Prezident İlham Əliyev: Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır

15:10 / 29.05.2019

Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

Bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq tədbirlərdən biridir.

Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.

Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq bir haldır.

1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək.

Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır. Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır.

“Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır.

Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır.

Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür.

Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilmişdir. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.

Mən bir qədər əvvəl beynəlxalq əməkdaşlıq haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, çünki belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi.

Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.

Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir.

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.

Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır.

Mən sərginin keçirilməsi münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Sərginin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Sərgiyə uğurlar arzulayıram. Sağ olun".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM