Kitabxanalar haqqında müzakirələr davam edir. Bugünkü müsahibimiz Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Elektron Kitabxanalar və Yeni İnformasiya Texnologiyaları Beynəlxalq Assosiasiyasının (ELNİT) İdarə Heyyətinin üzvü, Beynəlxalq Kitabxana Fəlsəfə Məktəbinin Elmi şurasının üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Sual: Lətifə xanım, bildiyiniz kimi, ölkə Prezidenti 2019-cu il 15 yanvar tarixində kitabxana-informasiya sisteminin optimallaşdırılması ilə bağlı Fərman imzalayıb. Uzun illər kitabxana sahəsi ilə bağlı mütəxəssis, özünü bu işə həsr edən fədakar insan kimi Fərmanla bağlı fikirləriniz bizim üçün maraqlıdır.
Cavab: Azərbaycan Respublikasının Prezidenti 2019-cu il 15 yanvar tarixində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmanı mən vacib sənəd kimi qiymətləndirirəm. Bildiyiniz kimi, dünya miqyasında informasiya inqilabı baş vermişdir. Bu inqilab bütövlükdə cəmiyyətin və ayrı-ayrılıqda insanların həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. Müxtəlif və rəngarəng informasiyanın yaranması, onun saxlanılması, ötürülməsi və qavranması, nəsildən-nəslə çatdırılması ilə bağlı işlər görülməlidir. Bu gün Azərbaycan ümumdünya informasiya məkanına öz maraqlı, zəngin, tarixi əhəmiyyət kəsb edən resursları ilə daxil olmalıdır və bu iş kitabxanalar tərəfindən həyata keçirilməlidir.
Sual: Ölkə başçısı cari ilin 8 fevral tarixində minimum əməkhaqqının qaldırılması haqqında Sərəncam imzalamışdır. Bu haqda nə deyə bilərsiniz?
Cavab: Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı mədəniyyət sahəsində, xüsusən də kitabxana-informasiya sahəsində çalışan insanların bir çoxuna aiddir. Bunların arasında şöbə müdirləri, baş kitabxanaçılar, bölmə müdirləri, böyük kitabxanaçılar, multimediya mütəxəssisləri, kitabxanaçılar-informasiya texnologiyaları üzrə mütəxəssislər, biblioqraflar, baş biblioqraflar, böyük metodistlər, sistem inzibatçıları, proqramçılar, operatorlar vardır. Çox böyük sevinc və minnətdarlıqla qarşılanan sənəddir. Onun müqabilində kitabxanaçılar daha böyük səylə çalışacaqlar.
Sual: Ölkəmizdə geniş oxucu kütləsinə xidmət göstərən kitabxanalara dövlət qayğısından danışa bilərsinizmi?
Cavab: Böyük məmnuniyyətlə danışaram. Kitabxanalara ölkəmizdə göstərilən diqqət və qayğı nəinki region, MDB, hətta bir çox dünya ölkələri üçün örnəkdir. Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev müstəqillik illərində 4 dəfə Milli Kitabxanada olmuşdur. Onun “kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözlərinin nə qədər dərin məzmunu var. Bu fikirləri Ulu öndər 1995-ci il 3 iyun tarixində Milli Kitabxanada olan zaman səsləndirib. Hamımızın yadımızdadır – çox ağır və keşməkeşli illər idi. Hətta, o zaman rəsmi dövlət qəzeti olan “Bakinskiy raboçiy” çıxmırdı. Ulu öndərin bu nitqini mən rus dilinə tərcümə edərək, beynəlxalq forum və konfranslarda bütün dünya kitabxana ictimaiyyətinə qürurla təqdim edirəm. Bu çıxışla təkcə kitabxanalar deyil, bütün ziyalılar maraqla tanış olaraq, dahi siyasətçinin qarşısında baş əyirlər. Dünya miqyaslı dahi siyasətçi Heydər Əliyev tarixi irsə, mədəniyyətə çox böyük önəm verib. Kitabxanalar isə tarixi irsin və mədəniyyətin mühüm və tərkib hissəsidir. Məhz Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasında “Kitabxana işi haqqında” Qanun qəbul edilmişdir.
Bu siyasət indi də davam edir. 2004-2008-ci illərdə dövlət başçısı cənab İlham Əliyev kitabxana sahəsinə dair beş Sərəncam imzalamışdır. Nəticədə, kitabxanaların fondları Azərbaycan dilində latın qrafikalı ədəbiyyatla zənginləşdirilmiş (bu kitablar cənab Prezident tərəfindən kitabxanalara hədiyyə olunmuşdur), yeni kitabxana binaları inşa olunmuş, bir çox kitabxanalar əsaslı təmir olunmuş, kitabxanalarda informasiya texnologiyaları tətbiq olunmuş və s. Regionlara səfər etdiyi zaman cənab Prezident kütləvi kitabxanalarla da maraqlanır. Onun Şabran və Balakən rayonlarında yeni inşa edilmiş kitabxanaların açılışnda iştirakı yaddaqalan hadisə oldu.
Mədəniyyət və Turizm Nazirliyi yaranandan sonra ölkə başçısı tərəfindən təsdiq edilən ilk Dövlət Proqramı məhz kitabxana-informasiya sahəsi ilə bağlı idi. Cənab Prezident tərəfindən imzalanmış “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxanaların inkişafına çox güclü təkan verdi.
Hər dəfə Beynəlxalq konfranslarda iştirak edərkən, mən bu faktları qürurla dünya kitabxana ictimaiyyətinə çatdırıram. Cənab Prezidentin 2007-ci il 20 aprel tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı kitabxana rəhbərlərinin, bütün kitabxanaçıların stolüstü sənədidir.
Cənab Prezidentin kitabxanalar haqqında bir neçə fikrini diqqətinizə çatdırmaq istərdim. “XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi,...ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan şəhərlərində kitabxanalar şəbəkəsinin yaradılması və genişləndirilməsinə gətirib çıxarmışdır”, “Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır..”, “Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqini zəruri edir”. Deyəsən Sizi çox yordum.
”Prezidentimizin “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir” sözləri kitabxanaçıların, elm adamlarının və bütün ziyalıların devizinə çevrilmişdir.
İndi, bəzi insanlar cənab Prezidentin Fərmanını mütərəqqi addım kimi qiymətləndirmək əvəzinə, kitabxanaların olub-olmaması, onların ləğvi barədə fikir söyləyirlər. Hətta qeyd olunur ki, guya kənd kitabxanalarında kitab fondu yoxdur.
Prezidentin Fərmanında söhbət kitabxana sisteminin və kitabxanaların fəaliyyətinin optimallaşdırılmasından, onların müasir dövrün çağırışlarına cavab verməsindən gedir. Cənab Prezident hər bir insana xüsusi qayğı ilə yanaşır. Kitabxanaçılar da istisna deyil.
Sual: Kitabxanalar dövlətin siyasətinə hansı formada dəstək verə bilər?
Cavab: Bu suala qısa olaraq belə cavab verərdim. Hesab edirəm ki, dəstək verə bilər deyil, dəstək verir. Kitabxanalar dövlətin siyasətini təbliğ edən, bu siyasətin informasiya dəstəyini həyata keçirən, onu təbliğ edən müəssisələrdir. Bütün kitabxanalarda Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ardıcıl şəkildə, davamlı, sistemli və silsilə formasında həyata keçirilir: yubileylərin, tarixi günlərinqeyd olunması, dövlət və tarixi əhəmiyyətli söhbətlərin, “dəyirmi masa”ların və s. keçirilməsi. Məsələn, 2019-cu ildə bütün kitabxanalarda Nəsiminin, Mirzə Cəlilin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, Seyid Şuşinskinin və s. yubileyləri ilboyu qeyd olunacaq. Tədbirlərdə şagirdlər, tələbələr, ziyalılar, şair və yazıçılar, iş adamları, ahıllar, fiziki imkanları məhdud olan insanlar, işsizlər, evdar qadınlar, ağsaqqallar və s. kateqoriyalı oxucular iştirak edirlər.
Kitabxanalarda seçki məntəqələri təşkil olunur, uzun illərdir ki, kitabxanaçılar dairə və məntəqə seçki komissiyalarında işə cəlb olunurlar, onlar ailə üzvləri ilə birgə seçkilərdə fəal iştirak edirlər. 2019-cu ilin yanvar ayından kitabxanaçılar qarşıda gələn bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarında işə cəlb olunublar. Kitabxanaçılar siyahıyaalinmaya və sosioloji sorğulara cəlb oluna bilər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində misilsiz xidmətlərini əks etdirən “Heydər Əliyev və mədəniyyət” üç cildlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı haqqında “Prezident İlham Əliyev və mədəniyyət 2003-2008”, “Prezident İlham Əliyev və mədəniyyət 2008-2013”, “Prezident İlham Əliyev və mədəniyyət 2013-2018”sənədlər toplusu (cəmi 6 kitab), Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva haqqında “Mədəniyyətimizin və mədəni irsimizin hamisi” kitabı (Azərbaycan, rus, ingilis, ərəb dillərində) məhz kitabxanaların təşəbbüsü və kitabxanaçıların zəhməti hesabına ərsəyə gəlmişdir.
Sual: Kitabxanalar xalqımızın tarixini, milli-mədəni sərvətlərini, bütün sahələrdə nailiyyətlərini toplayır və nəsillərdən-nəsillərə ötürür. Azərbaycan dilinin qorunmasında kitabxanaların rolu varmı?
Cavab: Əlbəttə var. Xalqın dövləti olmaya bilər, amma onun dili varsa, o xalq yaşayır. Bu gün dünyada 250-dən çox dövlət var, amma dillərin sayı qat-qat çoxdur. Və o xalqlar yaşayır, tarixə düşür. Belə xalqlar var ki, onlar hal-hazırda yoxdur, amma dilləri yaşayır (latın dili və s.). Dilin itirilməsi millətin məhv olması deməkdir. Siz tamamilə düz qeyd etdiniz ki, kitabxanalar bizim zəngin irsimizi qoruyub saxlayır. Bu ilk növbədə bizim doğma dilimizə də aiddir. Kitabxanalar milli irslə yanaşı, dilimizi də qoruyub saxlayır.
Dahi Nizaminin, Füzulinin və s. əsərləri, ulu “Dədə Qorqud”umuz müxtəlif kitabxanalarda (məscid, mədrəsə, şah saralarının kitabxanalarında, daha sonra isə kütləvi kitabxanalarda) qorunub saxlanaraq, bu günə qədər yaşayır.
Dünən mənə bir ziyalı, publisist-politoloq maraqlı sözlər dedi ki, kitabxana ən varlı bankdan zəngindir. Onunla razılaşmaya bilməzdim.
Sual: Kitabxanaların informasiya əsrində yeni vəzifələri haqqında nə deyə bilərsiniz?
Cavab: Maraqlı sualdır. Cavab verməmişdən öncə, mən Viktor Hüqonun bir fikrini xatırlamaq istərdim “kitabın yazılması müəllifdən, aqibəti isə cəmiyyətdən asılıdır”. Mən bu fikrin davamı kimi, fikrimi ümumiləşdirərək, deyərdim ki, bu gün kitabxanaların rolu xeyli mürəkkəbləşir. Müasir kitabxanalar polifunksional müəssisələrə çevrilməlidir. Kitabın aqibəti isə kitabxanadan və kitabxanaçıdan da asılıdır. Azərbaycan kitabxanaları həmişə dövləti dəstəkləyiblər.
Sual: İnformasiya əsrini necə xarakterizə edə bilərsiniz?
Cavab: Cəmiyyətdə informasiyanın həcminin sürətlə artması get-gedə daha çox nəzərə çarpmağa başlamışdır. Biz bəşəriyyətin inkişafında yeni bir dövrdə – informasiya erasında yaşayırıq. İnformasiya cəmiyyətinin aşağıdakı əsas fərqləndirici cəhətləri zənnimcə belə formalaşdırmaq olar:
· cəmiyyətin hər bir üzvü ona lazım olan informasiyadan istifadə edə bilməlidir (informasiyanın əlyetərliyi);
· cəmiyyət hər bir üzvünü informasiya texnologiyası ilə təmin etməlidir.
Sual: Bu gün kitabxanalar haqqında nə deyirlər?
Cavab: Maraqlı sualdır (gülümsəyir). Bəzi mütəxəssislərin fikrinə görə kitabxanalar tarixi missiyalarını başa çatdırırlar. Və yaxın yüz ildə kitabxana binaları boşalacaq. Rusiya mütəxəssisi Slava Matlinanın fikrinə görə isə kitabxananı yaradan və inkişaf etdirən kreativ, istedadlı və ötkəm şəxsiyyətdir. Belə kitabxana yaşayacaq.
Məncə müasir şəraitdə kitabxanaların funksional imkanlarını genişləndirmək lazımdır. İlk öncə bu missiyanı kitabxanalar özləri həyata keçirməlidirlər.
Moskvada “Prospekt” adlı maraqlı bir kitabxana fəaliyyət göstərir. Bu kitabxananı müasir ofisə də bənzətmək olar. Kitabxananın layihəsini “Svesmi” Hollandiya Memarlıq Bürosu hazırlamışdır. Bu məkanın “şəhərin qonaq evi”nə də bənzəri var. Rahat və müasir məkandır. Oxucuları həmişə çox olur.
Sankt Peterburqda N.V.Qoqol adına ilk interaktiv kitabxana – müasir mediateka uğurla fəaliyyət göstərir. Burada futuristik mühit yaradılıb, insanlar uzanan yerdə də mütaliə edə bilirlər, gözəl interyer, müasir elektron terminallar, ağac formasında rəflər və süni ot kitabxanada xüsusi ecazkarlıq yaradır.
Sizi yormaq istəmirəm, dünyanın bir çox ölkə və şəhərlərində bu tipli kitabxanalar çoxdur. Mən ABŞ-ın Sietl şəhərinin kütləvi kitabxanasına da vurulmuşam.
Sualınıza bir daha qayıdıram, pessimist proqnozlara baxmayaraq, informasiya cəmiyyəti şəraitində kitabxanaların fəaliyyəti yeni inkişaf mərhələsindədir. İnformasiya cəmiyyətində kitabxanalar milli, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün yaşda insanlar üçün informasiya, bilik, fasiləsiz təhsil, mədəniyyət mənbəyinə, insanların ictimai həyatda fəal iştirak etməsi vasitəsinə çevrilməlidir.
Sual: Bu gün kitabxanaların əsas məqsədlərini qısa şəkildə necə formalaşdırmaq olar?
Cavab: İnformasiya cəmiyyəti kontekstində kitabxananın əsas məqsədi – zamandan və məkandan asılı olmayaraq, hər bir istifadəçinin istənilən tipli informasiyaya müraciət imkanının operativ və tam təmin edilməsindən ibarətdir. İnformasiya əlyetərli olmalıdır. Kitabxana da əlyetərli, yaxın olmalıdır.
Hələ 10 il bundan öncə, ABŞ prezidenti Corc Buş qeyd etmişdir ki, “Amerikanın güclü, texniki cəhətdən yaxşı təchiz olunmuş kitabxanaları iqtisadiyyat və demokratiya sahəsində ABŞ-ın dünyada liderliyinin rəhni olmuşdur və bu yenə də belədir”.
İnformasiya cəmiyyətinin formalaşması dövründə kütləvi kitabxanaların rolu müstəsna dərəcədə artır. Kitabxanalar vətəndaşların informasiyadan və biliklərdən bəhrələnmək hüquqlarının həyata keçirilməsinə kömək etməlidirlər. Məsuliyyətli, bilikli və xeyirxah kitabxanaçı isə – istifadəçi ilə informasiya arasında vasitəçidir.
Sual: Fikrinizcə, müasir dövrdə kitabxanalarda informasiyalaşmanın dərəcəsi hansı səviyyədə olmalıdır?
Cavab: Ən yüksək səviyyədə. Kütləvi kitabxanaların (xaricdə onlara “public” yaxud ictimai kitabxanalar deyilir) ən müasir, regionun (xidmət edən ərazinin) özəlliklərini əks etdirən özünəməxsus saytları, onların mütləq qaydada Elektron kitabxanaları olmalıdır. Dünyanın aparıcı ölkələrində elə kitabxana yoxdur ki, onun Elektron kataloqu və ya Elektron kitabxanası, onun spesifikasını əks etdirən Veb saytı olmasın. Kitabxana virtual formada 24/7 rejimində işləməlidir.
Çox sevindirici haldır ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi kitabxanasının 1 struktur bölməsi 24/7 rejimində real formada artıq işləyir. Bu cəmiyyətdə böyük maraqla qarşılanıb, çoxlu istifadəçisi var. Amma bu qapalı kitabxanadır, bu belə də olmalıdır. Mən, Beynəlxalq Kitabxana Fəlsəfə Məktəbinin Elmi şurasının üzvü kimi (10 ildən artıqdır) belə təcrübə ilə bir çox ölkələrdə rastlaşmışam. Ən çox sevdiyim kitabxanalardan biri Polşanın Olştin şəhərindəki “11-ci Planet” kitabxanasıdır. Bu kitabxana uzun illərdir ki, 24/7 rejimində şəhər əhalisinə xidmət edir, gözəl və müasirdir. Kitabxana haqqında qısa videoçarxa YouTube kanalında baxa bilərsiniz https://www.youtube.com/watch?v=Rzl2SOoPKT4
Sual: Rəqəmsal texnologiyalar və kitabxanalar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
Cavab: Rəqəmsal texnologiyalar informasiya cəmiyyətinin tərkib hissəsidir. Elektron informasiya daşıyıcılarının sayı günbəgün artmaqdadır. Bu müsbət haldır. Kitabxanalarda olan informasiya resursları (kitab, qəzet, jurnal, açıqçalar, xəritələr, fotoalbomlar, notlar, afişalar və s.) rəqəmsallaşdırılaraq daha əlyetərli olur. Lakin burda bir məsələni unutmaq olmaz. Hər bir sənədin originalı qorunub saxlanmalıdır. Əgər belə olmasa, onda sənədin rəqəmsal formasına sənəddə hər bir düzəliş etmək olar. Bədnam qonşularımız bu metoddan daima istifadə edir, sənədləri və tarixi faktları təhrif edərək, dünya ictimaiyyətinə təqdim edirlər. Bu səbəblərdən hər bir rəqəmsallaşdırılmış sənədin originalı qorunub saxlanmalıdır.
Sual: Kitabxana fondları rəqəmsal formaya nə vaxt keçiriləcək?
Cavab: Heç vaxt (gülür). Dünyada heç bir kitabxananın fondu tam rəqəmsal formaya salınmayıb. Ancaq ən çox soruşulan, aznüsxəli, kiçiktirajlı nəşrlər rəqəmsallaşdırılır. Bu iş böyük vəsait və çox vaxt tələb edir. Fondun aktiv hissəsi, “kitab abidələri” rəqəmsallaşdırılaraq geniş istifadəçi kütləsinə təqdim olunmalıdır. Bu dünya kitabxana praktikasında qəbul olunmuş qaydadır. Bütün fondun rəqəmsallaşdırılmasına ehtiyac yoxdur.
Dünyanın ən böyük, möhtəşəm və qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasında (e.ə. III əsr) milyonlarla kitablar var. ABŞ-ın ən böyük kitabsaxlayıcısı, tarixi yaddaşı qoruyan Konqres Kitabxanasının fondu 155 milyondan çoxdur. Şübhəsiz ki, bütün bu fondu rəqəmsallaşdırmağa nə zaman, nə insan resursu vardır. Fond daima artır və buna görə də ancaq zəruri materiallar rəqəmsal formaya çevrilir. Yaxud, Rusiya Dövlət Kitabxanasının (Moskva) fondu 47 milyondan çoxdur və bu fond daima artır. Rusiya Milli Kitabxanasında (Sankt Peterburq) 37 milyondan çox sənəd saxlanılır. Şübhəsiz ki, bu fond bütövlükdə heç zaman rəqəmsallaşdırıla bilməz.
Ölkəmizin Milli Kitabxanasında 1 milyondan artıq adda kitab vardır. Bu nəhəng kitab massivinin (mən ancaq kitabları qeyd etdim) tamamilə rəqəmsallaşdırılmasına ehtiyac duyulmur. Qeyd etdiyim kimi, ən çox istifadə olunan, tarixi əhəmiyyət kəsb edən, mütaliəsi zəruri olan kitablar rəqəmsallaşdırılır. Bu hər yerdə belədir.
Sual: Kitabxanalarda avtomatlaşdırılma proseslərindən nə deyə bilərsiniz? Məsələ burasındadır ki, Mədəniyyət Nazirliyinin kitabxanalarının Veb saytlarında Elektron kitabxanalara rast gəlmirik.
Cavab: Ciddi məsələdir. Bu sahədə çoxsaylı problemlər mövcuddur. Bir çox məsələlər öz həllini tapmayıb. 2014-cü ilə qədər bir çox kitabxanalarda Elektron kitabxanalar fəaliyyət göstərirdi. Bu haqda növbəti müsahibəmizdə mən ətraflı məlumat verəcəm, Sizə sənədlər də təqdim edəcəm.
Sual: Azərbaycanda hansı kütləvi kitabxanada bu gün Elektron kitabxana fəaliyyət göstərir?
Cavab: Çox əfsuslar olsun ki, hal-hazırda kütləvi kitabxanalarda Elektron kitabxana yoxdur. Qeyd etdiyim kimi, 2014-cü ilədək bir çox kütləvi kitabxanada, respublika əhəmiyyətli kitabxanalarda Elektron kitabxanalar mövcud idi. Ümumiyyətlə, Azərbaycan kitabxanalarının İnternətə çıxarılan resursları son dərəcədə azdır. Məsələn, Azərbaycan kitabxanaları dahi Nizaminin, Məhsətinin, böyük Füzulinin, Nəsiminin, Vazehin, Xaqaninin və s. şair və ədiblərin rus, ingilis dillərində əsərlərini hələ də İnternetə çıxara bilməyiblər. Əlbəttə ki, səbəb müəllif hüququ deyil.
Elektron kitabxanalarda mükəmməl axtarış sistemi olmalıdır. Axtarış bir neçə parametrlərlə aparılmalıdır (müəllif, sərlövhə, açar söz).
Müasir kitabxanalarda informasiyanın toplanması, saxlanması və paylaşdırılması ilə yanaşı, informasiya axtarışı da modernləşdirilməli, istifadəçilər üçün rahat olmalıdır. Bu, ən vacib və əsas şərtlərdən biridir.
Sual: İnternet kitabxanaya nə verir?
Cavab: Şübhə yoxdur ki, İnternet şəbəkəsinə qoşulmaq imkanı olan kitabxana informasiya mənbələrinin sayını artırmaq və istifadəçilərin sorğularını təmin etmək üçün daha geniş imkanlar qazanır. Lakin etiraf etməliyik ki, şəhər və rayon kitabxanalarında İnternet-mərkəzlər (zallar, siniflər) və İnternetdə işləməyi öyrədən mərkəzlər çox azdır. Kənd kitabxanalarında isə vəziyyət acınacaqlıdır.
Sual: Bu gün kitabxanalarda avtomatlaşdırma ilə bağlı, informasiya xidmətləri təqdim edən xüsusi bölmələr yaradılıbmı?
Cavab: Bu şöbələr bu gün yox, 2011-ci ildə yaradılıb. Dövlət Proqramı çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq, Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanalarda 2 yeni şöbələr yaradılıb: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi və İnformasiya-resurs şöbəsi. Çox vacib, önəmli, günün tələblərinə cavab verən şöbələrdir. Kitabxanada gedən avtomatlaşdırılma prosesini (Elektron kataloqun və Elektron kitabxananın yaradılmasını) birinci şöbə həyata keçirir, ikinci şöbə isə kitabxananın informasiya təminatına xidmət edir, informasiya axınını sistemləşdirir, kitabxananın informasiya resurslarını yaradır və Veb saytla işi sistemli şəkildə təşkil edir.
Qeyd etdiyim kimi, Dövlət Proqramının icrasını təmin etmək məqsədilə hər iki şöbənin yaradılması müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra, Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 №-li qərarı ilə təsdiq edilib. Ən əsas isə odur ki, şöbələrin yaradılması özünü doğrultdu. Bu şöbələrin işi həqiqətən, nümunəvi və təqdirəlayiqdir.
Bu gün sosial şəbəkələrdə ən çox fəallıq göstərən kitabxanalar və kitabxanaçılardır.
Mədəniyyət müəssisələri arasında isə informasiya texnologiyalarını ən yüksək səviyyədə mənimsəyən və gündəlik işlərində tətbiq edən məhz kitabxanalardır.
Sual: İnformasiya sahəsində baş verən texnoloji inqilab bəşər sivilizasiyasının bütün inkişafının gedişinə çox güclü təsir göstərir. Bu gün artıq heç kəs şübhə etmir ki, həyatın keyfiyyəti get-gedə daha artıq dərəcədə informasiyadan, onun operativ tapılmasından və istifadə edilməsindən asılıdır. Bu fikirə münasibətinizi bildirə bilərsinizmi?
Cavab: Cəmiyyətin və şəxsiyyətin informasiya mədəniyyətini formalaşdıran, insanın fasiləsiz təhsil almaq imkanını təmin edən müəssisə məhz kitabxanadır. Kitabxanalar informasiya mədəniyyətinin formalaşmasında xüsusi, unikal rol oynayır. Bu proseslər qlobal xarakter daşıyır və Azərbaycan kitabxanaları da tədricən həmin proseslərə qoşulmalıdır. Bu inkaredilməz reallıqdır. Yeni informasiya texnologiyaları kitabxanalar qarşısında çox geniş imkanlar açmış, onları prinsipcə yeni məsələlər həll etmək zərurəti qarşısında qoymuşdur. Cənab Prezidentin Fərmanına əsasən, kitabxana işinin təşkilinin əsas prinsipləri yenidən nəzərdən keçirilməli, kitabxana işinin yeni prioritetləri və müasir dövrdə inkişaf paradiqması müəyyən edilməlidir.
Sual: Kitabxanaların qarşısında yeni vəzifələr durur. Eyni zamanda, yeni imkalar da açılır. Fikrinizcə, Azərbaycan kitabxanaları bu imkanlardan istifadə etməyi bacara bilərmi? Onlar qarşılarında duran yeni vəzifələri həyata keçirə bilərmi?
Cavab: İlk öncə mən kitabxanaların sosial rolundan, daha doğrusu, sosial missiyasından söhbət açmalıyam. Bu gün kitabxana yeganə sosial institutdur ki, əhalinin bütün təbəqələrinə ödənişsiz kitabxana-informasiya xidməti göstərir. Çox vacib məsələdir. Kitabxanaların maarifçilik xarakterli ənənəvi (tarixi) funksiyalarına indi milli və beynəlxalq informasiya şəbəkələrinə və məlumat banklarına müraciət etməyə imkan verən informasiya mərkəzlərinə xas olan funksiyalar da əlavə edilir. Zamanın tələbi belədir ki, kitabxanadaxili ənənəvi texnologiyalar və kitabxanaların əhaliyə xidmət formaları dəyişməlidir. Virtual xidmət ön plana keçməlidir, yəni xidmətlər uzaq məsafədən və fasiləsiz göstərilməlidir.
Bəzən belə fikirlər səslənir ki, bu gün kitabxana lazım deyil, onu alternativ informasiya vasitələri (İnternet, televiziya, sosial şəbəkələr və s.) əvəz edir. Bu fikirlə razılaşmıram. İnternet, televiziya, sosial şəbəkələr əsas informasiya mənbələri deyil, onlar alternativ informasiya mənbələridir. Bundan başqa, İnternetdə və sosial şəbəkələrdə çoxlu “informasiya hay-küyü”, “informasiya tullantıları” vardır. Kitabxanada isə məlumatlar sistemləşdirilmiş, əlyetərli formada saxlanılır. Əlbəttə, alternativ informasiya mənbələri vacibdir. Amma onlar kitabxananı heç zaman əvəz edə bilməz.
Bir vacib məsələyə də toxunmaq istərdim. Elektron kataloqlar, Elektron kitabxanalar məhz kitabxanalarda yaradılır. Düzdür, ayrı-ayrı şirkətlər, təşkilatlar, hətta fərdlər Elektron kitabxanalar yaradırlar, amma Milli Kitabxanada, digər kitabxanalarda olan kitab və informasiya massivi onlarda yoxdur. Elektron kataloqlarda oxucuların və istifadəçilərin tələbatına uyğun olaraq çoxlu sayda bazalar yaradılır. Bazalarda qəzet və jurnal məqalələrinin tam mətni yerləşdirilir. Bu işi bacaran və peşəkar səviyyədə yerinə yetirən informasiya mütəxəssisi – kitabxanaçıdır.
Mən məmnunluqla F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətini qeyd etmək istəyirəm. Bu kitabxananın gözəl Elektron kataloqu və Elektron kitabxanası var.
Sual: Cəmiyyət üçün kitabxananın faydasını necə izah edə bilərsiniz?
Cavab: Kitabxanalar cəmiyyətdə yaranmış sosial boşluqları doldurmalıdır. Bu və ya digər ərazidə yaşayan insanların problem və tələbatlarını nəzərə alaraq, öz işlərini qurmalıdırlar. Dünyada kitabxanalar icma mərkəzləri kimi fəaliyyət göstərir, burada görüşlər, toplantılar, hətta ad günləri keçirilir.
Yeniyetmə və gəncləri öz ətrafında birləşdirmək, onları zərərli vərdişlərdən (narkomaniya, müxtəlif dini cərəyanlar, terrorizmə meyl, milli ədavət, dini qarşıdurma, erkən nikahlar, savadsızlıq və s.) uzaqlaşdırmaq dövlətin gələcəyini düşünmək deməkdir. Bu gün kitabxanalar bir çox kəndlərdə yeganə informasiya, mədəniyyət, ünsiyyət mərkəzidir. Kəndin kiçik etnoqrafiya muzeyi (mini muzey) kitabxanada olmalıdır. Bu mədəni turizmin elementlərindən biridir. Mən çox istərdim ki, bizim bir neçə kəndlərimizdə “tarixi kənd” adlı maraqlı ərazilər yaradılsın və bu ərazilər məhz kitabxanaların ətrafında salınsın. Hər kənddə teatr, musiqi məktəbi, muzey yoxdur. Bütün funksiyaları kitabxanalar yerinə yetirməlidir. Dünyada bu praktika var. Ölkəmizin bir çox yerlərində də kitabxanalar bu işləri görə bilirlər.
Sual: İnformasiya əsri olan XXI əsrin kitabxanalara təsiri
Cavab: Çox böyük dəyişikliklər baş vermişdir. Bu inkaredilməzdir. Kitabxanalar, kitabxanaçılar və oxucular da dəyişir. Kitabxanalar hər bir kəsin dünyada mövcud olan bütün informasiya mənbələrindən istifadə etməsini təmin etməlidirlər. Lakin onlar bu funksiyanı yerinə yetirməyi bacarırlarmı və buna hazırdırlarmı?
İnformasiya cəmiyyətinin ən vacib şərtlərindən biri informasiyanın əlyetərliyinin təmin edilməsidir. Bütün informasiya mənbələri, o cümlədən kitabxanalar əhalinin bütün təbəqələrinə yaxın olmalıdır, insanlara qayğı ilə yanaşmalıdır. Əlbəttə ki, əgər kitabxana insanların yaşadığı yerlərinə yaxın olarsa, o zaman insanlar kitabxanaları unutmazlar. Bu gün hər evdə komputer, İnternet, Wi-Fi yoxdur. Hər hansı bir qəzeti, yaxud kitabı oxumaq üçün insanlar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getməməlidirlər, nəqliyyat gözləməməlidirlər. Əlbəttə, kitabxanalar tərəfindən səyyar xidmətlərin göstərilməsi çox vacibdir. Respublikamızda bütün sahələrdə (səhiyyə, ASAN xidmət və s.) əhaliyə səyyar xidmətlərin göstərilməsi geniş vüsət alıb və insanlar tərəfindən çox müsbət qarşılanır.
Sual: Kitabxanalara donor köməyi barədə sizin məlumatınız varmı?
Cavab: Ötən əsrin 90-cı illərində – XXI əsrin əvvəllərində Açıq Cəmiyyət İnstitutu – Soros Fondu respublikamızın kitabxanalarının inkişafına 300 mindən çox ABŞ dolları məbləğində vəsait ayırmışdır. Kitabxanalar elektron rabitə vasitələrindən, İnternetdən istifadə imkanı əldə etmişlər. Bir sıra kitabxana işçiləri seminar və treninqlərdə ixtisaslarını artırmış. digərləri Beynəlxalq konfranslarda iştirak etmişdilər. ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə kitabxanalara İnternet xəttləri çəkdirmiş, onlara komputer, proyektor və s. avadanlıqlar vermiş, ABŞ-a ezamiyyələr təşkil etmişdir (Open Word proqramı çərçivəsində). Bu gün Gəncə şəhər, Salyan, Kürdəmir və Xaçmaz rayon Mərkəzi Kitabxanalarında “Amerika guşələri” fəaliyyət göstərir. Əhali böyük maraqla orada keçirilən bütün tədbirlərdə iştirak edir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, dünyanın bir sıra məşhur kitabxanaları müxtəlif təşkilatların himayəsindədir. Kitabxana işi məsələsində dünyanın aparıcı dövləti olan ABŞ-da kitabxanalara sponsorluq edilməsi, kitabxanalara ianələr vermək ənənəsinin də yüz ildən artıq tarixi vardır. ABŞ-da kitabxanaları inkişaf etdirən bir neçə proqram vardır. Onlardan ən böyüyü Bill və Melinda Qeyts fondudur. Bu fond kitabxanalara da böyük dəstək olur. Bizdə isə təəssüf ki, bu nəcib işlər fraqmentar, epizodik xarakter daşıyır.
İnformasiya cəmiyyəti şəraitində kitabxanalar qarşısında duran məsələlərin sayının artması bizim cəmiyyətdə hələ lazımınca dərk edilmir. Etiraf etmək lazımdır ki, kitabxanalar özləri də maliyyə resurslarından istifadə etmək uğrunda mübarizənin sirlərini hələ lazımınca öyrənməyiblər, onlar heç də həmişə qarşılaşdıqları məsələlərin mürəkkəbliyini, bütövlükdə cəmiyyətin mənafeyi naminə həmin məsələləri həll etməyin zəruri olmasını hakimiyyət strukturları və müxtəlif təşkilatlar qarşısında inandırıcı şəkildə açıqlamağı bacarmırlar.
Sual: Kitabxanalarda informasiya texnologiyalarının tətbiqi, orada rahat şəraitin yaradılması oxucu və istifadəçilərin sayının artmasına təsir göstərir?
Cavab: Əlbəttə, birbaşa təsir göstərir. Sizə bir misal gətirim. 20 il bundan öncə ABŞ-da informasiya cəhətdən “zəngin” və informasiya cəhətdən “yoxsul” olan ştatlar arasında bərabərlik yaratmaq üçün “kasıb” kitabxanalara çoxlu sayda komputer verildi, İnternet xətti çəkildi, orada informasiya texnologiyaları tətbiq olundu. Alabama, Luiziana və Florida ştatlarında sosioloji sorğu keçirildi. Sual belə idi: kitabxanalarda komputerlərin olmasından ilk təsiriniz necə oldu? Respondentlərin 3/1 hissəsi cavablarında qeyd etdilər ki, onlar kitabxanalara ilk dəfə komputerlər veriləndən sonra gəldilər. Real faktdır. Nəzərə alınmalıdır. Kitabxanada rahat şərait, sürətli İnternet, zəngin fond (müxtəlif informasiya daşıyıcıları), çoxlu sayda dövrü mətbuat nümunələri, ana və uşaq otaqları, biblioterapiya zonaları və s. olmalıdır.
Sual: Mən, yenə də kitabxanaların əsas “qəhrəmanı” olan oxucu və istifadəçi probleminə qayıdıram.
Cavab: Bəli, bu qlobal problemdir. Dünyanın bütün kitabxanaları bu problemi yaşayırlar. Azərbaycan da istisna deyil. Azərbaycandakı kitabxanaların çoxunda oxucuların sayı praktiki olaraq minimuma enmişdir. Amma çıxış yolu vardır: dünya praktikasına müraciət, qabaqcıl təcrübənin tətbiqi. Yeni tipli kitabxanaların – Biznes kitabxanalar, Kitabxana-muzeylər, Kitabxana-kafelər, Kitabxana-istirahət mərkəzləri, Biblioterapiya və Psixoloji Reabilitasiya Mərkəzləri və s. yaranması məqsədəuyğun hesab edilə bilər. Onlar hazırda müxtəlif səbəblər üzündən kitabxanalara getməyən əhalini tədricən kitab mədəniyyətinə cəlb edəcək.
Sual: Bəlkə də, kitabxanaların adlarının dəyişməyi də zəruridir – Kitabxana-informasiya mərkəzi, İnformasiya-resurs mərkəzi, Kitab sarayı, İnformasiya məsləhətxanası və s.
Cavab: Bu gün dünyada, əsasən, 4 tipli kitabxana vardır: Milli Kitabxanalar, Uşaq Kitabxanaları, Gözdən Əlillər və İctimai (kütləvi) kitabxanalar. Onların tabeçiliyi müxtəlifdir, əsasən, dövlət və bələdiyyə. Onu da qeyd edim ki, MDB məkanında bələdiyyə kitabxanaları dövlət kitabxanalarından çox geri qalıblar. Əsas səbəb maliyyənin az olmasıdır. Belə təcrübə özünü doğrultmadı.
Sual: Bu gün ölkəmizdə bir çox sahələrdə uğurlar əldə edilib, Azərbaycan regionun liderinə çevrilib. Sizcə, bu inkişaf kitabxanalarda da hiss olunmalıdır?
Cavab: Mən, ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə sualınıza cavab vermək istərdim: “İnkişaf – məqsədimizdir”. Cənab Prezident Azərbaycanın bütün sahələrinin inkişafı və tərəqqisi uğrunda çalışır, ölkəmizdə sabitlik bərqərar olub, quruculuq işləri həyata keçirilir. Şübhəsiz ki, kitabxanalar da bu işdən kənarda qala bilməz. Dünya iqtisadi böhran fonunda insanlar yeni ixtisaslara yiyələnməli, dil və komputer texnologiyalarını öyrənməlidirlər. Bu iş əsasən, kitabxanalarda həyata keçirilməlidir. Kitabxanaya tələbat var. Aztəminatlı ailələrə, fiziki imkanları məhdud olan insanlara isə kitabxana hava, su kimi lazımdır. Bu cəmiyyətdə sosial gərginliyin hər zaman qarşısını ala bilən amildir. Amma bunun üçün kitabxanalar inkişaf etməli, onlara real imkanlar yaradılmalıdır.
Sual: Ölkə başçısı cari ilin 8 fevral tarixində minimum əməkhaqqının qaldırılması haqqında Sərəncam imzalamışdır. Sərəncam kitabxana işçilərinə də şamil edilir?
Cavab: Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı mədəniyyət sahəsində, xüsusən də kitabxana-informasiya sahəsində çalışan insanların bir çoxuna aiddir. Bunların arasında baş kitabxanaçılar, bölmə müdirləri, böyük kitabxanaçılar, multimediya mütəxəssisləri, kitabxanaçılar–informasiya texnologiyaları üzrə mütəxəssislər, biblioqraflar, baş biblioqraflar, böyük metodistlər, sistem inzibatçıları, proqramçılar, operatorlar vardır. Çox böyük sevinc və minnətdarlıqla qarşılanan sənəddir. Onun müqabilində kitabxanaçılar daha böyük səylə çalışacaqlar.
Sual: Lətifə xanım, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı əsasən nəyə yönəldilib?
Cavab: Fərman ölkəmizdəki kitabxanaların nüfuzunun yüksəlməsinə, onların imkanlarının üzə çıxarılmasına şərait yaradılmışdır. Bununla əlaqədar, Azərbaycanda kitabxana sosial institutunun inkişaf perspektivləri işlənməlidir.
Fərman ölkəmizdəki kitabxanaların nüfuzunun yüksəlməsinə, onların imkanlarının üzə çıxarılmasına şərait yaradacaq. Fərmanda kitabxana sisteminin daha da inkişaf etdirilməsi, bu sahədə informasiya texnologiyalarının geniş tətbiqi, sahənin müasir vəziyyətinin təhlil edilməsi, mövcud stereotiplərə yenidən nəzər salınması zərurəti irəli sürülmüşdür.
Son illərdə nəinki informasiya məhsullarının formaları və növləri barədə, həmçinin kitab nəşri, kitabların mühafizəsi, yayılması və informasiya xidməti sahələrində bir sıra müəssisələrin rolu və funksiyalalrı barədə təsəvvürlər dəyişib. Komputer və telekommunikasiya mühitinin yaradılması və inkişafı kitabxana prosesinin inkişafı fonunda baş verir.
İkinci onilliyinin başa çatan XXI əsrə qlobal informasiya əsri deyirlər. Bizim ölkəmiz üçün də bu yol qaçılmazdır.
Əslində indi söhbət ölkəmizdə kitabxana işinin prinsipcə yeni konsepsiyasından – qloballaşma dövrünün xüsusiyyətlərinə uyğun konsepsiyadan gedir.
Etiraf etmək lazımdır ki, az qala bütün kitablarda və tədris vəsaitlərində kitabxana barədə təsəvvür hələ də köhnə anlayış və sxemlər çərçivəsində qalmışdır. Halbuki, kitabxanaların fəaliyyət sahəsinə informasiya texnologiyalarının sürətlə tətbiq edilməsi kitabxanalar barədə təsəvvürü çoxdan dəyişməli idi.
Köhnə təcrübəni tamamilə rədd etmədən, onu daha da təkmilləşdirən, tamamlayan və modernləşdirən yeni elementlərdən, yeni kitabxana-informasiya mühitindən gedir.
Sual: Fərmanın icrası ilə əlaqədar hansı işlər görülməlidir?
Cavab: Çox işlər həyata keçirilməlidir. Fərmanla əlaqədar qarşımızda böyük məqsədlər durur, zəruri işlər həyata keçirilməlidir. Kitabxanalar dirçəliş dövrünü yaşamalıdır.
Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərə Mehriban xanım Əliyeva dinamiklik, çeviklik, müasirlik gətirir. Azərbaycanın kitabxana-informasiya sahəsi də islahatlara hazır olmalıdır.
Kitabxanalar dünya informasiya məkanına inteqrasiya etməli və öz sərvətlərini, maraqlı və unikal sənədlərini, ölkənin nailiyyətlərini, Qarabağ həqiqətlərini və s. dünyaya çatdırmalıdır.
Sual: Kütləvi kitabxanaların yeni vəzifələri arasında hansıları qeyd edərdiniz?
Cavab: Əhalinin müxtəlif kateqoriyalarının, ilk növbədə uşaq, yeniyetmə və gənclərin qiraətlə müntəzəm məşğul olması, bədii-estetik və yaradıcı inkişafa tələbatın ödənilməsi, təhsilə marağın artırılması və ona davamlı, fasiləsiz xarakter verilməsi, kitabxanaların insanlarda ünsiyyət mədəniyyəti və kommunikativ qabiliyyətlər formalaşdıran ən mühüm mərkəzlərdən birinə çevrilməsi, dialoq aparmaq bacarığına yiyələnmək, ictimai yəyini öyrənmək, müxtəlif şəraitdə insanların məruz qaldığı stres hallarının aradan qaldırılması kimi tələbatın ödənilməsi məsələləri də bu qəbildəndir.
Azərbaycan kitabxanaları öz informasiya resurslarını istifadəçilərin tələbatına uyğunlaşdırmalıdırlar. Müasir elektron məlumat bazaları yaradılması yolu ilə kitabxana fondlarının növ tərkibini modernləşdirməlidirlər.
Sual: Bu gün Azərbaycanın kitabxanaları və kitabxana işçiləri bu mühüm zirvəni fəth etməyə necə hazırlaşırlar?
Cavab: İnformasiya iqtisadi, elmi-texniki və mədəni inkişafın əsas resursudur, informasiyanın nizamlanmış formada olması və ondan istifadə etmək imkanının yaradılması vacib məsələlərdən biridir.
Bizim kitabxanalar yeni siyasi və iqtisadi şəraitdə işləməyə uyğunlaşmalı, yeni texnologiyalar əsasında modernləşdirilməlidirlər.
Kitabxanaların inkişafı sahəsində dünya təcrübəsi göstərir ki, kütləvi kitabxanalar bu sahədə əsas işi öz üzərlərinə götürməlidirlər. Məhz bu kitabxanalar geniş oxucu kütləsinin informasiyadan istifadə edə bilməsini təmin edir, bütün kateqoriyalardan olan istifadəçilərə, müxtəlif müəssisə və təşkilatlara informasiya xidmətini həyata keçirirlər.
Unutmaq olmaz ki, biz, mahiyyət etibarilə, yeni tarixi dövr yaşayırıq. Bu mərhələdə kitabxanaların əsas sosial vəzifəsi yenə də əvvəlki kimi qalmışdır: kitabxanalar milli ideyanın gerçəkləşdirilməsinə, mədəni irsi, bəşəriyyətin mənəvi yaddaşını, millətin sosial yaddaşını bir yerə cəmləşdirməyə və bu dəyərlərin nəsildən-nəslə ötürülməsinə şərait yaradan sivilizasiyanın hərəkətverici qüvvəsi olmalıdır.
Yeni tələblər kitabxana işinin yeni texnologiyasının yaradılması zərurətini irəli sürür.
Müasir dövrdə kitabxanaların missiyası, sosial funksiyaları, sosial rolu və inkişaf prioritetləri müəyyən olunmalıdır.
Kitabxanalar informasiya cəmiyyətinə “calaq” kimi daxil olmamalıdırlar.
Sual: Uzaq keçmişdə və müasir dövrdə kitabxananın yerinə yetirdiyi dəyişməyən funksiya hansıdır?
Cavab: Kitabxana mədəniyyət və informasiya xəzinəsidir, təcrübə və bilik dünyasıdır. Eyni zamanda kitabxanada əsrlərin mədəniyyət ənənəsi, bəşəriyyətin tarixi yaşayır. Kitabxana bir növ təcrübənin və varisliyin qoruyucusu və ötürücüsüdür (translyatorudur). Kitabxanada ölkənin canlı tarixi toplanır, sistemləşdirilir, kontent analiz edilir.
Mən birinci müsahibəmdə qeyd etdiyim kimi, maarifləndirmə və davamlı informasiya funksiyasını kitabxana həyata keçirməlidir.
Azərbaycanda hələ sovet dövründə modernizm rüşeymləri özünü büruzə vermişdir. Azərbaycan klassik modernizmi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın mənəvi birliyinin, Azərbaycan modernizmi modelinin yaradılması onun xidməti olmuşdur. Dahi öndərin dövründə ölkənin tarixi epoxal xarakter daşıyan modernləşdirilməsi həyata keçirilirdi. Bu reformalar kitabxana sisteminə də şamil edilmişdir.
Sual: Yeni tipli kitabxana modeli haqqında fikirləriniz. Hansı ölkələrin modelinin tətbiqinin tərəfdarısınız?
Cavab: Kitabxanaların yeni unifikasiya edilmiş modeli, kitabxana şəbəkəsinin, habelə informasiya, biliklər cəmiyyətinin vahid universal modeli yoxdur. Çünki bu cür utopik universal model konkret ölkənin, konkret regionun dil və mədəniyyətindəki özünəməxsusluğu, adət-ənənələrini, özəlliyini, xalqın mentalitetini əks etdirə bilməzdi. Burada söhbət təkcə kitabxana-informasiya infrastrukturunun inkişafından gedə bilər. Süni formada tətbiq edilən heç bir model işləməz. Hər hansı bir modelin ayrı-ayrı elementləri konvergensiya edilə bilər.
Unutmamalıyıq ki, mədəniyyət – cari yüzilliyin əsas gücüdür. Öz simasını, öz ənənələrini qoruyub saxlaya bilməyənlər artıq uduzmuşlar.
Sual: Dövlətçiliyin möhkəmlənməsində, onun təbliğində kitabxanaların rolundan nə deyə bilərsiniz?
Cavab: Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edən indiki dövrdə yeni praktiki və fundamental biliklər, operativ əldə edilən etibarlı informasiya cəmiyyət üçün həmişəkindən daha artıq dərəcədə gərəklidir. Əhalinin böyük əksəriyyəti bu tələbatı yalnız ümumi istifadə üçün nəzərdə tutulan kütləvi kitabxanaların vasitəsilə təmin edilə bilər, çünki mədəniyyətdən, biliklərdən və informasiyadan pulsuz istifadə etməyə imkan verən müəssisə kimi hələ də qalmış yeganə qurum – kitabxanadır.
Kitabxana dövlətçiliyimizi, tariximizi, tarixi nailiyyətlərimizi daima və davamlı formada təbliğ edən informasiya müəssisəsidir. Bu dünyada da belədir.
Sual: Ölkəmizin təbliğində kitabxanaların rolu müstəsna olmalıdır. Bu istiqamətdə hansı işlər görülə bilər?
Cavab: Mən yenə də Birinci vitse-prezident Mehriban Əliyevanın təcrübəsinə müraciət etməliyəm. Mehriban xanım Əliyeva ölkəmizi xaricdə, bütün dünyada uğurla təbliğ edir. Kitabxanalar da bu işə qoşulmalıdır. Ən yaxşı kitabxanalar XXI əsrin informasiya mərkəzlərinə çevrilməlidir. Veb sayt, Facebook, Twitter, İnstagramda maraqlı məlumatlar yerləşdirilməlidir, telekörpülər, kitab mübadiləsi, beynəlxalq konfranslar təşkil olunmalıdır. Yasamal rayon MKS-i AXC-nin 100 illiyinə həsr olunmuş, Ulu öndərin anım günü və cənab Prezidentin ad günü münasibətilə interaktiv plakatlar hazırlanmış və Rusiyanın, Ukraynanın, Belarusun kitabxanalarına göndərilmişdir. Bu yaxınlarda Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar hazırlanmış ikidilli videoçarx da bir neçə MDB ölkəsinə göndərilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcək.
Sual: Milli dəyərlərimizin təbliği və kitabxanalar.
Cavab: Dəyərlər unikal məzmun kəsb edir. Qlobal kommunikasiyalar xaosunda sarsılmaz qala olan milli mədəniyyət əslində unikal dəyərlər məcmusudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlər çox aktualdır: “Xalq özünün zəfərləri və işləri ilə məşhurlaşır, lakin bu zəfərlərin, bu işlərin ən əhəmiyyətlisi mədəniyyətdir”. Kitabxanalar milli dəyərlərimizi qorumaqla yanaşı, onları geniş və sistemli şəkildə təbliğ etməlidirlər.
Sual: Ölkəmizdə tarixi əhəmiyyət kəsb edən, qiymətli kitabların dəqiq siyahısı var?
Cavab: Bəli, var. Bu cür nadir, raritet kitablar “kitab abidələri” adlanır. Belə kitablar çoxdu. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində “kitab abidələri” reyestrinin I hissəsi tərtib edilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan kitab abidələri” DVD buraxılmış və bütün kitabxanalara hədiyyə edilmişdir. “Kitab abidələri haqqında” Əsasnamə də hazırlanmış və təsdiq edilmişdir.
Bu işin birinci mərhələsi uğurla başa çatdı.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Fərmanının icrasını təmin etmək məqsədi ilə bu iş davam etdirilməlidir.
Sual: Yenə də İnternet və rəqəmsallaşmaya qayıdaq.
Cavab: Fikrimizcə, insanlar ilk növbədə yaxşı kitablara və dərsliklərə, bundan sonra isə İnternetə ehtiyac hiss edirlər. Elektron kitabxanalar klassik kitabxanalara əlavədir, lakin heç bir halda onları sıxışdırıb aradan çıxarmalı deyil.
Amerika yazıçısı Pol Di Filippo demişdir: “Hər gün bütün dünyada konsensus gerçəklikləri çoxlu sayda kiçik mədəniyyətləri əzir”.
Bu və digər səbəblərdən YUNESKO şəbəkədə milli kontentin, milli mədəniyyətin və milli dillərin qorunub saxlanmasının tərəfdarıdır. “Millətlərin rəqəmsal qeyri-bərabərliyi” halının aradan qaldırılması ideyası müxtəlif sosial qruplar, ölkələr və regionlar arasında fərqlərin daha da kəskinləşməməsi üçün hamının qlobal informasiya infrastrukturundan bərabər istifadə imkanının təmin edilməsini nəzərdə tutur.
“Gələcəyin rəqəmsal irsi” məsələsi çox mürəkkəb məsələdir. Qədim sənədlərin, mədəni irsin, ən çox istifadə edilən kitabların rəqəmsal formaya salınması onların bərpa oluna bilməyəcək dərəcədə zədələnməsi ilə müşayiət olunmamalıdır.
Mən bunu birinci müsahibəmdə də vurğulamışam. Fərz edək ki, müəyyən qiymətli sənəd rəqəmsal formaya çevrilmiş, lakin həmin sənədin orijinalı itirilmişdir. Bu halda həmin sənədin surətinin həqiqiliyinə (dəqiqliyinə) necə zəmanət vermək olar? Deməli mədəni yaddaş təsadüfi şəkildə və ya qərəzli qaydada redaktə edilə bilər. Belə hallara yol verilməməlidir.
Sual: Azərbaycandakı Elektron kitabxanalar haqqında söhbətimizi davam etdirək. Elektron kitabxananın yaradılması zərurəti nədən irəli gəlmişdir?
Cavab: İki böyük səbəb var idi. Birinci səbəb. Dövrün, zamanın, informasiya əsrinin tələbi, digər səbəb isə 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamları ilə yüz minlərlə kitablar nəfis şəkildə Azərbaycan dilində latın qrafikalı əlifba ilə nəşr olunmağa başlanmışdır. Bu kitablar Azərbaycan oxucularına, xaricdə yaşayan həmvətənlərimizə, bütün dünya ictimaiyyətinə çatdırılmalı idi. Kitabxana tarixində misli görünməmiş işlər görülürdü. Bu kitablar yalnız Elektron kitabxanalar vasitəsilə oxucuya tez bir zamanda çatdırıla bilərdi.
Görülən işlər çox böyük əks-səda doğurdu, çoxlu sayda rəy və müraciətlər daxil olurdu. Ballasta çevriləcək kitab fondlarına yeni nəfəs verildi. Azərbaycan ədəbiyyatı və Azərbaycan dilində olan nəşrlər dünya informasiya məkanına çıxarılaraq, öz oxucusunu tapdı.
Sual: İlk Elektron kitabxanalar nə vaxt yarandı, bu proses neçə il davam etdi?
Cavab: Mədəniyyət Nazirliyinin sisteminə daxil olan kitabxanalarda ilk dəfə Elektron kataloqlar 2005-ci ilin mart ayında yaradıldı. 2 pilot layihə həyata keçirildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında (ilk öncə uşaqlar nəzərə alındı) və Şamaxı rayon Mərkəzi Kitabxanasında (Azərbaycanın ən qədim və möhtəşəm mədəniyyət mərkəzlərindən biri).
Elə həmin vaxt Elektron kataloq ölkəmizin baş kitabxanasında – Milli Kitabxanada da yaradılmağa başlandı. Qeyd etdiyim 3 kitabxana ön plana keçdi və bütün sistem üçün nümunə oldu.
Sual: Nə üçün cəmi 3 kitabxanada?
Cavab: 14 il bundan öncə ölkədə kitabxana-biblioqrafiya prosesləri avtomatlaşdırılmamışdı. Zaman gözləmirdi, oxucular isə tələb edirdi. Avtomatlaşdırılmış sistem seçilməli idi: münasib qiymət, müasir tələblərə cavab verən, lisenziya və sertifikatı olan, dünyada tanınan, çox yayılan və istifadə edilən, kitabxanaçılar tərəfindən asanlıqla qavranan və s. Yeni sistem təcrübədən keçirilməli idi. Buna görə 2005-ci ildə layihədə iştirak etmək üçün nazirlik tərəfindən cəmi 2 kitabxana seçildi. Pilot layihə uğurla nəticələndi.
Sual: Azərbaycan kitabxanalarında avtomatlaşdırılma prosesi necə həyata keçirildi?
Cavab: Qeyd etdiyim kimi, avtomatlaşdırma 2005-ci ilin mart ayından başladı. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” avtomatlaşdırma proseslərinə güclü təkan verdi. Qısa müddətdə (təxminən 3 ilə) 52 kitabxanada Elektron kataloq, 30-dan çox kitabxanada isə Elektron kitabxana yaradıldı. Nəinki kitabxanalarda, Balakən və Tovuz rayonlarının Heydər Əliyev Mərkəzlərində də Elektron kitabxana yaradıldı. Bakıdan uzaq olan rayonlarda Gədəbəy, Şəmkir, Beyləqan, Daşkəsən, Füzuli, Göygöl, Yevlax, Qazax, Ağstafa, Zaqatala və s.
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalardan başqa, bir çox nazirliklərin tabeliyində olan kitabxanalarda da kitabxana-biblioqrafiya prosesləri avtomatlaşdırıldı.
Qeyd etdiyim kimi, qısa zaman ərzində Mədəniyyət Nazirliyinin tabeliyində olan əksər kitabxanalarda Elektron kataloq və Elektron kitabxanalar yaradıldı (işğal altında olan 8 rayondan, habelə Qobustan, Xızı, Yardımlı, Lerik, Oğuz, Goranboy, İmişli, Tərtər rayonları istisna olmaqla).
Sual: İnternetdə problem yaranan zaman bu kitabxanalar vəziyyətdən necə çıxırdılar?
Cavab: İRBİS-64 AKİS-də (Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemində) İnternet olmadan (lokal) şəraitdə işləmək mümkündür. Rusiya Federasiyasından gələn mütəxəssislərin köməyi ilə bütün Elektron kataloq və Elektron kitabxanalar Bakıdakı vahid mərkəzdən idarəolunma sistemi yaradıldı. Kitabxanaların işində heç bir problem və fasilə yaranmırdı. Hələ 8 il öncə kitabxanaların Elektron kataloqu və Elektron kitabxanası 24/7 rejimində işləyirdi.
Sual: Bu gün kitabxanaların Elektron kataloqunda çox vaxt problem yaranır, axtarış apara bilmirik. Bunu nə ilə izah edə bilərsiniz?
Cavab: Yeni ALİSA proqramının ofline (lokal) rejimində işləməməsi – problemin əsas səbəblərindən biridir. 2010-cu ildə “Ultra Computers” şirkəti Nazirliyə maraqlı təkliflər paketi təqdim etdi və bir çox işlərin görülməsini öhdəsinə götürdü:
Kitab nəşrləri ilə bağlı mərkəzləşdirilmiş portalın yaradılması;
Hər bir müxtəlif kitab saytlarının Mədəniyyət Nazirliyində yerləşdirilməsi (mərkəzləşdirilmiş hostinq) imkanı və mərkəzi sistem ilə mübadilənin təmin edilməsi üçün imkanın yaradılması;
Mərkəzdə nəşrlərin mərkəzləşdirilmiş qeydiyyat-uçot kartoçkasının yaradılması və həmçinin mərkəzdən göndərilmiş kitabların müxtəlif kitabxanalara çatdırılmasına nəzarət sistemi;
Hər bir kitabxanada inventarizasiya olunmuş nəşrlərin müddətinin və lokal hərəkət uçotunun aparılması;
Müəllif hüquqlarına əsasən giriş məhdudiyyəti olmayan kitabların dərc edilməsi;
Kitabları onlayn rejimdə oxumaq istəyən veb oxuyucuların qeydiyyat mexanizmi;
Kitabları oxumaqdan əlavə rezerv etmə hüquqlarına malik istifadəçilərin profillərinin yaradılması və idarə edilməsi;
Oxumaq və oxuyucuya təqdim etmək üçün nəşrlərin və kitabların məsafədən rezervasiyası sistemi. Kitabçanın statusuna baxmaq üçün ayrıca təqvim;
Müxtəlif mərkəzləşdirilmiş hostinq saytlarında dərc olunan kitabların inteqrasiyası (mübadiləsi);
Kataloqa unikal nəşr daxil edildikdə (məsələn, kiçik tirajla yerli çap olunmuş kitablar) və ya istifadə üçün inventar nömrəsi təyin olunduqda kitabxana tərəfindən kitabların filtrasiyası və axtarış (ad, müəllif və s. əsasında) imkanın yaradılması sistemi;
Hər bir digər sistem (misal üçün: VTLS, İRBİS və s.) üçün mərkəzi sistemlə məlumat mübadiləsi və qaşılıqlı əlaqə məqsədilə inteqrasiya;
Kitabxana fondunun mövcud vəziyyətinə əsasən mərkəzləşdirilmiş hesabat və analitika fondunun yaradılması;
Mükəmməl axtarış və filtrasiya sisteminin yaradılması və s.
Dünyanın heç bir AKİS-ində olmayan funksiyalar təklif olundu, böyük vədlər verildi. Lakin ilk gündən kitabxanaçılar ciddi problemlərlə rastlaşdılar. Kitabxanalarda avtomatlaşdırma işləri çıxılmaz vəziyyətə düşdü. Kitabxanaların Vahid Elektron Kitabxanası və məlumatların idarəetmə sistemi və s. yaradılmadı.
Problemlər indi də mövcuddur.
Sual: Hazırda bu sahədə vəziyyət necədir?
Cavab: “Ultra Computers” tərəfindən verilən vədlər demək olar ki, yerinə yetirilmədi. Utopik ideyalar, öhdəliklər kağız üzərində qaldı. Mədəniyyət Nazirliyi onun üzərinə düşən işləri tam yerinə yetirdi. Təkcə 2011-ci ildə bu işlərin mütəşəkkil formada həyata keçirilməsi üçün 2 əmr hazırlandı (iyun və iyul aylarında).
2013-cü ilin noyabrın 28-də Muzey Mərkəzində “Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sistemi”nin (ALİSA) təqdimatı keçirildi. Və şirkət bununla da öz işini bitmiş hesab etdi.
ALİSA sisteminin vasitəsi ilə 50 saniyəyə ilk oxucu bileti – plastik kart təqdim olundu (bilet №1). 2013-2019-cu illərdə isə oxucu biletini heç bir oxucu ala bilmədi.
Sual: Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün şəhər və rayon kitabxanalarının saytlarının dizaynı, onların tərtibatı eynidir. Bəs dünya praktikasında necədir?
Cavab: Bu məsələ kitabxanaları da çox narahat edir. Onlar istədikləri vacib linkləri Veb sayta əlavə edə bilmirlər. “Ultra Computers” şirkəti tərəfindən 75 MKS (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) üçün 1 veb sayt nümunəsi hazırlanıb.
Dünya praktikasında isə hər kitabxananın özəl saytı, məxsusi Elektron kataloqu və Elektron kitabxanası vardır. Onlar vahid portlada birləşə bilər. Saytlar unifikasiya olmamalıdır, hər bir regionun özəlliyi kitabxanaların saytında öz əksini tapmalıdır.
Sual: Kitabxana sahəsinə dair yeni nəşrlər ölkəmizdə var?
Cavab: Son 10 ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə kitabxana-informasiya sahəsinə dair 7 kitab işıq üzü görüb. Ölkədə təşkil olunmuş 3 beynəlxalq seminarın materialları iki dildə (Azərbaycan və rus) nəşr olunub. Nəşr olunan kitablara mədəniyyət naziri Əbülfəs Qarayev ön söz yazıb. 2007-ci ildə çox mühüm əhəmiyyətli toplu “Kitabxanalar biliklər cəmiyyətində. Библиотеки в обществе знаний” nəşr olundu. İlk kitab və ilk təcrübə idi. Kitabın ön sözü bütün MDB məkanında təlatüm yaratdı, gözəl əks-səda doğurdu. Bu kitab MDB kitabxanaçılarının indi də stolüstü kitabıdır.
Sual: İnternet kitabxananı əvəz edə bilər?
Cavab: Əlbəttə yox. İnternetdə yerləşdirilən kitablar, elektron külliyyatlar, əsasən kitabxanalar tərəfindən hazırlanır. Materiallar sistemləşdirilir, seçilir. Önəmli işdir. Biz gələcək nəsillərə nələri çatdırmalıyıq? Cəmiyyətimiz, həyatımız, fəaliyyətimiz gələcək nəsillər tərəfindən necə qiymətləndiriləcək? Bu bizdən asılıdır.
Sual: Sizcə kitabxanaların tərtibatı oxucuları cəlb etməlidir?
Cavab: Əlbəttə. Kitabxanaların tərtibatına xüsusi önəm verilməlidir, bunun üçün büdcədən kitabxanalara xüsusi vəsait ayrılmalıdır (muzeylərdə bu var). Bu məsələnin nəzərə alınması kitabxana işinin optimallaşdırılmasına təkan verər.
Məsələn, memorial kitabxanaları götürək. M.Ş.Vazehin adını daşıyan kitabxanada “Mirzə Şəfi otağı” yaradılmalıdır. Burada şairin geyimi, mürəkkəb qabı və lələk, kitablar və s. olmalıdır. Yəni bu kitabxanaya gələn oxucu Vazeh mühiti ilə tanış olmalıdır. Yaxud, Şamaxı rayonunun kitabxanalarında Nəsiminin, Xəqaninin, Seyid Əzimin, Sabirin büstləri, böyük portretləri, faksmile edilmiş əlyazmalar, Şamaxının qədim şəkilləri, maketlər və s. olmalıdır. Bir sözlə, kitabxananın tərtibatı oxucuda kitaba, mütaliəyə maraq oyatmalıdır.
Yaxud, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mir Cəlal, Səməd Vurğun, Mehdi Hüseynzadə, Yusuf Məmmədəliyev, Lev Landau, Niyazi, Qara Qarayev, Səttar Bəhlulzadə, Ziya Bünyadov, Azad Mirzəcanzadə və b. istifadə etdiyi kitabxanalarda bu böyük şəxsiyyətlər haqqında guşə və sərgilər yaradılmalıdır. Bu gün həmin kitabxanalara gələn hər bir oxucu dahilər istifadə edən kitabxanadan fəxrlə istifadə edər.
Kitabxananın qarşısında quraşdırılan monitorda isə bütün bu, habelə digər maraqlı məlumatlar əks olunmalıdır.
Sual: Bu gün bütün ölkələrdə mütaliə ciddi problemə çevrilib. Bu barədə fikriniz necədir?
Cavab: Bir cümlə ilə deyəcəm. Mütaliə – qlobal problemdir. Kompüter texnologiyaları əsrində yaşayırıq. Kommunikasiyaların görünməmiş dərəcədə artması informasiya “hay-küyü”nə, informasiya xətalarının artmasına səbəb olur.
“Kompyuter savadı”nın əks tərəfi də mövcuddur. Elementar təfəkkür, oxuma və yazma vərdişləri, söz ehtiyatı itirilə bilər.
Elektron kitab və kağız kitab bir-birindən tamam fərqli intellektual məhsullardır, onları oxumaq üçün müxtəlif mütaliə vərdişləri tələb olunur. Bu vərdişlərin hər ikisi müasir insana eyni dərəcədə gərəklidir. Qeyd etməliyəm ki, informasiya texnologiyalarının mütləqləşdirilməsi adi savadı: düzgün yazmaq və ana dilində danışmaq bacarığını təhlükə altına alır. Qrammatik qaydalardan kənara çıxan şəbəkə jarqonunun da yaşamaq hüququ var, lakin o, ədəbi normaları ləğv etməməlidir.
Bir zamanlar kinematoqrafiya tarixində də təxminən buna oxşar vəziyyət yaranmışdı. Səsli kino yığcam və anlaşıqlı olduğuna görə danışıq slenqini qanuniləşdirmiş olsa belə o, ədəbiyyatı məhv etmədi.
Sual: Bir məsələni xatırlatmaq istərdim. Soros Fondu Azərbaycan kitabxanalarına diqqət göstərirdi, onları informasiya texnologiyaları ilə təmin edirdi. Bu işlər əvəzsiz görülürdü?
Cavab: Soros Fondu kitabxanaları texnologiyalarla deyil, avadanlıqlarla təmin edirdi. Bəli, maddi cəhətdən əvəzsiz. Amma əvəzində kitabxana icmasını, kitab fondlarının tərkibini dərindən öyrənirdi.
Kitabxanada informasiyanın böyük massivinin olması hamıya bəllidir. “Sorosçular” diyarşünaslığa, milli-mədəni irsə, bizim mentalitetimizə, tariximizə, adət-ənənələrimizə dair materialları sanki “udurdu”, yəni bu materialları dərindən öyrənir, hətta surətlərini çıxarırdı. Belə hallar bütün MDB ölkələrində baş vermişdi. Bizim mentalitetimiz, xarakterimizin xüsusiyyətləri, milli şüurumuz onları çox maraqlandırırdı. O ki qaldı informasiya texnologiyalarına mən bir daha qeyd etməliyəm ki, onlar kitabxanaları yalnız İnternet, komputer, proyektorlarla təmin edirdilər. Bunlar isə informasiya texnologiyaları yox, sadəcə yeni nəsildən olan avadanlıqlardır.
Sual: Kitabxanada “təcrübəli” oxucu anlayışı olmalıdır?
Cavab: Məncə olmalıdır. Fəal oxucu anlayışı var. Yasamal rayon MKS-ində biz Fəxri oxucu adını da təsis etdik. Hesab edirəm ki, bu iş gözəl ənənəyə çevrilər. Təcrübəli oxucunu isə yaratmaq, onunla fərdi formada daimi iş aparmaq lazımdır. Fayda verən, motivasiyanı artıran bir işdir.
Hər kitabxananın insan resursu bazasında fəallar, say-seçmə adamlar olmalıdır. Kitabxanalarda Hamilik şurasının yaradılması və onun fəallığının təmin edilməsi isə kitabxanaların inkişafında çox mütərəqqi addım ola bilər.
Sual: Hər bir kitabxana üçün ən zəruri və lazım olan kitablar hansılardır?
Cavab: Bilirsiniz, kütləvi kitabxanaların “kitab nüvəsi” olmalıdır. Bu vacib işdir. Böyük siyahıya ən çox oxunan, tarixi və tərbiyəvi əhəmiyyət daşıyan kitablar, dünya ədəbiyyatından nümunələr daxil olmalıdır.
Fondlar daima zənginləşdirilməlidir. Fikrimcə hər Mərkəzi Kitabxanaya il ərzində 2000-dən çox kitabın, bundan başqa digər informasiya daşıyıcıların, qəzet və jurnalların, kitabxana filiallarına isə 1000-ə yaxın kitabların daxil olması oxucuları razı salan və onları kitabxana gətirən ən mühüm amillərdən biri ola bilər.
Sual: Qısaca olaraq kənd kitabxanasının yeni funksiyalarını necə xarakterizə edərdiniz?
Cavab: Kənd kitabxanası kiçik bir məkan olmasına baxmayaraq, onun böyük dünyası olmalıdır. Bu məkan kənd icmasının savad, bilik mənbəyi, maarifləndirmə, ünsiyyət, məlumat mərkəzi olmalıdır. Hər bir kənd kitabxanasını unikal informasiya adasına çevirmək, oxuculara müsbət mənada təsir göstərmək olar. Kənd oxucusunun mənəvi dünyasını zənginləşdirmək məhz kitabxananın funksiyalarından biridir. Hər bir kənd kitabxanası ictimai ünsiyyət mərkəzi ilə yanaşı, ictimai rəy mərkəzinə də çevrilməlidir. Kənd kitabxanalarının maddi-texniki bazası bu gün çox zəifdir. Onların şəraiti qənaətbəxş deyil. Kadr məsələsində də problemlər mövcuddur.
Sual: Deyirlər hər bir insan həyatda 7 dəyərli kitab oxumalıdır. Bunların siyahısı Sizdə var? Onları necə müəyyən edirsiniz?
Cavab: Siyahı verim Sizə? Suala sualla cavab verdim (gülür). Məsələ burasındadır ki, 7 dəyərli kitabı tapmaq üçün minə yaxın kitab oxunmalıdır. Ən dəyərli kitablar bu cür seçilir. Hər insan zövqünə uyğun kitab oxuyur. Necə deyərlər “zər qədrini zərgər bilər”.
Sual: AZLİBNET Mərkəzinin işi bizi çox cəlb etdi. Mərkəz haqqında nə deyə bilərsiniz?
Cavab: AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi Dövlət Proqramına əsasən 2009-cu ildə yaradılıb. Bu il onun 10 illiyidir. Mərkəz yaranandan orada C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən böyük işlər görülmüşdür. AZLİBNET-ə təkcə kitabxanaçılar deyil, kitab və mütaliə ilə maraqlanan zamandan və məkandan asılı olmayaraq, oraya müraciət edirlər. Mərkəzin Veb saytında maraqlı məlumatlar yerləşdirilmişdir: Ulu öndərin Milli Kitabxanada 4 çıxışı, Azərbaycan Respublikası Prezidentinin kitabxana-informasiya sahəsinə dair imzaladığı sərəncamlar, normativ hüquqi sənədlər, nadir kitablar və s. Mərkəz virtualdır.
Sual: Kitabxana xidmətlərinin kommersiyalaşdırılmasına dair fikriniz.
Cavab: Kitabxanada qismən pullu xidmətlərin göstərilməsinin tərəfdarıyam. “Ödənişsiz maarifləndirmə” – bu devizin tərəfdarıyam.
Sual: Qloballaşma və kitabxanalar. Bu mövzuya dair fikirləriniz.
Cavab: Hüseyn Cavidin müdrik sözləri var: “Elm hər dildə birdir”. Qloballaşan dünyada milli mədəniyyət o qədər əhəmiyyətlidir ki, mədəniyyət geosiyasəti barədə qətiyyətlə və birmənalı şəkildə danışmaq lazımdır. Kitabxanalar isə zamanın çağırışlarına cavab verməli, canlı tarixə çevrilməlidirlər.
Qloballaşan dünyada məhz mədəniyyət millətin strateji resursuna çevriləcək, Avrasiya məkanında sistemli inteqrasiyasını müəyyən edəcəkdir.
Avrasiya məkanında Azərbaycan mədəniyyətinin yayılmasının mühüm aspektlərindən biri – Heydər Əliyev irsinin təbliğ edilməsidir. Milli brendlərə isə qürur hissi ilə yanaşmaq lazımdır.
Sual: Qloballaşma şəraitində dillərin qorunmasında kitabxanaların rolu.
Cavab: Məlum məsələdir ki, qloballaşan dünyada ingilis dili üstünlük təşkil edir. Təkdillik (monodillik) o qədər də yaxşı əlamət deyil. Biz ana dilimizi qorumalıyıq, onu inkişaf etdirib zənginləşdirməliyik. Ana dili rəqabətdən kənardır! Amma monodillik ölkəni problemlə qarşılaşdıra bilər. İnsanlar peşə biliklərini, dünyagörüşlərini genişləndirməlidirlər, iqtisadiyyatı, sosial sahəni və mədəniyyəti inkişaf etdirməlidirlər. Götürək veb saytları. Onların çoxu ingilis, rus və s. dillərdədir. Bu informasiya ilə tanış olmaq, onunla işləmək, informasiyadan istifadə etmək üçün dilləri bilmək mütləq şərtdir.
Sual: Cəmiyyətlərin bütün təlatümlü dövrlərində savada, mədəniyyətə böyük ehtiyac duyulub.
Cavab: Düz buyurursunuz. Tarixi ənənəyə görə Azərbaycan xalqı dövlətçiliyi sevən xalqdır. Bu gün də xalq və dövlət həmrəy, həmahəngdir. Kitabxanaya gəldikdə isə o, cəmiyyətin mühüm sosial institutu, mədəniyyətin vacib infrastrukturu, bilik və informasiya mərkəzi, dövlətin informasiya forpostu və dayaq nöqtəsidir. Bir sözlə, mədəniyyət siyasətinin bastionudur (qalasıdır).
Bu gün dünyada mənəviyyat düşkünlüyü, mənəviyyat bəsitliyi, savadsızlıq, dinlərin radikal formaları, terrorizm və s. mövcuddur. Bütün bunlar müharibə, vətəndaş münaqişələri ocaqlarının yaranması ilə nəticələnir.
Savadsız insan isə cəmiyyət üçün çox təhlükəlidir. O, qeyri adekvatdır, deqradasiya olur. Savadı olmayan insan sosial baxımdan da təhlükəlidir. Belə insan terrorizmə, radikallığa, təhlükəli hərəkətlərə, zərərli vərdişlərə və s. meyilli olur. 100 il bundan öncə Məmməd Səid Ordubadinin: “İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır” sözləri bu gün də çox aktualdır. Bu baxımdan kitabxana hər bir oxucu ilə xoş ünsiyyət qurmalı, fərdi iş aparmalıdır. Kitabxanalar idarə, müəssisə, bələdiyyə, məktəb, ictimai təşkilat və QHT-lərlə iş birliyi qurmalıdır.
Sual: Dünyada iqtisadi böhran, siyasi təlatümlər baş verir. Fikrinizcə onun mədəniyyətlə əlaqəsi var? Yaxud böhran mədəniyyətə təsir göstərir?
Cavab: Bütün böhranların başlıca səbəbi – mənəviyyat, mədəniyyət, dəyərlər böhranıdır. Dəyərlərin dəyişməsi, onların yenidən qiymətləndirilməsi çox ağır bir prosesdir. İqtisadi böhranı da mənəviyyat böhranı törədir.
Sual: Gərgin bazar şəraitidir. Bu şəraitdə kitabxanaları qoruyub saxlamaq da çətindir.
Cavab: Nəinki kitabxanaları, bütövlükdə mədəniyyəti qoruyub saxlamaq çox çətindir.
Ölkənin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın işləri hamımıza örnək olmalıdır. Mehriban xanım nüfuzlu, sosial baxımdan həssas şəxsiyyətdir, onun sosial xeyriyyəçiliyi və filantrop aksiyaları, mərhəmətliyi kitabxanalar vasitəsilə geniş təbliğ edilməlidir, dünyaya çatdırılmalıdır, dünya azərbaycanlıları, dünya ictimaiyyəti bunlardan bəhrələnməlidirlər. Kitabxanaların buna imkanı var.
Heydər Əliyev Fondunun nəşrlərini də kitabxanalar təsadüfi hallarda deyil, sistemli şəkildə təbliğ etməlidir.
Sual: Dünya dəyişir, bəs kitabxanalar?
Cavab: Dəyişkən dünyada kitabxanaların öz mövqelərini qoruyub saxlamaları üçün kitabxanalar özləri dəyişməlidirlər.
Əhalinin əhatə baxımından ən kütləvi xidmət sahəsində – informasiya, təhsil və mədəniyyət mərkəzinə çevrilməli olan kitabxanalarda işləyəcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsinə dair yeni tələblər obyektiv şəkildə qarşıya çıxır.
Kitabxanalar qeyri-hökümət, ictimai təşkilatlar və geniş ictimaiyyətlə işləməlidir.
Əsas vəzifə ondan ibarətdir ki, kitabxanaların statusunun, rolunun və maddi səviyyəsinin yüksəldilməsini təmin etmək üçün cəmiyyətin və kitabxana-informasiya texnologiyalarının inkişafının müasir meylləri aydınlaşdırılmalıdır.
Müsahibəni apardı:
Şəhla Aslan
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM