Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırma aparıb.
Həmin araşdırmanı təqdim edirik:
Qeyd etmək lazımdır ki, genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrə daxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə ifadə etsək gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.
Bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirmişdir. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaratmışdır.
Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.
Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir. Qeyd etmək lazımdır ki, bitkiciliklə yanaşı heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüşsomon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı vəya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər. Dünya əhalisinin artım sürətini nəzərə alaraq yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür. Hal-hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir. Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesininin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur[5;6] .
Dərman sənayesi və tibb sahəsində GMO-lar əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.
Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümümi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər. Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.
GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Qeyd etmək lazımdır ki, GMO-larla fərqli növ təbii orqanizmlər arası gen transferi nəzəri olaraq inkar edilməsə də, praktik olaraq baş vermə ehtimalı çox azdır. Bununla belə, hal-hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin(cütləşmə və ya mayalanma vasitəsi ilə eyni növ orqanizmlər arası genetik materialın transferi) baş verməsidir. Başqa sözlə ifadə etsək, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. Böcəklərə qarşı müqaviməti təmin edən genin çarpaz mayalanma ilə digər təbii bitkilərə keçmə ehtimalı buna misal olaraq göstərilə bilər.
Qeyd etmək lazımdir ki, GMO-ların potensial riskləri istər elmi tədqiqat institutları istərsə də kənd təsərrüfatı sahəsində fəaliyət göstərən biotexnologiya şirkətləri tərəfindən ətraflı şəkildə təhlil edilməmişdir. Bütün hallarda, genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir.Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar etmişdir.
Hansını seçək: genetik seleksiya yolu ilə yaradılmış və minilliklərin sınağından çıxmış təbii qida məhsullarını, yoxsa genetik modifikasiya olunmuş orqanizmləri, yəni GMO-ları?!
Genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılmışdır. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olmuşdurlar. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirmişdirlər.
Seleksiya nəticəsində insanlar tərəfindən istehlak edilən bitki sortları (məs., gül kələmi, Brüssel kələmi, quru kələm, qarğıdalı) və heyvan cinsləri (məs., çox süd verən inək və qoyun cinsləri) yaradılmışdır. Qida təhlükəsizliyi baxımından bu cür orqanizmlərin insanlar tərəfindən yeyilməsi tam təhlükəsizdir. Bununla belə, seleksiya nəticəsində əldə edilən orqanizmlərin saxlanılması və becərilməsinin iqtisadi cəhətdən sərfəli olmaması, qeyri-məhsuldarlığı, habelə ətraf mühit amillərinə və zərərvericilərə qarşı həssas olması onlardan əldə ediləcək məhsulun miqdarına öz mənfi təsirini göstərir. Həmçinin dünyada əhalinin sayının artması qida çatışmazlığına səbəb olan ən vacib amillərdəndir.
Bundan başqa, genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.
Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərindən başlanılmış və günümüzə qədər davam edir.
GMO mənşəli orqanizmlər dedikdə, genetik mühəndisliyin metodları vasitəsilə canlının genetik materialında (genlərində) aparılmış dəyişikliklər başa düşülür. Hazırda GMO mənşəli orqanizmlərdən qida və dərman istehsalında, habelə elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Həmin orqanizmlərin genlərində edilmiş dəyişikliklər növbəti nəsillərə ötürülərək lazım olan xüsusiyyətlərin formalaşmasına səbəb olur.
GMO mənşəli qidalar dedikdə, genetik modifikasiya olunmuş mikrooqranizimlər, bitkilər və heyvanlardan əldə edilmiş məhsullar başa düşülür.
GMO mənşəli orqanizmlərin formalaşdırılmasına təkan verən amil 1954-cü ildə Vatson və Krik tərəfindən ikizəncirli dezoksiribonuklein turşusunun (DNT) kəşfi ilə əlaqədardır.
Molekulyar biologiya elmi inkişaf etdikcə, canlıların genetik materialının, yəni DNT-sinin öyrənilməsi də geniş vüsət almışdır. Rekombinant DNT texnologiyasının, yəni laboratoriya şəraitində canlı orqanizmlərin DNT-sinin ardıcıllığında dəyişikliklər etmək metodunun inkişafı GMO-ların yaradılmasına səbəb olmuşdur.
1973-cü ildə Herbert Boyer və Stanley Cohen ilk dəfə olaraq, antibiotikə davamlı genetik modifikasiya olunmuş bakteriya yarada bilmişlər. Bundan sonra, 1983-cü ildə ətraf mühit amillərinə davamlı tütün bitkisi yaradılmış və Çində bu bitkidən hazırlanan məhsulun satışı həyata keçirilmişdir.
İlk dəfə ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən GMO olan pomidorun marketlərdə şatışına icazə verilmişdir. Daha sonra bitkilərin zərərvericilərə qarşı mühafizəsini təşkil etmək üçün istifadə edilən pestisidlərə qarşı dözümlü pambıq, soya, qarğıdalı və şəkər çuğunduru GMO-ları yaradılmışdır. Bu tip bitkilər onların genetik materialına virus, bakteriya, əqrəb, həşərat və s. kimi orqanizmlərin genlərinin müəyyən hissələrinin köçürülməsi hesabına yaradılmışdır. Bütün bunlar GMO mənşəli qidaların sürətlə dünya bazarında artmasına təkan vermişdir və hazırda, demək olar ki, əksər böyük dövlətlərdə onların satışı problemsiz həyata keçirilir.
Dünya əhalisinin sürətlə artması və kənd təsərrüfatında heyvan mənşəli yemlərə artan tələbat tez bir zamanda daha yüksək məhsul verən və zülal ilə zəngin olan qidalara olan tələbatı da artırmışdır.
Birləşmiş Millətlər Təşkilatının (UNO) məlumatına əsasən, hazırda dünyada təxminən 7,6 milyard insan yaşayır və onların sayının 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard olacağı təxmin edilir. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna əsasən, adambaşına düşən qida istehsalı üçün əlverişli torpaqların miqdarı 2050-ci ilə qədər 0,242 hektardan 0,18 hektara qədər azalacaq.
Əhalinin sayının sürətlə artması nəticəsində yaranan qida çatışmazlığının qarşısını almaq məqsədi ilə GMO-lu qidaların kütləvi istehsalı həyata keçirilir.
Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və erroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.
Adətən, GMO mənşəli orqanizmlər iki genetik metod vasitəsilə yaradılır: birbaşa DNT-sində dəyişikliyin aparılması, yəni hər hansı genetik fraqmentin daxil edilməsi və bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi. Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, ərik, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Sadalanan GMO-lu qida məhsullarının market və bazarlarda satışıa ABŞ Kənd Təsərrüfatı İdarəsi (USDA) tərəfindən 2015-ci ildə razılıq verilmişdir.
Bu cür GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir, yalnız GMO-lu raps, pambıq, soya, qarğıdalı və şəkər çuğundurunun satışına və istifadəsinə icazə verilir.
Bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi metodundan Agrobacterium adlı bakteriyadan müxtəlif növ GMO mənşəli paxlalı bitkilərin yaradılmasında istifadə edilir.
GMO-lu heyvanlardan, əsasən, tibb sahəsində müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi nəzərdə tutulsa da, Cənubi Koreya alimləri tərəfində yaradılmış yeni balıq növünü, Çin və Yeni Zelandiya alimləri tərəfindən yaradılmış inəklərdən əldə edilən südü insanlar istehlak edirlər.
GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır.
Elm inkişaf etdikcə, GMO-ların yaradılmasında yeni genetik metodların tətbiqinə də əlverişli şərait yaranır. Belə ki, 2012-ci ildə CRISPR – Cas9 adlı yeni genetik metod vasitəsilə bitki və heyvan mənşəli orqanizmlərin genetik materialında dəyişikliklər və hətta əlavələr edilməyə başlanılmışdır.
GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.
Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?
Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır: insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması.
Hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Bu əlavələrə aromatizatorlar, boyayıcı maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s. aiddir. Qida əlavələrini adlandırmaq üçün xüsusi standartlardan istifadə edilir.
Avropada qida məhsulunun istehsalı zamanı qida əlavəsi istifadə edilmişdirsə, onun kodu mütləq məhsulun nişanlanmış üz qabığında qeyd edilir. Məsələn, E260 kodunda “E” məhsulun Avropada istehsal edildiyini, 260 isə tərkibində sirkə turşusunun olduğunu bildirir. Əgər məhsul Avropadan kənarda istehsal edilirsə, onda qida əlavəsinin kodu “E” işarəsi olmadan yazılır.
Dünyada qida istehsalı zamanı istifadə edilən bütün qida əlavələrinin kodları Codex Alimentarus Komissiyasının səhifəsində qeyd edilmişdir. Bu cür sistematikanın aparılması həm istehsalçıların, həm də istehlakçıların düzgün informasiya almasına kömək edir. Qida əlavəsinə verilən bu cür kodlar onların öncədən laboratoriyada insan sağlamlığına ziyanlı olub-olmaması tədqiq edilərək, tam təhlükəsiz olduğu müəyyənləşdirildikdən sonra verilir. Hər bir qida əlavəsinin hansı miqdarda və ya həcmdə istifadəsi də bu tədqiqatlar zamanı müəyyən edilərək standart kimi tətbiq edilir.
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələri müxtəlif funksional qruplara ayrılır: E100 - E182 qrupu - rəngləyiciləri, E200 - E280 qrupu – konservantları, E300 - E391 qrupu - antioksidantları və turşuluq tənzimləyicilərini, başqa sözlə, məhsulun tez xarab olmasının qarşısını alan maddələri, E400 - E482 qrupu - stabilizatorları, yəni qida məhsulunun tərkibini sabit saxlayan maddələri, E550 - E583 qrupu - emulqatorları, yəni məhsulun müəyyən strukturunu saxlayan maddələri, E600 - E637 qrupu - dad və aromatizatorları, E900 - E967 qrupu - köpüyə qarşı, şəffaflıq verən əlavələri və E1100 - E1105 qrupu - ferment preparatları bildirir. Bu funksional qruplardan istifadə qida məhsullarının növünə və tərkibinə görə dəyişir.
Qida əlavələri kimyəvi və təbii yolla əldə edilir. Bunların tərkibində olan birləşmələr qida məhsullarının keyfiyyətini qoruyur, tez xarab olmasının, o cümlədən zərərli və xəstəliktörədən mikroorqanizimlər və onların toksinləri, yəni zəhərləri ilə çirklənməsinin qarşısını alır.
Qida istehsalı zamanı istifadə edilən vitaminlər, amin turşuları və mineral maddələr də qida əlavəsi hesab edilir. Qida əlavələrinin insan sağlamlığı üçün təhlükəsiz olması ən önəmli faktor olduğundan, onların istifadə miqdarının və müvafiq standartlara uyğunluğunun daim yoxlanılması vacibdir.
Müxtəlif növ qida istehsalında fərqli qida əlavələrindən istifadə edilir. Məsələn, ət məhsullarının istehsalı zamanı onların keyfiyyətini və uzun müddətə saxlanma xüsusiyyətlərini artırmaq üçün antioksidantlardan, dadlandırıcılardan, rəngləyicilərdən və s. istifadə edilir.
Qazlı alkoqolsuz içkilərin istehsalı zamanı E950 – Asesulfam kalium, E951 – aspartam (şəkər əvəzedici), E338 – ortofosfat turşusu, E211 - natrium benzoat və s. kimi əlavələdən istifadə edilir.
Yuxarıda qeyd edilən hər bir qida əlavəsinin istifadəsi üçün müvafiq miqdar limiti var. Limitdən kənaraçıxmalar, xüsusən artırmaq insan sağlamlığı üçün təhlükəlidir. Qida istehsalında geniş istifadə edilən E211 - natrium benzoat və E212 – kalium benzoat əlavələri antioksidant kimi istifadə edilən E300 – askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng xəstəliyinin formalaşmasına səbəb olur.
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələrinin rolu məhsulun keyfiyyət göstəricilərinin artırılması və bakterial çirklənmənin azaldılması olsa da, onların istifadə miqdarına dəqiq və düzgün əməl edilməsi qida təhlükəsizliyi baxımından çox vacibdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ən önəmli vəzifələrindən biri də insanların tam təhlükəsiz qida məhsularını istehlak etməsinə şərait yaratmaqla, qida istehsalı zamanı istifadə edilən qida əlavələrinin miqdarının düzgün istifadə edilməsini nəzarətdə saxlamaqdır.
Qeyd etdiyimiz kimi, qida əlavələrindən normadan artıq istifadə edilməsi insanlarda xərçəng kimi ağır xəstəliklərin yaranmasına səbəb olur. Qida əlavələrinin əksəriyyəti insan orqanizmində toplanır və ciddi fəsadlar törədir. Odur ki, qida istehsalı zamanı texnoloji təlimatlarda göstərilmiş miqdardan artıq qida əlavələrinin istifadəsinə qətiyyən yol verilməməlidir.
Bakteriya mənşəli qida zəhərlənmələri
Qida zəhərlənmələri bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəliklərdir. Zəhərlənmələrə ən çox yay aylarında təsadüf edilir. Bakteriyaların çoxalması üçün əlverişli olan temperatur yay aylarında qidaların daha tez pozulmasına və yaranmış bakteriyaların xarakterinə görə müxtəlif qida zəhərlənmələrinə səbəb olur.
Qida mənşəli xəstəliklərə hərkəs yoluxa bilər, ancaq bəzi insanlar bu xəstəliklərə daha həssasdır. Bunlara uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar aiddir.
Stafilokokk bakteriya mənşəli zəhərlənmələrdə ilk yerlərdən birini tutur. Çox vaxt stafilokokk mənşəli zəhərlənmələr süd, süd məhsulları (kəsmik, pendir, dondurma), kremli qənnadı məmulatları, ət və balıq məmulatları, bişməmiş kolbasa, yağda hazırlanmış balıq konservləri və s. yedikdə baş verir. Stafilokokk mənşəli zəhərlənmələrin qarşısını almaq üçün qida məhsullarının hərəkətinin bütün mərhələlərində təmizliyə riayət etmək lazımdır.
Botulizm xəstəliyi Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə və suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər yaxşı təmizlənməzsə, yuyulmazsa, düzgün sterilizasiya olunmazsa və daha sonra uyğun olmayan şəraitdə saxlanılarsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər. Çünki Clostridium Botulinumbakteriyası havasız mühitlərdə daha fəal şəkildə çoxalır və məhz burada botulotoksin ifraz edir.
Havası olmayan konserv bankaları bu bakteriyalar üçün ən “əlverişli” mühitdir. Botulotoksin insan orqanizminə düşdükdə, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, xəstə dünyasını dəyişə bilər.
Salmonelyoz xəstəliyinin əsas mənbəyi salmonella növləri ilə çirklənmiş çiy və ya az bişmiş ət, toyuq və digər quş ətləri, balıq və pasterilizasiya edilməmiş süd və süd məhsulları ilə qidalanma sayılır. Xəstəlik ürək bulanması, qarında ağrı, yüksək temperaturla müşahidə edilir.
Listerioz xəstəliyi qida məhsullarının Listeria monocytogenes mikroorqanizmləri ilə yoluxması zamanı yaranır. Listerioz heyvandan insana keçən xəstəlik olub, damaq badamcıqlarının və limfa düyünlərinin şişməsi, qaraciyərin, dalağın, mərkəzi sinir sisteminin zədələnməsilə özünü göstərir. Bu bakteriya soyuğa çox davamlıdır. Listerioz sağlam adamlara heyvan mənşəli məhsullardan (süd, ət) yoluxur. Qaynadılmamış süddən hazırlanmış qida məhsulları bu xəstəliyin yaranmasına şərait yaradır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Centers for Diseases Control and Preventation) araşdırmalarına görə, dünyada hər il 48 milyon insan qidaların səbəb olduğu xəstəliklərə yoluxur. Bunlardan 128 min insan hospitalizasiya edilir, 3 mini isə həyatını itirir.
Qida vasitəsilə yayılan xəstəliklərərin insana keçməsinin qarşını almaq üçün aşağıda qeyd edilən tövsiyələrə əməl etmək lazımdır:
· Son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək.
· Pasterilizasiya (qaynadılmamış) edilməmiş süd və süd məhsullarından istifadə etməmək.
· Qutusu zərər görmüş və ya qapağı boşalmış, son istifadə müddəti keçmiş konservləri istifadə etməmək.
· Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək.
· Ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan məhsulları uyğun müddətdə və temperaturda bişirmək.
· Yumurtanı bişirmədən öncə yumaq.
· Yeməklərinizi günlük olaraq hazırlamaq. Artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək.
· Yeməkləri hazırlayarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq.
Heyvanların identifikasiyası
Bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir.
İzlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılmışdır. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuranSalmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.
İzlənilmə - doğulduğu vaxtdan kəsilənədək bir heyvanın növü, cinsi, sağlamlığı, yetişdirilmə məqsədləri və s. məlumatların qeydiyyata alınmasıdır. Ona görə də, izlənilmə biotəhlükəsizlik sistemi olub, “Tarladan süfrəyədək” prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin etməklə qidaların çirklənməsini, xəstəliklərin yayılması kimi faktorların qarşısının alınmasına kömək edir.
Heyvan və heyvan mənşəli məhsulların izlənilməsi heyvanların fərdi şəkildə identifikasiyası və qeydiyyata alınması ilə başlayır.Heyvan növləri, cinsləri, yetişdirilmə məqsədləri və s. nəzərə alınaraq, praktikada bir çox identifikasiya üsullarından istifadə edilir. Bununla belə, istifadə olunan identifikasiya vasitələrinin əksəriyyəti yalnız bir metodun tamamilə kifayət etmədiyini göstərir.
Hal-hazırda heyvanların qalıcı olaraq identifikasiyasında, əsasən, damğalama, qulaq işarətləmə, elektron identifikasiya və biometrik metodlardan istifadə olunur. Ənənəvi identifikasiya üsullarından biri olan damğalama (isti və soyuq) qaramal, at, qoyun və camışlarda istifadə olunur. İsti damğalama ağrılı metod olduğu üçün bir çox inkişaf etmiş ölkələrdə qadağandır.
Ən geniş istifadə edilən, ucuz, praktik və ənənəvi identifikasiya üsullarından biri döymədir. Döymə bütün heyvan növlərinin sol və ya sağ qulağına, atların dodaqlarına, ev heyvanlarının qasıqlarına, qoyun və keçilərin quyruq altına vurulur. Döymə tüksüz, qığırdaqsız və damarsız nahiyələrə vurulmalıdır. Bu nömrələr heyvan ölənə qədər oxuna bilir. Qrup (sürü) şəklində saxlanılan heyvanların tanınması üçün qulaq sırğalanması kimi başqa identifikasiya metodlarından da istifadə olunmalıdır.
Qulaq nahiyəsinin bir hissəsinin kəsilməsi qaramal, qoyun, keçi və donuzlarda istifadə olunan qalıcı, köhnə üsuldur. Keçmişdə tüberkülozlu (vərəm) qaramalların kəsiləcəyi zaman heyvanı tanımaq üçün qulağı T şəklində kəsərək işarələyirdilər.
İdentifikasiya üsullarından biri kimi praktikada ən geniş olaraq istifadə olunan üsul qulaq sırğalanmasıdır. Bu sırğalar müxtəlif şəkillərdə və materiyallarda ola bilər.
Yuxarıda qeyd etdiyimiz ənənəvi identifikasiya üsullarında (damğa, döymə, sırğalama və s.) heyvan rifahına mənfi təsir göstərmə, silinmə, oxunma xətaları, qısa oxunma məsafəsi və saxtalaşdırma əlamətləri olduğundan, yeni müasir identifikasiya üsulları (elektron, biometrik) yaranmışdır.
Elektron idenfikasiyada dəri altına vurula bilən mikroçiplər, eletronik qulaq sırğaları və kapsullarından istifadə olunur. Bu sistemdə zəif radiodalğalardan istifadə edilir. Radio dalğaları ilə identifikasiya (RFİD) ötürücü, RFİD oxuyucu / qəbul edici və bu sistemlər arasında əlaqə yaradan proqram təminatıdır. Elektron identifikasiyanın üstünlüyü ənənəvi üsulların təmin edə bilmədiyi çətin mühitlərdə də asanlıqla istifadə edilməsidir.
Biometrik identifikasiya – heyvanların fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (burun izi, üz təsviri, diş izləri, gözün qişası, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətləri və s.) sistemdir. Biometrik identifikasiya hazırda “Tarladan süfrəyədək” izlənilmə sistemini ən etibarlı şəkildə təmin edən üsuldur.
Nəticə olaraq, heyvanların identifikasiya və izlənilmə sistemi qalıcı, pozulmayan, heyvana zərər verməyən quruluşda, asan tətbiqedilən və oxunabilən şəkildə olmalıdır. Belə bir sistem üçün qurulacaq məlumat bazası, heyvan sağlamlığına epidemioloji nəzarət, damazlıq proqramlarının müəyyənləşdirilməsini və qida zənciri boyunca izlənilmə təmin etməlidir.
Süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları
Süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoğurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak edilmişdir.
Süd məhsullarının insan orqanizminə və sağlamlığına çox böyük faydası var. Süd və süd məhsullarının tərkibində makro və mikro elementlərin olması insanda bir sıra xəstəliklərin formalaşmasının qarşısını alır1. Bu cür məhsullarda bir sıra vitaminlərin (B1, B2, B12 və D) olması maddələr mübadiləsinə və həzm prosesinə kömək edir. O cümlədən tərkibində kalsium, fosfor və oliqosaxaridlərin, yəni mürəkkəb strukturlu şəkərlərin olması insanın böyüməsinə, sümüklərin və dişlərin normal inkişafına təkan verir.
Aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, süd və süd məhsullarının tərkibində olan D vitamini, kazein və albumin zülalları, laktoferrin insanda bir sıra xərçəng növlərinin (döş, yumurtalıq, prostat xərçənglər) inkişafını ləngidir və orqanizmin onlar ilə mübarizəsinə köməklik edir.
Süd və süd məhsullarının insan sağlamlığına təhlükə törətmədən istehlak edilməsi çox vacibdir. Bu cür məhsulların bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir. Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarını xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində çirkləndirə bilərlər.
Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakteriyal çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.
Südün tam təhlükəsiz olması məqsədilə onun düzgün temperatur emalına ehtiyacı vardır. Temperaturun düzgün seçilməsi südün tərkibində olan vacib maddələrin parçalanmaması, o cümlədən zərərli bakteriyalardan təmizlənməsi baxımından çox vacibdir. Sterilizasiya və pasterilizasiya kimi temperatur emalından istifadə edilir. Sterilizasiya zamanı süd 130-150 dərəcədə qaynadılaraq istehlak edilir və adətən, bu metoddan ev şəraitində istifadə edilir. Hazırda südün pasterilizasiya edilərək satılması daha geniş yayılmışdır. Bu metod vasitəsilə süd tərkibində olan faydalı maddələri saxlayır və insan sağlamlığına lazım olan komponentlər tərkibində qalır. Sənayedə pasterilizasiyanın yüksək temperaturlu qısa zamanlı (HTST) və ultra yüksək temperatur emalı (UHT) üsullarından istifadə edilir. HTST zamanı süd 72 dərəcədə 15 saniyə qızdırılır və sonra isə soyudulur. UHT zamanı isə süd 138 dərəcədə 1-2 saniyə qızdırılır və dərhal soyudulur. Pasterizasiya emalından keçmiş süddən tam təhlükəsiz şəraitdə bir sıra məhsullar hazırlanır.
Süd və süd məhsullarında bir sıra zərərverici və xəstəlik törədən bakteriyalar qrupuna aid olan Acinetobacterspp.,Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E.coli geniş yayılmışdır.
Qeyd etdiyimiz bakteriyaların əksəriyyəti insanlarda xəstəlik törətməklə yanaşı, süd və süd məhsullarına öz toksinlərini sintez etmək qabiliyyətinə maikdirlər. Toksinin az dozası uşaqlar üçün çox təhlükəlidir, hətta onlarda ölümə də səbəb ola bilər.
Qida təhlükəsizliyi baxımından bu cür mikrob çirklənməsinə həssas məhsullar ciddi şəkildə texnoloji emal prosesindən keçirilməli və həmin qidaların təhlükəsizlik göstəriciləri daim yoxlanılmalıdır. Süd və süd məhsulları zülal və bir sıra vacib elementlər ilə zəngin olduğundan daim bakteriyal çirklənməyə məruz qalırlar, çünki bu qidalı mühit mikroorqanizimlərin inkişafı üçün çox əlverişlidir.
Qeyd edilən mikrorqanizmlər içində insan sağlamlığına vurduğu zərər baxımından ən təhlükəlisi Brucella spp.-dır.Brucella spp., adətən, xəstə heyvandan südə keçir və süd düzgün emal prosesindən keçmədikdə, insanı yoluxduraraq ciddi sağlamlıq problemləri yaradır.
Bu zoonoz bakteriya hüceyrədaxili parazit olub insanda ağır fəsadlara səbəb olan brusellyoz adlı infeksion – allergik xəstəliyin formalaşmasına səbəb olur. Zoonoz bakteriya dedikdə, heyvanda infeksion xəstəlik törədən və insana keçən mikroorqanizm başa düşülür. Brusellyoz xəstəliyinin insana pasterizə edilməmiş süddən, o cümlədən xəstə heyvan ilə birbaşa təmasdan keçməsi mümkündür.
Bruselyoz xəstəliyini ilk dəfə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi zamanı müəyyən etmişdir. Bu xəstəlik insanlarda ciddi bədən ağrılarına, hərarətin yüksəlməsinə, iştahsızlığa səbəb olur. Ağır formalarda isə hətta ölüm ilə nəticələnir. Bruselyoz xəstəliyininin müalicəsi zamanı yalnız antibiotiklərdən istifadə edilir. Düzgün pasterizə edilməmiş süd və ondan hazırlanmış pendir məhsullarının insan tərəfindən istehlakı sağlamlığa ciddi təhlükə yaradan Brusella bakteriyası ilə yoluxma hallarının artmasına səbəb olur.
Brusella bakteriyası xam südün düzgün temperaturda emal edilməməsi nəticəsində sağ qalır və həmin süddən istehsal edilən məhsulları bakteriyal çirkləndirərək insanın brusellyoz xəstəliyinə yoluxmasına səbəb olur. O cümlədən brusellyoz xəstəliyinin insanlara keçməməsinin qarşısını almaq məqsədilə mal-qaranın vaxtında vaksin olunması vacibdir. Vaksinasiya edilmiş heyvanın südünə Brusella bakteriyasının keçməsi ehtimalı çox azdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də insan sağlamlığı üçün tam təhlükəsiz süd və süd məhsullarının istehsal edilməsinə nəzarət edərək, əhalinin yüksək keyfiyyətli qidalar ilə təmin edilməsində iştirak etməkdir. Süd ilkin emal prosesində düzgün pasterizasiya edilməli, ondan istehsal ediləcək məhsulların təhlükəsiz olmasına bilavasitə şərait yaradılmalı, süd məhsullarının düzgün temperatur emalı nəticəsində qidaların Brusella bakteriyası ilə yoluxma riskinin azaldılmasına nail olunmalıdır. Agentliyin laboratoriyalarında bu bakteriyanın müxtəlif metodlarla qısa zamanda aşkarlanması və təyin edilməsi insanların təhlükəsiz qidalanmasına öz töhfəsini verəcək.
İnsanların süd və süd məhsularından keçmə ehtimalı yüksək olan brusellyoz xəstəliyinin qarşısını almaq üçün yuxarıda qeyd olunan qaydalara riayət etməsi vacibdir.
Qida təhlükəsizliyi mətbəxdə bitir
Beynəlxalq araşdırmalar nəticəsində məlum olmuşdur ki, ev şəraiti istər şəxsi gigiyena, istərsə də ətraf mühitin gigiyenasından asılı olaraq, qida mənşəli zəhərlənmələrin meydana gəldiyi ən riskli yerlərdən biridir. Qida təhlükəsizliyi və ya patogen (xəstəlik törədən) mikroorqanizmlərin meydana gətirdiyi qida mənşəli xəstəliklərin yayılması ilə bağlı məqalələr, statistik informasiyalar qidanın sadəcə bizi qidalandırmaqdan başqa, eyni zamanda, təhlükəli emal nəticəsində sağlamlığımıza qarşı təhdid ola biləcəyini də xatırladır.
Amerika Birləşmiş Ştatlarında 1998-2008-ci illər arası qida mənşəli xəstəliklərlə bağlı araşdırma nəticəsində məlum olmuşdur ki, 9-15% qidadan zəhərlənmə hadisəsi ev şəraitində baş verir. Respublikamızda isə qida zəhərlənməsi hallarından zərərçəkənlərin sayı verilən rəsmi statistikaya görə, ötən ilin ilk 9 ayında 477 nəfər, 2016-cı ilin ilk 9 ayı üçün 773 nəfər, 2015-ci ilin ilk 9 ayı üçün isə 746 nəfər olmuşdur. Zəhərlənmələrə səbəb isə ev şəraitində konservləşdirilmiş məhsullar, məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olmuşdur.
Bəzi hallarda qida zəhərlənmə faktları mübahisəli olur, dəqiqləşdirmək mümkün olmur və buna görə qida zəhərlənməsi kimi qeydiyyata alınmır.
Qeyd olunanlara əsasən deyə bilərik ki, həqiqətən də, mətbəximiz qida təhlükəsizliyi baxımından önəmli risk daşıyır. Bunun isə bir neçə izahı var. Birincisi, gündəlik qəbul etdiyimiz qidanın əhəmiyyətli dərəcədə böyük hissəsi ev şəraitində hazırlanır. İkincisi, istehlakçılar ev şəraitində qida hazırlayarkən qida təhıükəsizliyi tələblərini yada salmırlar, yaxud da bu barədə hər hansı bir məlumata sahib deyillər. Üçüncüsü, istehlakçılar özlərinin və ailə üzvlərinin qida mənşəli xəstəliyə səbəb olma ehtimalını gözardı edirlər ki, bu, yolverilməzdir.
İstehlakçılar qida hazırlayarkən qida təhlükəsizliyi ilə bağlı aşağıdakı 4 əsas qida təhlükəsizliyi tələbini nəzərə almalıdır:
1.Təmizləmə - Bu tələbin əsas məqsədi mikroorqanizmlərin qidadan, ya da çirklənmiş səthdən hazır yeməyə keçməsinin qarşısını almaqdır. Mətbəxdə ən çox çarpaz çirklənmə vasitələri olan soyuducu dəstəyi, çaydan tutacaqları, kran qolları, çanaq, mətbəx bezləri və süngərlər yemək hazırlığı zamanı dəfələrlə təmas halındadırlar. Bu yerdə əllər mətbəxdə patogenlərin yayılması üçün birinci vasitədir. Əllərin tez-tez yuyulması çarpaz çirklənmənin qarşısını almaq üçün vacibdir. Çiy ət məhsulları ilə təmasda olan mətbəx avadanlıqları təmizləndikdən sonra hazır qidalar, meyvə-tərəvəzlər və digər yeyilməyə hazır qidalar üçün istifadə olunmalıdır. Xüsusilə doğrama lövhələri önəmli çarpaz çirklənmə vasitələridir. Faktdır ki, Böyük Britaniyada qida mənşəli xəstəliklərin 14%-i yetərsiz təmizlənmiş kəsmə lövhələri və bıçaqlarına bağlıdır. Ümumilikdə götürdükdə mətbəximizdə ən çox çarpaz çirklənmə vasitələrində rast gəlinən patogen mikroorqanizmlər aşağıdakı cədvəldə göstərilmişdir.
2. Çeşidləmə - Bu tələb də Təmizləmə tələbi kimi çarpaz çirklənmənin qarşısının alınması üçün həyati əhəmiyyət daşıyır və qida zəhərlənmələrinin ən çox yayılmış mənbələrindəndir. Çarpaz çirklənmə, əsasən, bakteriyaların bir məhsuldan, səthdən, avadanlıqdan qidaya keçməsi nəticəsində, xüsusilə çiy qida məhsulları və hazır məhsullar arasında baş verir. Bu məqsədlə çiy ət, quş əti, dəniz məhsulları, salatlar, bişmiş ət və s. hazır yeməklərdən uzaq tutulmalıdır. Soyuducuda saxlama zamanı çiy məhsullar hazır qida məhsullarından ayrı və aşağıda saxlanılmalıdır.
3. Soyutma - Bu tələbə əsasən, istehlakçılar qida məhsullarının saxlanılması və hazırlanması zamanı təhlükəli temperatur aralığına diqqət yetirməlidirlər. Təhlükəli temperatur aralığı 50C-600C-dir və bu temperatur bakteriyaların inkişafı üçün münbit şərait yaradır. Xüsusilə tez xarab olan məhsullar təhlükəli tempratur aralığında saxlanılmamalıdır. Soyuducunun temperaturu 50C-nin altında saxlanılmalıdır və buna ev şəraitində nəzarət edilməlidir. Bu temperatur şəraitində patogen mikroorqanizmlərin inkişafı zəifləyir. Ancaq mətbəx avadanlığına münasibətdə Çeşidləmə vəTəmizləmə meyarlarının da nəzərə alınması vacibdir.
İrlandiyada aparılan araşdırmada müəyyən edilmişdir ki, evlərdə soyuducuların yarısından çoxunda bu patogenlərdən ən az biri mövcuddur: S. aureus, Salmonella enterica, E. coli, Listeria monocytogenes və Yersinia enterocolitica. Tez xarab olan məshulların donunu açarkən, məsələn, dondurulmuş ət, balıq, toyuq məhsulları, bu prosesin otaq temperaturunda aparılması məsləhət görülmür. Belə ki, bu zaman qida təhlükəli temperatur aralığında olur (50C-600C) və bu da qida zəhərlənməsinə səbəb olan bakteriyaların inkişafı üçün münbit şərait yaradır. Bu tip məhsulların donunun soyuducu şəraitində açılması tövsiyə olunur.
4. Bişirmə - Bişirmə aydınlaşdırılmağa ehtiyac duyulan tələblərdəndir. Belə ki, Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmaya əsasən müəyyən olunmuşdur ki, istehlakçıların 63%-i ət və quş əti kimi yüksək riskli məhsullar üçün zərərli patogenləri məhv edəcək yetərli temperatur dərəcəsini təmin edə bilmirlər. Ən böyük qida zəhərlənməsi riski az bişirilmiş qidalardan qaynaqlanır. Əksər istehlakçılar rəngin əsas bişmə göstəricisi olmadığını bilmirlər və bişməni, əsasən, yeməyin rənginə görə qiymətləndirirlər. Bu isə öz növbəsində risklidir, misal üçün, tədqiqat nəticələrinə əsasən, istehlakçıların rənginə və xarici görünüşünə görə bişmiş olaraq dəyərləndirilən toyuq əti parçalarının 70%-i tövsiyə edilən bişirilmə temperaturuna çatdırılmadığı və nəticədə tərkibindəki mikrobların hələ də canlı olduğu müəyyənləşdirilmişdir.
Yekun olaraq, qida mənşəli zəhərlənmələrdə ev şəraitində hazırlanmış qida məhsullarının payının azaldılması üçün istehlakçıların məişət şəraitində riayət etməli olduğu qida təhlükəsizliyi tələblərini bilməsi və tətbiq etməsi gərəkdir. Bütün bu qeyd olunanları nəzərə almadan tarladan süfrəyə qida təhlükəsizliyinin təmini mümkün deyildir.
Qablaşdırma materiallarının qida məhsullarına təsiri
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır.
Qida sənayesində, əsasən, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından (süd məhsullarının və içkilərin saxlanılması üçün istifadə olunan tetra-pak qablaşdırma) istifadə olunur.
Düzgün seçilmiş qablaşdırma materialı təzə və emal olunmuş qidaların saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi və istehlakı dövründə keyfiyyətinin qorunub saxlanmasında vacib amildir. “Tarladan süfrəyədək” qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu vardır.
Bununla belə, qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər və yaxud da əksinə (məsələn, qablaşdırma materialının hazırlanmasında istifadə olunan boyaq maddəsi yağda həll olursa, yağlı məhsulların həmin qablaşdırma materialı ilə qablaşdırılması yolverilməzdir).
Qida ilə birbaşa təmasda olan qablaşdırma materialları üçün miqrasiya (nüfuz etmə) test analizləri edilməlidir. Bu analizlər nəticəsində təmas zamanı qablaşdırmanın tərkibindəki maddələrin qablaşdırılan qidanın rənginə, dadına, qoxusuna və kimyəvi xüsusiyyətlərinə nə dərəcədə mənfi təsir göstərə biləcəyi öncədən öyrənilir.
Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur:
Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı vardır ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sisteminin funksiyasının zəifləməsi, hormonal pozğunluq və digər xəstəliklərin yaranma riski vardır .
Təəssüflə qeyd etməliyik ki, günümüzdə bəzi istehsalçılar təkrar istifadəsi qadağan olan materiallardan hazırlanmış qablaşdırmalardan müxtəlif məhsulların satışında (süd, bəhməz, üzüm yarpağı və s.) yararlanırlar.
Bundan başqa, elə qablaşdırma materialları vardır ki, onlar dondurulmuş məhsulların istifadəsi üçün nəzərdə tutulur və yaxud əksinə, elə materiallar vardır ki, onların mikrodalğalı sobada belə istifadəsi yolveriləndir. Qablaşdırma materialının üzərində qeyd olunan işarələrə diqqətsiz yanaşdıqda, məsələn, yüksək temperaturda istifadəsi uyğun olmayan qablaşdırma materialını sobada istifadə etdikdə, istilik təsirindən ərimə baş verir və qablaşdırmanın tərkibində olan kimyəvi maddələr qidaya təmas edir.
Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının düzgün seçilməsi sağlamlığımız üçün çox vacibdir. Hər bir istehlakçı məhsul alan zaman qablaşdırmaya diqqət yetirməlidir.
Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi
Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, qış aylarında da yemək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir. Bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması ölümlə nəticələnə bilən, tibbdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinə gətirib çıxara bilir.
Botulizm Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda geniş yayılmışdır. Bu bakteriya yüksək temperatura dözümlü olub, havasız mühitlərdə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir.
Botulizm xəstəliyinin törədicisi turş mühitlərdə (pH səviyyəsi 4.6-dan az olan) inkişaf edə bilmədiyi üçün turşuluğu yüksək olan meyvə və tərəvəzlərdə toksin ifraz edə bilmir. Botulizm toksininə ən çox yaşıl lobya, ispanaq, göbələk, çuğundur kimi turşuluğu aşağı olan tərəvəzlərdə rast gəlinir. Bu toksin insan orqanizminə daxil olduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, xəstə dünyasını dəyişə bilər. Bu səbəbdən sadaladığımız əlamətləri (və onların hər hansı birini) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməli və ya "təcili yardım" çağırılmalıdır.
Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilən xəstəlikdir.
Botulizm xəstəliyinə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən aşağıda qeyd edilmiş gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir:
Konservləşdirmə üçün istifadə edilən meyvə və tərəvəzlər diqqətlə seçilərək axar su altında fırça vasitəsilə yaxşı yuyulmalıdır. Əks halda yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş Botulizm törədiciləri qala bilər.
Meyvə və tərəvəzlərin yığılacağı bankalar əvvəlcədən yuyulub 10 dəqiqə müddətində qaynadılmalıdır. Bunun üçün, istiliyə və təzyiqə davamlı şüşə qablardan istifadə edilməlidir.
Konserv bankalarının zədəli (sınıq və ya çatlaq ) olmamasına xüsusilə diqqət yetirilməlidir.
İçərisi məhsullar ilə doldurulmuş bankalar 30 dəqiqə müddətində 100°C temperaturda qaynadılmalıdır.
Hazırlanmış konservlər soyuq yerdə (soyuducu, eyvan, zirzəmi) saxlanılmalıdır.
İstifadə etməzdən öncə konserv bankaları baxışdan keçirilməlidir. Bankası zədələnmiş (sınmış və ya çatlamış), qapağı şişmiş konserv məhsulları istifadə edilməməlidir.
İçərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin konserv məhsulları istifadə edilməməlidir.
Qeyd etmək lazımdır ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, ticarət şəbəkələrində satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda, qablaşmaya fikir verilməlidir; məhsul təzə olmalı (yararlıq müddətinə fikir verilməli), qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır
Dönərlə əlaqədar qida təhlükəsizliyi şərtləri
Dönər istehsalı zamanı insan sağlamlığı üçün təhlükəli mikrobioloji risklər meydana gələ bilər:
Keyfiyyətsiz və təhlükəli xammaldan istifadə olunduğu təqdirdə;
Ət tam bişirilmədikdə;
Dönər bişirilərkən ət suyu və sos çiy hissədən bişmiş hissəyə axdıqda;
Gigiyenik qaydalara riayət edilmədikdə, habelə yaxşı təmizlənməmiş alət və ləvazimatlardan istifadə edildikdə.
Ətin bişirilməsində istifadə olunan kömürün yanması nəticəsində karbon monooksid, nitrogen oksid və müxtəlif növ hidrokarbonlar meydana gələ bilər.
PAH-Politsiklik Aromatik hidrokarbonlar insan orqanizmi üçün çox təhlükəli maddələr olmaqla
ətin alovla birbaşa təması,
əriyən yağların alova damlaması və
tamamlanmamış yanma (istifadə olunan yanacağın tam yanmaması)
nəticəsində meydana gəlir.
PAH-ın meydana gəlməsinə təsir edən faktorlar:
Ətin istilik mənbəyindən uzaqlığı;
Ətin yağ tərkibi;
Bişirmə müddəti;
Bişirmə temperaturu;
Bişirmə zamanı ət yağının istilik mənbəyi ilə təmas imkanı.
Dönər istehsalı zamanı təhlükəsizliyin təminatı üçün aşağıdakı faktorlara diqqət yetirilməlidir:
Dönər istehsalında istifadə edilən xammal və komponentlərin mənşəyi məlum olmaqla, onların təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sənədlər olmalıdır.
Xammal təchizatçıları düzgün təyin edilməli, xammallar Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış təchizatçılardan təmin edilməlidir.
Xammalın qəbulu zamanı, məhsul daşınarkən sanitariya-gigiyena norma və qaydalarına, temperatur rejiminə ciddi riayət olunmalıdır.
Dönərlə birgə təqdim edilən çörək, göyərti, tərəvəz, mayonez, ketçup və s. məhsulların saxlanılması zamanı müvafiq sanitariya-gigiyena norma və qaydalarına, temperatur rejiminə riayət edilməli, son istifadə müddəti tamamlanmış məhsullardan istifadə edilməməlidir.
Dönər üçün istifadə olunan ət +4 C temperaturda, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməklə saxlanmalıdır.
Dönər gündəlik istehlaka uyğun olaraq kafi miqdarda hazırlanmalıdır. Sonrakı günə qalan dönər əsla istehlaka təqdim edilməməli və ya başqa məqsədlə istifadə olunmamalıdır.
Dönərin bişirildiyi sahədə çarpaz çirklənməyə imkan verilməməlidir.
Dönərin hazırlanması zamanı istifadə olunan ləvazimatlar ilə kəsmə zamanı istifadə olunan ləvazimatlar ayrılmalı, müvafiq qaydada işarələnməli və qarışdırılmamalıdır. İstifadə olunan bıçaqların taxta dəstəkli olması tövsiyə olunmur.
Ərazi, alət və ləvazimatlar mütəmadi olaraq təmizlənməli və lazım olduqda dezinfeksiya edilməlidir.
Filtrli dönər bişirmə aparatlarından istifadə olunmalı və hissələri asanlıqla təmizlənməlidir.
Dönər bişirmə aparatları üzərində sorucu ventilyasiya qurğusu quraşdırılmalıdır.
Dönərin (xammaldan istehlakçıya çatdırılana qədər olan bütün proseslər daxil olmaqla) müvafiq temperatur rejimində saxlanma müddəti 24 saatdır.
Hazırlanma və istehsal sahəsində sanitariya-gigiyena normalarına riayət edilməli, əllərin mütəmadi yuyulması məqsədilə sahədə yuma çanağı, sabun və dezinfeksiyaedici maddə olmalıdır. Təmizlik məqsədilə içməli sudan istifadə olunmalıdır.
İşçilər mütəmadi qaydada tibbi müayinədən keçməli və tibbi kartla təmin edilməlidir.
İşçi şəxsi gigiyena qaydalarına riayət etməli, iş sahəsində təmiz iş geyimi, bone, əlcəkdən istifadə etməlidir.
Ətin üzərindən çox bişmiş, kömürləşmiş hissələr ayrılmalı və istehlaka təqdim edilməməlidir.
Bişirilmiş dönər 1 saat ərzində istehlak edilməlidir.
Dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Öncə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə, tərkibindəki inqridiyentlərə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir.
Dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edilməsinə diqqət yetirmək də vacibdir.
Rəngli dondurmalara da xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.
Hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət verilməlidir.
Dondurmanın qabı əzilmişsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.
Dondurma marketlərdə aşağıdakı qaydalarda saxlanılmalıdır:
Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır.
Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir.
Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmalı deyil. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir.
Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır?
Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.
● Əgər məhsul hermetik qablaşdırmadadırsa ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.
● Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirilməkdə vacibdir.
● Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
● Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur.
● Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
● Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.
● Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.
● Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.
● Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.
● Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür.
● Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.
● Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.
● Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.
● Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.
● Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir.
Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili necə aparılmalıdır
Kəsilmək üçün sallaqxanaya, kəsim məntəqəsinə gətirilən heyvanlar həmin müəssisələrinin baytar həkimləri (baytar texnikləri) tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, faktiki heyvanların baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir, hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək, ya fərdi, ya da seçmə yolu ilə termometriya edilir.
Bundan sonra baytar həkimi heyvanların müəyyən edilmiş qaydada qəbul edilməsini, onların bazada yerləşdirilməsi və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir.
Kəsimə gətirilən heyvan qrupunda yoluxucu xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq olduqda diaqnozu yerində dəqiqləşdirmək və sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır.
Kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda icazə verilir (ət qida məhsulu kimi istifadəyə yararlı olduqda)
Respublikamızda qida üçün kəsilən heyvanlar qaramal (camış da daxil olmaqla), qoyun, keçi, ceyran, maral, dovşan, dəvə və bütün növ ev quşları aid edilir. Ət üçün 14 günlükdən kiçik heyvanların kəsilməsinə icazə verilmir.
Təsərrüfatlarda heyvanlar kəsimqabağı saxlandıqda və ya heyvan qısa müddət ərzində kəsimə gətirildiyi halda onlara əvvəlcədən həddindən artıq çox yemək yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə bazarda yem verilmədən saxlanılır. Belə olduqda təsərrüfatlarda qaramal ən azı 15 saat, dovşanlar 12 saat, quşlar 8-12 saat, suda üzən quşlar 4-8 saat yolda olduğu müddət də daxil olmaqla ac saxlanılmalıdır. Buzovlar kəsim məntəqəsinə təhvil verildikdən 6 saat sonra emala verilməlidir. Bu zaman onlara su verilməsinə məhdudiyyət qoyulmur, ancaq suvarma kəsimə 3 saat qalmış dayandırılmalıdır.
Heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri aşkar edilərsə kəsilməsi qadağan edilir. Belə heyvanlar normal yemləmə və suvarma şəraitində 48 saat müddətində istirahət edir və bundan sonra yuxarıda göstərilən qaydalara uyğun kəsilir. Kəsim günü heyvanlar baytar həkimi tərəfindən baytarlıq baxışından keçirilir və heyvanların ümumi vəziyyətindən asılı olaraq hamısı və ya yaxud seçmə yolu ilə bir hissəsi termometriya edilir. Kəsimə sağlam heyvanlar gedir.
Kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Heyvanın cəmdəyi və digər orqanları baytarlıq ekspertizasından keçirilmək məqsədilə ət emalı müəssisələrində baytarlıq baxışı üçün xüsusi hazırlanmış masanın üstündə qarmaqlardan asılır.
Heyvanların cəmdək və orqanlarının baytarlıq baxışından keçirilən yer iş üçün əlverişli və işıqlı olmaqla bərabər, xəstəlik halı müşahidə edildikdə onun qeyd edilməsi məqsədi ilə xüsusi qurğusu, sterilizatoru (bıçaq, qarmaq və başqa alətlər zərərsizləşdirmək üçün), isti və soyuq su ilə təmin olunmuş əı-üz yuyanı, sabunu, əli dezinfeksiya etmək üçün xüsusi qabda dezinfeksiya məhlulu və əl dəsmalı olmalıdır.
Baytar baxışından keçirilməsi üçün heyvanların başı cəmdəkdən ayrılandan sonra alt çənəsi qolların bitişmə bucağının arxasındanvə yaxud da üzüyəoxşar asılır, dil üst tərəfdən və yanlarından zədələnməmək şərti ilə kəsilir və çənəarası boşluqdan müayinə üçün bütün limfa vəziləri üstündə olmaqla kənara çıxarılır.
Başlar: Başda çənəaltı, qulaqdibi və udlaqarxası limfa vəziləri açılıb baxılır. Dodaqlara və dilə baxılır, əllə yoxlanılır. Bundan sonra hər iki tərəfdə çeynəmə əzələlər (xarici tərəfdə iki, daxili tərəfdə bir dəfə) paralel olaraq sistiserkoza (finnoza) yoxlanılmaq üçün laylanır (Sistiserkoz-finnoz qurd invaziyalarına aid olan xəstəlikdir, heyvanın baş, ürək və boyun əzələlərində yulaf dəninə oxşar gözlə görünən qurd yumurtasıdır).
Dalaq: Xarisdən bütöv halda və kəsilməklə yoxlanılır.
Ağciyərlər: Xarici görünüşünə və əlləməklə bütün paycıqlara baxılır. Ağ ciyərdə mövcud olan bütün limfa vəziləri açılır. Parenxima və yerli iri bronxlar kəsilərək baxılır (yem kütləsi aspirasiyasına və s.), yəni heyvan kəsildikdə qan və ya mədə möhtəviyyəti bronxlarda aşkar olunubsa ağ ciyər utilə verilir.
Qaraciyərdə, böyrəklərdə, dalaqda, ağ ciyərdə hemoroji infarkt (qan sızıntıları) və başqa dəyişikliklər olsa belə onlarda irinli iltihab ocaqları olmadıqda həmin cəmdək və orqanlardan dəyişiklik gedən hissələr çıxarıldıqdan sonra onlar istifadəyə buraxılır.
Mədə: (mədə önlüyü) xarici tərəfdən seroz qişaya baxılır, limfa vəziləri yarılıb müayinə edilir. Lazım gəldikdə, mədə yarılır, selikli qişasına baxış keçirilir. Yem borusu sisteserkoza və sarkosistoza yoxlanılır.
Bağırsaqlar: Seroz qişa tərəfdən baxılır və müsariqə limfa vəzilərinin bir neçəsi yarılıb baxılır.
Yelin: Diqqətlə əllənir və 1-2 dərin yarma aparılır. Yelin üstü limfa vəziləri yarılıb baxılır.
Balalıq, toxumluqlar, öd kisəsi, mədəaltı limfa vəzilərinə baxış keçirilir, lazım gəlsə yarılıb baxılır.
Cəmdək: Xarici və daxili tərəfdən baxılır, əsas diqqət şişkinliklərin və başqa patoloji dəyişikliklərin olmasına yönəldilir. Yoluxucu xəstəliklər və yaxud da maddələr mübadiləsi pozğunluğunun olması ilə əlaqədar hər hansı bir şübhə yarandıqda, baytar həkimlərin göstərişi ilə üst-boyun (kürəkönü), qabırğa-boyun, qoltuqaltı, qabırğaarası, kranial döş, döşüstü, bel, sağrı, baldır bükümü, xarici cinsiyyət, oturaq və diz altı limfa vəziləri yarılıb baxılır.
Çiyələk yeyərkən nələrə diqqət yetirmək lazımdır?
Çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.
Çiyələyin faydaları ilə yanaşı düzgün istifaə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur. Döğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda sadalanan xüsusları nəzaərə almaq lazımdır:
• Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.
• Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.
• Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.
• Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə məhsul yeyilmədən atılmalıdır.
• İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.
• Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir.
• Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.
İş şəraitində ümumi gigiyena qaydaları
İş ərazisi müvafiq havalandırma qurğuları ilə təmin olunmalıdır. Həmin havalandırma sistemləri duman, qoxu his və buxarlanmanı aradan qaldırmalı, temperaturu mühafizə etməli, toz, çirk və zərərvericilərin girişinin qarşısı almalıdır. Havalandırma qurğularının hissələrinin (filtrlər və digər hissələrin) mütəmadi təmizləmək və ya dəyişdirmək imkanının olmasıda vacibdir.
Müəssisələr təbii və ya süni işıqlanma ilə işıqlanmalı, süni işıqlanma vasitələri xüsusi qoruyucu ilə qorunmalıdır. İstifadə olunacaq işığın şiddəti və rəngi qida istehsalı və qidanın xüsusiyyətlərinə mənfi təsir etməməli və iş yerlərini kifayət qədər işıqlandırmalıdır
İş yeri daimi isti və soyuq içməli su ilə də təchiz edilməli və qida məhsulunun qızdırılma və ya soyudulması üçün istifadə olunan buxar və buz “içməli su” standartına cavab verməlidir. İstifadə edilən su çənlərinin yuyulub dizenfeksiya edilməsi və qeydiyyata alınması da mühimdir.
Qida məhsullarının istehsal və ya emal olunduğu ərazilər (ofislər və s. istisna olmaqla) qida məhsulları istehsalına uyğun gigiyenik tələblərə cavab verəcək formada quraşdırılmalıdır. Belə ki, döşəmə örtükləri möhkəm, dayanıqlı olmalı, su keçirməməli, sürüşkən olmamalı, təmizlənməsi sadə və dezinfeksiyaya uyğun olmalıdır. Örtüklər həmçinin aşınmaya qarşı dayanıqlı və yuyula bilən olmalıdır. İstehsal sahəsində həmçinin müvafiq say və ölçüdə tullantı su kanalı olmalıdır və kanallar qoxu yayılmasına və tullantıların geri qayıtmasına qarşı etibarlı, təmizləmə və dezinfeksiya edilə bilən olmalıdır.
Qablaşdırma materialları qidaya necə təsir edir
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır.
Qida sənayesində əsasən plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından (süd məhsullarının və içkilərin saxlanılması üçün istifadə olunan tetra-pak qablaşdırma) istifadə olunur.
“Tarladan süfrəyədək” qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu vardır.
Bununla belə, qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər və yaxud da əksinə. (məsələn, qablaşdırma materialının hazırlanmasında istifadə edilən boyaq maddəsi yağda həll olursa, yağlı məhsulların həmin qablaşdırma materialı ilə qablaşdırılması yolverilməzdir)
Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur.
Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) yayılmasının qarşısının alınması üçün fitosanitar tədbirlər aparılır
Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılmış və karantin tətbiq edilən zərərvericidir. O, meyvə-giləmeyvə, meşə, kol və yem bitkilərinin 250-dən artıq növünü zədələyərək ziyan vurur. Bu bitkilər arasında zərərvericinin ən əlverişli qidası tut, amerika ağcaqayını, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və s. bitkilərin yarpaqlarıdır.
Amerika ağ kəpənəyi əsasən Avropa, Şimali Amerika, Yaponiya, Asiya, Ukrayna, Rusiya Federasiyası, Türkiyə, İran və Gürcüstanda yayılmışdır. Azərbaycanda isə bu kəpənəyə Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında rast gəlinir. Son illər isə Bərdə rayonunda yayılma ocaqları müşahidə edilmişdir.
Amerika ağ kəpənəyinin tırtılları tərəfindən bitkilərin yarpaqlarının yeyilməsi onların zəifləməsinə, məhvinə səbəb olur.
Tırtılların tükcükləri insanlarda allergik reaksiyalar törədə bilər. Kəpənəkləri isə ağ rəngdə olur, erkək fərdlərin qanadları üzərində isə tünd qəhvəyi nöqtələr vardır. Qanadları açılan zaman kəpənəklərin uzunluğu 20-36 mm-ə, bədən uzunluğu 9-15 mm-ə çatır.
Havanın temperaturundan asılı olaraq tırtılların inkişafı 30-40 gündə başa çatır. İnkişafını başa çatdıran tırtıllar gövdə qabıqları altında, oyuqlarda, kötüklərdə, divarların çatlarında, torpaqda və s. yerlərdə pup mərhələsinə keçir.
Kəpənəklər əkinlərə vizual baxış keçirilməsi yolu ilə aşkar edilir. Bunun üçün ayrı-ayrı budaqlarda diqqətlə baxılmalı və budaqlar silkələnməlidir. Kəpənəkləri gecə işığa və ya ultrabənövşəyi tələyə cəlb etməklə də aşkar etmək mümkündür.
Adı çəkilən zərəvericilər hava axını, kənd təsərrüfatı və sənaye mallarının daşınması zamanı yayılır. Yayılmanın qarşısının alınması üçün zərərvericilərin yayıldığı ölkələrdən daxil olan xarici yüklər və nəqliyyat vasitələri diqqətlə karantin baxışından keçirilməli, zərərvericilər aşkar edildikdə sənaye yükləri və nəqliyyat vasitəsi zərərsizləşdirilməlidir. Amerika ağ kəpənəyi yayılmış ölkələrdən meyvələrin idxalı və satışı xarici karantin qaydalarına uyğun həyata keçirilməlidir.
Respublikamızda həmçinin zərərvericilərin yayılmış olduğu ərazilərdən meyvələrin ixracı zamanı fitosanitar müfəttişlər ciddi şəkildə karantin baxışı keçirməlidirlər.
Ölkədə zərərverici ilə yoluxmuş yaşayış məntəqələrindən və təsərrüfatlardan meyvələrin və əkin materialının çıxarılması, “Respublika ərazisində Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı” na uyğun həyata keçirilir.
Bitki mühafizə tədbirləri zərərvericinin sayının maksimum azaldılmasına və aşkar olunmuş ocaqların təcrid edilməsinə istiqamətlənir. Bu məqsədlə Amerika ağ kəpənəyinin hər bir nəslininin inkişaf dövründə iki dəfə monitorinq aparılır. Tırtıllarla birlikdə tor yuvaların aşkarlanması üçün yaşayış məntəqələrində, çay ətrafında, su hövzələrində və meşə kənarlarında tut ağacı əkinləri, ağcaqayın, meyvə, dekorativ, meşə və başqa ağac cinslərinə baxılır.
Yaşayış məntəqələrində və həyatyanı sahələrdə zərərvericilərə qarşı yalnız bakterial və hormonal preparatlar tətbiq edilə bilər. İnsektisidlərlə, yaxud bakterial preparatlarla dərmanlanmış tut ağacı yarpaqları ilə tut ipəkqurdunun yemlənməsi qadağandır. Zərərvericilərdən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyatyanı sahələrdə ağacların çətirləri altında torpağın yenidən bellənməsi və ya şumlanması işləri yerinə yetirilməlidir.
Amerika ağ kəpənəyinin yüksək yayılma qabiliyyətinə və çoxalma potensialına malik olduğunu nəzərə alaraq əhaliyə müraciət edərək xahiş edirik ki, bu təhlükəli növün yayılma ocaqlarının vaxtında aşkar edilib ləğv edilməsi, populyasiyasının minumum səviyyədə endirilməsi və respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması məqsədi ilə zərərvericiyə rast gəldikdə dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və ya yerli qurumlarına məlumat versinlər.
Əlləri yumağın xəstəliklərin yayılmasının qarşısını aldığından bir çoxumuz xəbərdarıq.
Əlləri yumağın xəstəliklərin yayılmasının qarşısını aldığından bir çoxumuz xəbərdarıq. Ancaq aparılan araşdırmalar yalnız 5% insanın əllərini düzgün qaydada yuduğunu göstərir.
Əllər axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan əvvəl və sonra yuyulmalıdır.
Enerji içkilərindən istifadə edərkən nələrə diqqət etmək lazımdır?
Enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən qida məhsuluna deyilir.
İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.
Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.
- Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.
- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.
- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.
Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.
Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
Yumurta alarkən nələrə diqqət etməliyik?
Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.
Heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.
Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:
• İlk öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.
• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.
• Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır.
• Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.
• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.
• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.
Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:
• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir.
• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.
• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.
• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.
Çörək - gündəlik qida rasionumuzda yer alan və süfrəmizdən əksik etmədiyimiz müqəddəs nemətdir.
Çörək - gündəlik qida rasionumuzda yer alan və süfrəmizdən əksik etmədiyimiz müqəddəs nemətdir.
Xalqımız üçün bərəkət rəmzi olan çörəyə hər birimizin diqqətlə yanaşması lazımdır.
Belə ki, mal qonşuluğu prinsipinə görə çörək daşınarkən onların çiy məhsullarla təmasına imkan verilməməli, kəskin qoxulu məhsullarla birgə daşınmamalı və natəmiz şəraitdə saxlanılmamalıdır.
Süd və süd məhsulları alarkən nələrə diqqət etməliyik?
Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır. Süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.
Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də, süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:
- istehsalçı müəssisənin adı və ünvanı,
- məhsulun adı;
- yağın kütlə payı;
- əmtəə nişanı;
- məhsulun xalis çəkisi;
- istifadə tarixi;
- tərkibi;
- istifadə edilməsi haqda məlumatlar;
- saxlanılma müddəti və şəraiti;
- standartın nömrəsi və s.
Süd məhsullarının qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən paketin üzərində əks olunmalıdır. Süd tez xarab olan məhsullara daxil olduğu üçün istehlak ediləcək miqdarda alınmalıdır. Alındıqdan sonra isə ən qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir.
Onu da bilmək lazımdır ki, saxlanılma şəraitinin və müddətinin pozulması süd və süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir.
Kolbasa alarkən nələrə diqqət etməliyik?
Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.
İstehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış) , kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.
Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.
Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.
Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.
Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır.
E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.
Qida zəncirinin bütün mərhələlərində mal qonşuluğu prinsipinə əməl olunması vacibdir
Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlilik, mikroorqanizmlər kimi amillər, həmçinin, mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, müxtəlif iaşə obyektlərində - kafe və restoranlarda mal qonşuluğu prinsipinə əməl edilməsi tövsiyə olunur. Bu qaydalara əməl etməklə təklif olunan məhsulların keyfiyyəti, məhsulların əmtəə görünüşü və təhlükəsizliyi qorunmuş olur.
Qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartları normativ aktlar və qanunlarla tənzimlənir. Qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələləri bu qanunlar vasitəsilə nizamlanır. Burada əsas məqamlardan biri məhsulların saxlanacağı anbarların sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti, həmçinin anbarlarda istifadə olunan qabların təmizliyidir.
Mal qonşuluğunun başlıca şərti, məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Tez xarab olan məhsullar soyuducularda, un, şəkər və taxıl məhsulları isə yaxşı havalandırılan, quru otaqlarda saxlanılmalıdır.
Mal qonşuluğu prinsipinin ümümi qaydaları aşağıdakılardır:
1. Ərzaq malları dükanların rəflərində kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.
2. Zərərli məhsullar, xüsusilə əmtəə görünüşünü itirmiş və ya istifadə müddəti bitmiş məhsullar keyfiyyətli məhsulların yanında saxlanılmamalıdır.
3. Kəskin qoxulu məhsullar hiqroskopik xassəli məhsullardan təcrid olunmalıdır. Məsələn ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsullar süd və süd məhsullarından, yumurtadan ayrı saxlanılmalıdır.
4. Qida xammalı və yarımfabrikatları hazır xörəklərin yanında saxlamaq olmaz.
5. Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamaq qəti qadağandır.
6. Ət və ət məhsulları, müxtəlif növ kolbasa, pendir məmulatlarını təzə meyvə və tərəvəzin yanında yerləşdirmək olmaz.
Fındıq istehsalçıları və ixracatçıları nələrə diqqət etməlidir?
Fındıq məhsulunda aflatoksin maddəsinə daha sıx rast gəlinir. Bu insan və heyvan sağlamlığı üçün müəyyən risklər yaradır. Kif göbələklərinin inkişafı bağda başlamaqla, saxlama və daşıma şəraitində də baş verə bilər.
Fındıqda Aspergillus flavus və Aspergillus paraticus adlı kiflər insanlar üçün toksin olan “aflatoksin” adlı mikotoksin ifraz edir.
Aparılan tədqiqatlara görə, qabıqlı fındıqda məhsul yığımı, qurutma və saxlama müddətində Penicillium, Aspergillus və Rhizopus cinsinə aid növlərə rast gəlinmişdir. Qabıqlı fındıqda Aflavus inkişafı ağacda başlamaqla, məhsul yığımı boyunca artmaqdadır. Ancaq xırman və saxlamada qabığı çatlamış fındıq dənələri xaricində ağacdakı və yerdəki fındıq dənələrində Aflavus aşkar edilməmişdir. Aflatoksinin əmələ gəlməsi mühitin nəmli olması ilə bağlıdır. Yağışın çox olduğu vəziyyətlərdə kiflərin miqdarı artmaqdadır. Bu səbəblə, xüsusilə yağışlı havalarda yerə düşmüş istər qabıqlı, istərsə də qabıqsız fındıqların yerdə uzun müddət qalmasının qarşısı alınmalıdır.
Kiflərin fındıqda əmələ gətirdiyi xarabolma əlamətləri
Kiflər fındıqda zülal, yağ və karbohidratları enzimatik fəaliyyətlərlə parçalayaraq qidanın tərkibini dəyişdirməkdə, yağ tərkibinin azalmasına, sərbəst yağ turşusu miqdarının artmasına, zülalların parçalanmasına, amin turşularının birləşməsində dəyişiminə, qida dəyərinin düşməsinə, rəng dəyişiminə, pis qoxu yaranmasına, dad dəyişiminə, çəki itkisinə və toksin yaranmasına səbəb olur. Kiflər sağlam qidanın içinə də girə bildikləri üçün fındığa bakteriyalardan daha artıq zərər verməkdədirlər. Yüksək rütubətli yerlərdə saxlanılan fındıqlarda mikrobiyal mənbəli invertaz fermenti, saxarozanı parçalayaraq qlükoza və fruktoza yaratmaqdadır. Təzə fındıqda 0.05 qr/100 qr olan qlükoza, fruktoza miqdarlarının 0.1 qr/100 qr artması fındıqların köhnə və ya pis depolanmış olduğunu göstərməkdədir. Saxaroza miqdarının 4 qr/100 qr-dan 2 qr/100 qr-a düşməsi fındıqların xarab olduğunu göstərir.
Ərik ev şəraitində 5º-8ºC temperaturda saxlanılmalıdır
Ərik meyvələr arasında ən faydalı meyvələrdən biridir. Həm təzə, həm də qurudulmuş ərik zəngin qida dəyəri ilə insan sağlamlığına faydalıdır.
Ərik alarkən diqqətli olmaq vacibdir:
1. Ərik iyun-avqust aylarında yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən, kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakçını zəhərlənməyə gətirib çıxara bilir. Ona görə də, qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
2. Ərik alarkən onun rənginə diqqət etmək lazımdır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur. Sarı və ya yaşıl rəngli, əzilmiş əriyin istehlak edilməsi tövsiyə olunmur. Çünki əzilmiş, ziyan vericilərin təsirinə məruz qalan ərik faydasız olmaqla yanaşı, insan sağlamlığı üçün təhlükəlidir.
3. Əriyin ölçüsünə fikir verəsi olsaq, onlar 3,5 sm ilə 6 sm arasında dəyişən müxtəlif ölçülərdə olurlar. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Kiçik ölçüdə əriklər onun yetişdiyini göstərən doğru rəng və möhkəmlikdədirsə onları istehlak etmək olar.
Əriyin tez xarab ola biləcəyini nəzərə alaraq üç-beş gün ərzində yeyilməlidir.
Meyvələrin yığılma vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Ərik tam yetişməmiş dərilibsə, kağız torbada saxlayıb, günəş işığından uzaqda otaq temperaturunda saxlandıqda yetişməyə davam edəcəkdir.
Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və s. öz əksini tapmalıdır. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır.
Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5ºC + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə 5º-8ºC temperaturda saxlanıla bilər.
Qida məhsullarının etiketləri haqda nə bilirik?
Qida məhsul alarkən etiket məlumatlarını oxumağı unutmayın!
Müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar, ortaya çıxan yeni qida komponentləri istehlak etdiyimiz qida məhsullarının tərkibi barədə bir-sıra suallar meydana çıxarır. Elə bu səbəbdən qida məhsullarının etiketini diqqətlə oxuyaraq istehlak etmək tövsiyə olunur. Günümüzdə rastlaşdığımız məqamlardan biri də istehlakçıların daha çox tövsiyə və ya reklam üzərindən eşidib bildiyi qida məhsuluna üstünlük verməsi, nəticədə müxtəlif problemlərlə qarşılaşmasıdır. Məhsul seçimi edərkən çox vaxt qablaşma üzərində olan xırda şriftlərlə yazılmış yazıları oxumağa zaman ayırmırıq ki, bu da son nəticədə bir sıra xoşagəlməz halların yaranmasına şərait yaradır. Əslində hər bir istehlakçı bu məlumatları oxumalı və seçimini həmin məlumatlara uyğun olaraq müəyyən etməlidir.
Bəzi istehsalçılar bizim zaman ayırmama və diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır, eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Nəticədə isə, tərkibində çiyələk olmayan “çiyələkli yoğurt”, və ya mal əti olmayan “mal əti sosis”ləri almış oluruq.
Qida etiketi qida məhsulunun “şəxsiyyət vəsiqəsi” kimidir. Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər mövcuddur. İstənilən qida məhsulunun etiketində aşağıdakılar əks olunmalıdır:
Adı; Tərkibi; Miqdarı (kütlə, həcm) İstehsal tarixi; Son istifadə tarixi; Saxlama şərtləri; İstehsalçının adı və ünvanı; İstifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər; Qida dəyəri göstəriciləri.
Etiket üzərində olan simvol və işarələr:
Hər hansı bir yeyinti məhsulunun qablaşdırılmasında, hazırlanmış materialın qida məhsullarına uyğun olduğunu göstərən bu işarə olmalıdır.
1. Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.
2. HDP və ya HDPE- Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər.
3. PVC və ya V- Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.
4. LDPE- Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür.
5. PP - Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.
6. PS - Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.
7. PC və ya xüsusi işarələri olmayan plastiklər - Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur. Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir.
Nəzərə almaq lazımdır ki, qida məhsullarını seçərkən etiket məlumatlarınin oxunması və işarələrə diqqət yetirilməsiz xüsusi əhəmiyyət kəsb edir. Bu istehlakçının məlumatlı olması ilə yanaşı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz işinə daha da məsuliyyətlə yanaşmasına köməklik göstərər.
Saxta balın fəsadları
Bal - 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qida məhsuludur. Balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. Bal dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində və müalicə məqsədilə istifadə olunur. Balın sağlamlığa olan faydaları saymaqla bitməz. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliyin qarşısını alır.
Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) balda uzun müddət yaşaya bilərlər.
Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinlər süni balda yoxdur. Təbii Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran) yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış süni balın dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda təbii baldan istifadə olunur
Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin süni bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar törədə bilər.
Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir, bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və daha çox fəaliyyət göstərməsinə gətirib çıxarır. Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edərsə, aşağıdakı bir çox xəstəliklərə səbəb ola bilər:
Xərçəng hüceyrələrinin yaranması,
Qaraciyər piylənməsi,
Depressiya və psixi pozğunluqlar,
Diabet xəstəliyi,
Normadan artıq çəki,
Damar tıxanıqlığı,
Uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması,
Uşaqlarda diqqət dağınıqlığı,
Dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları,
Orqanizmin immun sisteminin zəifləməsi
Bütün bunları nəzərə alaraq istehlakçılar yalnız təbii baldan istifadə etməlidir. Lakin, saxta balı təbii baldan qoxusuna, rənginə və dadına baxaraq istehlakçıların ayırd edə bilməsi mümkün deyil. Bunu ancaq laborator müayinələr nəticəsində mütəxəssislər ayırd edə bilər.
Balıq alarkən bunlara diqqət edin!
Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.
- Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;
- Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;
- Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;
- Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz , köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.
- Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;
- Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.
- Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.
- Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;
- Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.
- Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.
Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.
Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.
Plastik qablar və torbaların zərərlərindən necə qorunmalı
Plastik qablar və torbaların zərərləri...
Qidaların saxlanması və qablaşdırılmasında istifadə olunan plastik qabların geniş yayılmasına əsas səbəb onun istifadəsinin asan və qiymətinin aşağı olması ilə əlaqədardır.
Plastiklərin xammalı əsasən neft, qaz və kömürdür. İstehsal prosesində bir sıra qatqı maddələrindən istifadə olunur. Bu maddələr məhsulu elastik və dayanıqlı edir. Lakin insan sağlamlığlı üçün bəzi təhlükələr də yaradır. Çünki plastiklər qida ilə təmasda olduqda qidaya keçir. Bu keçid qida temperaturundan asılı olaraq dəyişir. Temperatur artdıqca toksiki maddələrin qidaya təsiri daha da sürətlənir. Buna görə də, xüsusilə, isti və yağlı qidaları plastiklərdə saxlamaq tövsiyə olunmur. 70-90℃-də olan isti içkilər plastik qablara qoyulduqda isə istinin təsiri ilə plastikin tərkibində maddələr monomerlərə ayrılır. Bu isə sağlamlıq üçün təhlükə yaradır.
Araşdırmalar nəticəsində plastikin hazırlanmasında istifadə olunan BPA kimyəvi maddəsinin polikarbonat içki şüşələrindən insanın bədəninə keçdiyi sübut olunub. Uşaqlar üçün istehsal olunan plastik su qablarından istifadə edərkən də diqqətli olmaq lazımdır. Xüsusilə, BPA kimyəvi maddəsi ilə hazırlanmış qabdan istifadə edildikdə yeni doğulmuş və böyümə çağında olan uşaqlarda davranış pozuntularıının yaranma riski artır.
Plastik qablar kimi rəngli torbalardan istifadənin də bəzi zərərləri var. Xüsusilə, tullantılardan hazırlanan qara torbalarda olan mikroorqanizmlər insan sağlamlığı üçün təhlükə yaradır. Meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması tövsiyə olunmur. Həmçinin, bu torbalar ətraf mühit və ekosistem üçün də böyük təhlükə mənbəyi olmaqla kimyəvi maddələr yayır, torpağa və suya qarışaraq qida zəncirinin müxtəlif mərhələlərini risk altında saxlayır.
Plastiklərin zərərlərini aradan qaldırmaq üçün qidanı şüşə və saxsı qablarda saxlamaq, soyuducudakı yeməklərin üzərini naylon deyil qapaqla bağlamaq tövsiyə olunur. Alış-veriş edərkən xüsusilə meyvə və tərəvəzi plastik torbalarda daşımaq və bu torbaları soyuducuya qoymaq, sobada bişirilən yeməklərin üzərinə folqa ilə örtmək məsləhət görülmür. Su alarkən şüşə qabda olmasına diqqət etmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində bu materialdan hazırlanan əşyalarla təmasdan yayına bilmirik. Bunu nəzərə alaraq əlləri xüsusilə, yəməkdən əvvəl mütləq yumaq tövsiyə edilir. Qidanı qablaşdırmaq və daşımaq üçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır.
Soyuq qida zənciri
Ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların hansı temperaturda qorunması qida təhlükəsizliyi baxımından çox vacibdir. Temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu isə məhsulların fiziki, kimyəvi və əmtəə görünüşünə mənfi təsir göstərir. Odur ki, zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və qidaların təzə qalması üçün soyuq zəncir istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır.
Qida təhlükəsizliyi qaydalarına görə, soyuq yerdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq daşınma, saxlanma və satış kimi istehlaka qədərki bütün pillələrdə tətbiqi məcburi olan prosesə soyuq zəncir deyilir. Burada məqsəd qidanın istehlakçı üçün risk təşkil etməməsidir.
Soyuq zəncirin qorunması üçün istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər. Məsələn temperaturun təsirindən patogen bakteriyaların sürətlə çoxaldığı ət, toyuq və balıq kimi təzə və donmuş qida məhsullarının alış-verişi ən sona saxlanmalı, həmin məhsulların soyuq olmadığı hiss edilərsə alınmamalıdır. Eyni zamanda, soyuducuların temperatur göstəriciləri nəzarətdə saxlanmalı, temperatur qoruyucu çantalardan və ya termal torbalardan istifadə edilməlidir. Qidalanarkən lazımi qədər yemək götürdükdən sonra, qalan qidanı dərhal soyuducuya qoymaq tövsiyə olunur.
Tez xarab olan qidalar əsasən dondurularaq saxlanılmalıdır. Bu üsulla qida məhsullarının təbii dadı, rəngi və qida dəyəri qorunur. Həmçinin, məhsulların tərkibində olan fermentlərin və müxtəlif kimyəvi reaksiyaların fəaliyyəti zəifləyir, mikrobioloji proseslər tamamilə dayanır. Dondurulmuş qida məhsulları -18℃ - də buzluqda, istifadə müddəti bitənə qədər saxlanıla bilər. Donu açılmış qida məhsulları soyuq zəncirin qırılmaması məqsədilə təkrar dondurulmamalıdır.
İstehlakçılar qida məhsulları alarkən məhsulun etiket məlumatlarında qeyd olunan temperatur göstəricisi ilə saxlama şəraitini müqayisə etməli, əgər malın üzərində yazılan saxlama temperaturu ilə real şərait uyğun deyilsə, həmin məhsuldan imtina etməlidir.
Suyun xeyri və təhlükəsi - nələri bilməliyik?
Su orqanizmin müqavimət gücünün formalaşmasında və vücudumuzda baş verən biokimyəvi proseslərin tənzimlənməsində əvəzedilməz rola malikdir. İnsan qidasını təşkil edən maddələrin böyük əksəriyyəti yalnız su ilə həzm oluna bilər. Beynimizin 95, qanın 83-90, əzələlərin 75, sümüklərin 22-24% sudan ibarətdir. Sağlam, yetkin insan vücudunun 50-60%-ni su təşkil edir, körpələrdə bu rəqəm 70-80% arasında dəyişir.
Mütəxəssislər deyir ki, sutkada bədən kütləsinin hər kiloqramına 40 qram su qəbul edilməlidir. Yəni, orta çəkili (70-75 kq) insan gündə 2-3 litr su içməlidir. Kəskin susuzlaşma insanın ölümünə belə səbəb ola bilər. Su qəbul etdiyimiz zaman bədənin müxtəlif bölgələrindəki zəhərli tullantılar orqanizmdən təmizlənir. Eyni zamanda, normada içilən su insanın sağlam çəkidə qalması, fiziki inkişafı və xroniki xəstəlik risklərinin azalmasına imkan verir.
Suyun insan orqanizmi üçün faydaları ilə yanaşı, riskləri də var. İçməli sularda əsasən 3 risk faktoruna rast gəlinir. Bunlara mikrobioloji, kimyəvi və radioloji risk faktorlarını misal göstərmək olar.
Suyun kimyəvi çirklənməsi təbii və suni baş verir. Azot, duzlar, aqrokimyəvi preparatlar, metallar, bakteriyaların toksinləri, insan və heyvan dərmanları suyun kimyəvi çirklənməsinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə, içməli sularda kimyəvi çirkləndiricilərin 50%-i nitrat və nitritlərin payına düşür. Bu da əsasən aqrokimyəvi preparatların normadan artıq istifadəsi nəticəsində həmin preparatların komponentlərinin süzülərək şirin su mənbələrini çirkləndirməsi nəticəsində yaranır.
Suyun radioloji çirklənməsi sezium, plutonium və uran kimi radionukleotidlər vasitəsilə baş verir. Radioloji çirklənmə digər risk faktorları ilə müqayisədə nadir görülsə də, əsasən ətraf mühitin radioloji tullantılarla çirklənməsi nəticəsində yarana bilir. Qeyd etmək lazımdır ki, radioloji çirklənmə, eyni zamanda, yeraltı süxurlardan süzülərək gələn qurunt sularından qaynaqlanır.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, hər il dünyada 5 milyondan artıq insan su vasitəsilə yayılan, xüsusilə, bağırsaq infeksiyaları səbəbindən dünyasını dəyişir. Zərərli mikrorqonizimlər müxtəlif yollarla şirin su ehtiyatlarını çirkləndirə bilir. Bunlardan ən başlıcası çirkab suların içməli sulara qarışmasıdır. Qeyd etmək lazımdır ki, durğun su hövzələri mikroorqanizmlərin çoxalması üçün münbit şərait yaradır. Xüsusən də, üstü açıq su hovuzları və təbii su mənbələri çirklənməyə qarşı daha həssasdırlar. Bu mərhələdə dezinfeksiya xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə xlor, ozon və digər dezinfeksiyaedici maddələrdən istifadə edilir. Bu dad üzgün tətbiq edilmədikdə kimyəvi risk faktorlarının meydana gəlməsinə səbəb olur.
Günümüzdə içməli suların qablaşdırılması müəyyən risk faktorları daşıyır. İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal olunduqda həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu zamanla daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
Ölkəmizin yerləşdiyi, geosiyasi mövqe patogen mikroorqanizmlərin və toksiki-kimyəvi maddələrin içməli su mənbələri vasitəsilə geniş sahələrə yayılma riskini daha da artırır. Odur ki, elmi prinsiplərə əsaslanaraq kimyəvi-toksikoloji risklərin təyini, qiymətləndirilməsi və müvafiq sahədə risklərin idarəedilməsi nəticəsində qeyd edilən risk faktorlarını nəzərəçarpacaq dərəcədə azaltmaq mümkündür.
Bayramda məhsul alarkən nələrə diqqət etməli?
Bayram günülərini daha yaddaqalan və təmtəraqlı qeyd etmək üçün çox saylı qida məhsulları hazırlanır və eyni vaxtda süfrələrə düzülür. Həmin qida məhsullarını hazırlayarkən və qəbul edərkən bir sıra təhlükəsizlik qaydalarına diqqət yetirmək vacibdir.
Qida zəhərlənmələri hallarının qarşısını almaq və təhlükəsiz qida qəbul etmək üçün yeməklərin hazırlandıqdan sonra bir neçə gün saxlanılmaması tövsiyə olunur. Bundan başqa ət və ət məhsullarının donunun açılması prosesini və bişirmə temperaturunu düzgün seçmək, həmçinin meyvə-tərəvəzin yuyulma qaydalarına əməl etmək lazımdır. Belə ki, düzgün yuyulmayan meyvə-tərəvəzin üzərində zərərli orqanizmlərin qalması qida zəhərlənmələrinə səbəb ola bilər.
Yeni il süfrəsində balıqdan hazırlanan yeməklər xüsusi yer tutur. Balıq məhsulu alarkən məhsulun təzəliyindən əmin olmaq və evə gətirdikdən sonra onu düzgün saxlamaq tövsiyə olunur. Alış-veriş edərkən tez xarab olan məhsulları (soyudulmuş, dondurulmuş məhsulları) sonda almaq məsləhət görülür. Çünki bu kimi qidalar mikrobioloji çirklənməyə daha çox məruz qalır.
Bayram günlərində qidalanma zamanı soyuq qida zəncirinin qorunması və mal qonşuluğu prinsipinə əməl olunması qida təhlükəsizliyi baxımından olduqca vacibdir. Ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu isə məhsulların fiziki, kimyəvi və əmtəə görünüşünə mənfi təsir göstərir. Odur ki, zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və qidaların təzə qalması üçün soyuq zəncir istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır. Bundan başqa məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaq lazımdır.
Yeni il ilə əlaqədar içərisində qida məhsulları olan hədiyyə qutularına da maraq artır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları satışa çıxarılan bu cür hədiyyə qutularını alarkən diqqətli olmağa çağırır.
İlk növbədə yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal və son istifadə tarixinin qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid olmadığını bilmək vacibdir. İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər.
Agentlik vətəndaşlardan yeni il hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələri olduğu halda Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.
Enerji içkilərinin fəsadları
Enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilir.
Enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz olaraq satılır. Kofein, fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində ≤400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. Ancaq Avstraliyada tərkibində 320 mq-dan çox kofein miqdarı olan 5 enerji içkisi qadağan olunub. ABŞ-da enerji içkilərinin tərkibindəki kofein miqdarının 200 mq-dan az olması daha təhlükəsiz sayılır. Gün ərzində enerji içkisinin normadan artıq qəbulu orqanizmdə kofein miqdarını artırması səbəbindən təhlükəli ola bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.
- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.
- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.
Enerji içkilərinin tərkibində əlavə edilən kofeinin miqdarı, insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bu içkiləri qəbul etmək insanlarda, xüsusi ilə da kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənməyə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və s. səbəb ola bilər. “Ümumdünya Səhiyyə Təşkilatı”nın Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər. Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. “Ümumdünya Səhiyyə Təşkilatı” hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür.
Almaniya enerji içkilərinin yaratdığı mümkün fəsadları 2002-ci ildən izləyir. Hesabatın nəticələrinə görə, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, tənəffüs pozğunluğu, psixi gərginlik, ruhi sarsıntı, taxikardiya, ürək disritmiyası, yüksək təzyiq, ürək çatışmazlığı və ölüm daxildir. İrlandiyanın Toksikologiya Mərkəzinin verdiyi məlumata görə, 1999-2005-ci illər ərzində enerji içkilərinin istifadəsinin taxikardiya, qıcolma və iki ölüm faktı ilə nəticələnib. Yeni Zelandiya Toksikologiya mərkəzi bu içkilərin törətdiyi fəsadlarla bağlı 2005-2009-cu illər ərzində 20 xoşagəlməz fakt qeyd alıb.
ABŞ Səhiyyə Nazirliyi nəzdində Qida və Dərman Təşkilatının hesabatına görə 2004-2012-ci illərdə ABŞ-da 18 nəfər enerji içkiləri səbəbindən dünyasını dəyişib, 150 nəfər isə ölüm təhlükəsi ilə üzləşib.
Artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən tədbirlər də görülüb. Belə ki, İsveçdə uşaqlara bəzi enerji içkilərinin satışı qadağan olunmuş, Macarıstanda isə satışına əlavə vergilər tətbiq olunmuşdur. Norveçdə apteklərdə satışına icazə verilir, Danimarka və Uruqvayda bütün enerji içki növlərinin satışı qadağandır. Avropa Birliyi ölkələrində enerji içkilərinin qutularında “kofein miqdarı” yazısı olmalıdır. Türkiyədə isə içkilərin 18 yaşından kiçik insanlara satılmasına, eyni zamanda idman mərkəzləri, məktəblər və xəstəxanalarda satışının təşkilinə və reklam edilməsinə icazə verilmir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırır.
Qışda bağlara necə qulluq edilməlidir?
Qışda havaların soyuması ilə əlaqədar meyvə ağacları yarpaqlarını tökür və vegetativ inkişafını tamamlayaraq qış yuxusuna gedir. Bu yazın əvvəlində tumurcuqların əmələ gəlməsi mərhələsinə kimi davam edir. Meyvə bitkiləri üzərində çoxlu növdə zərərli orqanizmlər müşahidə olunur. Onlar bitkilərin kökündən tutmuş meyvələrinə, toxumuna qədər bütün orqanlarına ziyan vururlar.
Zərərli orqanizmlərin növ tərkibi çox olduğundan, onlara qarşı müxtəlif mübarizə üsullarından – aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə vasitələrindən istifadə olunur. Burada aqrotexniki mübarizə üsulu xüsusi qeyd olunmalıdır. Zərərvericilər adətən torpaqda, payızdan tökülmüş yarpaqların arasında, bitkinin quru budaq və qabıqlarında qışlayırlar. Qış mövsümündə aparılan aqrotexniki mübarizə tədbirləri, zərərli orqanizmlərin qışladığı yerləri məhv etməklə, onların yayılma riskinin azalmasına gətirib çıxarır. Yerə tökülmüş yarpaqların, alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm) şumlanması, qurumuş budaqlardan, qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və s. aiddir.
Növbəti ildə bol və keyfiyyətli məhsul almaq istəyən sahibkarlar, payız-qış (noyabr-mart ayları) dövründə becərmə işlərini yüksək səviyyədə aparmalıdırlar. Bunun üçün bağlar diqqətlə yoxlanılmalıdır. Budama zamanı ağacların quru, xəstəliklərlə sirayətlənmiş budaqlar kəsilməlidir və həmin budaqlar sahədən kənarda yandırılmalıdır. Zərərvericilərlə zədələnmiş, eləcə də qara xərçəng və sitosporoz müşahidə olunan budaqlar və gövdə hissələri sağlam toxumayadək kəsilməlidir. Qara xərçəng və sitozporozla yoluxmuş ağaclar çıxarılıb bağdan kənarda yandırılmalıdır. Zədələnmiş hissələr 1-3 % - li göydaş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edib, üzərinə bağ məlhəmlərindən (petrolatum və s.) sürtmək lazımdır. Ağacların quru qabıqlardan təmizlənməsi də vacibdir. Bu vaistə ilə qabığın altında gizlənmiş böcək və həşəratları tələf etmək olar. Bunun üçün dəmir şotkadan istifadə etmək lazımdır. Ağacların gövdələri təmizləndikdən sonra, qabıqlar yandırılmalıdır. Bağbanlar şüşəqanad kəpənəyinə və digər oduncaq zərərvericilərinə qarşı iki kiloqram əhəng, bir kiloqram gil və eyni miqdarda təzə inək peyinin hazırlanmış qarışığına 200 qram göy das əlavə edib ağacların gövdələrinə sürtməlidirlər.
Zərərverici və xəstəlikləri payız qış dövründə məhv etmək üçün bağlarda noyabr yaxud mart ayının üçüncü on günlüyündə ağaclara, 1,5 faizlik Hef-oye (Volk-92) preparatı (1 ton suya 15litr) ilə 0,15 faizli (1 ton su üçün 1,5 litr), yeni Bi-58, və ya Marşal preparatlarının qarışığı, yaxud təkcə 1,5 faizli (1ton suya 15 litr olmaqla) Hektaş Bordo çilənməlidir. Bu mübarizə üsulları səmərə vermədikdə kimyəvi mübarizə qaçılmaz olur.
Bağbanlar çalışmalıdır ki, kimyəvi mübarizə üsulundan az istifadə etsinlər. Zəhərli maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Bu zaman xüsusi geyimlər- respirator, əlcək istifadə edilməlidir. Pestisidlərlə əlaqəli işlərə tibbi müayinədən keçmiş və işləməsinə icazə verilmiş 18 yaşından yuxarı şəxslər buraxılır. Həmin şəxslər pestisidlərlə təhlükəsiz davranış qaydaları ilə tanış olmalı və müvafiq təlimatları, fərdi mühafizə vasitələrindən istifadə qaydalarını, zəhərlənmədə ilk yardım tədbirlərini bilməlidirlər. Hamilə qadınların və həddi-buluğa çatmayanların zəhərli maddələrlə işləməsi qadağandır.
Pasterizə olunmuş və ya uzunömürlü süd faydalıdırmı?
Süd və süd məhsulları digər heyvan məşəli qida məhsulları kimi xüsusi risk qrupuna daxildir. Süd məhsulları C vitamini və dəmirdən başqa, tərkibində makro və mikro elementlərlə zəngin olan və hər yaş dövründə insan orqanizminə faydalı olan məhsullardandır. Bu məhsulların tərkibində xüsusilə, uşaqlar, hamilə qadınlar və yaşlılarda sümük sağlamlığı baxımından əhəmiyyətli olan başda kalsium və fosfor olmaqla, bir sıra vacib minerallar, zülal və B qrup vitaminlərdən riboflavin vardır.
Sağlam insanların kifayət qədər və balanslı qidalanması üçün tövsiyə edilən süd miqdarı yaş, cinsiyyət və fizioloji vəziyyətə ( böyümə və inkişaf dövrü, hamiləlik, yaşlılıq və s.) görə dəyişir. Süd və süd məhsulları üzrə Milli Şuranın məlumatına əsasən, sağlam və yetkin insanların gün ərzində 2 porsiya (1 porsiya - orta böyüklükdə su stəkanı 200 ml), uşaqlar, yeniyetmələr və hamilə qadınlarln isə 3-4 (600-800 ml ) porsiya süd istehlak etmələri tövsiyə olunur.
Süd eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olan zərərli mikroorqanizmlərin böyümə və inkişafı üçün əlverişlidir. Belə ki, bruselyoz, vərəm, sarılıq və s. bu kimi xəstəliklər məhz çiy süddən insana keçə bilən xəstəliklərdəndir. Həmçinin bu xəstəliklər sağım prosesindən istehlakçıya çatana kimi açıq şəraitdə saxlanan süddən, sağıcıdan, sağımda istifadə olunan qablardan, heyvanın süd vəzilərindən (qan, irin, tük və s.), ətraf mühitdən (toz, torpaq, həşərat və gübrə qalıqları) də keçə bilər.
Pasterizə olunmuş və ya uzun ömürlü süd faydalıdırmı?
Süd istehsal edən iri müəssisələrdə emal olunmuş südlər, bir sıra – süzülmə, kənar maddələrdən təmizlənmə, xoşagəlməyən qoxuların aradan qaldırılması (deodorasiya), standartlara uyğun olaraq homogenizasiya kimi texnoloji proseslərdən keçirilir.
Pasterizə olunmuş süd qaynama temperaturundan aşağı temperaturda təbii tərkibdə keyfiyyət dəyişiklikləri yaratmadan, xəstəlik yaradan faktorlardan tamamilə, digər kiçik təsiredici faktorlardan isə qismən təmizlənmiş qida məhsuludur. Pasterizə olunmuş südlərin soyuqda saxlamaq şərti ilə davamlılıq müddəti 5 gündür.
Uzun ömürlü südlər, istehlakçılar tərəfindən daha çox sterilizə olunmuş, qutu və ya UHT (Ultra High Temperature Pasteurization) kimi tanınır. İstehlakçıların bir qismi uzun ömürlü südə antibiotik və antiseptik maddələrin qatıldığına inanır. Əslində isə bu cür şübhələrin heç bir elmi əsası yoxdur. UHT dediyimiz proses, xüsusi proses olub, qəbul edilən çiy südün 2-4 saniyə müddətində 135-150℃- də qızıdırılıb, daha sonra isə 20℃-yə kimi soyudulmasıdır. Bu yolla südün çürüməsinə, xəstəliklərin yaranması və inkişafına səbəb olan bütün faktorlar aradan qaldırılır. Növbəti mərhələ steril şəraitdə qablaşdırmadır. Sonda bu məhsullar karton qutularda satışa çıxarılır. Tətbiq olunan (UHT) texnoloji prosesinin nəticəsində soyuq qida zəncirinin qorunmasına ehtiyac qalmadan bu cür süd məhsullarını 4 ay saxlamaq mümkündür.
Emal olunmuş bu cür məhsulları istehlak edərkən aşağıdakılara diqqət olunmalıdır:
Pasterizə olunmuş südlər, istehlak olunana kimi soyuducuda saxlanmalıdır. UHT prosesindən keçmiş süd məhsulları ağzı açıldıqdan sonra istehlak olunana kimi mütləq soyuducuda qorunmalıdır. Emal olunmuş südlərin uzunmüddətli saxlanması üçün boş konteynerlərə boşaldılıb saxlanmaması daha məqsədə uyğundur. Sterilizə, pasterilizə olunmuş və qutu südlər alarkən istehsal və son istifadə tarixinə diqqət edilməlidir. Pasterizə olunmuş südlər soyuducuda yaz-yay aylarında 4-5℃ temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər. Pasterizə olunmuş südləri otaq temperaturunda saxlamaq olmaz. Uzun ömürlü süd (UHT) isə, qutunun açılmaması şərti ilə, otaq temperaturunda 4 ay saxlanıla bilər.
Pomidor güvəsi və onunla mübarizə mexanizmləri
Tərəvəzlər qida rasionunda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullardan biri hesab edilir. Tərkibində insan orqanizmi üçün xeyirli olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvi turşuların, aromatik maddələrin və qələvilərin olduğunu nəzərə alsaq, gün ərzində ortalam 300-400 qr müxtəlif növ tərəvəzlərlə qidalanmaq olduqca vacibdir.
Bu gün elmə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz mövcuddur. Tərəvəzlər açıq torpaq sahəsində və istixana-parnik şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişkənlikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixana istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin il boyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün insan tərəvəzlə hər gün qidalanmalıdır ki, bu məsələdə örtülü sahə tərəvəzçiliyinin rolu böyükdür.
Örtülü sahədə əsasən meyvəli tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda yetərli sayda istixana fəaliyyət göstərir. Vaxtında becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulların keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Bir çox ölkələrdə istixanalarda xüsusi ilə istixana ağqanadlısı və pomidor güvəsinə rast gəlinir.
Bu səbəbdən bizdə sahibkarların diqqətinə çatdırırıq ki, istixanalarda məhsul becərərkən bu kimi zərərli orqanizmlərə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparsınlar. Sözügedən zərərli orqanizmlərin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini təqdim edirik.
Pomidor güvəsi (Tuta absolut)
Təsviri və həyatı:
Yetişkin fərd: Bədəni 6-7 mm uzunluğundadır. Bığcıqları sap şəkillidir. Açıq-qəhvəyi üst qənədlərində irili-xırdalı qara nöqtələr var. Yetkin erkək fərdlərin ömrü 6-7 gün, dişi fərdlərin isə 10-15 gündür.
Yumurta: uzunluğu 0.4 mm, eni 0.2 mm silindirşəkilli, qəhvəyi-sarı rəngdədir.
Sürfə: Yumurtadan çıxan sürfələrin bədəni qəhvəyi rəngli, başı isə qaradır. Sürfə dörd mərhələ keçirir. I mərhələsində 0.9 mm, IV mərhələsində 8 mm uzunluğunda olur. Yetkinləşən sürfənin bədəni yaşıl, başı isə qəhvəyi rəngə çevrilir. Sürfənin başının arxasında görünən tünd rəngli xətt ən əhəmiyyətli xüsusiyyətlərindəndir.
Sahib bitkilər: Zərərverici daha çox pomidora sirayətlənir. Bundan başqa badımcan, bibər, lobya və alaq otlarından it üzümü, tarla sarmaşığı və şeytan almasını da göstərmək olar.
Zərərvurma potensialı çox yüksək olan bu növ zərərverici, açıq və istixana şəraitində yetişdirilən pomidorun əsas zərərvericilərindəndir. Sürfələri pomidor bitkisinin kökündən başqa bütün hissələrinə inkişaf mərhələlərində çox ziddi ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır. Sürfənin yarpaqda açtığı lağımlar geniş olub şəffaf boşluqlar şəklində özünü biruzə verir. Bu lağımlar daha sonra nekrotik (çürümə) qəhvəyi ləkələrə çevrilərək quruyur. Yarpaqda və meyvədə açılan lağımlarda zərərvericinin qara rəngli ifrazatını topa şəklində görmək mümkündür. Bitkinin yaşıl hissəsində açılan lağımlar nəticəsində bitki bütünlüklə quruya bilir. Zərərverici daha çox yetişməmiş pomidor meyvələrinə üstünlük verərək, kasa yarpaqlarından keçirlər. Zərərvericinin meyvədə açdığı lağımların görüntüsü qarışıq olub, meyvənin hər tərəfindən görülə bilir. Meyvədə açılan lağımlara fərqli mikroorqanizmlərin daxil olması ilə çürümələr meydana gəlir. Kütləvi çoxalma zamanı pomidorda 50-60% itkiyə səbəb olur.
Mübarizə tədbirləri
1.Aqrotexniki tədbirlər
Zərərverici ilə sirayətlənmiş ştillər istifadə edilməməlidir.
İstehsal sahəsində və ətrafında zərərvericiyə sahiblik edən əsasən də badımcançiçəklilər fəsiləsinə (Solanaceae ) aid alaq otlarına qarşı mübarizə aparılmalıdır.
Zərərvericinin sürfə və pupları tarlada qalan bitki qalıqlarında yaşaya bildikləri üçün onları yığıb məhv etmək lazımdır.
Növbəli əkin (Badımcankimilər fəsiləsinə (Solanaceae) aid olmayan bitkilər yetişdirilməli) tətbiq edilməlidir.
Tarlada qalan sürfə və pupları məhv etmək üçün məhsul yığımından sonra dərin şum aparılmalıdır.
Azotlu gübrələmə normaya uyğun aparılmalıdır.
İstixanaların hər iki tərəfdən qapıları olmalı, giriş-çıxış və havalandırma qurğuları zərərvericinin girə bilməyəcəyi incəlikdə tül ilə bağlanmalıdır.
2.Bioloji mübarizə
Təbii düşmənlərdən Nesidiocoris tenuis pomidor güvəsinin sürfə və yumurtaları ilə qidalanmaqdadır.
İstixanalarda bioloji mübarizə vasitələrindən yumurta paraziti Trichogramma euproctidis Girault və ovçu həşərat N. tenuis birlikdə istifadə edilməlidir.
Təbii düşmənlərin qorunması və entomofoqların artırılması üçün zərərvericilərlə mübarizədə kimyəvi mübarizəyə alternativ metodlara üstünlük verilməli, əgər kimyəvi mübarizənin aparılması zərurəti yaranarsa, təbii düşmənlərə əks təsiri ən az olan pestisidlərdən istifadə edilməlidir.
3.Mexaniki mübarizə tədbirləri
Pomidor güvəsinə qarşı tutucularla mexaniki sürətdə yığılmasından, feromon+su tələləri ya da işıq+feromon+su tələlərindən istifadə olunmalıdır. Tələlər eyni ölçüdə, yerdən 20-30 sm yüksəklikdə yerləşdirilir. Tələdəki su azaldığında su əlavə edilməlidir.
Yetkin fərdi aşkar etmək üçün əkindən həmən sonra tarlada (1-2 tələ/ha) və istixanada (1 tələ) əks cinsə qarşı çəkici feromon tələlər istifadə olunur. Tələlərə həftədə bir dəfə nəzarət edilir və tələdə ilk yetkin fərd görüldüktə istixananın böyüklüyünə görə ən az 100 bitki nəzarət edilərək, bitkinin çiçək, yarpaq, zoğ və meyvələrində yumurta, sürfə və pup axtarılır. 100 bitkidən 3-ə zərərvericinin hər hansı mərhələsində rast gəlinərsə, mübarizə tətbirlərinə qərar verilir. Dərmanlamadan 5-6 gün sonra bitkilər təkrar nəzarət edilir. Lazım gəldikdə dərmanlanma təkrarlanır. Dərmanlanma bitkinin hər tərəfini əhatə etməlidir.
Qida təhlükəsizliyi üçün mal qonşuluğu prinsipinə əməl etmək əsas şərtlərdəndir
Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlik, mikroorqanizmlər kimi amillərlə yanaşı mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, ictimai iaşə müəssisələrində mal qonşuluğu prinsipinə əməl edilməlidir.
Qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi, istehsalı, daşınması və saxlanılması mərhələləri normativ aktlar və qanunlarla tənzimlənir. Burada əsas məqamlardan biri məhsulun saxlanılacağı anbarın sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti və istifadə olunan qabların təmizliyidir.
Mal qonşuluğunun əsas şərti məhsulların fərdi xüsusiyyətlərini, uyğunluqlarını nəzərə almaq və onları ən münasib şəraitdə saxlamaqdır. Tez xarab olan məhsullar soyuducuda, şəkər, un məmulatları və taxıl məhsulları isə yaxşı havalandırılan quru otaqlarda saxlanılmalıdır.
Mal qonşuluğu prinsipinin əsas qaydaları aşağıdakılardır:
1. Ərzaq məhsulları mağazaların rəflərində kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.
2. Zərərli, xüsusilə əmtəə görünüşünü itirmiş və ya istifadə müddəti bitmiş məhsullar keyfiyyətli məhsulların yanında yerləşdirilməməlidir.
3. Kəskin qoxulu məhsullar hiqroskopik xassəli məhsullardan təcrid olunmalıdır. Məsələn, ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsullar süd və süd məhsullarından, yumurtadan ayrı saxlanılmalıdır.
4. Qida xammalını və yarımfabrikatları hazır xörəklərin yanında saxlamaq olmaz.
5. Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamaq qəti qadağandır.
6. Ət və ət məhsullarını, müxtəlif növ kolbasaları, pendir məmulatlarını təzə meyvə və tərəvəzin yanında yerləşdirmək olmaz.
Unutmaq olmaz ki, qida məhsullarını təhlükəsiz şəraitdə istehlak etmək üçün mal qonşuluğu prinsipinə əməl etmək vacibdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM