Elman Nəsirov: “Satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım”
Ziyalı ailəsində dünyaya göz açıb. Elə bir mühitdə böyüyüb ki, təhsil onun həyatında hər zaman əsas prioritet olub. Deyir ki, uşaq vaxtı həmyaşıdlarından fərqli olaraq dəcəllik etdiyinə görə yox, həddən artıq dərs oxuduğuna görə danlanırmış. Amma iş elə gətirir ki, məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilmir. Amma bu hadisə onu hədəfindən yayındırmır. Söhbət millət vəkili Elman Nəsirovdan gedir.
Söhbətimizdə ilk olaraq millət vəkilinin uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində dünyaya gələn Elman Nəsirov deyir ki, atası orta məktəbdə riyaziyyat müəllimi, anası isə üzümçülük sovxozunda aqronom işləyirmiş: "Bizim ailədə təhsilə, elmə maraq həmişə böyük olub. Ailədə 6 uşaq idik, iki qardaş, dörd bacı. Atam o vaxtkı Neft və Kimya İnstitutunda il yarım oxuduqdan sonra, sənədlərini geri götürərək Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. İki il də orada oxuduqdan sonra ürəyincə olmadığını düşünərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Mən belə mühitdə böyümüşdüm. Hamı kimi mənim də uşaqlıq illəri yaddaşımdan heç vaxt silinmir. İndiki dövrdən fərqli olaraq bizim uşaqlığımız küçələrdə keçirdi. Gün ərzində çoxlu oyunlar oynayar, bütün günü əylənərdik. Futbol oynadığıma görə həmişə şalvarımın dizləri gömgöy olurdu. Buna görə anam evdə həmişə məni danlayırdı”.
"Gördüyü mənzərə anamı çox kövrəldib”
Millət vəkili uşaq illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "İndi addımbaşı böyük marketlər var, şükür ki, uşaqlar hər istədiyini ala bilir. Amma bizim vaxtımızda hər şey belə əlçatan deyildi. Kəndimizdə ZİL maşınında dondurma satırdılar. Biz o maşının siqnalını eşidən kimi arxasınca qaçırdıq. Bir dəfə maşın gələndə evə qaçıb anamdan pul istədim ki, özümə dondurma alacam. Anam da xəmir hazırlayırdı. Dedi ki, hər gün dondurma pulu istəyirsən, daha yordun bizi, boğazın da ağrıyır. Beləcə öz işinə davam etdi. Mən də çox təkid etmədən, maşının yanına qayıdıb, satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım. Anam birdən əllərini yuyub maşının yanında məni gördü. Sən demə, gördüyü mənzərə onu çox kövrəldib. Buna görə mənə bir yox, iki dondurma aldı. Hətta o, illər sonra da bu hadisəni xatırlayıb kövrəlir”.
E.Nəsirov deyir ki, sakit təbiətli, oxumağa meylli uşaq olduğu üçün evdə çox danlanmayıb: "Bəzən saatlarla tənlik həll edirdim, bacımgil deyirdi ki, çıx bir az hava al, biz də ev-eşiyi təmizləyək. Amma nəticə əldə etməyənədək yerimdən durmurdum. Ən çox buna görə danlanırdım. Orta məktəbə də elə Təzəkənddə getmişəm. Birinci sinifdən on birinci sinfə kimi əlaçı şagird idim, həmişə də ön sırada əyləşirdim. Şərəf lövhəsində hər zaman şəklim olduğuna görə, bu məndə vərdiş halını almışdı. Biz xüsusi ixtisas bölgüsü etmədən oxuyurduq. O vaxt repetitor anlayışı yox idi. Hər kəs imtahana özü evdə hazırlaşırdı. Mən, bibimoğlu və dayımqızı BDU-nun tarix fakültəsinə birgə hazırlaşırdıq. İmtahandan əvvəl biz bir-birimizlə xeyli sorğu-sual edirdik. Məktəbdə öyrəndiklərimiz və fərdi çalışqanlığımız hesabına ali məktəbə qəbul olurduq”.
Yüksək bal toplasam da, universitetə qəbul olmadım
Orta məktəbi bitirən millət vəkili qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, həmin il universitetə qəbul ola bilmir: "Hüquq və tarix fakültəsi arasında qərarsız qalmışdım. İş elə gətirdi ki, Əfqanıstanda xidmət edən gənclər konkursdan kənar qəbul edildi. Həmçinin, iş stajı olanlar da asanlıqla universitetə qəbul olurdu. Bizim kimi abituriyentlərin universitetə qəbul olması çox çətin idi. Mən çox yüksək bal toplasam da, qəbul olmadım və hərbi xidmətə yollandım”.
Həmsöhbətim hərbi xidmət illərini Moskvada keçirib: "Tikinti batalyonuna düşmüşdüm. Onu da deyim ki, yüksək bal toplayıb universitetə qəbul olmamağım əsgərlikdə karıma gəldi. Orada siyasi məşğələlər keçirilirdi və mən əksər sualları cavablaya bildim. Buna görə yoldaşlarımdan seçilirdim. Nəticədə məni Moskvanın bütün tikinti batalyonlarının tabe olduğu idarəyə yolladılar. Orada bir il işlədim. Sonrakı bir ili isə Moskva yaxınlığında yerləşən bir zavodda dispetçer vəzifəsində işlədim. Orada olduğum müddətdə vaxt tapdıqca imtahanlara hazırlaşırdım. O zaman hərbi hissə rəhbərliyi mənə Moskva Dövlət Universitetində göndərişlə oxuya biləcəyimi dedi. Soruşdum ki, Bakıda qəbul ola bilməsəm Moskvada oxuya bilərəm? Dedilər ki, nə vaxt istəsən, sənə şərait yarada bilərik”.
Yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim
Hərbi xidmətdən qayıtdıqdan sonra BDU-nun tarix fakültəsinə qəbul olan müsahibim deyir ki, əslində, onun uşaqlıq arzusu diplomat olmaq idi. Ancaq seçdiyi ixtisas bu gün onun bütün arzularını reallaşdırıb: "Dayılarım Bakıda yaşadığına görə bu şəhərin mühiti mənim üçün yad deyildi. Hər dəfə gələndə onlarda qalıb imtahanlara hazırlaşırdım. Yadıma gəlir ki, Zabitlər bağında bir küncə çəkilib oxuyurdum. 1989-cu ildə tarix fakültəsinə daxil oldum. Düzü, universitetə daxil olduqdan sonra yataqxanada qala bilərdim, lakin orada çox səs-küy olduğuna görə rahat mütaliə edə bilmirdim. Atam mənə Montində kirayə ev tutdu. Tələbə yoldaşlarım çox vaxt bizə gəlirdi ki, dərslərimizi oxuyaq. Çünki evdə sakit mühit var idi. Bu evin sonradan mənim təhsildə uğur qazanmağıma çox köməyi dəydi. Yəqin ki, yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim”.
Elman müəllim deyir ki, ali məktəbi də əla qiymətlərlə başa vurub: "Bizim dekanımız Yaqub Mahmudlu idi. Yaqub müəllimin o dövrlərdə böyük nüfuzu var idi. O, ən çətin dövrlərdə belə öz tələbələrini ciddi şəkildə müdafiə edirdi. Həmin dövrdə BDU-dan tələbələr xaricə oxumağa göndərilirdi. Mənim də Lomonosov adına Moskva Dövlət Universitetinə getmək şansım yaranmışdı. Ancaq o dövrdə baş verən siyasi təlatümlər, Qarabağ hadisələri buna imkan vermədi. Yəni iki dəfə Moskvada təhsil almaq imkanım olsa da, bu, baş tutmadı. Amma buna görə peşman deyiləm. Universiteti əla qiymətlərlə oxudum, beş il ərzində cəmi bir dördüm oldu. Bir dəfə elə oldu ki, məndən imtahanı dekan götürdü. Onun bütün kitablarını oxuyub konspekt hazırlamışdım. Həmçinin, özlüyümdə ona verəsi xeyli suallarım var idi. Belə bir fürsət axtarırdım ki, onun özünə bu sualları ünvanlayım. İmtahan bitdikdən sonra dedim ki, Yaqub müəllim, mənim sizə suallarım var. Bu yanaşmam çox xoşuna gəlmişdi və bütün suallarımı səbirlə cavabladı. Tələbələr tez-tez qapını açıb görürdülər ki, imtahanda mən yox, Yaqub müəllim özü danışır. İmtahan bitəndən sonra tələbə yoldaşlarım məndən soruşdular ki, biz başa düşmədik imtahanı sən verirdin, yoxsa dekan”?
"Yaqub müəllimə hər zaman minnətdar olmuşam”
Elə bu hadisə həyatında dönüş nöqtəsi olur: "Bu imtahandan sonra dekanımız məni hər zaman diqqətdə saxlayırdı. Universiteti bitirdikdə fakültənin böyük elmi şurasında dedi ki, bu tələbə mənə dərs keçməyə imkan vermir, onun sualları məni yorur. Beləliklə, mən BDU-da saxlanıldım. 1995-ci ildən başlayaraq, Amerika və Avropa ölkələrinin müasir tarixi kafedrasında baş laborant kimi işə başladım. İşlədiyim müddətdə müdafiəmi etdim, kitablarım çap olundu. Bu hadisə elmə gəlişim və sonrakı karyeramda müstəsna rol oynadı. Buna görə Yaqub müəllimə hər zaman minnətdar olmuşam”.
Həmsöhbətim deyir ki, indiki dövrün gəncləri çox şanslıdır. Çünki texnologiyanın inkişafı onlar üçün geniş imkanlar yaradır: "1997-ci ildə Təhsil Nazirliyi, BDU və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə "Azərbaycan neftinin dünəni, bu günü və sabahı” adlı olimpiada keçirilirdi. O dövrlərdə hər evdə kompüter yox idi. Mən Kibernetika İnstitutuna gedib 50 səhifəlik tədqiqat işimi orada işləyən bir xanıma verdim ki, onu yığsın. Bir gün əvvəl xanıma yaxınlaşdım ki, yazımı təhvil alım. Gördüm qanı çox qaradı. Sən demə, bütün yazılarım silinibmiş. Bu materialı yazmaq isə ən yaxşı halda 4-5 gün vaxt aparır və sabah da sənədlərin təqdim etməyin sonu günü idi. Artıq hamı öz sənədlərini təhvil vermişdi. Bilmədim nə edim, çarəsizlikdən gəlib komissiyaya əhvalatı olduğu kimi danışdım. Onlar məni başa düşdülər və vaxtı əlavə bir gün də uzatdılar. Nəticələr 6 aydan sonra açıqlandı və mən birinci yerə layiq görülmüºdüm. Mənə 500 dollar mükafat verdilər. Bu, o dövr üçün çox böyük pul idi. Sonralar bu tədqiqat işim əsasında kitabım dərc olundu”.
Müsahibim ilk gəliri haqda da söz açdı: "Atamgil mənim üçün kirayə qaldığım evə pul ödəyirdilər. İlk dəfə maaş aldığım gün evdəkilərə dedim ki, daha mənə ev pulu göndərməyin, özüm ödəyəcəyəm. Həmin gündən ev pulumu özüm verməyə başladım”.
Kitab ən yaxşı tərbiyə üsuludur
Millət vəkili deyir ki, böyük şairlərin təsvir etdiyi sevgi anlayışı ona yad olub: "Əsərlərdə, şeirlərdə təsvir edilən böyük sevgi yaşadığımı desəm, yalan olar. Pərvanələr, şam işığı, yuxusuz gecələr kimi epitetlər mənə yad idi. Mən Əli Kərimin "İki sevgi” şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bilirdi ki, eşqdən dəli-divanə olmuşam. Əslində şeirin özünü çox sevirdim. Təhsil məsələləri vaxtımı çox aldı, artıq 38 yaşımda professor adı almışdım. İnsan eyni vaxtda həm sevgidə, həm karyerada uğur qazana bilmir. Buna görə də bir qədər gec ailə qurdum. Üç övladım - iki qızım, bir oğlum var. Kiçik qızım göz həkimi olmaq istəyir. Böyük qızım isə ADA-da oxumağı arzulayır. Onların təhsili, tərbiyəsində xüsusi istiqamət seçməmişəm. Çünki məncə, kitab ən yaxşı tərbiyə üsuludur. İstəyirəm ki, öz istədikləri sahədə uğur qazansınlar”.
Sonda Elman müəllimdən gənclərə tövsiyəsini də soruşduq: "Təmsil etdiyim partiyada çoxsaylı gənclər də var. Bu, məni çox sevindirir. Bu gün ermənipərəst qüvvələr Azərbaycanda siyasi sabitliyi pozmağa çalışır. Bunun üçün də gənclərdən istifadə etməyə çalışırlar. Düzdür, bizim gənclər çox savadlı, vətənpərvərdirlər. Onların özünü təsdiq etməsi üçün bütün imkanlar səfərbər edilib. Üzümü gənclərə tutub deyirəm ki, bizim gələcəyimiz sizdən asılıdır. İnqilablardan çıxan gənclik heç nə qazanmır. Ona görə də gənclər ayıq-sayıq olmalı, dövlətimizi, siyasi sabitliyimizi göz-bəbəkləri kimi qorumalıdır”.
Şəbnəm Mehdizadə
"Kaspi" qəzeti
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM