Müasir beynəlxalq təhlükəsizliyin meqatrendləri

13:08 / 27.09.2018

"Beynəlxalq təhlükəsizlik" anlayışı təqribən 100 il əvvəl beynəlxalq münasibətlər lüğətinə daxil edilmişdir. O zamana qədər Silahlı Qüvvələrin istifadəsi "müharibə"və "sülh" anlayışları ilə ifadə edilmişdir. Yaxın günlərədək beynəlxalq təhlükəsizliyə hərbi təhlükəsizliyin fenomeni kimi baxılırdı. O, dövlət və dövlətlər qrupu tərəfindən ehtimal olunan təcavüzü aradan qaldırmaq üçün Silahlı Qüvvələrin kifayət qədər hazır vəziyyətdə saxlanılması, hərbi ittifaqların yaradılması, bəzi hallarda isə şəxsi maraqlarının gerşəkləşməsi naminə hərbi gücdən istifadə edilməsi və ya onun tətbiq edilməsi hədəsi və s. kimi xarakterizə edilirdi. Tədricən hərbi güc amili hərbi qarşıdurmanın miqyasını, qızğın silahlanmanı və silahlı münaqişələrin baş vermə ehtimalını məhdudlaşdırmağa xidmət edən diplomatik və digər siyasi alətlər kompleksi ilə zənginləşdi [1, c.148].

Beynəlxalq münasibətlər üzrə müasir ədəbiyyatlarda "beynəlxalq təhlükəsizlik" anlayışının yekun tərifi hələ də verilməyib. Çox vaxt "beynəlxalq təhlükəsizlik" ənənəvi olaraq, proseslərin hərbi-siyasi ölçüsü kimi başa düşülür və onun genişlənməkdə olan qeyri-hərbi, "mülki" komponentinə (ekoloji, iqtisadi və bir sıra digər təhlükələrə qarşı mübarizə) əhəmiyyət verilmir. Digər hallarda isə demək olar ki, beynəlxalq münasibətlərin bütün problemlərini təhlükəsizlik baxımından nəzərdən keçirmək meyli müşahidə olunur.

Müasir beynəlxalq təhlükəsizliyin durumu ""soyuq müharibə" dövründən sonrakı təhlükəsizlik" kimi xarakterizə edilir. Postsoyuq müharibə dövründə beynəlxalq təhlükəsizlik şəraiti və ona istiqamətlənən çağırış və təhdidlər aşağıdakı meqatrendlərlə əlaqələndirilir:

1. Beynəlxalq təhlükəsizlik sisteminin desentralizasiyası və qütbləşmə. 1990-cı illərin başlanğıcı beynəlxalq gərginliyin zəifləməsinə və münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı. Yalta-Postdam nizamının süqutu beynəlxalq arenada qüvvələr nisbətini ciddi şəkildə dəyişdi. O, dünyada bir sıra maneələri dağıtdı və qloballaşma prosesini sürətləndirdi. Eyni zamanda, beynəlxalq sistemdə yeni qütblşmə və desentralizasiya baş verdi [2, с.170]. Dövlətlərin nisbi iyerarxiyasında əhəmiyyətli dəyişikliklər özünü biruzə verdi. Siyasi, iqtisadi və hərbi sahədə öz üstünlüyünü dərk edən inkişaf etmiş və güclü dövlətlər qrupu daha fəal və hücum siyasətinə keçdi. Həmin dövlətlətlərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa), həmçinin BMT TŞ genişlənəcəyi təqdirdə üzvlüyə mümkün namizədlər (Braziliya, Almaniya, Hindistan, CAR, Yaponiya) aid edilir.

Müasir dünya nizamında ABŞ yeganə fövqəldövlət kimi qalmaqda davam edir. Hətta bəzi politoloqlar müasir beynəlxalq münasibətlərin geostrukturunu ABŞ-ın liderliyi altında bitqütblü (monopolyar, mondialist) dünya nizamı kimi qələmə verir. Lakin məlum 11 sentyabr hadisələri bir daha isbat etmiş oldu ki, müasir qloballaşan dünyada hətta ABŞ kimi fövqəldövlət təkbaşına hərəkət etmək iqtidarında deyil. 2003-cü ilin martında İraqa qarşı ABŞ-ın başçılığı altında təşkil edilmiş koalisiya belə düşünməyə əsas verir. Bununla belə, nəhəng iqtisadiyyata malik olan ABŞ hərbi texnologiya sahəsində aparıcı yer tutur, ölkənin hərbi potensialı artmaqda davam edir.

Dünyanın birqütblü modelinə qarşı çıxan Rusiya və Çin onun daha çox çoxqütblü (multipolyar) olduğunu bəyan edir və Avropa Birliyini, Hindistanı, Yaponiyanı, Almaniyanı, Braziliyanı, CAR-ı alternativ geostrateji mərkəzlər qismində qeyd edirlər.

2014-cü ilin fevralında Rusiyanın Krımı ilhaq etməsi onunla ABŞ və Avropa İttifaqı üzvləri arasında "soyuq müharibə"nin restavrasiyasına səbəb olub. Digər tərəfdən, Çinin artmaqda olan iqtisadiyyatı və hərbi modernizasiya üzrə proqramları onu dünya siyasətində güclü və rəqabətqabiliyyətli qütbə çevirib.

2. Qloballaşma və antidövlət tendensiyalarının artması. Müasir dünya siyasətinin və beynəlxalq münasibətlərin əsas proseslərindən biri qloballaşma hesab edilir. Siyasi, iqtisadi, ideoloji və s. sahələrdə qarşılıqlı asılılığın dərinləşməsi onun üçün xarakterik haldır. Bu müstəvidə trassərhəd xarakterli qarşılıqlı təsirin miqyas, müxtəliflik və kəmiyyət baxımından yüksəlişi müşahidə olunur. Dünyanın bötüvləşməsi və vahid tam kimi qəbul edilməsi prosesi baş verir. Milli maraqlarla müqayisədə ümumi, qlobal mənafenin çəkisi artmaqdadır. Eyni zamanda, təhlükəsizliyin daxili və xarici aspektləri arasında qarşılıqlı əlaqə dərinləşməkdədir.

Qeyri-dövlət aktorlarının dünya siyasətinin bütün sahələrinə nüfuz etməsi müasir beynəlxalq münasibətlər sisteminin əsas xarakterik göstəricilərindən biri sayılır. Beynəlxalq miqyasda fəaliyyətə başlayan qeyri-dövlət subyektlərinin sayı durmadan artmaqdadır. Dövlətin fəaliyyət qabiliyyətini məhdudlaşdıran qeyri-dövlət subyektləri aşağıdakılar hesab edilir:

– Beynəlxalq təşkilatlar; məsəlçün, BMT və ya ATƏT;

– Beynəlxalq rejimlər (dəqiq müəyyən edilmiş problemlər sahəsində dövlətlərin uzunmüddətli əməkdaşlığını ifadə edən anlayış. Məsələn, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi);

– Çox vaxt kiçik dövlətlərin budcələrini üstələyən nəhəng dövriyyəyə malik transmilli konsernlər, məsələn, iri neft konsernləri;

– İnsan hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi məqsədini güdən QHT-lər (Amnesty İnternational və Qrinps);

– Beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkar təşkilatlar, məsələn, Cənubi Amerika narkokartelləri;

– Heç də bütün dünyada deyil, müəyyən regonlarda fəaliyyət göstərən terror təşkilatları, məsələn, Əl-Qaidə [3, c.6].

Qeyri-dövlət aktorların beynəlxalq təhlükəsizlik sferasında daha ciddi və dağıdıcı nəticələr doğurması beynəlxalq ictimaiyyəti bərk narahat etməkdədir. Heç şübhəsiz, bu gün əksər silahlı münaqişələrdə qarşıduran tərəflərdən biri qeyri-dövlət aktoru – terrorçular, silahlı ekstremistlər, separatçı və ya digər antihökumət silahlı birləşmələr, dəniz quldurları, narkotik alverçiləri və s. hesab edilir.

Dövlətlərin zəifləməsi nəticəsində zorakılıqların və müharibələrin sayının artacağı haqqında pessimist fikirlər çoxalmaqdadır. Belə təhlükələr ilk növbədə, zəif və süquta doğru sürüklənməkdə olan, zəif daxili həmrəyliyə və səriştəsiz hökumətə malik dövlətlərdən irəli gəlir. Məhz bu səbəbdən Yer kürəsinin bəzi regionlarında uzunmüddətli sabitsizlk zonaları və zorakılıq inkubatorları yaranır.

3. Demokratiyanın qlobal ekspansiyası və mütləq suverenliyin iflası. Qlobal demokratiya zonasının genişlənməsi dövlətlər arasında sülh və əmin-amanlıq zolağının genişlənməsi deməkdir.

Demokratikləşmə – demokratik quruluşun bərqərar olunmasına istiqamətlənmiş siyasi və sosial dəyişiklik prosesini xarakterizə edir. Demokratiya ideya və prinsiplərin, institut və prosedurların inkişafı, genişlənməsi və yenilənməsi prosesidir. Demokratiya bu və ya digər problemlərin həllinə təminat vermir, sadəcə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şərait yaradır. Nəticə demokratik prosesin inkişaf şərtlərindən, qüvvələrin xarakteristikasından, onların demokratik prosesə təsirlərindən və problemləri həlletmə qabiliyyətlərindən və daxili siyasətə təsir edən xarici vəziyyətdən asılıdır.

"Demokratikləşmə dalğası" anlayışını irəli sürən S.Hantinqton bu ad altında müəyyən zaman kəsiyində qeyri-demokratik rejimdən demokratik rejimə keçidin şərtlərini nəzərdə tutub. Onun fikrinə əsasən, dünya üç qlobal demokratikləşmə mərhələsindən keçib. Birinci mərhələ 1828-1926-cı illəri əhatə edib. Bu mərhələ ABŞ və fransız burjua inqilablarının təsiri altında insanların səsvermə hüququ əldə etməsi, hakimiyyətin formalaşmasında parlament və ümumxalq seçkilərinin rolunun artması ilə xarakterizə edilib. 1922-1942-ci illərdə isə faşist, totalitar və militarist rejimlərin meydana gəlməsi ilk demokratikləşmə dalğasından uzaqlaşma meylləri kimi dəyərləndirilib.

1943-1962-ci illəri əhatə edən ikinci dalğa II Dünya müharibəsinin bitməsi nəticəsində Qərbi Avropada demokratik institutların yaradılması ilə yadda qalıb. İkinci demokratikləşməyə qarşı 1958-1975-ci illərdə baş vermiş geri çəkilmələrə dekolonizasiya prosesi səbəb olmuşdur. Həmin proses nəticəsində Latın Amerikası kontinentinin əksər dövlətlərində avtoritar rejimlər quruldu.

Üçüncü dalğa isə 1974-cü ildən başlayıb və günümüzədək davam etməkdədir. Bu mərhələ dekolonizasiyanın bitməsi, dünyada kommunist rejiminin iflası və yeni demokratik dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir [4].

Qlobal demokratiyanın əsas nəticələrindən biri insan hüquq və azadlıqlarının çəkisinin artması və onun suveren dövlətin daxili səlahiyyətləri çərçivəsindən kənara çıxması məsələləri arasında artmaqda olan konsensus hesab edilir. Müasir dünyada münasibətlər sisteminin açıqlığı və qloballaşma prosesləri sayəsində insan hüquqlarının kütləvi şəkildə pozulması və hakimiyyətin digər qanunsuz əməlləri dünya ictimaiyyətinin nəzərindən yayına bilməz və məhz bu səbəbdən beynəlxalq müdaxiləyə həqiqi ehtiyac yaranır [5]. Münaqişələrin sayının artması və beynəlxalq terrorizm təhdidinin durmadan artması dünyanın böyük dövlətlərini hansısa dövlətin hökumətinin razılığı belə olmadan zorakılığın qarşısını almağa vadar edir. Müasir dünyada xarici siyasətin aləti qismində humanitar müdaxilələrin əhəmiyyətinin yüksəlməsi bu mövzunun aktullığını getdikcə artırır.

Humanitar müdaxilə – dövlət və ya dövlətlər tərəfindən digər dövlətə qarşı onun razılığı olmadan həyata keçirilən güc tətbiq etmək və ya güclə hədələmək siyasətidir ki, məqsədi əsas insan hüquqlarına qarşı yönəlmiş kütləvi və kobud pozuntuların qarşısını almaq və ya onu aradan qaldırmadır. Bu konsepsiyanın subyektiv geosiyasi maraqların gerçəkləşməsi naminə istifadə edilməsi də diqqətdən yayınmır. Supergüclərin Əfqanıstan, keçmiş Yuqoslaviyada və Yaxın Orta Şərqdə həyata keçirdikləri hərbi əməliyyat və çevrilişlər məhz "humanitar müdaxilə" konsepsiyasının adı altında realizə edilib.

Bir sıra hallarda humanitar müdaxilə özünü doğruldur. Məsələn, üçüncü dünya ölkələrində avtoritar rejimlərin yaradılması ona dəlalət edir ki, belə dövlətlər itisadi və siyasi oriyentirləri itirib. Hakimiyyət rıçaqlarını itirməklə əhali üzərində nəzarəti əldən verən yerli hakimiyyətlərin sərt tədbirlərə əl atması dövlətdaxili münasibətlərdə gərginliyə və sosial-siyasi xaosa gətirir. Bu dövlətlərin rəhbərlərinin daxili poblemləri həll edə bilməməsi və ya həll etmək iqtidarında olmaması səbəbindən humanitar müdaxilə özünü doğrulda bilər. Əks təqdirdə isə, ölkə daxilində xaos nəinki regional, hətta beynəlxalq nizamı sabitsizləşdirə bilər.

"Humanitar müdaxilə" konsepsiyasının inkişaf etdirilməsi cəhdləri "mütləq suverenliyin məhdudlaşdırılması" fonunda həyata keçirilir. Dövlətlərin iqtisadiyyatları və bazarları arasında qarşılıqlı asılılığın artması səbəbindən suverenliyə artıq pozulmaz və toxunulmaz bir məfhum kimi baxılmır. Dövlətüstü strukturlar və idarəetmə orqanları yaradılır və hakimiyyət səlahiyyətlərinin bir hissəsi onlara ötürülür. Belə bir şəraitdə humanitar müdaxilədən yararlanmaq olduqca asanlaşır.

Digər tərəfdən, 2005-ci ildə qəbul edilmiş "Qorumaq haqqında" BMT Bəyannaməsi suverenlik kategoriyasının erroziyaya uğraması istiqamətində son nöqtəni qoydu və belə bir ideyanı həyata keçirməyə nail oldu ki, əgər dövlət hakimiyyətləri ölkədə bu və ya digər şəraitin öhdəsindən gələ bilmirsə, o zaman problemin həlli beynəlxalq ictimaiyyətin əlinə keçir. Bu Bəyannamə humanitar müdaxilənin əsaslandırılmasını əhəmiyyətli dərəcədə asanlaşdırdı və üçüncü tərəflərin dövlətin daxili işinə müdaxiləsi hüququnu qanuniləşdirdi [5]. 1999-cu ilin sentyabrında BMT-nin baş katibi Kofi Annan bəyan etmişdir ki, insan hüquqlarının kütləvi şəkildə pozulması zamanı suverenlik humanitar müdaxilə ilə aradan qaldırıla bilər [6, c.96].

Lakin bəyannamədə əksini tapmış ideyaların izahından subyektiv məqsədlər üçün sui-istifadə edilə bilməsi və təcavüzkar fəaliyyətlərə haqq qazandırılması cəhdləri da istisna edilə bilməz. Bu proseslər fonunda dövlətin mövcudluğunun əsası hesab edilən suverenlik öz gücünü itirir və daha güclü dövlətlərin zəif dövlətlərə təsiri artır.

4. Texnoloji inkişafın dominantlığı və güc münasibətlərinə transferi. XXI əsrdən etibarən dünya siyasətinin əsas məsələlərindən biri insan fəaliyyətinin bütün sahələrində uzağa gedən nəticələr doğura bilən elmi-texnoloji sıçrayış hesab edilir. Kompüterləşmə və informasiya inqilabı hərbi sahədə elmi-texniki tərəqqiyə yol açıb. Yüksək texnologiyaların tətbiqi adi silahlanmanın, kəşfiyyat və qoşunların idarəedilmə sisteminin xarakter və imkanlarını köklü şəkildə dəyişmiş və uzaq məsafədən müharibənin aparılması imkanlarını genişləndirmişdir.

Müasir silah növlərinin əksər çoxluğu informasiya texnologiyalarına istinad edir. Bu gün informasiya texnologiyalarının hərbi sahəyə daha geniş tətbiq edilməsi ümumbəşəri hadisə hesab edilir. Müasir beynəlxalq təcrübənin təhlili onu gostərir ki, hərbi əməliyyatların müvəffəqiyyətli keçirilməsi döyüş fəaliyyətlərinin kompleks informasiya təminatını tələb edir ki, bu da müsir informasiya texnologiyaları olmadan mümkün deyil. Əksər hərbi analitiklər hesab edir ki, müasir informasiya texnologiyalarının geniş tətbiqi hərb işində inqilaba səbəb olub. Misal qismində son illər ABŞ-ın apardığı müharibələri qeyd etmək olar.

XX əsrin birinci yarısında heç kim təxmin edə bilməzdi ki, bir neçə onillikdən sonra elmi-texniki tərəqqi bəşəriyyətə yeni, öz görünməz telləri ilə tədricən bütün dünyanı birləşdirən kommunikasiya vasitələri bəxş edəcək. Artıq bu gün aksiomadır ki, müasir dünyamız müharibəsiz, xüsusən də informasiya qarşıdurması olmadan keçənə bilmir [7, c.276].

İnformasiya müharibəsi – cəmiyyətin müasir inkişaf mərhələsində sözsüz ki, aktual və vacib termindir və onu dərk etmədən müasir siyasi həyatda və geosiyasətdə gedən prosesləri anlamaq asan deyil. BMT baş katibinin məruzəsində (3 oktyabr 2001-ci il) informasiya müharibələri informasiya məkanında dövlətə, cəmiyyətə və şəxsiyyətə yönəlmiş əsas təhlükələrlə yanaşı digər təhlükələrlə: digər dövlətin informasiya sahəsinə sanksiyalaşdırılmamış müdaxilə üsullarının hazırlanması və istifadəsi; başqalarının informasiya resurslarının qeyri-hüquqi istifadəsi və onlara ziyan yetirilməsi; xarici dövlətin əhalisinə məqsədli informasiya təsiri; informasiya məkanında dominantlığa cəhd; terrorizmin genişlənməsi və s. aid edilmişdir [8].

Hal-hazırda "informasiya müharibəsi" məfhumu müxtəlif cür müəyyən edilir. Bu, "information warfare" termininin bir neçə məna kəsb etməsilə əlaqəlidir. O "informasiya müharibəsi", "informasiya qarşıdurması", "informasiya-psixoloji müharibə" kimi şərh oluna bilər. Öz növbəsində informasiya müharibəsi bir dövlətin digər dövləti zəiflətmək və məhv etmək üçün istifadə etdiyi informasiya fəaliyyəti; yarışan rəqiblər arasında informasiya müharibəsi; iki kütləvi düşmən (məsələn, ordu) arasında hərbi informasiya münaqişəsi kimi xarakterizə olunur [9, c. 239].

Bu gün informasiya müharibəsi müharibənin aparılmasının mühüm tərkib hissəsinə çevrilib. Xüsusən də 2014-cü ildə Krımın Rusiya tərəfindən "məxməri ilhaqı" informasiya müharibəsinə ən tutarlı misal ola bilər.

Əminliklə demək olar ki, hərbi-siyasi proseslərdə KİV-lərin rolu bundan sonra da artacaq. Kibernetik müharibə anlayışı müasir cəmiyyət qarşısında dayanan yeni təhlükələri xarakterizə edir. Belə ki, müasir cəmiyyətlərin idarəetmə infrastrukturları həddindən atrıq informasiya və kommunikasiya texnologiyalarından asılıdır. İnternet vasitəsilə həm düşmənin hərbi komanda strukturunun, həm də mülki fəaliyyət sahələrinin funksionallığını pozmaq mümkündür.

5. Beynəlxal hüquq institutunun böhranı. Bu gün beynəlxalq hüquq institutunun böhranı aşkar şəkildə özünü büruzə verir və beynəlxalq təhlükəsizlik sferasında fəaliyyət göstərən aktorların davranışına yetərli təsir göstərir. Birincisi, BMT-nin bir sistem kimi effektivsizliyi haqqında fikirlər geniş yayılmaqdadır. İkincisi, "humanitar müdaxilə" praktikasının tətbiqi suverenliyə münasibətdə ənənəvi yanaşmanı köklü şəkildə dəyişib. Transmilli terrorizm təhdidi isə ön plana tamamilə yeni "preventiv zərbələr" problemini çıxarıb. Silahlı qüvvələrin qeyri-dövlət aktorlarına (terrorçulara, separatçılara və üsyançılara) qarşı tətbiq edilməsi praktikasının genişlənməsi hərbi gücün lazımi dərəcədə tətbiqi və dinc əhali arasında qurbanların sayının azalması problemini kəskinləşdirib. Məhz bu səbəbdən müasir beynəlxalq siyasətin reallığına uyğun olaraq beynəlxalq hüququn inkişafı və BMT-də islahatların aparlması həyata keçirilməlidir. Üçüncüsü, bir sıra ölkələr, ilk növbədə isə ABŞ beynəlxalq təhlükəsizlik problemləri ilə əlaqədar hüquqi sahədən kənarda fəaliyyət göstərməyə səy göstərir.

Beynəlxalq hüququn effektivliyi onunla ölçülür ki, hegemon dövlət onu necə görmək istəyir. Son onilliyin təcrübəsi onu göstərir ki, ABŞ-da beynəlxalq hüququn əhəmiyyətinə və məzmununa nihilist münasibət formalaşıb. ABŞ-ın BMT-dəki eks-diplomatı Con Boltonun fikirləri bu cür düşünməyə əsas verir. O demişdir: "XV-XVI əsrlərdən meydana gəlmiş beynəlxalq hüquq və ya millətlərin hüququ ilk növbədə ölkələr üçün bir növ davranış qaydası olmuşdur. Bu, ölkələrin dünya səhnəsində necə davranacağına dair bir razılıq idi. Əvvəlcə bunlar əsasən ikitərəfli razılaşmalar idi və bu müqaviləyə imza atan dövlət ona riayət etməli idi. İkinci Dünya müharibəsindən sonra çoxtərəfli müqavilələrin sayı kəskin artmağa başladı, onun ardınca isə o vaxtlar dövlətlər tərəfindən əməl edilməsi məcburi hesab edilməyən beynəlxalq hüquq sistemini yaratmağa səy göstəmiş nəhəng hüquqşünas-professorlar qrupunun yaranması ilə nəticələndi. Məhz bu baxımdan hesab edirəm ki, beynəlxalq hüquq sisteminin yaradılmasına yönəlmiş səylər süni xarakter daşıyırdı. Bu, "qanun" anlayışının beynəlxalq əlaqələrə uyğunlaşdırılması cəhdi idi, halbuki həmin sahədə qərarların əksəriyyəti hüquqi deyil, siyasi xarakter daşıyır. Bundan əlavə, daxili, milli qanunvericiliyin və beynəlxalq hüququn müqayisəsi heç bir məna daşımır, çünki bunlar iki müxtəlif sahələrdir. Başqa sözlə, ilk öncə qarşıya yerinə yetirilməsi mümkünsüz görünən tapşırıq qoyulmuşdur – beynəlxalq hüquq məkanı yaratmaq. Lakin vaxt keçdikcə bunun mümkün olmadığı aydın oldu. Beynəlxalq arenada ölkələrin davranışının bir çox aspektləri prinsipcə, hüquqi baxımdan nəzərdən keçirilə bilməz. Qanun müəyyən bir ölkəni idarə etmək üçün çox əlverişli bir mexanizmdir, lakin beynəlxalq münasibətlərdə bu mümkün deyil" [10, c.15].

Göründüyü kimi, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq normalaının deyil, siyasi mənafelərin ön planda dayanması beynəlxalq nizamın dayanıqlı olmasına imkan vermir. 1994-1999-cü illərdə Yüqoslaviya ərazisində baş vermiş münaqişələrin nizamlanması problemləri, 2001-ci ilin sentyabrında Əfqanıstana, 2003-cü ilin martında İraqa qarşı beynəlxalq hərbi kampaniyanın başlanılması, 2014-cü ildə Krım hadisələri, hal-hazırda Suriya və İraqda cərəyan edən hərbi-siyasi xarakterli hadisələrdə zorakılığın hüdudsuzluğu, həmçinin etnik və etnoregional separatizmin referendum yolu ilə legitimləşdirilməsi cəhdləri və s. proseslər beynəlxalq hüquq institutunun nüfuzunu ciddi şəkildə sarsıtmağa nail olub. Çıxış yolu qismində beynəlxalq hüquq normalarının müasir reallıqlara uyğunlaşması istiqamətində zəruri islahatların aparılması hesab eilə bilər.

6. Qlobal təhlükəsizliyin qeyri-hərbi aspektləri. Ənənəvi olaraq, təhlükəsizlik hərbi təhdidlər baxımından nəzərdən keçirilirdi. XX əsrin sonunda belə təsəvvürlər formalaşmağa başladı ki, təhlükəsizlik sahəsinə yalnız hərbi və hərbi-texniki aspektləri ("sərt təhlükəsizlik") deyil, həmçinin iqtisadiyyat, energetika, ekologiya, miqrasiya, ərzaq və s. daha geniş məsələləri daxil etmək olduqca vacibdir. Təhlükəsizliyə belə geniş baxışın formalaşması səbəbi əsasən XX əsrin ikinci yarısından bəri milli dövlətlərin sərhədlərinin "şəffaflaşması" hesab edilir. Bu proses qeyri-dövlət aktorlarının dünya səhnəsinə çıxışı ilə əlaqələndirilir. Onların fəaliyyətinə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı münbit şərait yaradıb. Nəticədə, dövlət və vətəndaşlar bir çox mənfi (narkotik ticarəti, qanunsuz silah alveri, beynəlxalq terrorçuluq, və s.) və müsbət (iqtisadi fəaliyyətin genişləndirilməsi imkanları, beynəlxalq rabitə, beynəlxalq mühitə daxil olma və s.) amilləin təsirinə məruz qalıb. Bu isə öz növbəsində beynəlxalq gündəmdə getdikcə qeyri-hərbi təhlükəsizlik ("yumşaq təhlükəsizlik" və qeyri-ənənəvi təhlükəsizlik) problemlərinin daha üstün yer almasına rəvac vermiş oldu [1, c.537].

Qeyri-hərbi təhlükəsizlik – milli və beynəlxalq ölçüdə insanın inkişafına qarşı yönəlmiş sosial, iqtisadi və ekoloji çağırış və təhdidlərin aradan qaldırılması üçün zəruri kompleks şəraitlər hesab edilir. İlk dəfə olaraq bu barədə konseptual yanaşma B.Buzan və onun həmkarlarına məxsus olub. O diqqət mərkəzində mərkəzçi – dövlətin və hərbi amilin dayandığı təhlükəsizliyin ənənəvi konsepsiyasını tənqid edib. Tənqid edilən ənənəvi yanaşmanın əvəzinə, təhlükəsizliklə əlaqədar tədqiqatlarda hərtərəfli yeni strukturun əsasını qoymağa cəhd edib. Yeni yanaşmada ənənəvi hərbi amillərlə yanaşı bir sıraya "yumşaq güc sahələri"ni əhatə edən digər (iqtisadi, sosial, siyasi və ekoloji) məsələlər də daxil edilib [11, p.21-23].

Həqiqətən XXI əsrdə qarşılıqlı asılılığın qeyri-hərbi sahələrinin – iqtisadi, humanitar, ekoloji və s. rolu əhəmiyyətli dərəcədə artıb. XXI əsrdə milli, regional və beynəlxalq təhlükəsizlik sistemində hərbi problemlərdən daha çox iqtisadi, sosial və ekoloji böhranlar narahatlıq yaradır. İqtisadi sabitsizlik – sosial ziddiyyətlərdən, habelə silahlı münaqişələrdən meydana gələn və müxtəlif formalarda təzahür edən sabitsizliyin səbəbi və nəticəsi kimi şərh edilir. İqtisadi vəziyyətin pozulmasının istənilən tendensiyası ümummilli maraqlara təhlükə törədir.

Etnik millətçilik və ya milli dövlətin formalaşması əsasında dayanan etnik mənsubiyyət əksər region ölkələrində sosial və siyasi xaos yaradır. Sabitliyə daha ciddi təhlükə o zaman yaranır ki, etnik millətçiliyin təzahürləri sərhəd mübahisələri və ya qeyri-bərabər iqtisadi şəraitlə uzlaşır, bu ölkələrin rəhbərləri isə öz siyasi mövqelərini möhkəmləndirmək naminə bu narazılıqdan yararlanmaqdan çəkinmirlər.

Bundan əlavə, münaqişələr, etnik sıxışdırmalar, müharibələr nəticəsində meydana gələn miqrasiya və ya dözülməz iqtisadi şərtlər nəticəsində əhalinin nəzarətsiz yerdəyişməsi istənilən kiçik dövlətin resurslarını qısa müddətdə tükəndirə, xaosa və ictimai nizamsızlığa gətirə bilər. Qeyri-leqal immiqrantlar cinayətkarlığın, o cümlədən narkotiklərlə və silah alveri ilə bağlı cinayətlərin səviyyəsinin artmasını stimullaşdırır.

Ekoloji risklər sabitliyə yönələn təhdidlər cərgəsində öz yerini möhkəmləndirməkdədir. Suyun qeyri-rasional istifadəsi, sənaye istehsalı tullantıları, hərbi sınaqlar və toksik nüvə və kimyəvi tullantıların düzgün utilizasiya edilməməsi ətraf mühitə olduqca neqativ təsir göstərir. Sadalanan amillər kənd təssüfatına yararlı torpaq sahələrinin azalmasına, əhalinin sağlamlıq səviyyəsinin aşağı düşməsinə və işçi yerlərinin ixtisar edilməsinə səbəb olur.

7. Təhdidlərin spektrinin genişlənməsi. "Soyuq müharibə"nin süqutu hərbi təhdidlərin xarakterinin dəyişilməsinə gətirib. XXI əvvəllərində hərbi-siyasi sferada təhdidlər ənənəvi və yeni təhdidlərə bölünür. Hərbi planda güclü dövlətlərin və onların ittifaqlarının birbaşa rəqabətindən irəli gələn "köhnə təhdidlər" ikinci plana keçib. Belə demək mümkündürsə, "köhnə" təhdidlərin əksəriyyəti bu gün "yatmış" vəziyyətdədir.

"Yeni" təhdidlərə isə beynəlxalq terrorizm, kütləvi qırğın silahları və onların tədarük vasitələrinin yayılması və daxili silahlı münaqişələrdən ibarət triada daxildir [12, c.81-85]. Bu təhdidlər əvvəllər mövcud olsa da, "köhnə" təhdidlərin kölgəsində qalmalı olub. Son illər ərzində bu təhdidlərin prioritet qazanması onların daxili potensialının inkişafı və hər birinin təhlükəlilik dərəcəsinin artması ilə əlaqələndirilir.

Rusiyalı tədqiqatçı A.B.Loqunov isə qlobal təhlükəsizliyə təhdidləri dörd kateoriyaya bölür [13, c.34-36].

1. Ənənəvi təhdidlər hərbi güc və vasitələri hərbi rəqabət və münaqişə formalarında tətbiq edən dövlətlərdən irəli gəlir. Bu çağırışlar çox zaman dövlətlərin ordu, hərbi-dəniz və hərbi-hava qüvvələrindən istifadə etməsilə bağlıdır. Ənənəvi hərbi çağırışlar hələ də öz əhəmiyyətini itirməyib. Belə ki, əksər dövlətlər öz regionunda təhlükəsizlik sahəsində şəraitə təsir etmək imkanına malikdir. Müttəfiq dövlətlərin ənənəvi sahələrdə üstünlüyü düşmənin bu sahədə onlarla rəqabət aparmaq istəyini ciddi şəkildə zəiflədir.

2. Qeyri-standart təhdidlər daha güclü düşmənlərin ənənəvi üstünlüklərinə qarşı "qeyri-ənənəvi" metodlar tətbiq edən qüvvələrdən meydana gəlir. Müasir təhlükəsizlik sahəsində dövlətin maraqlarına daha çox qeyri-standart metodlar, məsələn, terrorizm və qiyam təhdid edir. Qeyri-standart çağırışların təhlükəsini gücləndirən iki amil mövcuddur: ekstremist ideologiyaların yüksəlişi və təsirli idarəçiliyin yoxluğu. Siyasi, dini və etnik ekstremizm dünyada münaqişələr yaratmaqda davam edir. Dünyanın əksər hissələrində təsirli idarəçiliyin yoxluğu terrorçular, cinayətkarlar və qiyamçılar üçün sığınacağın yaranmasına gətirir. Əksər dövlətlər öz əraziləri və sərhədləri üzərində təsirli nəzarət həyata keçirə bilmirlər.

3. Fəlakətli təhdidlər – Kütləvi qırğın silahının (KQS) əldə edilməsi, ona malik olma və ondan istifadə etmək və ya KQS-nin istifadə edilməsinə bənzər nəticələr döğura biləcək metodları əhatə edir. Dövlətin ənənəvi müharibə aparmaq sahəsində üstünlüyü bəzi düşmən qüvvələri fəlakətli vasitələr, xüsusən də KQS əldə etməyə sövq edir. Şəffaf beynəlxalq sərhədlər, zəif beynəlxalq nəzarət və informasiya texnologiyalarına maneəsiz çıxış bu cür səyləri asanlaşdırır. Transmilli terrorçular, KQS-in yayılması və bu silahı əldə etmək və ya ona sahib olmaq istəyən problemli dövlətlər xüsusi narahatlıq doğurur.

Texnologiyaların və KQS-nin yaradılması üzrə təcrübənin yayılması nəticəsində fəlakətli çağırışlarla mübarizə təxirəsalınmaz vəzifəyə çevrilir.

4. Təxribatçı təhdidlər mühüm operativ sahələrdə dövlətin mövcud üstünlüyünü sarsıtmaq məqsədilə qabaqcıl texnologiyalar işləyib hazırlayan və tətbiq edən düşmənlərdən meydana çıxa bilər. Nadir hallarda inqilabi texnologiyalar və onlarla bağlı olan hərbi innovasiyalar tam şəkildə çoxdan məlum olan müharibənin aparılması konsepsiyasını dəyişə bilər. Bəzi mümkün rəqiblər təxribatçı potensial əldə etməyə çalışmaqla, dövlətin zəif nöqtələrindən yararlanmağa, dövlətin və onun tərəfdaşlarının malik olduqları üstünlükləri aradan qaldırmağa çalışır. Misal qismində "Əl-Qaidə"nin ABŞ və onun tərəfdarlarına qarşı silahlı mübarizəsini göstərmək olar.

Dağıdıcı potensiala malik elmi kəşvlərin bəzi növləri, xüsusilə biotexnologiyaların, kibermetodların, kosmik silahların və ya enerji ilə işləyən silahların hazırlanması sahəsində nailiyyətlər qlobal təhlükəsizliyi ciddi təhdid edə bilər. Bu cür təhlükələrin gözlənilmədən baş verə bilməsi onların potensial nəticələr doğura bilməsini labüd edir və onlardan sığortalanmağı zəruri sayır.

Bu kateqoriyalar bir-biri ilə əlaqəlidir. Bunlardan birini yaxşı mənimsəyən öz güc mövqeyini və vasitələrini digər kateqoriyalarda möhkəmləndirməyə cəhd edə bilər. Belə ki, İraq və Əfqanıstanda beynəlxalq koalisiyanın düşmənləri həm ənənəvi, həm də qeyri-standart təhdidlər tətbiq ediblər.

Məsələn, "Əl-Qaidə" terror qrupu özünü qeyri-standart təhlükə kimi göstərməklə yanaşı, fəlakətli vasitələr əldə etmək istiqamətində fəaliyyət göstərib. Şimali Koreya eyni anda ənənəvi, qeyri-standart və fəlakətli çağırışlara cəhd edir.

Sonda bu qənaətə gəlmək olur ki:

– "soyuq müharibə" dövründəki strateji sabitlik xəyal olaraq qalacaq, müasir təhlükəsizlik mühiti isə xaotik, qeyri-müəyyən və dinamik olaraq dəyişkən olacaq;

– müasir qlobal təhlükəsizlik sistemi "fraqmentasiya (konflikt) – inteqrasiya (konsensus)" paradiqması kontekstində öz mövcudluğunu və fəaliyyətini davam etdirəcək;

– beynəlxalq təhlükəsizlik sisteminə klassik və asimmetrik (hibrid) təhdidlərin qarşılıqlı təsiri davam edəcək;

– beynəlxalq təhlükəsizliyin qeyri-hərbi aspektlərinin rolu artacaq və beynəlxalq münasibətlərə təsiri durmadan yüksələcək;

– destruktiv məqsədlərə xidmət edən qeyri-dövlət aktorları iflasa uğramaqda olan ölkələrə, "boz ərazilərə" soxulmaqda davam edəcəklər;

– texnoloji inkişaf bütün sahələrdə iki və çoxtərəfli əlaqələrə təsir göstərəcək, xüsusən də hərbi əməliyyat şəraitini mütəmadi olaraq dəyişəcək;

– qloballaşma və demokratiya bəzi subyektiv məqamlara rəğmən, alternativsiz sosial-iqtisadi və siyasi-ideoloji sistem kimi genişlənməkdə davam edəcək.

Zəfər Nəcəfov,

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası

Ədəbiyyat:

1) Современные глобальные проблемы / Отв. ред. В.Г. Барановский, А.Д. Богатуров. М.: Аспект Пресс, 2010. 350 с. 

2) Современные международные отношения: Учебник / Под ред. А.В. Торкунова, А.В. Мальгина. – М.: Аспект Пресс, 2012. – 688 с. 

3) Вильфрид фон Бредов. «Новые вызовы». İnformationen zur politischen Bildung, 2-ая четверть 2006 г., стр. 4-10. 

4) Рудь Наталья Андреевна. Гуманитарные интервенции в современных международных отношениях. unecon.ru/sites/default/files/gumanitarnye.pdf 

5) Концепция «трех волн» демократизации С. Хантингтона. 22 октября 2017. www.zavtrasessiya.com › Конспекты › Политология. 

6) Николай Модин. «Гуманитарная интервенция» как метод регулирования международных конфликтов. // ВЛАСТЬ 03’2007. c.94-97. 

7) Иванов С.А. Информационная война: сущность и основные формы проявления. ‎2013. https://cyberleninka.ru/.../informatsionnaya-voyna-suschnost-i-osnovnye-formy-proyavl... 

8) Крутских А. К политико-правовым основаниям глобальной информационной безопасности // Международные процессы, 2007, т. 15, № 1, с. 28. 

9) Манойло А.В. Государственная информационная политика в  особых условиях. Монография. М.: МИФИ, 2003. – 388 с. 

10) Мережко А.А. Кризис современной миросистемы и будущее международного права в XXI веке. // Альманах международного права. 2010. Вып. 2. C.12-24. 

11) Barry Buzan, Ole Wæver, Jaap de Wilde Lynne Rienner Publishers, 1998 – 239 p. 

12) Кулагин В.М. Современная международная безопасность: учебное пособие / В.М. Кулагин. – М.: КНОРУС, 2012. – 432 с. 

13) Логунов А.Б. Региональная и национальная безопасность. Учебное пособие. – М.: Вузовский учебник, 2009. – 432 c.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM