“Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Azərbaycan dövlətçiliyi və xalqı üçün müstəsna əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Belə ki, 23 il əvvəl - 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.
Məlum olduğu kimi, 2018-ci il dövlətimiz və cəmiyyətimiz üçün bir sıra olduqca əlamətdar hadisə və yubiley tarixləri ilə zəngindir. Belə ki, bu il dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci ildə əsası qoyulmuş bir sıra dövlət orqanlarının, o cümlədən Azərbaycan Respublikası parlamentinin, ədliyyə, prokurorluq, polis orqanlarının, həmçinin Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi qeyd edilir.
Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri - müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində geniş şəkildə qeyd edilir. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.
Eyni zamanda, 2018-ci ildə ölkəmizin siyasi həyatında mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmiş və dövlətimizin başçısı İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazanmışdır. Seçicilərin yüksək fəallığı ilə keçmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamlı qələbəsi dövlət başçısına xalqın böyük etimadının olduğunu bir daha nümayiş etdirdi.
Bu ilin ən əlamətdar hadisələrindən biri ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Şübhəsiz ki, müasir Azərbaycan dövlətçiliyini, hüquqi dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri Ümummilli Liderin adı olmadan təsəvvür etmək qeyri-mümkündür. Həmçinin müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu da məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir.
Qeyd edilməlidir ki, istənilən demokratik dövlətin Əsas Qanunu dövlət hakimiyyətinin təşkilinin təməl prinsiplərini müəyyənləşdirərək, insan hüquqları və azadlıqları, hakimiyyətlərin bölgüsü, siyasi plüralizm və digər demokratik dəyərləri özündə ehtiva edir, eyni zamanda, mühüm ideoloji funksiyanı həyata keçirir. Bu baxımdan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu üçün vacib olan tədbirlərin həyata keçirilməsi, o cümlədən demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi zərurətə çevrilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik və hərc-mərclik, eyni zamanda, vahid siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi.
Azərbaycan dövləti üçün belə bir çətin tarixi dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz ulu öndər Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq və dövlətçilik ideologiyası ətrafında birləşdirməyə nail ola bildi, dövlət və cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanıldı. Şübhəsiz ki, o zaman mövcud olan qanunlar və ümumilikdə qanunvericilik sistemi artıq demokratik ideya və dəyərlərin tələblərinə cavab vermədiyindən bu sahədə köklü islahatların aparılması mütləq idi. Genişmiqyaslı qanunvericilik islahatlarını isə ölkənin Əsas Qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi.
Məlum olduğu kimi, 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyasının tərkibinə deputatlar, peşəkar hüquqşünaslar, iqtisadçılar, həmçinin nüfuzlu elm xadimləri, müxtəlif siyasi partiyaların nümayəndələri daxil edilmişdi. Ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsinin müəllifi kimi onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin ən təkmil formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Qəbul ediləcək Konstitusiyanın əsas prioritet istiqamətləri Komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev tərəfindən açıqlanmışdır: “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Konstitusiya layihəsi 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olunmuş və nəhayət, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir.
Konstitusiya dövlətin fundamental prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən ali sənəd kimi vətəndaşların hüquq və azadlıqlarına zəmanət verərək, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi. Əsas Qanun ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğu üçün hüquqi zəmin yaratmış, bu gün də onun ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik amili qismində çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, o cümlədən hüquq qaydasının qorunmasına xidmət edir.
Konstitusiya öz daxili sistemi, strukturu, bölmə, fəsil və maddələrinin bir-birini tamamlaması, həmçinin nizamasalma predmetinə daxil olan məsələlərin hüquqi tənzimi baxımından olduqca mütərəqqi sənəddir. Burada hakimiyyətin mənbəyi, xalq suverenliyi, xalqın vahidliyi, xalqı təmsil etmək hüququ, hakimiyyətlərin bölgüsü mexanizmi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının ali dəyər kimi tanınması və onların təmin edilməsi, bununla bağlı dövlətdaxili və beynəlxalq müdafiə mexanizmlərinin mövcudluğu və digər mühüm məsələlər əksini tapmışdır.
Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.
Əsas Qanunda, həmçinin iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat səviyyəsinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası əksini tapmışdır.
Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ hüquqi akt olan Konstitusiyaya da bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, mütərəqqi əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Məhz bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.
Xüsusilə, son illər ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı, genişmiqyaslı quruculuq layihələrinin həyata keçirilməsi və digər amillər ölkənin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, iqtisadi idarəetmə mexanizmlərinin çevik fəaliyyətinin təmin edilməsini, həmçinin vətəndaşların hüquqlarının və azadlıqlarının daha səmərəli şəkildə müdafiə olunmasını və bu məqsədlə də konstitusiya islahatlarının aparılmasını şərtləndirmişdir. Bununla da, 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq səsverməsi yolu ilə Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər edilmişdir.
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik dəyərlərə və prinsiplərə uyğun olmaqla, əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha dolğun şəkildə təsbit edilməsinə və onların müdafiəsinə, bu sahədə dövlətin məsuliyyətinin artırılmasına, həmçinin ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, daha səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasına, icra intizamının möhkəmləndirilməsinə yönəlmişdir.
Referendum nəticəsində ölkəmiz üçün tamamilə yeni olan vitse-prezidentlik institutu yaradılmış, seçkili orqanlarda iştirakla bağlı yaş məhdudiyyətləri aradan qaldırılmışdır.
Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük qismi bilavasitə insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlıdır. Belə ki, insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquq və azadlıqların məhkəmə təminatı ilə yanaşı, onların həm də inzibati qaydada müdafiə olunmasının nəzərdə tutulması, mümkün özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ ilə bağlı dövlətin, dövlət qulluqçularının məsuliyyətinə dair tələblərin sərtləşdirilməsi, həmçinin hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi məsələsinin təsbit olunması və digər əlavə və dəyişikliklər olduqca mütərəqqi xarakterlidir.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş referendum nəticəsində insan hüquqları və azadlıqları ilə bağlı Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan əsas prinsiplərə uyğundur.
Qeyd edilməlidir ki, Əsas Qanunun ölkənin hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də müstəqil məhkəmə hakimiyyətinin yaradılması, o cümlədən ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis edilməsinin nəzərdə tutulması idi.
Fəaliyyətə başladığı gündən ölkə Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsi üçün normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olmuşdur.
Yaradılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və bu gün Avropanın ən qabaqcıl konstitusiya ədliyyə təcrübəsindən istifadə etməklə fəaliyyət göstərən Konstitusiya Məhkəməsi kifayət qədər geniş səlahiyyətlər dairəsinə malik ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların olduqca geniş dairəsi daxildir. Bu isə Konstitusiya və qanun normalarının şərhi vasitəsilə hüququn inkişafı baxımından əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.
Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərinə qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, habelə bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası və hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi daxildir.
Məlum olduğu kimi, ölkəmizin hüquq sistemində konstitusiya şikayəti institutu məhz ulu öndər Heydər Əliyevin müdrik təşəbbüsü ilə yaradılmışdır. Bu gün təcrübə göstərir ki, fərdi şikayət institutu Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi olduqca faydalı və səmərəli imkanlar yaradır.
Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və eyni zamanda, hüquq mədəniyyətinin inkişafına və təbliğinə hər zaman xüsusi diqqət yetirir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsi hər il məktəblilər arasında Konstitusiya Günü münasibətilə Konstitusiya hüquq Olimpiadasını keçirir. Hesab edirəm ki, gənclərin hüquq haqqında ilk bilikləri məhz Konstitusiyadan başlamalıdır. Dövlətin ən yüksək normativ hüquqi aktı haqqında ətraflı məlumatı olan gənclər hüquqi cəmiyyətin inkişafına gələcəkdə öz töhfəsini verə biləcəklər.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ı çərçivəsində təşkil edilən həmin tədbirlər cəmiyyətimizin gənc təbəqələri arasında Konstitusiya haqqında biliklərin inkişaf etdirilməsinə yönəlmişdir.
Fəaliyyət göstərdiyi 20 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 382 qərar qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikası qanunlarının və Konstitusiyasının şərh edilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir çox qərarlar qəbul olunmuşdur. Müvafiq normalara dair verilmiş rəsmi təfsir Əsas Qanunun aliliyinin təmin olunmasına xidmət edir. Fərdi şikayətlər əsasında qəbul olunan qərarlarda isə ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqların məhkəmə müdafiəsi, bərabərlik, mülkiyyət, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə təcrübəsi baxımından vacib hüquqi mövqelər formalaşdırılmışdır.
2018-ci il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11-ci və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında, ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilmişdir. Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin əqd, öhdəlik və müqavilə barədə normalarını əlaqəli şəkildə təhlil edərək hesab etmişdir ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminliklə bağlı qeyd etmişdir ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.
Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda, qeyd edilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin vurğulamışdır ki, məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulamışdır ki, bu prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.
Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.
Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapan hüquqi mövqelər məhz Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi nəzərə alınmaqla formalaşdırılır. Qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan qərarlarda və ümumilikdə məhkəmə-hüquq təcrübəsində Konstitusiya Məhkəməsi respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktların müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edilməsinə hər zaman xüsusi önəm verir. Bu cür hüquqi istinadların edilməsi qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gələrək, eyni zamanda, məhkəmə qərarlarının daha düzgün və dolğun əsaslandırılmasına xidmət edir.
Bu gün Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik dövlətin özünəməxsus və ayrılmaz atributu qismində çıxış etməklə, Konstitusiyanın müdafiə mexanizminin səmərəli vasitəsinə çevrilmişdir. Digər dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyini təmin etməklə qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və öz növbəsində hüquq sisteminin inkişafına yeni töhfələr verir.
Bu il Prezident İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür. Dövlətimizin başçısı İlham Əliyevin müdrik idarəçiliyi ilə Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmaqla sürətlə və dayanıqlı inkişaf edir. Azərbaycanın dinamik inkişafı onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir. Dövlətimizin və xalqımızın maraqlarına xidmət edən siyasət və müasir idarəetmə üsullarının tətbiqi nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaşa çevrilmişdir.
Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə, beynəlxalq forumlara, dövlət başçılarının zirvə görüşlərinə, eyni zamanda, mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğinə əlverişli şərait yaradaraq, respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir. Müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial, siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, həmçinin qanunvericilik bazasının günbəgün daha da təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər çoxsaylı nailiyyətlər müasir Azərbaycan dövlətinin reallığıdır. Əlbəttə, bu inkişafın əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət dayanır.
Qeyd olunduğu kimi, bu il Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 20 illik yubileyi tamam olub. Bu əlamətdar hadisə ilə əlaqədar 2018-ci il iyulun 6-da Bakıda “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil olunan konfransda bir sıra Avropa və Asiya ölkələrinin Konstitusiya məhkəmələrinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, eyni zamanda, Azərbaycan Respublikasının bir çox dövlət orqanlarının rəhbərləri və nümayəndələri, nüfuzlu elm xadimləri və digər qonaqlar iştirak etmişlər.
Bu əlamətdar hadisə ilə bağlı dövlətimizin başçısı İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimlərinə və əməkdaşlarına təbrik məktubu ünvanlamışdır. Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir: “Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir. Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir”. Dövlətimizin başçısının Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətinə verdiyi bu yüksək qiyməti, eyni zamanda, Məhkəmənin üzərinə qoyulan böyük məsuliyyət kimi qəbul edirik.
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Konstitusiya Məhkəməsinin bir sıra hakimləri fəxri adlar və dövlət təltifləri, Aparat əməkdaşları isə müxtəlif ixtisas dərəcələri və yüksək dövlət təltifləri ilə mükafatlandırılmışlar. Bu, əlbəttə ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinə ən yüksək səviyyədə verilən qiymətin təzahürü olmaqla, eyni zamanda, Konstitusiya Məhkəməsinin üzərinə düşən məsuliyyəti nəzərdə tutur.
Fərəhləndirici haldır ki, Konstitusiya Məhkəməsinin Əsas Qanunun prinsiplərinin təmin edilməsi, o cümlədən insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bir daha qeyd edilməlidir ki, Məhkəmənin fəaliyyətinin bu cür fərqləndirilməsi və etimadın göstərilməsi qürurverici olmaqla, qarşımızda duran prioritet istiqamətləri müəyyən edir. Konstitusiya Məhkəməsi göstərilən etimadı bundan sonra da doğrultmağa, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Nəhayət, bir daha qeyd edilməlidir ki, qəbul olunduğu gündən Konstitusiya, sözün əsl mənasında, dövlətin fundamental Əsas Qanunu kimi özünü tam doğruldub. Qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya dövlətçilik ənənələrinin, hüquq qaydasının və demokratik nailiyyətlərin qorunmasına xidmət edir.
Bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda əldə edilən uğurların təməlində ölkə Konstitusiyasının dayanması danılmazdır. Eyni zamanda, Konstitusiya dövlətimizin gələcək inkişaf vektorlarını müəyyən etməklə, həmçinin çərçivə kimi çıxış edərək, yeni qanunvericiliyin formalaşmasında istinad nöqtəsi rolunu oynayır. Qanunvericilikdə hər hansı bir boşluq Əsas Qanuna əsaslanmağa, ona istinad etməyə vadar edir və beləliklə, Konstitusiya istənilən hüquqtətbiqedici təsisatı yanlış qərarların qəbulundan sığortalayır.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyəti dövlətimizin inkişafını təmin edir. Konstitusiya Məhkəməsi də öz növbəsində Konstitusiyanın aliliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi işinə bundan sonra da töhfə verməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqını müasir tariximizin əlamətdar bayramlarından olan Konstitusiya Günü, həmçinin müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri - Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoşbəxtlik, rifah və əmin-amanlıq arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM