Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

21:03 / 18.10.2019

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda birinci Forumu keçirilib.

Forumun məqsədi ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətə, o cümlədən müstəqilliyin, dövlətçiliyin, təhlükəsizliyin və iqtisadi mənafelərinin etibarlı qorunması işinə ölkənin hüquq mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların töhfə vermək əzminin daha da yüksəldilməsi, ölkədə sabitliyin, dövlət təhlükəsizliyinin, ictimai qayda və asayişin, həmçinin dövlət-vətəndaş həmrəyliyinin etibarlı təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər, Gənclər siyasəti və idman məsələləri şöbələrinin müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin komitə sədrləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Müdafiə, Gənclər və İdman nazirliklərinin, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, “ASAN xidmət”in, Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Forum iştirakçıları Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən Forum xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqillik yolunu və dövlət quruculuğunu, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən fəal hüquq-mühafizə siyasətini əks etdirən film nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını dövlət müstəqilliyi günü münasibətilə təbrik edərək bildirib ki, belə bir forumun keçirilməsi gənc əməkdaşların səmərəli təmaslar qurmasına kömək göstərməklə yanaşı, onların müstəqilliyimizin və dövlətçiliyimizin əbədi, daimi və dönməz olması üçün üzərilərinə düşən vəzifələri hər zaman vicdanla yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün gənclər Azərbaycanda dövlət siyasətinin aktiv iştirakçısı və aparıcı qüvvəsidir. Son illər gənclərin ictimai fəallığı daha da yüksəlib, onların idarəetmədə rolu artıb. Hazırda hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışan əməkdaşların yarısını gənclər təşkil edir və onların sayı ilbəil artmaqdadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti də gənclərdir. Onlar sərhədlərimizi qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Azərbaycan gəncləri cəmiyyətimiz üçün yeni olan könüllülük hərəkatının əsasını qoyublar. Artıq bu hərəkatın onminlərlə üzvü var.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına hər zaman xüsusi önəm verirdi. Ümummilli Liderin özü gənc yaşlarından hüquq-mühafizə orqanlarında çalışmışdır. Sonradan bu orqanlarda qazanılan təcrübə Ulu Öndərin müstəqil Azərbaycanın dövlətçiliyinin gücləndirilməsi, xüsusilə müstəqilliyimizin ilk dövrlərində yaranmış xaos və hərc-mərcliyə son qoyulması, eləcə də hüquq mühafizə orqanlarının inkişafı istiqamətindəki misilsiz fəaliyyətində önəmli rol oynayıb”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Gənclərə qayğının Prezident İlham Əliyevin də daim diqqət mərkəzində dayandığını qeyd edən Fuad Ələsgərov deyib ki, dövlətimizin başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə sistemində rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verir. Hər bir gəncin əsas vəzifəsinin müstəqilliyi möhkəmləndirmək olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və onlarla fəxr etdiyini bildirir.

Bu gün bacarıqlı və istedadlı gənc nəsil yetişdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Gənclərin inkişafı, onların ölkə həyatının, dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hüquqi sahədə və hərbi xidmətdə böyük uğurlar qazanması qürurverici haldır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənclərə ünvanlanmış sözlərini xatırlatmaq yerinə düşər: “Zəngin, bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi isə doldurur. Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq”.

Fuad Ələsgərov son vaxtlar hüquq-mühafizə orqanlarında da həyata keçirilən mühüm islahatlardan danışaraq bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. Prezident İlham Əliyevin bu il oktyabrın 25-də keçirdiyi iqtisadi müşavirədə dediyi kimi, “biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq, heç kim bu işdə bizə mane ola bilməz”.

Qeyd olunub ki, Azərbaycanda dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlər yeni müstəvidə həyata keçilir. Şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması sahəsində müsbət mənada çox böyük dəyişikliklər baş verib. Dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail olunub. Buna misal olaraq “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətlərini qeyd etmək olar.

“Bu gün yüksək intellektə malik və müstəqillik ənənələrinə sadiq əməkdaşlarla komplektləşdirilən hüquq-mühafizə və təhlükəsizlik orqanlarında gənclərin rolu sürətlə artır. Dövlət orqanlarında fəaliyyət göstərən təlim-tədris qurumları, ixtisaslaşmış akademiyaların fəaliyyəti gənclərin davamlı və gələcək inkişafı üçün çoxsaylı imkanlar təmin edir. Hüquq-mühafizə orqanlarında xidmət edən gənclər vətəndaşlarla sıx ünsiyyətdə olur və bununla dövləti təmsil edirlər. Bu da vətəndaşların dövlətə olan inamına təsir göstərir. Odur ki, hər bir əməkdaş operativ və sürətli qərar qəbul etmək bacarığına malik olmalıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları komanda şəkilində işləməlidirlər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Ölkəmizdə xarici və bəzən də dövlətimizin müstəqilliyinə yönəlmiş daxili təhdidlər olduğunu və bununla mübarizə aparıldığını qeyd edən Fuad Ələsgərov forum iştirakçılarına müraciətlə deyib: “Siz gənclər bu reallıqları daim görməli, milli maraqları rəhbər tutmaqla, ölkədə və dünyada gedən ictimai siyasi proseslərə adekvat qiymət verməyi bacarmalı, gəncliyin verdiyi üstünlüklərlə, çevikliyiniz və enerjinizlə üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməlisiniz”.

Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının inkişafını daim diqqətdə saxladığını, bu sahədə ixtisaslaşmış xüsusi proqramlar qəbul edildiyini, əməkdaşların maddi-sosial təminatının mütəmadi olaraq yaxşılaşdırıldığını qeyd edən Prezidentin köməkçisi bu Forumun gənclər üçün faydalı müzakirə və ünsiyyət platforması olacağına əminliyini bildirib.

DTX-nın rəisi, general-leytenant Əli Nağıyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət, o cümlədən təhlükəsizlik strategiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə uğurla həyata keçirilir. Respublikamızın hüquq-mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların bu strategiyaya töhfə vermək əzminin daha da yüksəldilməsi, bu orqanların qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılması, qazanılmış nailiyyətlər üzrə təcrübə mübadiləsinin gücləndirilməsi ilk dəfə keçirilən forumun əsas məqsədidir. Ulu Öndərin müdrik kəlamı - “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” devizi ilə keçirilən Forum dahi şəxsiyyətin vaxtilə Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə dəfələrlə çıxış etdiyi bu zalda təşkil olunması təsadüfü deyil. Azərbaycan xalqı müstəqillik yolunda illərlə mübarizə aparıb, minlərlə şəhid verib və nəhayət iyirminci əsrin sonunda dövlət müstəqilliyini bərpa etməyə nail olub. Müstəqilliyin ilk illərində Azərbaycanı, xalqını düşdüyü fəlakətdən xilas etmək, dövlət müstəqilliyini qoruyub saxlamaq və onun dönməzliyinə təminat vermək, qardaş qırğınının qarşısını almaq, cinayətkar Ermənistanın işğalçılıq siyasətini dayandırmaq iqtidarında olan yeganə şəxsiyyət ümummilli lider Heydər Əliyev idi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğunun, onun tərkib hissəsi olan hüquq mühafizə sisteminin və ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, normativ hüquqi baza təkmilləşdirildi, təhlükəsizlik şəraitində sürətli iqtisadi inkişafın bünövrəsi qoyuldu. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının milli inkişaf strategiyasında prioritet hədəflərdən olan insan kapitalının yaradılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın da əvəzsiz xidmətləri var.

“Hazırda Azərbaycan gəncliyinin ümumi dünyagörüşünün vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik, humanizm prinsipləri əsasında formalaşdırılması əsas meyara çevrilib. Gənclərin dini ekstremizm, radikalizm, beynəlxalq terrorçuluq kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısının alınması başlıca vəzifələrdəndir. Hüquq mühafizə orqanlarında xidmət edən gənc əməkdaşlar qarşısında, həmçinin müstəqilliyimizin və ərazi bütövlüyünün qorunması, dövlətçiliyin inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması sahəsində ciddi vəzifələr dayanır. Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə yönələn mümkün təhdidlərin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi üçün digər dövlət və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bugünkü forum da bu səmərəli əməkdaşlığın əyani nümunələrindən biridir”, - deyə Əli Nağıyev vurğulayıb.
Qeyd olunub ki, dövlət təhlükəsizliyi orqanlarında xidmət edən əməkdaşların 40 faizindən çoxunu gənclər təşkil edir. Onlar göstərilən etimadı şərəflə doğruldur və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Təhlükəsizlik orqanları üçün yüksək ixtisaslı kadrların hazırlığında 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış DTX-nın Akademiyasının rolunu vurğulayan Əli Nağıyev əmin olduğunu bildirib ki, Ulu Öndərin adını daşıyan ali təhsil ocağını bitirən hər bir gənc zabit, onun peşəkarlıq məktəbinin davamçısı kimi öz layiqli yerini tutacaq. Bunun üçün hər bir əməkdaş, xüsusilə gənclər Vətənə, dövlətə, Ali Baş Komandana sədaqətlə xidmət etməli, tutduğu vəzifəsindən asılı olmayaraq peşə andına və vəzifə borcuna məsuliyyətlə yanaşmalıdır.

Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov çıxışında tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Forum cəmiyyətimizin böyük hissəsini təşkil edən gəncliyimizin hüquq-mühafizə orqanlarında təmsil olunan nümayəndələrin bir araya gəlməsi, milli maraqlara xidmət edən aktual məsələlərin müzakirə olunması baxımından mühüm platformadır.

Xalqımızın müstəqillik uğrunda mübarizədə verdiyi qurbanlardan danışan Baş prokuror deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətə olmuş, bu gündə hakimiyyət ideyasında olan xəyanətkar və səriştəsiz qüvvələr həyatı əhəmiyyətli islahatları nəinki reallaşdıra bildilər, əksinə onların yarıtmaz fəaliyyəti nəticəsində respublika müstəqilliyini itirmək təhlükəsi və vətəndaş müharibəsi ilə üzbəüz qaldı. Erməni qəsbkarları tərəfindən torpaqlarımız işğal olundu. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərcimərcilik, cinayətkarlığın artması həyatın bütün sahələrinə böyük zərbələr vurdu. Bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Belə bir çətin, böhranlı məqamda xalqımız dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vətəndaş müharibəsinin qarşısı alındı, genişmiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı. Azərbaycan məhz Ulu Öndərin sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə sürətlə inkişafa qədəm qoydu. Bu siyasi kurs və strateji inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və mənafeyi dayanan sosial mahiyyətli dövlət siyasətinin sistemli və ardıcıl həyata keçirilməsi bütün sahələrdə nailiyyətlər qazanılmasına şərait yaradıb.

Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətindən, gənc kadrların müstəqilliyin qorunmasına və inkişafa verdiyi töhfələrdən Zakir Qaralov deyib: Bu gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində gənclərin təhsili, beynəlxalq miqyaslı qəbul olunan rəqabətli mütəxəssis kimi yetişdirilməsi, müasir dünyaya inteqrasiya olunmaq imkanları yaradan biliklərə yiyələnməsi, bununla yanaşı milli maraqların, dövlətçilik mənafeyinin hər cür üstün tutmaları istiqamətində mühüm işlər görülür.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin təzahürlərindən biri də gənclərin dövlət orqanlarına işə qəbulunun müsabiqə yolu ilə daha aşkarlıq şəraitində, şəffaf proseduralarla aparılmasıdır. Prezident İlham Əliyevin qarşımızda müəyyən etdiyi prokurorluq orqanlarının dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünya görüşünə, yüksək nəzəri biliklərə malik gənclər hesabına yeni nəsil prokurorluq əməkdaşları ilə formalaşması məsələsinə xüsusi diqqət yetirilir. Hazırda prokurorluğun kadr korpusunun 70 faizi müsabiqə yolu ilə seçilmiş gənclərdən ibarətdir.

Baş prokuror hüquq mühafizə orqanlarının gənc əməkdaşlarına tövsiyə edib ki, onlar üzərilərinə düşən məsuliyyəti tam dərk etməli, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətin və xalqın maraqlarının, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, qanunçuluğun və təhlükəsizliyin, insan hüquq və azadlığının təmin edilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməlidir.

Forumda çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov qeyd edib ki, Forum Ulu Öndərin rəhbərliyə qayıdışı Azərbaycanı fəlakətdən qurtardı və ölkə iqtisadiyyatını inkişaf yoluna çıxardı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, həyata keçirilən islahatlar vergi sisteminə də müsbət təsirini göstərir.

Hazırda ölkədə insan kapitalının formalaşması istiqamətində mühüm layihələr həyata keçirildiyini, savadlı gənc nəsil formalaşdığını vurğulayan nazir deyib ki, Vergilər Nazirliyində də kadrların böyük hissəsini gənclər təşkil edir. Yeni nəslin bilik və bacarıqları, xüsusilə müasir informasiya kommunikasiya texnologiyalarından daha səmərəli bəhrələnməyə imkan yaradır. Bugünkü gənclik qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Vergilər Nazirliyinin əsas məqsədi ölkəmizdə ədalətli rəqabət mühiti yaratmaq, bazar iqtisadiyyatının prinsiplərinə uyğun fəaliyyət göstərən, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirən vergi ödəyicilərinin fəaliyyətini tam həcmdə təmin etməkdir.

Dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə yaranmış ağır vəziyyəti, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını, vətəni və xalqı qarşısında xidmətlərini xatırladan daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev deyib ki, suverenliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin də çox böyük rolu olub. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb.

Daxili işlər orqanlarında da gənclərə diqqət və qayğı ilə yanaşıldığını qeyd edən İsmət Əliyev bildirib ki, bu gün şəxsi heyətin 43 faizini yaşı 30-dək olan gənclər təşkil edir, 90 gənc əməkdaş rəhbər vəzifələrdə çalışır. Onlar cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirir. Cəmiyyətdə hüquq mühafizə sisteminə etimad getdikcə yüksəlir. Bu uğurları gözü götürməyən məkrli qüvvələr müxtəlif təxribata əl ataraq cəmiyyətdə çaşqınlıq yaratmağa, idarəçilik sisteminə etimadı sarsıtmağa çalışırlar. Bugünkü forum gənc əməkdaşların düşmən qüvvələrə qarşı mübarizədə səylərini birləşdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Sonra tədbir hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının çıxışları ilə davam edib. Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov, Baş Prokurorluğun əməkdaşı, ədliyyə müşaviri Toğrul Muxtarov, Dövlət Gömrük Komitəsinin əməkdaşı, gömrük xidməti mayoru Eldar Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis leytenantı Səlimağa Pirəliyev, Ədliyyə Nazirliyinin əməkdaşı, III dərəcəli ədliyyə qulluqçusu Səbinə Hüseynova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Sənan Nəsirli, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, baş leytenant Fərid Mehbalı, DTX-nin əməkdaşı Elşən Cəfərli çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, hüquq mühafizə orqanlarında çalışan gənclər dövlətimizin başçısının siyasi kursunu dəstəkləyir və onun ətrafında sıx birləşib. Onlar müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn, sabitliyin pozulması niyyəti güdən hər hansı təxribatın qarşısını almağa hazırdırlar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Forum iştirakçıları adından müraciət qəbul edilib.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan destruktiv qüvvələr tərəfindən cəmiyyətimizin təməl dəyərlərinin sarsıdılması, ictimaiyyət arasında hakimiyyət təmsilçilərinin və dövlət orqanlarının nüfuzdan salınması, təhqir və böhtan kampaniyasının aparılması üzrə sistemli iş həyata keçirilir. Məkrli qüvvələr öz çirkin məqsədlərinə çatmaq üçün yenidən cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət idarəçilik sisteminə etimadı sarsıtmağa çalışırlar.

Müraciətdə deyilir: “Düşmən qüvvələrin bu niyyətlərinə çatması mümkün deyil. Ona görə ki, onların qarşısında Sizin ölkəmizdə təhlükəsizliyin və ictimai asayişin təmin olunmasını etibar etdiyiniz hüquq mühafizə orqanları, o cümlədən onların vətənpərvər, dövlətinə və xalqına sadiq gənc əməkdaşları dayanmışdır. Böyük zəhmət hesabına ölkəmizdə əldə olunmuş sabitliyin, əmin-amanlığın və firavanlığın qorunmasına görə məsuliyyətimizi dərindən dərk edirik. Biz gənclər Vətənimizin daha da çiçəklənməsi və müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığınız mübarizədə hər zaman Sizin yanınızdayıq”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM