Sumqayıtdakı 18 saylı orta məktəbin yaxınlığında yerləşən çoxillik yaşıl ağacların kəsilməsində adı hallanan millət vəkili Leyla Abdullayevin köməkçisi məsələyə münasibət bildirib.
Deputatın köməkçisi Pərvin Rəhimov “Qafqazinfo” ilə əlaqə saxlayaraq qeyd edib ki, 18 saylı orta məktəbdə təmir işləri gedir: “Həmin ağacların kəsilməsi də şəxsən mənim iştirakımla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavinindən icazə alınaraq baş tutub.
Həmin məktubun sürəti də var. İstəyənlər gəlib tanış ola bilər. Nazirliyin yerli şöbəsinin iştirakı ilə ağacalar kəsilib. Burada icazəsiz ağac kəsilməsi məsələsindən söhbət gedə bilməz. Bu iş bir ay davam edib. Ərazinin şəkilləri çəkilib. Ağacların kəsilməsinə səbəb isə onların köklərinin kanalizasiya xəttinə qədər gedib çıxmasıdır. Bu da orada təmir işlərinin aparılmasına maneçilik törədib”.
* * *
Sumqayıt sakinləri səhəri kəsilmiş ağac mənzərəsi ilə açıblar. Belə ki, şəhərin 18 saylı orta məktəbinin qarşısındakı çoxillik yaşıl ağaclar kəsilib.
Bu barədə azvision.az-a məktəbə yaxın ərazidə yaşayan sakinlərdən xəbər daxil olub.
Kəsik izlərindən ağacların xüsusi avadanlıqlarla kəsildiyi görünür. Hazırda 18 saylı orta məktəbdə əsaslı təmir işləri gedir. Lakin sakinlərin bildirdiyinə görə, bu ağac təmir işlərinə mane olmayıb.
Qeyd edək ki, Sumqayıt şəhərində yerləşən 18 saylı orta məktəbə Milli Məclisin deputatı Leyla Abdullayeva rəhbərlik edir.
Onu da xatırladaq ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində də ağac kəsilmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hadisəyə kəskin reaksiyasından sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin şəxslər cəzalandırıldı.
Hadisə yerindən çəkilən fotoları təqdim edirik: