Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq Forumun əhəmiyyətini vurğuladı. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
-Əziz xanımlar və cənablar.
Əziz qonaqlar.
Əziz dostlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyimə çox şadam. Bu mühüm beynəlxalq tədbirdə bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edirəm. Mən, ilk növbədə, Nizami Mərkəzinin qlobal beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli töhfəyə görə dünən görüş keçirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Vike-Freyberqaya, cənab Serageldinə və İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirmək istərdim.
Bu gün Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, – məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.
Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.
Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.
Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.
Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyinin gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır. Biz səylərimizin nümayişi olaraq iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirdik. Ondan iki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür edirsinizmi, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik. Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi əks etdirir. Biz Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalamışıq və qəbul etmişik. Bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir. Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır.
Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur. Bu, həm də müasir infrastruktura, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır.
Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır.
Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmər vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını əyani şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq.
Çıxışımın əvvəlində qeyd etdim ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir.
Düşünürəm ki, Forumun gündəliyi çox məharətlə seçilib. Siz bu gün narahatlığa səbəb olan ən mühüm və aktual məsələlərə toxunacaqsınız. Mən tam əminəm ki, məhsuldar müzakirələriniz və tövsiyələriniz tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq. Foruma uğurlar arzulayıram. Təşəkkür edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM