Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edib.
Nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir:
"Öncə hörmətli Ticcani Muhammad-Bandeyi Baş Assambleyaya başçılıq etməsi münasibətilə təbrik etmək və ona vacib vəzifələrində uğurlar diləmək istəyirəm. Cənab Məhəmməd-Bande fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikasının hərtərəfli dəstəyinə arxalana bilər. Zati-aliləri xanım Mariya Fernanda Espinosa Qarsesə Assambleyanın yetmiş üçüncü sessiyasına rəhbərliyi zaman sərf etdiyi böyük əməyinə görə minnətdarıq.
Biz, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə təşkilatda islahatların aparılması, onun daha çox inteqrasiya edilmiş, effektiv və səmərəli quruma çevrilməsi istiqamətində səylərinə görə minnətdarıq.
Cənab Sədr,
Dünyanın bu gün üzləşdiyi hədə və təhdidlər beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün bizim birgə səylərimizi tələb edir.
BMT Nizamnaməsinin əsasını təşkil edən çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması, BMT-nin üç sütunu olan, sülh və təhlükəsizlik, inkişaf və insan haqlarını təşviq etmək və onlara dəstək olmaq üçün çox vacibdir. Bu xüsusda, islah edilmiş və gücləndirilmiş çoxtərəfli bir sistemi təşviq etmək və dəstəkləmək bizim ümumi vəzifəmizdir.
Hamılıqla qəbul edilmiş fundamental dəyərlərə, norma və prinsiplərə riayət olunmursa, eləcə də təcavüz və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir.
Birləşmiş Millətlər Təşkilatının əsas orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin icrası, habelə hesabatlılıq, bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə riayət olunmaması, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyətinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz.
Müharibə və insan əziyyətlərinin qarşısını almaq üçün təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı, bütün üzvlərini ümumi qayda əsaslı bir nizamla bağlayaraq, sülh və təhlükəsizlik problemlərinin həllində iştirak edənlərin hamısının Təşkilatın məqsəd və prinsiplərinin vahid tətbiqini təmin etməkdə mərkəzi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının bu roluna dəstək sülhün, sabitliyin və davamlı inkişafın qorunmasında vacibdir.
Cənab Sədr,
Müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin ən güclü tərəfdarlarından biri Qoşulmama Hərəkatıdır. Biz, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısının 2019-cu ilin 25-26 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini səbrsizliklə gözləyirik.
Qoşulmama Hərəkatı tarixi boyu Bandunq Prinsiplərinə sadiq qalmaqla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Azərbaycanın sədrliyi 2020-ci ildə 65 illik yubileyini qeyd edəcək Hərəkatın təməl prinsiplərinin inkişafına daha bir təkan verəcəkdir.
Cənab Sədr,
2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi yolunu davam etdirərək, üzərimizə götürdüyümüz öhdəlikləri nə dərəcədə yerinə yetirdiyimizi müəyyənləşdirmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən davamlı səylər xalqımızın parlaq gələcəyini və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir. Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır.
Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib.
İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf etmişdir. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollaradək təşkil etmişdir.
Sosial sahə hər zaman diqqət mərkəzində olub. Bu il Hökumət, 10 milyonluq əhalisi olan ölkənin 4 milyondan çox insanını əhatə edən sosial paket qəbul etdi. Son 15 ildə sosial sahəyə qoyulan investisiyalar ölkədə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49% -dən 2019-cu ildə demək olar ki, 5% -ə endirilməsi ilə nəticələndi. Eyni müddətdə işsizlik səviyyəsi 10.6%-dən 5%-dən də aşağı endi.
Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən 10 ölkəsinin siyahısına daxil edilmişdir. Ölkədəki əlverişli iş mühiti son 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollara yaxın investisiya gətirdi, bunun da yarısı xarici sərmayələrin payına düşür.
Azərbaycan bağlılığı təşviq etməklə regional inkişaf səylərinə öz töhfəsini verir. Qitələrin bir araya gəlməsində, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platformanın yaradılmasında mühüm rol oynayır. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Azərbaycan mədəni müxtəlifliyin təbliğinə xüsusi əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Son illərdə bir sıra böyük qlobal tədbirlərə ev sahibliyi etdik və dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürmüşük. Bu təşəbbüslər arasında Baş Assambleya və Baş Katib tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün başlıca qlobal platforma kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu qeyd etmək olar.
Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahib olaraq, Hökumət gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edərək onların potensialının tam reallaşmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilmişdir. Bu hədəflər gənclər arasında işsizliyin azaldılması, peşə təhsili və təlimlərin yaxşılaşdırılması və kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədlərini güdür.
Azərbaycan gender bərabərliyini təmin etmək və qadınlara ictimai və sosial həyatda səlahiyyətlər vermək üçün öz səylərini davam etdirir. Buna xüsusda, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsinin icrası üçün hazırda milli fəaliyyət planını hazırladığımızı məmnunluqla qeyd etmək istərdim.
Yeni yaranan donor ölkə olaraq Azərbaycan Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişaf yardımlarını göstərməkdə davam edir. İnkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir.
Hər bir qasırğa, böyük yanğın və dəniz səviyyəsinin bir santimetrlik qalxması ilə iqlim dəyişikliyinin mövcud təhlükəsi daha da aktuallaşır. Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və ölkə artıq mənfi nəticələrlə, məsələn, sel, quraqlıq, istilik və digərləri ilə üzləşir.
Biz iqlim fəaliyyətinə dair böyük beynəlxalq müqavilələrinə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişinə qoşulub. Milli siyasət və strategiyalar həmin beynəlxalq sənədlərə uyğunlaşdırılmışdır. Hökümət karbon qazı tullantılarını minimum səviyyəyə çatdırmaq üçün vacib addımlar atdı və onun 2030-cu ilə qədər 35 faiz azaldacağına söz verdi.
Cənab Sədr,
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı məlum təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlının evlərindən və mülklərindən didərgin düşməsi ilə nəticələndi. Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə xələl gətirməkdə davam edir. Keçən il baş tutmuş Ümumi Müzakirələrdən bəri münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə edilməmişdir.
Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan Baş naziri və Hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur.
Son zamanlar verdiyi açıqlamalarında, o cümlədən BMT Baş Assambleyasının Ümumi Müzakirələrində Ermənistanın Baş naziri Hökumətinin danışıqlardakı strategiyasını, yəni "müharibənin nəticələrini qorumaq" məqsədini açıq şəkildə bəyan etdi. Əslində, Ermənistan rəhbərliyinin niyyəti, qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan və insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-Ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbul edilməz status-quo vəziyyətinin müdafiəsidir.
Yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993), 884(1993) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləmiş, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiq etmişdir.
Ərazi iddiaları və zorakı addımlara cavab olaraq, Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etmiş və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Baş Assambleyanın qətnamələri və digər mötəbər beynəlxalq təşkilatarın çoxsaylı qərar və sənədləri eyni səciyyə daşıyırdı.
Lakin, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib.
Əksinə, münaqişənin siyasi həlli üzrə davam edən səylər kontekstində, beynəlxalq ictimaiyyət tərəfindən ilkin xəbərdarlıq və pislənilməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu fəaliyyətlərə, o cümlədən işğal olunmuş ərazilərdə məskunlaşdırma, tarixi və mədəni irsin dağıdılması və mənimsənilməsi, mülkiyyətin, təbii ehtiyatların və digər sərvətlərinin istismarı və qanunusuz dövriyyəsi aiddir. Bu addımlar Müharibə şəraitində mülki şəxslərin müdafiəsi üzrə 1949-cu il Dördüncü Cenevrə Konvensiyası və 1977-ci il Birinci Əlavə Protokolu açıq şəkildə pozur və müharibə cinayətləri, həmçinin beynəlxalq hüquq çərçivəsində və dövlət və fərdlərin cinayət məsuliyyətini ehtiva edir.
Tamamilə aydındır ki, bu siyasət və təcrübə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədlərinə uyğun gəlmir və BMT Nizamnaməsində əks olunduğu kimi, dövlətlərarası münasibətlərdə qaydalara əsaslanan və sivil dövlətlərarası münasibətlərin dəyərlərini, norma və prinsiplərini müdafiə etmək üçün BMT və beynəlxaq ictimaiyyətin təxirəsalınmaz tədbirlərini tələb edir.
Davam edən sülh prosesinin əsas məqsədi Ermənistan tərəfindən başlanılan müharibənin nəticələrinin aradan qaldırılması və beləliklə də, Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zor tətbiqi ilə qovulmuş şəxslərin öz evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsidir. Bu məqsədə nail olmaq mütləqdir və kompromis təşkil etmir.
Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. O, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir.
Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə Ermənistan, dayanıqlı olmayan status quo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Öz destruktiv siyasi gündəliyinin perspektivlərinin olmadığını Yerevan nə qədər tez başa düşərsə, bir o qədər tez bölgənin bütün əhalisi sülh, sabitlik və əməkdaşlıqdan faydalanacaq və Ermənistanın bölgədə yürütdüyü təcavüzkar və düşmən siyasəti səbəbindən üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial problemləri dəf etmək şansları daha çox olacaq".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM