"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.
Bu dəfə müsahibimiz Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyevdir.
Firad Əliyevlə olan müsahibəni təqdim edirik:
- İstərdik ki, oxucularımız Firad bəyi daha yaxından tanısınlar...
- Firad Fuad oğlu Əliyev 3 yanvar 1982-ci ildə Sumqayıt şəhərində doğulmuşam. Hazırda elə həmin şəhərdəyaşayıram. Atam Fuad İslam oğlu Əliyev ali kateqoriyalı mühəndisdir, müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin şair-publisistdir, poeziyada Fuad İslamoğlu kimi tanınır. “Təmizlik”, “Yaşamalı dünyadır”, “Bu səs sənin səsindirmi” və “Qartal səmada tək uçur” adlı dörd kitab müəllifidir. Anam Nişanə xanım riyaziyyat müəlliməsidir. Hazırda hər iki valideynim təqaüddədir. Qardaşım Nihad diş həkimidir, Sumqayıt şəhərində poliklinikanın baş həkimi vəzifəsində çalışır. Bacım Ziyalə ixtisasca iqtisadçı olmasına baxmayaraq, hazırda evdar xanımdır.
-Maraqlıdır, sumqayıtlılar niyə Sumqayıtdan kənarda yaşamağı düşünmürlər?
-Doğru deyirsiniz, heç mən də kənarda yaşamağı düşünməmişəm, Sumqayıtın əsas üstünlüyü onun paytaxta ən yaxın olan şəhər olmasıdır. Bununla belə, paytaxtın səs-küyü, sıxlığı və gərginliyindən uzaqdı. Belə deyək də, Sumqayıt sakinləri paytaxtdan rahatlıqla bəhrələnir, amma onun əziyyətinin çox az bir hissəsini çəkir. Bundan başqa, Xəzərin sahilində yerləşməsi onun digər bir üstünlüyüdür.
- Bir ailədə 3 övlad və müxtəlif peşə sahibləri. Həkim, iqtisadçı, hüquqşünas. İxtisas seçimi zamanı valideynlərinizin müdaxiləsi olubmu?
- Bir dəfə böyük qardaşıma olub. Valideynlərim onun Tibb Universitetində “Müalicə işi” fakültəsinə daxil olmasını istəyirdilər, halbuki özü stomatologiya fakültəsinə qəbul olunmaq istəyirdi. Bu səbəbdən o, orta məktəbi bitirən il ali məktəbə qəbul oluna bilmədi. Növbəti il heç kəs müdaxilə etmədi və o, istədiyi fakültəyə sənəd verdiyi üçün qəbul olundu. Yuxarıda qeyd etdiyim kimi, artıq 20 ilə yaxındır Şumqayıt şəhərində stomatologi poliklinikanın baş həkimi vəzifəsində çalışır. Bundan sonra, valideynlərim bacımın və mənim ixtisas seçimimə müdaxilə etmədilər və hər ikimiz məktəbi bitirən ili ali məktəbə qəbul olduq. İxtisas seçiminə müdaxilə etməsələr də, təbii ki, hər üçümüzü düz yola, o cümlədən təhsil almağa yönəldən valideynlərimiz olub. Atam isə bu hissədə övladlarına qarşı daha çox tələbkar olub. O, həmişə deyərdi ki, iki yolu var, ya 5, ya da 2.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Uşaqlığım xatirələrlə zəngindir. Əsas onu deyə bilərəm ki, son dərəcə nadinc, dəcəl olmuşam. Başıma çox işlər gəlib - dəfələrlə ağacdan, bir dəfə traktorun qoşqusundan yıxılmışam, it dişləyib, ilan vurmasından son anda qurtulmuşam və s. (gülür). Tətillər zamanı valideynlərim məni kəndə əmim, dayım, bibim və ya xalamgildə qalmağa aparardılar. O qədər dəcəl idim ki, qohumlarım məni valideynlərimə təhvil verənədək ciddi narahatlıq hissi keçirirdilər. Onlar özləri əsəbiləşir, məni isə danlayaraq, iradlar tuturdular. Bu səbəbdən də bibim və xalam üçün mənim onlara gedişim o qədər də sevindirici olmurdu, əmim və dayım üçün isə fərq etmirdi. Birinci ona görə ki, onların yanında özümü bir o qədər də sərbəst apara bilmirdim, hərçənd ki, dayım mənə xüsusi imtiyazlar vermişdi. İkincisi də hər ikisi işlədiyindən səhər gedib, axşam qayıdırdılar. Yaşa dolduqca dərk etdim ki, dayım, əmim, xalam, bibim məni çox istəyirlər və onların məni danlamaları, eləcə də tutduqları hər bir irad mənim gələcəkdə cəmiyyət üçün yararlı insan olmağıma yönəlmişdir. Vurğulamalıyam ki, onların hər birini çox istəyirəm.
- Bir az da məktəb dövrünüzdən danışaq...
-Tələbəlik illəriniz necə keçib? Yadda qalan hadisələrdən danışa bilərsiz?
- 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olmuşam. Ulu Öndərin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Bu, həqiqətən də belədir. Orada təhsil aldığıma görə demirəm, amma oranın çox fərqli bir aurası var. İstər müəllimlər, istər tələbələr, istər yaradılmış şərait, istərsə də mühit məndə çox yüksək təəssürat yaradıb və hafizəmdə dərin iz buraxıb. Universiteti 2002-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda, universitet rəhbərliyi tərəfindən “Fəxri fərman” və “Valideynə təşəkkür” məktubuyla təltif olunmuşam. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin magistratura təhsil pilləsində 130004-cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekpertizası ixtisası üzrə əyani şöbədə təhsilimi davam etdirərək, 2004-cü ildə magistratura təhsil pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. Bir maraqlı məqamı da diqqətinizə çatdırıram ki, tələbəlik illəri bütün dərslərdə iştirak etmişəm. İstər qar olsun, istər boran, Sumqayıtdan gəlməyimə baxmayaraq, bir dəfə də olsun dərsdən qalmamışam. Düzdür, hərdən gecikmələr olub, amma dərsdən qalmamışam. Bu bir tərəfdən məsuliyyətdən doğurdusa, digər səbəb illər sonra tələbəlik həyatından ötrü darıxacağımı dərk etməyim idi. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirdiyim və eyni zamanda nizam-intizama ciddi riayət etdiyim üçün,“Hüquq Fakultəsinin Ən nümunəvi məzunu” adına layiq görülmüşəm. Sözsüz ki, hər şey nisbidir və mən heç vaxt deyə bilmərəm ki, həmin vaxt bu ada yeganə layiqli məzun mən idim, bu ada layiq digər məzunlar da var idi. Ancaq bu adın yalnız bir nəfərə verilməsi mümkün olduğundan, tək mən təltif olundum. Görünür “ən nümunəvi məzun” adına layiq görülmək mənim qismətim imiş. Ardınca eyni ixtisas üzrə dissertanturaya qəbul olunsam da, hazıradək elmi işimi müdafiə edib, alimlik dərəcəsi ala bilməmişəm. Allah nəsib etsə, buna da nail olarıq.
- Hansı işlərdə çalışmısınız?
- 12 aprel 2005-ci il tarixdə prokurorluq orqanlarına qəbul olunaraq, Gəncə Hərbi Prokukorluğunun stajoru təyin edilmişəm. Stajorluq müddəti bitdikdən sonra Qazaxhərbi prokurorunun köməkçisi, Gəncə Hərbi Prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru, böyük prokuroru, Kadrlar və hüquqi təminat şöbəsinin böyük prokuroru vəzifələrində qulluq keçmişəm. 14.05.2018-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşam. Hazırda həmin müsahibədə, ədliyyə müşaviri rütbəsində qulluğumu davam etdirirəm.
- Bir az da ailənizdən, övladlarınızdan danışaq...
- Ailəliyəm, həyat yoldaşım Vüsalə xanım musiqi müəlliməsidir. İki övladım var: Fatimə və Murad. Haşiyə çıxım, biz nişanlı olanda, yoldaşım mənə dedi ki, yuxuda ona deyilib ki, ilk övladı qız olacaq, adı Fatimə qoyulsa məsləhətdir. O zaman mən bu yuxuya əhəmiyyət vermədim. Biz ailə qurduq və ilk övladım, qızım dünyaya gələndə yoldaşım həmin yuxunu mənə xatırlatdı və mən ilk övladımın yuxuda deyildiyi kimi qız doğulmasını və təklif olunan adın məhz Fatimə olmasını nəzərə alaraq, tərəddüd etmədən bu adın qoyulmasına razılıq verdim. Oğlumun adını isə yoldaşım və bacım qoyub.
- Doğmalarınıza vaxt ayıra bilirsiniz?
- Təbii ayırıram, ancaq səmimi olaraq bildirirəm ki, istədiyim və onların layiq olduqları qədər ayıra bilmirəm. Ancaq doğmalara vaxt ayırmaq zəruridir. Ataya, Anaya, həyat yoldaşına və övladlara vaxt ayırmaq isə həm hüquqi, həm dini və həm də əxlaqi nöqteyi–nəzərdən hər bir kəsin borcudur. Belə ki, bu şərəfli işin borc olması müqəddəs Quranda və ali qanunumuz olan Konstitusiyada təsbit olunmuşdur. Yerigəlmişkən belə bir aforizm də var: “Doğmalarınıza zaman ayırın, əks-təqdirdə zaman onları sizdən ayırar”.
- Özündən razı olan, özünü hər kəsdən ağıllı, bacarıqlı və üstün hesab edən insanlara münasibətiniz necədir?
- Belə insanlara münasibətim birmənalı yaxşı deyil. Atalar məsəli var: Ağac nə qədər çox bar gətirsə, başını bir o qədər aşağı dikər. Digər atalar məsəlində də deyilir ki, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Mən bir şeyi anlaya bilmirəm ki, niyə elə insanlar var ki, inadkarlıqla dərk etmək istəmirlər ki, bir gün bu dünyadan köçəcəklər və yaxşı halda özləri ilə kəfən apara biləcəklər, o da nəsib olarsa, elə insan var ki, ona heç kəfən də qismət olmur. Niyə düşünmürlər ki, insan hər şeyi bilə və ya bacara bilməz və bilmədikləri bildiklərindən, eləcə də bacarmadıqları bacardıqlarından müqayisəedilməz dərəcədə çoxdur. Bununla belə insan niyə təkəbbürlü olmalı, özünü hamıdan ağıllı, bacarıqlı və hər kəsdən üstün hesab etməlidir? Bilirsiniz bəlkə də mənimlə razılaşmayanlar çox olacaq, ancaq mən hesab edirəm ki, özünü ağıllı sanmaq ən böyük ağılsızlıqdır. Demirəm ağılsızam, ancaq özümü ağıllı da hesab etmirəm. İnsan yaşlandıqca, maarifləndikcə, həyatda baş verənləri gördükcə, müxtəlif vəziyyətlərə düşdükcə formalaşır və kamilləşir, bu proses isə insan həyatının sonunadək davam edir. Ona görə də zənnimcə heç kəs deyə bilməz ki, mən indi ağıllı və müdrik insanam. Belə bir deyim var ki, heç zaman demə ki, indiki ağlım olsaydı, bu vaxta qədər elədiklərimi etməzdim, çünki, bu vaxta qədər elədiklərini etməsəydin indiki ağlın olmazdı.
- Şükür edə bilənlərdənsiz?
- Bəli, hər zaman Uca Yaradana şükür edirəm. Belə bir aforizm var: “Mən, ayaqları olmayan insanları görənədək, ayaqqablarım olmadığı üçün ağlayırdım”. Digər bir aforizmdə də deyilir: “Dərd ağıl kimidir, hər kəs elə bilir ki, ən çox ondadır”. Heç kəs unutmamalıdır ki, ətrafında olan doğma insanlarını və əldə etdiyi hər bir şeyi itirə bilər. Ona görə də hər kəs şükür etməklə, ətrafında olan doğma insanlara dəyər verməli və əldə etdiklərinin qədrini bilməlidir.
- Xoşbəxtsiniz?
- Bu suala da öz təbirimcə cavab verəcəm, məni qınayanlar olsa belə...Mən zənn edirəm ki, bu dünyada xoşbəxt yoxdur, çünki, xoşbəxtlik çox geniş məfhumdur və özündə demək olar ki, hər şeyi ehtiva edir. Belə olan təqdirdə sizcə xoşbəxt insan ola bilərmi? Yəni, elə ola bilərmi ki, hər hansı bir insanın çatışmayan cəhəti olmasın? burada söhbət təkcə maddi nemətlərdən getmir, əxlaqı, sağlamlığı, bir sözlə hər şeyi nəzərdə tuturam, təbii ki, yox, deməli xoşbəxt insan yoxdur. Bununla belə, özünü xoşbəxt hesab edən insanlar var və bu da fərdidir, insan var çox şeyə malikdir, lakin özünü xoşbəxt hesab etmir, insan var kifayət qədər çatışmayan cəhətləri olsa belə özünü xoşbəxt hesab edir. Deməli xoşbəxt yox, özünü xoşbəxt hesab edən var. Odur ki, özünü xoşbəxt sanıb, həyatdan zövq almaq daha məqsədəmüvafiqdir.Yeri gəlmişkən müəllifi olduğum misraları deyim: Yoxdur xoşbəxt bu dünyada, var özünü xoşbəxt sanan, sən də xoşbəxt say özünü, ol həyat eşqiylə yanan.
- Qanunların həyatınızda rolu nə dərəcədədir?
- Heç bir kəs deyə bilməz ki, mən qanunlara tam riayət edirəm, çünki qanunlara tam əməl etmək istəyənlərin belə, bəzən qanunları qeyri-ixtiyari pozması istisna olunmur. Bu həyatdır və hər şeydən sığortalanmış insan yoxdur. Ancaq bir hüquqşünas kimi onu qeyd etməliyəm ki, bütün qanunlara riayət etmək hər kəsin üzərinə qoyulmuş vəzifədir və bunu hamı dərk etməklə çalışmalıdır ki, qanunlara tam və dönmədən əməl etsin və hər hansı qanun pozuntusu, xüsusən də cinayət törətməsin. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd olunmuşdur ki, “...Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir...”. Qeyd etməliyəm ki, mən özüm də bunu dərk etməklə hər vəchlə çalışıram ki, qanunlara tam və dönmədən əməl edim. Onu da qeyd edim ki, qanunları öyrəndikcə daha çox şeydən çəkinirəm və bir qədər də məsuliyyətli olmağa çalışıram. Hərdən həyatımı təhlil edərkən, orta məktəb illərində çox az şeydən çəkindiyim halda, hüquq fakültəsində təhsil aldığım vaxtdan bəri qanunları oxuduqca daha çox şeydən çəkindiyimi müşahidə etdiyim üçün, düşünürəm və özümə sual verirəm, bəlkə hüquqşünas olmazdım? Sonra dərk edirəm ki, bu ani ötəri hisslərdi, əslində hüquqşünas olmaqla qanunların keşiyində durmaq və həyatını onların icrasının təmin edilməsinə həsr etməkdaha məqsədəuyğun və daha şərəflidir.
- Bildiyimiz qədəriylə şairlik qabiliyyətiniz də var, bir çox şeirlərin müəllifisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Dünyada və Azərbaycanda yaşamış və hazırda yaşayan, o cümlədən də yuxarıda adları çəkilən şairlərdən sonra özümü şair adlandırmaq heç düzgün olmaz, bununla belə, ara-sıra şeirlər yazıram və həmin şeirlər dövrü mətbu nəşrlərdə dərc olunur.
- Şair və yazıçılardan kimlərin yaradıcılığı ilə maraqlanırsınız?
--Təbii ki, mənim üçün Azərbaycan şairləri və yazıçıları daha əzizdir, çünki onların yazdıqları milli-mənəvi dəyərlərimizə əsaslanır və bu səbəbdəndoğmadır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Anar Rzayev, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Çingiz Abdullayev, Zəlimxan Yaqub, Baba Vəziroğlu, Zahir Abbas, Rafiq Oday, və s. Bir də təbii ki, atam Fuad İslamoğlu. ƏcnəbilərdənQabriel Qarsiya Markes, Fyodor Dastayevski, Artur Konan Doyl,Lev Tolstoy, Cek London, Aleksandır Sergeyeviç Puşkin və s. Oxuduğum şeirlər təbii ki, saysız-hesabsızdır, bu səbəbdən onların adlarını çəkmirəm. Oxuduğum əsərlərə gəldikdə isə, Nizami Gəncəvinin xəmsəsindən olan “Yeddi Gözəl”, Məhəmməd Füzulinin “Bəngü badə (Tiryək və şərab)”, Hüseyn Cavidin “Ana”, Anar Rzayevin “Qırmızı limuzin”, Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı”, Lev Tolstoyun “Hərb və sülh”, Fyodor Dastayevskinin “Cinayət və cəza”, Artur Konan Doylun “Şerlok Holms”,Cek Londonun “Həyat eşqi” və s. əsərləri oxumuşam.
- Hansı tip musiqiləri dinləyirsiz?
- Klassik musiqini, xalq musiqisini və təbii ki, muğamları dinləməyi sevirəm. Yenə deyəcəm ki, mənim üçün ilk növbədə Azərbaycan bəstəkarları daha əzizdir və onların müsiqiləri milli ruhdan qidalandıqları üçün daha doğmadır. Azərbaycanın peşəkar bəstəkarları saysız-hesabsızdır və onlar bir-birindən dəyərli əsərlər yaratmaqla, milli musiqimizə və dünya musiqisinə böyük töhfələr vermiş insanlardır. Onların hər birinin adını çəkmək qeyri-mümkündür, bununla belə, milli bəstəkarlardan Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun, Asəf Zeynallının, Tofiq Quliyevin, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Fərhad Bədəlbəylinin, Faiq Şücəddinovun, Eldar Mansurovun, Mahir Tahiroğlunun, əcnəbi bəstəkarlardan isə Yohan Sebastiyan Bax, Volfqanq Amadey Mosart, Lyudviq Van Bethoven, Cüzeppe Verdinin adlarını vurğulamaq yerinə düşər.
- Sosial şəbəkələrlə aranız niyə yoxdur?
- Heç xoşum gəlmir bu sosial şəbəkələrdən, bunun da bir neçə səbəbi var. Həmin səbəblərdən ən mühümləri əsassız yerə vaxtı alması və oradakı insanların böyük əksəriyyətinin danışdıqlarının və yazdıqlarının fərqinə varmamasıdır.
- Etiraf etmək lazımdır ki, bu gün jurnlasitlərin zənglərinə cavab verməyən mətbuat katiblərimiz də var. Sizin bəs zənglərlə aranız necədir?
- Doğrudur, indiki dövrdə hər hansı bir insanı mobil telefonsuz təsəvvür etmək mümkün deyil və qeyd etmək lazımdır ki, onun müsbət cəhətləri çoxdur, bununla belə deyim ki, mobil telefonu heç sevmirəm. Bunun da, bir neçə səbəbi var. əvvəla bütün dünya alimləri hər zaman onun zərərlərindən bəhs edir, bundan başqa, bir qədər təbiətimlə bağlıdır,mənə zəng gələndə, xüsusən də axşamlar, qeyri-ixtiyari narahatlıq keçiriəm, bundan əlavə, istər əlimdən gələn və imkanlarım daxilində olan, istərsə də əlimdən gəlməyən və imkanlarım xaricində olan hər hansı bir məsələ ilə əlaqədar mənə müraciət edən olduqda, zəng edən şəxsin xahişini yerinə yetirə bilmədikdə mütəəssir oluram və bu səsbdən də tanımadığım zəngə cavab verməməyi daha üstün tuturam. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, qanunu və ədalət pozmamaq, həmçinin kiminsə haqqına girməmək şərtilə, kömək üçün mənə müraciət edən istənilən şəxsdən əlimdən gələni əsirgəmirəm. Ancaq indi xidməti fəaliyyətimlə əlaqədar əksər hallarda cavab verməyə çalışıram.
- Azərbaycan Respublikasının Prokurorluğu və xüsusən də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz, Azərbaycan Respublikası Prokurorluğunun, o cümlədən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun zəngin və şərəfli bir tarixi vardır. Təbii ki, bir əsr yaşı olan Azərbaycan Respublikasının Prokurorluğu, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu barədə bir müsahibədə ətraflı danışmaq qeyri-mümkündür. Bununla belə, çalışaram sizi az da olsa bu barədə məlumatlandırım. Əvvəlcə qeyd edim ki, bu il oktyabr ayının 1-də Azərbaycan Respublikasının Prokurorluğu öz yüz illik yubileyini yüksək səviyyədə qeyd etdi. Dövlət qurumlarımızın bir çoxu kimi, milli prokurorluq orqanlarının da təsis edilməsi ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayır və beləliklə də, Azərbaycan Prokurorluğunun əsası qoyulur. Yerigəlmişkən vurğulamaq lazımdır ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Böyük fəxarət hissi ilə bildirirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə “1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü”nün təsis edilməsi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Bildiyiniz kimi, hazırda Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Zakir Qaralov, Azərbaycan Respublikasının Hərbi prokuroru isə ədliyyə general-leytenantı, cənab Xanlar Vəliyevdir. Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunvericiliklə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Vurğulanmalıdır ki, Hərbi Prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir. Qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən,müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır və göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır. Onu da qeyd etmək lazımdır ki, qanunvericiliyin-Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının tələblərinə əsasən, hərbi qulluqçu olmayan şəxslər tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaqın aparılması müvafiq olaraq, yəni konkret maddələr üzrə həm prokurorluğa, həm də Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına-Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə; Azərbaycan Respublikasının Vergilər Nazirliyinə; Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Hərbi qulluqçular tərəfindən, o cümlədən onların iştirakı ilə cinayət törədildikdə isə, əməl Cinayət Məcəlləsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olmayaraq həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluqlar tərəfindən aparılır. Sözsüz ki, qeyd olunanlar bir qayda olaraq belədir və qanunla müəyyən edilmiş digər istisna və müstəsna hallar da mövcuddur. Yəni hüquqşünas olamayan şəxslərə də aydın olan tərzdə desək, hərbi prokurorluqlar tərəfindən Cinayət Məcəlləsinin xüsusi hissəsinin bütün maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparılır və cinayətin törədilməsində hərbi qulluqçu olmayan şəxsin iştirakı olarsa, o, hərbi qulluqçu olmasa belə, onun da barəsində cinayət işi üzrə ibtidai istintaq hərbi prokurorluqlar tərəfindən aparılır. Bu barədə ona görə geniş məlumat verdim ki, əksər insanlarda belə bir yanlış təəssürat vardır ki, hərbi prokurorluqlar tərəfindən yalnız Hərbi xidmət əleyhinə olan cinayətlərə dair işlər üzrə və yalnız hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparılır. Haşiyə çıxaraq bildirirəm ki, öz iş təcrübəmdə hərbi qulluqçu olmayan şəxs cinayət məsuliyyətinə cəlb ediləndə dedi ki, Siz nə edirdiniz? Mən fərarilik cinayəti törətmişəm ki? Bundan sonra mən ona qanunvericiliyin tələbini izah etdim və ona hər şey aydın oldu. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluqlarına- Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, NaxçıvanMuxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı, Gəncə, Sumqayıt, Qarabağ, Qazax, Tərtər, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları aiddir.
Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, Silahlı Qüvvələrdə qeydə alınmış istənilən cinayət faktı üzrə cinayət təbiqi başlanılır, cinayət təbiqi üzrə hərtərəfli, tam, obyektiv və vaxtında araşdırmanın aparılması, hər bir fakta və əmələ hüquqi qiymət verilməsi, o cümlədən təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilir. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması məqsədilə təqdimat göndərilərək həmin halların vaxtında qarşısının alınması, eləcə də iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.
Prokurorluq haqqında danışarkən, dövlət tərəfindən ona verilən dəyərdən danışmamaq ədalətsizlik olar. Hakimiyyətdə olduğu bütün dövrlərdə prokurorluğa böyük dəstək, yüksək diqqət və xüsusi qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyev deyirdi: “...Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bugün də, gələcəkdə də olacaqdır....”. Qısa zaman ərzində bu dəyərli sözlər reallığa çevrilməklə davamlı xarakter aldı.
Yarandığı vaxtdan hazıradək bütün fəaliyyəti prosesində ölkəmizdə ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının qorunmasında müstəsna əhəmiyyəti olan Azərbaycan Prokurorluğuna, o cümlədən hərbi prokurorluğa Ulu Öndər Heydər Əliyev və onun dövlətçilik ənənələrinin mahir davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və xüsusi qayğı dövlət qurumları sırasında bu orqanın mövqeyini daha da möhkəmləndirərək cəmiyyətdə olan nüfuzunu artırmaqla bərabər, üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bunun nəticəsidir ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinin müəyyən mərhələsində, yəni fəaliyyətə başladığı andan xüsusi yerə və rola malik olan prokurorluq, eləcə də hərbi prokurorluq mühüm dövlət təsisatı kimi əhəmiyyətini məharətlə qorumaqda davam edir.
Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibinin hərtərəfli inkişaf etmiş, yüksək mənəvi keyfiyyətlərə və dərin biliyə malik, geniş dünyagörüşü olan, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına və mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur. Ulu Öndərin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanmaqla, onlarda böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.
Dərin minnətdarlıq hissi ilə xüsusi vurğulanmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan, bütün hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi bugün də, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»da bu qayğının bariz təzahürü olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşdirmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, fəaliyyətinin daha səmərəli təşkili, digər hüquq mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratdı ki, bu da prokurorluq işçilərində özünəgüvən hissini bir qədər də artırdı.
Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin müasir tələblərə uyğun aparılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təzahürü oldu. Hərbi Prokurorluq işçisi kimi xüsusi vurğulamalıyam ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, bugün Azərbaycan Silahlı Qüvvələri vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilmiş, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan silahlı birləşmələrdən ibarətdir. Ordumuz öz gücünü və qüdrətini 2016-cı ilin “aprel”, 2018-ci ilin “may” döyüşlərində və ardıcıl keçirilən möhtəşəm hərbi paradlarda bir daha bütün dünyaya bəyan etdi.
- Müsahibə vasitəsiylə həmkarlarımıza nə demək istərdiniz?
- Jurnalist adını uca tutmaqla, özlərinə və peşələrinə hörmət etsinlər. Əldə etdikləri məlumatın mənbəyinin mötəbərliyini və həqiqiliyini yoxlamadan onu yaymasınlar. Yayılması qanunla qadağan edilmiş məlumatları paylaşmasınlar.Hər bir insan, hansı peşə sahibi olmasından asılı olmayaraq, istər həyatda, istərsə də xidməti fəaliyyətində, ALLAHı, qanunu və vicdanını unutmamalıdır. Hər kəs dərk etməlidir ki, törətdiyi hər bir, düz olmayan, günah və ya qanunsuz əmələ görə, bir gün mütləq müvafiq olaraq ALLAHvə qanun qarşısında cavab, hər biri üçün isə vicdanı qarşısında hesabat verəcəkdir. Yerigəlmişkən, Peyğəmbərimiz Həzrəti Məhəmməd Səlləllahu əleyhi və alihi və səlləm demişdir ki, can sağlığı və vicdan rahatlığıbu dünyada ali dəyərlər sırasında öndə dursalar da, çox təəssüf ki, bəzi insanlar bunu dərk etmir. Sözsüz ki, hər bir insanda çatışmayan bir çox cəhətlər var, bununla belə elə əməllər var ki, onu etmək olmaz. Məsələn, bəzən elə olur ki, hər hansı bir məsuliyyətsiz jurnalist hər hansı şəxs və ya təşkilat barəsində, yaxud insanların narahatlığına səbəb ola biləcək digər hər hansı bir məlumat əldə edir, onun mənbəyinin mötəbərliyini və həqiqiliyini yoxlamadan, məlumat yayır və bu sürətlə ictimailəşir. Bir müddət sonra isə, həmin məlumatın yalan olduğu məlum olur. Nəticədə, barəsində həqiqətə uyğun olmayan məlumat yayılmış şəxs və ya təşkilata zərər dəyir, yaxud insanlar əsassız və əbəs yerə sarsıntı keçirdirlər. Belə şeyləri etmək olmaz, buna nə qanun nə insanpərvərlik yol vermir. Ancaq təəssüf ki, belə hallar olur və son zamanlar bir qədər də artmışdır. Bu cür əməllər törədən jurnalistlər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Təbii ki, belə əməllərin qarşısı qanunla müəyyən edilmiş qaydada alınır və alınacaqdır. Bundan başqa, bəzən oxucu sayını artırmaq məqsədilə xüsusi diqqət çəkən və rezonans doğuran başlıq seçilir, sonradan həmin xəbərin qeyri-adi bir xəbər olmadığı məlum olur. Məsələn, adı yadımda qalmayan kütləvi-informasiya vasitələrinin birində belə bir başlıq qeyd olunmuşdur ki, “bu il dərslər 15 sentyabrda başlamayacaq”, fikirləşirsən ki, yəqin ciddi səbəblər ortaya çıxıb və bununla əlaqədar müvafiq hüquqi akta dəyişiklik edilmiş və tarix dəyişdirilmişdir. Ancaq oxuyanda görürsən ki, 15 sentyabr şənbə gününə təsadüf etdiyi üçün, növbəti tədris ilinə 17 sentyabrdan başlanılacaqdır. Odur ki, sadalananlarla qarşılaşan sağlam düşüncəli oxucular növbəti dəfə informasiyanı başqa xəbər ünvanında axtarır.
- Son olaraq, oxuculara tövsiyəniz…
Subyektiv fikirlərini kənara qoyub məsələlərə obyektiv yanaşsınlar, baş verənləri düzgün şərh etsinlər və doğru nəticəyə gəlsinlər. Birgəyaşayış qaydalarına riayət edilməsinin və ictimai asayişin qorunmasının dayanıqlı olması, eləcə də, qanunsuz və əxlaqsız əməllərin qarşısının alınması, həmçinin sağlam informasiya mühitinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edən ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olmasını təmin etmək məqsədi ilə əllərindən gələni əsirgəməsinlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM