Məhkəmənin hökmü ilə Seymur Məmmədov 12 il, Murad Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı S.Məmmədova 14 il 6 ay, M.Məmmədova isə 4 il 6 ay cəza istəmişdi. Müttəhim S.Məmmədov isə buna etiraz olaraq məhkəmə prosesindən sonra özünü doğramışdı.
İttihama görə, ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində naməlum şəxs qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu sentyabrın 3-də tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
İstintaq zamanı şübhəli şəxs qismində Seymurun qardaşı Murad da həbs edilib.
Məlumatla görə, qətlə yetirilən şəxs “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.