Qitələri birləşdirən layihə adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından bir il ötür.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan bu regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır, onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin prioritet məsələlərindən biridir. Burada yüksək dərəcədə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələr artıq reallaşdırılıb, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif qitələrdə yerləşən bir sıra iri ölkələri birləşdirir.
İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq olar. Bu isə ölkəyə xarici valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin beynəlxalq aləmdə prestijinin yüksəldilməsinə kömək edəcək.
Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrini cəlb edir.
Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı dəmir yolu
Tarixi hadisənin baş verdiyi gündən – bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimindən bir il keçir. Bu nəqliyyat qovşağının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bu yeni dəmir yol xətti Avropanın və Asiyanın dəmir yol şəbəkələrinin ən qısa yolla birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında ən qısa yoldur. O, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər – Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: dünyanın 60-dan çox ölkəsini əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yük daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün imkan yaradır.
Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirmiş Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimindəki çıxışında deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.
Daşımaların coğrafiyası genişlənir
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından keçən bir il ərzində bu dəmir yolu ilə 3 minədək vaqon və konteyner daşınıb. BTQ ilə ilk konteyner qatarı Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mərsin şəhərinə taxıl yüklənmiş 32 vaqon daşıyıb. Sonra Mərsindən Azərbaycana içərisində 650 ton yük olan 32 konteyner göndərilib. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər həftə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında 3 reys yerinə yetirilir. Əsasən inşaat materialları, elektrik avadanlığı, yuyucu vasitələr, taxıl, jmıx və digər məhsullar daşınır. BTQ ilə Rusiyadan Türkiyəyə taxıl daşınır. Bu günlərdə SOCAR və “ADY Konteyner” Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu şaxələndirilmiş tranzit-logistika qovşağı kimi daha cəlbedici olur. Bu logistika qovşağı, eyni zamanda, Çinin, Mərkəzi Asiya ölkələrinin və Əfqanıstanın Avropaya, habelə Türkiyənin Qara dəniz limanları vasitəsilə Yaxın Şərqə və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırır, bu isə Azərbaycan ərazisindən keçən bu nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq.
BTQ daha bir transkontinental nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş imzalanıb. Bu dəhliz Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcək, daha sonra Xəzər vasitəsilə Bakı və Tbilisidən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Bu günlərdə Bakıda Lapis–Lazuli Route layihəsinin reallaşması ilə bağlı danışıqlar aparılacaq.
Multimodal daşımalar
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını və onların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Avropa istiqamətində və ya gəmilərlə Şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Limana yaxın ərazidə azad iqtisadi zona yaradılır. Bu, limanın mühüm nəqliyyat qovşağı kimi tranzit və daşımalar üçün daha geniş imkanlarını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən liman ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Ərazisi 117 hektar olan limanda yanalma körpüsü var. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona, o cümlədən 100 min konteynerə bərabərdir. Konteyner meydançasında eyni vaxtda 1040 konteynerin yerləşdirilməsi və 64 soyuducu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.
2018-ci ilin yanvar-sentyabr aylarında Bakı Limanında ümumi yükaşırmanın həcmi 2 803,8 min ton olub. Ümumi yükaşırmanın 86,0 faizi (2397,5 min ton) tranzit yükaşırmanın payına düşüb. Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 16 940 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb. Bu da müvafiq dövr ilə müqayisədə 54.4 faiz artım deməkdir ( 2017-ci ildə 10 970 TEU).
Bakı limanı vasitəsilə həyata keçirilən multimodal daşımalar sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirib. Dəniz donanmasının yeniləşdirilməsi üzrə müntəzəm iş aparılır. Xəzər regionunda multimodal daşımalarının daha geniş tətbiqi, bütövlükdə dəniz daşımalarının asanlaşdırılması və bu işlərin həcminin artırılması üçün yeni tankerlər və bərələr alınır.
Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri
Bu gün Xəzər dənizindən və daha sonra Qafqazdan keçməklə Mərkəzi Asiyadan yükdaşıma marşrutları xüsusi aktuallığa malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri “Bir kəmər- Bir yol” layihəsi çərçivəsində transavrasiya nəqliyyat dəhlizindən istifadə edilməsinə maraq göstərir.
Özbəkistanın infrastrukturunun təkmilləşdirilməsi və 2018-2022-ci illərdə yükdaşımalarının xarici ticarət marşrutlarının şaxələndirilməsinə dair kompleks proqramda Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulma nəzərdə tutulur. Bu ölkə Nəvai-Türkmənbaşı- Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin istifadə edilməsində maraqlıdır. Həmin dəhliz Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan dəmir yollarının Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Mərsin limanı vasitəsilə Özbəkistanın Aralıq dənizinə çıxmasını təmin edəcək.
“Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan transxəzər beynəlxalq nəqliyyat marşrutu inkişaf etdirildikcə, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə daşınan yüklərin həcmi bir neçə dəfə artacaq.
Sərnişin daşımaları
2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Sərnişin daşımalarının həyata keçirilməsi üçün “Stadler: şirkətinə dörd kateqoriyalı 30 yataq vaqonu sifariş edib: “Standart”, “Komfort”, “Biznes” və “Restoran”. Bu vaqonların 2019-cu ilin birinci rübündə Azərbaycana gətiriləcəyi gözlənilir. İlk partiyada 10 ədəd vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.
Sərnişin daşımaları regionda turizm inkişafına şərait yaradacaq. Bu dəmir yolu vasitəsilə bir günə Qarsa, iki sutka yarıma İstanbula getmək mümkün olacaq. Bu, regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini əyani şəkildə sübut edir.
Gözlənildiyinə görə birinci mərhələdə sərnişindaşımaların həcmi ildə 1 milyon nəfər, yükdaşımaların həcmi isə ildə 5 milyon ton olacaq. İkinci mərhələdə müvafiq göstəricilər artaraq ildə 2 milyon sərnişin və 17 milyon ton yük təşkil edəcək.
Abşeron Logistika Mərkəzi
Bu ilin avqust ayında açılmış Abşeron Logistika Mərkəzi ölkəmizin nəqliyyat-logistika potensialının inkişafının daha bir elementidir. Bu mühüm infrastruktur obyekti Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yol marşrutları ilə bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başlayanda bu mərkəz vasitəsilə qonşu ölkələrə idxal-ixrac əməliyyatlarını, həmçinin Azərbaycan ərazisindən multimodal yükdaşımaları daha operativ şəkildə həyata keçirməyə imkan yaranacaq.
Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkəmizin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.//azertac
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM