanaşı, həmin region Rusiya-Çin nüfuz yarışı baxımından da çox əhəmiyyətlidir. Bütün bunlar Amerikanı Mərkəzi Asiyada Rusiyanın təsirlərini neytrallaşdırmaq planları qurmağa vadar edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Moskva ilə münasibətlərdə Çin, İran və Şimali Koreya faktorları önəmli rol oynayır. Problemin başqa aspekti uzun müddətdir ki, Hindistanla əlaqədar Rusiya ilə ABŞ arasında gedən rəqabətlə bağlıdır.

Bütün bunlar Vaşinqtonun Mərkəzi Asiyada fəallaşması ehtimalını artırır. Buna nə dərəcədə onun nail olacağı başqa mövzudur. Ancaq analitiklər hesab edirlər ki, D.Tramp administrasiyasının Mərkəzi Asiya ilə bağlı konkret fəaliyyət planı hazır deyil (1). "C5+1"in fəallaşdırılması da hələlik müşahidə edilmir. Bunlarla yanaşı, mütəxəssisləri belə bir sual da düşündürür: bəlkə D.Trampın "Amerikanı yenidən ən qüdrətli edək" şüarına Mərkəzi Asiyaya böyük güc sərf etmək uyğun gəlmir? Axı, D.Tramp dəfələrlə bəyan edib ki, öncə Amerikanın daxili gücü, buradakı problemlərin həlli gəlir. O, BMT tribunasından bəyan edib ki, "biz hər şeydən əvvəl Amerikanı düşünürük, sizlər də öz ölkənizi düşünün"!

Bu müraciətdə başqa məqamlarla yanaşı, böyük güclərə bir çağırış da hiss olunur. Yəni D.Tramp onlara "dünyanın müxtəlif regionlarındakı işlərə qarışmaqdansa, öz ölkənizi qüdrətli etməyə çalışsanız, daha yaxşı olar" kimi fikir çatdırır. Ola bilər, hər bir halda, Amerika Prezidenti dəfələrlə bəyan edib ki, Amerika onun üçün daha önəmlidir.

Bunlarla yanaşı, məsələnin başqa tərəfləri də var. Mütəxəssislər ilk növbədə ona diqqət yetirirlər ki, C.Kerrinin məlum səfərindən sonra Vaşinqton nədənsə həmişə gündəmdə saxladığı insan haqları məsələsinə elə də maraq göstərmir. Mərkəzi Asiya dövlətlərinin heç birinə bununla bağlı iradını bildirmir. Bu, Amerikanın həmin regionla bağlı siyasətində dəyişiklik etdiyi kimi qiymətləndirilir.

Paralel olaraq Amerika Qazaxıstan və Özbəkistanla biznes əlaqələrini də inkişaf etdirməkdə maraqlı olduğunu bəyan edib. Konkret addımlar da atılır. Hər iki ölkə ilə biznes sahəsində daha yüksək nəticələr əldə etmək üçün müəyyən çalışmalar aparılır. Xüsusilə Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistanla qarşılıqlı əlaqələr genişlənməkdədir. Bunu müşahidəçilər ABŞ-ın Mərkəzi Asiyada iqtisadi varlığını gücləndirmək məqsədi kimi dəyərləndirirlər.

ABŞ-ın regionda fəallaşmasına təkan verə biləcək başqa güclü faktor kimi mütəxəssislər terrorla mübarizəyə D.Trampın böyük önəm verməsini göstərirlər. Vaşinqton özünü Əfqanıstan, Suriya və İraqda terrorla aktiv mübarizə aparan qüvvə kimi göstərir. Çünki ABŞ-ın orada əslində fərqli bir savaş yürütdüyü fikrini deyənlər də var. Məsələn, PYD/YPG kimi qruplara və başqa radikal silahlı birləşmələrə yardım etməsi müəyyən suallar doğurur. Amerika eyni strategiyanı Mərkəzi Asiyada da həyata keçirməyə çalışa bilər ki, bu da artıq ciddi təhlilə ehtiyacı olan başqa mövzudur.

Hər bir halda, qazaxıstanlı ekspertlər hesab edirlər ki, terrorla mübarizə məsələsi Mərkəzi Asiya dövlətləri ilə Amerikanın maraqlarının kəsişdiyi yeganə mövzudur. Bu barədə Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun (QSTİ) keçmiş direktoru Yerlan Karinin fikirləri maraqlıdır. O, "Foreign Policy" jurnalının sualına cavab verərək bildirib ki, "Trampın diqqəti terrorla mübarizəyə cəmləşdirməklə bağlı verdiyi bəyanat, şübhəsiz, Mərkəzi Asiya üçün çox ümidverici siqnaldır. Bu, ABŞ-la region dövlətlərinin maraqlarının uyğun gəldiyi əsas sahədir... Mərkəzi Asiya ölkələri böyük geosiyasi güclərin terrorla mübarizə aparmaq zərurəti ilə bağlı irəli sürdükləri şüarları razılıqla qarşılayıblar" (2).

Maraqlıdır ki, "Foreign Policy" nəşri ABŞ-Mərkəzi Asiya münasibətlərində hələ də insan haqları məsələsinin böyük əngəl olduğunu vurğulayır. Bu məsələ daim region ölkələrinin Rusiya ilə Çinin maraqlarını tarazlaşdırmağa daha çox üstünlük verməsi fonunda özünü göstərib (2). Bir sıra ABŞ analitiklərinin hesab etdiyi kimi, indi Vaşinqton Mərkəzi Asiya ölkələrinin "dinləmək istədiyi musiqini sifariş verir". Amerikanın "Heritage" Fondunun Xarici Siyasətin Tədqiqi Mərkəzinin direktoru Lük Koffi bu barədə deyib: "Tramp daha həssas məsələlərə toxunmayacaq... O, daha praqmatik olacaq" (2).

Beləliklə, Vaşinqton "C5+1" formulunu müasir şərtlər daxilində aktivləşdirə bilər. Vaşinqton Mərkəzi Asiya dövlətləri ilə əsas olaraq iki istiqamətdə – terrorla mübarizə və Rusiya və Çinin nüfuzunun yüksəlməsinin qarşısını almaqda əməkdaşlığı gücləndirə bilər. Etiraf edilməlidir ki, region ölkələri üçün terrorla mübarizə və bütövlükdə təhlükəsizliyin təmini böyük əhəmiyyət kəsb edir. Özü də onlar üçün bu məsələ müstəqilliyin saxlanması kontekstində aktualdır. Bu səbəbdən ABŞ kimi güclü tərəfdaşın olması region ölkələri üçün arzu ediləndir. Ancaq Mərkəzi Asiya dövlətlərini ehtiyatlandıran bir məqam da mövcuddur.

Bu, Yaxın Şərqdə terrorla mübarizənin arxa planları ilə bağlıdır. Birincisi, aydın olur ki, region ölkələrindən 2 mindən çox gənc İŞİD-ə qoşulub. Həm də onların geri qayıtmaq şansları vardır. Nəzərə alsaq ki, böyük dövlətlər arasında bir-birinə terrorla zərbə vurmaq metodundan istifadə edirlər, onda Mərkəzi Asiyada da bu təhlükə qalır. Mümkündür ki, Rusiya, ABŞ və Çin bu üsula əl atsınlar. Ona görə də ABŞ-la region ölkələrinin terrorla birgə mübarizə planlarının bütün tərəfləri tam aydın deyil.

İkincisi, Mərkəzi Asiyada Rusiya və Çinə alternativ əməkdaşlıq formatı yaratmaq çox çətindir. Çünki artıq bu ölkələrin regionla əlaqələri yüksək səviyyəyə çatıb. Xüsusilə Çin demək olar ki, regionla bağlı enerji, nəqliyyat, ticarət, biznes, humanitar, mədəniyyət, ekologiya kimi bütün əsas sahələrdə ciddi proqramlar həyata keçirir. Bütün bunlara görədir ki, ABŞ-ın Mərkəzi Asiyada əməkdaşlığı nə dərəcədə inkişaf etdirəcəyi qeyri-müəyyəndir. Xüsusilə təhlükəsizliklə bağlı müəyyən məqamlar düşündürücü olaraq qalır. Bununla yanaşı, ABŞ-ın regionda başqa bir güclü rəqibini də unutmaq olmaz. Biz Avropa İttifaqını nəzərdə tuturuq.

Aİ: müstəqil Avrasiya strategiyasının problemləri və perspektivləri

Avropa İttifaqı özünün Mərkəzi Asiya strategiyasını 2007-ci ildə hazırlayıb (3). Ancaq 2015-ci ilə qədər onu dörd dəfə yeniləyib. Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə hazırladığı məruzədə etiraf edilir ki, son 10 ildə region ölkələri ilə çoxlu sayda əməkdaşlıq mexanizmlərinin hazırlanmasına baxmayaraq, hazırda Aİ Mərkəzi Asiyada az təsirə malik oyunçudur (ABŞ, Rusiya və Çinlə müqayisədə – müəllif) (4).

Həm Aİ-nin Mərkəzi Asiya ilə bağlı strategiyasının qısa müddətdə tez-tez dəyişməsi, həm də təşkilatın regionda elə bir nüfuza sahib ola bilməməsi maraqlı haldır. Çünki Aİ özlüyündə kifayət qədər böyük gücə malikdir və o, həmin regionda çox işlər görə bilərdi. Bəs bu cür axsamanın səbəbi nədədir? Tədqiqatçılar bunun müxtəlif səbəblərini göstərirlər. Onların sırasında Aİ-nin əzəldən keçmiş sovet məkanı ölkələrinə münasibətdə kifayət qədər səmərəli və reallıqları nəzərə alan siyasi kurs seçə bilməməsi xüsusi yer tutur. Həmin kursda ikili standartlar özünü daha çox göstərir. Nəzərə alaq ki, Mərkəzi Asiya xalqları müsəlmanlardır. Mümkündür ki, onların sosial-mədəni və siyasi inkişafı, Aİ-ni elə də maraqlandırmır.

Bununla yanaşı, son zamanlara qədər Avropa İttifaqı Asiya məsələsinə daha çox Vaşinqtonun prizmasından baxırdı. Mərkəzi Asiyada da Brüssel sanki Ağ Evin "yedəyində gedirdi". Amerikadan asılı olmayan siyasət yeritmək Aİ üçün çox çətin idi. Buna görə də indiyə qədər də Avropa İttifaqı daha çox ümumi sosial-mədəni xarakterli proqramları reallaşdırmağa çalışırdı. Həmin proqramlar ABŞ-la yanaşı, Çin və Rusiyanın, hətta İranın güclü, geniş aspektli proqramlarının kölgəsində qalırdı. Mərkəzi Asiya üçün Avropa uzaq, yuxarıda sadalanan dövlətlər isə yaxın olduğundan, Brüsselin "mətbəxə" girişi çətinliklərlə üzləşməli idi.

Bunlardan əlavə, Aİ-nin özündə 2008-ci ildən başlayan maliyyə böhranı ortaya daha aktual məsələləri həll etmək zərurətini çıxardı. O zamandan bu yana Aİ böhrandan xilas olmaqla əlləşsə də, onu tamamilə aradan qaldıra bilməyib. Ayrıca Mərkəzi Asiya ilə bağlı strategiyanı dörd dəfə dəyişmək ondan xəbər verir ki, hələ də Brüssel həmin regionda hansı prioritetlərinin olduğunu dəqiqləşdirməyib.

Bu sırada Aİ-nin "yeni qonşuluq" proqramının qüsurları da özünü göstərmiş olur. Təşkilat onu tam yerinə yetirə bilmədi. Çünki meydana kifayət qədər ziddiyyətli məqamlar çıxırdı. Məsələn, Azərbaycanı qane etməyən faktorlar gündəmə gətirilib. Burada assosiativ üzvlüyün qüsurlu olduğu dəqiq sübut edilib. Buna görə də rəsmi Bakı başqa əməkdaşlıq formatı təklif edib. Brüssel onu qəbul edərək, üzərində işləməyə başlayıb. Görünür, belə bir təşəbbüs hələlik nə Mərkəzi Asiya dövlətlərindən, nə də Avropa tərəfdən yoxdur.

Bunlara baxmayaraq, Mərkəzi Asiyanın Avropa İttifaqı üçün geosiyasi, enerji və təhlükəsizlik aspektlərində əhəmiyyətinin artdığını deyə bilərik. İndi Brüssel daha konkret proqramlara üstünlük verməyə başlayıb. Ekspertlər bunun üç səbəbini vurğulayırlar. Birincisi, Aİ-nin region dövlətləri ilə enerji layihələri uğursuz oldu. Hətta bu günə qədər Aİ-nin bu sfera ilə bağlı nümayəndəliyi Mərkəzi Asiyada açılmayıb. İkincisi, təşkilatın region ölkələri ilə ticari əməkdaşlığı minimaldır. Qazaxıstan müəyyən dərəcədə istisnalıq təşkil edə bilər. Üçüncüsü, Avropanın "yetirməyə" çalışdığı demokratiyanı region dövlətlərinin liderləri hakimiyyətlərinə təhlükə kimi qəbul edirlər. Korrupsiya isə iqtisadi inkişafı ləngidir. İnsan haqları barədə isə region dövlətləri heç kəslə müzakirə aparmaq istəmirlər.

Bu şəraitdə Aİ başa düşür ki, Rusiya və Çin kimi dövlətlərlə Mərkəzi Asiya uğrunda mübarizə aparmağın faydası yoxdur. Nəticədə, Aİ iqtisadi ilə yanaşı, təhlükəsizlik sahəsində proqramlar həyata keçirməyi, təhsilə diqqət artırmağı, siyasi və maliyyə yardımı göstərməyə üstünlük verməyə başlayıb (5).

Maraqlıdır ki, Aİ konkret proqramlar hesabına Mərkəzi Asiya ilə uzun vədəli strateji əməkdaşlıq xəttini seçib. Bu, indiki mərhələdə geosiyasi qeyri-müəyyənliklərin çox olduğu bir zamanda kifayət qədər maraqlıdır. Məsələn, Rusiya ilə təşkilatın Ukrayna məsələsinə görə ziddiyyətdə olması kiçik faktor deyil. Mərkəzi Asiyada Moskvanın Brüsselin proqramlarına maneə törətmək üçün kifayət qədər resursları vardır. Görünür, bu kimi səbəblərə görədir ki, Aİ bir az əvvəl ləğv etdiyi Mərkəzi Asiyada xüsusi nümayəndə postunu 2015-ci ildə bərpa edib.

Mütəxəssislər Aİ-Mərkəzi Asiya münasibətlərinin perspektivləri barədə fikir bildirərkən, təhlükəsizlik sferasında Brüsselin uğur əldə edə biləcəyinə şübhə ilə yanaşırlar (1). Doğrudan da, 2013-cü ildə Aİ "Yüksək səviyyədə təhlükəsizlik üzrə dialoq"u bərpa etməyə cəhd etdi. Bu, baş tutmadı. Çünki region dövlətləri görüşə səfirlər səviyyəsində qatıldılar. 2014-cü ildə isə, ümumiyyətlə, müzakirələrə gələn olmadı. 2015-ci ildə baş tutan tədbir alındı, lakin Türkmənistan və Özbəkistan yenə də sadəcə "nümayəndələr" göndərdilər (1). Buna baxmayaraq, Aİ-nin Mərkəzi Asiya ilə bağlı proqramları sırasında təhlükəsizliyə aid olan BOMCA (Border Management Programme in Central Asia – Mərkəzi Asiyada sərhədlərin idarə edilməsi üzrə proqram) diqqət çəkir. Üç il müddəti olan bu layihəyə 5 milyon avro ayrılıb.

Ancaq burada da tərəflərin prioritetləri fərqlidir. Mərkəzi Asiya dövlətləri təchizata üstünlük verirlər, Aİ isə təlimlərə. Nəticədə, Avropa İttifaqının yaxın zamanlarda Mərkəzi Asiyada təhlükəsizliklə bağlı əməkdaşlığı genişləndirmə imkanlarının məhdud olduğundan danışmaq olar. Ancaq BOMCA-nın davam etdirilməsi və münaqişələrin aradan qaldırılması üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi gözləniləndir.

Bundan başqa, Aİ Mərkəzi Asiyada "Vətəndaş cəmiyyətləri seminarı" vasitəsilə insan haqları sahəsində də regionda müzakirələr aparmaq niyyətini ortaya qoyur. Bu tədbirləri İnsan Haqları və Demokratiya sahəsində Avropa Aləti (The European Instrument for Democracy and Human Rights, EIDHR) adlı təşkilat maliyyələşdirir. Regionda Demokratiya uğrunda Avropa Fondu (The European Foundation for Democracy) da fəallaşır.

Avropa İttifaqının Mərkəzi Asiya ilə əlaqələri inkişaf etdirməkdə belə bir taktikaya üstünlük verməsi onun iqtisadi və humanitar əməkdaşlığı siyasi şərtlərlə uyğunlaşdırmaq arzusu ilə bağlıdır. Burada Brüssel üçün Qırğızıstan və Tacikistanda siyasi dəyişikliklərə dəstək vermək də ciddi yer tutmaqdadır. Mərkəzi Asiyada Aİ ilə demokratik yeniləşmələr sahəsində ən çox əlaqə yaradan ölkə Qazaxıstandır. 2015-ci il dekabrın 21-də bu ölkə təşkilatla əhəmiyyətli dərəcədə iqtisadi və ticari əlaqələri dərinləşdirən saziş imzalayıb (6).

Bunlarla yanaşı, Aİ-nin region ölkələri ilə əlaqələrinin vacib bir özəlliyi özünü daha qabarıq göstərməyə başlayıb. Təşkilat bunu İnkişaf məqsədi ilə əməkdaşlıq Aləti (The Development Cooperation Instrument, DCİ) vasitəsilə həyata keçirir. Burada spesifika Avropa İttifaqının yalnız ünvanlı yardım göstərməsi ilə bağlıdır. Belə ki, DCİ xətti ilə Brüssel 2007-2013-cü illər üçün 750 milyon avro yardım ayırmışdısa, 2014-2020-ci illər üçün hər il 1 milyard avro xərcləmək nəzərdə tutulub. Lakin bu ikinci mərhələdə həmin vəsaitin Qırğızıstanda qanunların, təhsilin yenilənməsinə, kənd təsərrüfatının inkişafına, Özbəkistanda kənd yerlərinin inkişafına, Türkmənistanda təhsilin inkişafına sərf edilməsi nəzərdə tutulub (7).

Onu vurğulayaq ki, 2017-ci ildən Aİ Qazaxıstan və Türkmənistanı yardıma ehtiyacı olmayan ölkə kimi qəbul edir. Deməli, təşkilat Mərkəzi Asiyaya əvvəlki kimi ümumi qəlibdə deyil, diferensiallaşma aspektində yanaşır. Bunun başlıca səbəbi isə Aİ-nin regionda əsas olaraq hüquqi, iqtisadi, ekoloji, humanitar və s. islahatların aparılmasında maraqlı olması ilə bağlıdır.

Yuxarıda vurğulanan əməkdaşlıq çərçivəsində Aİ üç istiqamətə daha çox fikir verməyə başlayıb. Onlardan biri qanunun aliliyi, digəri su ehtiyatlarına çıxış və ətraf mühitin qorunması, üçüncüsü isə təhsildir. Birinci istiqamətə Fransa və Almaniya, ikinciyə İtaliya və Rumıniya rəhbərlik edirdi. Maraqlıdır ki, üçüncü istiqamətə Aİ-də rəhbərlik etmək istəyən tapılmır. Mütəxəssislər bunu tərəflər arasında ziddiyyətlərin hələ də qalması ilə əlaqələndirirlər. Belə ki, birinci istiqamətdən Mərkəzi Asiya ölkələri razı deyil, ikinci istiqamət də kifayət qədər həssas məqamlarla bağlıdır, üçüncü istiqamətə isə Aİ-nin özündə tərəddüdlə yanaşanlar az deyil. Bütün bunlara görə də, Brüssel Mərkəzi Asiya ilə əməkdaşlıqda əldə olunanları yenidən nəzərdən keçirməyə başlayıb.

Bunların fonunda ekspertlər Aİ-nin Mərkəzi Asiyaya marağının artmasını şərtləndirən yeni faktorlara diqqət çəkirlər. Burada əsas amili Çinin "Bir qurşaq, bir yol" layihəsi oynayır. Artıq Brüsseldə başa düşürlər ki, həmin prosesi dayandırmaq mümkün deyildir. Bu səbəbdən yeni strategiyada mövcud situasiyaya maksimum uyğunlaşmaqla regiondakı işlərdə iştirak və sonra imkan olanda öz təsirini göstərmək ciddi yer alır. Bu tezisi 2017-ci il fevralın 14-də Almaniyada keçirilən tədbirdə Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Peter Burian ifadə edib (8).

Deməli, Aİ-nin regionla bağlı çəkindiyi və riskə getmək istəmədiyi faktorlar vardır. Onlar daha çox dini radikalizm, insan kapitalının inkişaf perspektivləri və Mərkəzi Asiya ölkələrinin Çin iqtisadiyyatından getdikcə daha çox asılı olmağa başlamasıdır. Burada insan kapitalının inkişafının risk faktoru kimi təqdim edilməsi təəccübləndirməməlidir. Çünki, görünür, böyük güclərdən heç biri müsəlmanların insan kimi inkişafında maraqlı deyil. Onlar daha çox yerli cəmiyyətlərdə inkişafa təkan verməmək şərti ilə daha çox qazanc əldə etməyi düşünürlər. Bu, çox təhlükəlidir və region dövlətlərinin etirazına səbəb olur.

Nəticə

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Aİ-nin Mərkəzi Asiya ilə bağlı "5+1" şəklində əməkdaşlıq planı yoxdur. Brüssel daha çox konkret proqramlara və diferensial yanaşmalara üstünlük verir. Avropa İttifaqı regionda fəal olan digər böyük güclərlə rəqabət apara biləcək imkanda olmadığını qəbul edir və ona uyğun davranır. Bu isə təbii ki, qarşılıqlı münasibətlərdə müəyyən çətinliklər yaradır. Necə deyərlər, Aİ hələlik Mərkəzi Asiyada böyük güclər sırasında "arxadan boylanır".

ABŞ-ın da regionla bağlı fəal və sistemli siyasət yeritdiyi müşahidə edilmir. Bütövlükdə Qərb bu regionda Çin və Rusiyadan geridə qalır. Lakin o da faktdır ki, Vaşinqton Şimali Koreyanı nüvə sınaqlarını dayandırmağa məcbur edə bilib. Hər bir halda, Şimali Koreya rəhbərliyi nüvə sınaqlarının keçirildiyi bazanı xarici müşahidəçilərin iştirakı ilə məhv etməyə razılıq verib. Bu proses Qərbin ümumən Şərq istiqamətində daha təsirli siyasət yeritməyə başlamasına dəlalət edirmi? Bunu demək çətindir. Həm də ona görə ki, Amerika Rusiya və Çinlə ticarət savaşını daha da kəskinləşdirir. Bu, dolayısı ilə Mərkəzi Asiyada da rəqabəti gərginləşdirir. Ancaq geosiyasətdə heç nəyi istisna etmək olmur. Xüsusilə də söhbət çox güclü potensiala malik Qərbdən gedirsə.

Kamal Adıgözəlov

Ədəbiyyat

1) Алексеенкова Е.С Сравнительный анализ деятельности созданных в Центральной Азии форматов «5+1» (с участием США, Южной Кореи, Японии и ЕС) // Международная аналитика. - 2017. - № 1(19). - С. 36.

2) Central Asia’s Autocrats Welcome the Age of Trump // Foreign Policy. January 31, 2017 [Electronic resource]. – URL: http://foreignpolicy.com/2017/01/31/central-asias-autocrats-welcome-the-age-of-trump-russia-syria-isis/

3) The European Union and Central Asia: The New Partnership in Action http://eeas.europa.eu/ central_asia/docs/2010_strategy_eu_ centralasia_en.pdf 8).

4) Implementation and review of the European Union-Central Asia Strategy: Recommendations for EU action // Directorate-General for External Policies, European Parliament. January 2016 [Electronic resource]. – URL: http://www.europarl.europa.eu/RegData/ etudes/IDAN/ 2016/535019/EXPO_IDA (2016)535019_EN.pdf

5) Gusev L., Possibilities and limits of EU policy implementation in Central Asia // International Analytics, Vol. 3 (17), 2016. – M., MGIMO. P. 27-36

6) Enhanced Partnership and Cooperation Agreement between the European Union and its Member States, of the one part, and the Republic of Kazakhstan, of the other part//https://eeas. europa.eu/sites/eeas/files/enhanced_partnership_and_cooperation_agreement_3.pdf, p. 3-156

7) The European Union and Central Asia: The New Partnership in Action //http://eeas.europa.eu/ central_asia/docs/2010_strategy_eu_centralasia_en.pdf.

8) Ghiasy R., Zhou J. The Silk Road Economic Belt: Considering security implications and EU-China cooperation prospects. February, 2017. Sipri, Stockholm. Pp. 60 [Electronic resource]. – URL:https://www.sipri.org/publications/2017/other-publications/silk-road-economic-belt


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM