Azərbaycan nümayəndə heyəti anım mərasimində iştirak edib
Noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.
Mərasim iştirakçıları 223-cü atıcı diviziyanın döyüşçülərinin şərəfinə ucaldılmış abidənin önünə əklillər qoyublar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ tədbirdə çıxış edərək dedi:
-Sizi 1942-ci ildə Şimali Osetiyada Mozdokun azad edilməsi zamanı 223-cü Azərbaycan atıcı diviziyasının həlak olmuş döyüşçülərinin xatirəsinə həsr olunmuş tədbirdə salamlayıram.
Qafqaz xalqları arasında mehriban münasibətlər misilsiz tarixi sərvətdir. Bu, elə bir böyük nemətdir ki, hətta həmvətənlər, vahid ölkənin vətəndaşları olmayanda da bizi tarixi qarşılıqlı hörmət, mehriban qonşuluq ənənələri birləşdirir. Müdriklik bundadır ki, xalqlarımız ortaq tarixi keçmişimizdə qarşılıqlı münasibətlərimizə xas olan yaxşı nə varsa hamısını qayğı ilə qoruyub saxlasınlar və inkişaf etdirsinlər.
Biz 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin bayram edilməsi ərəfəsində bu tarixi reallıqları xüsusi qiymətləndiririk. Biz ortaq keçmişimizdə öz torpaqlarımızı birlikdə müdafiə etmişik. Bu gün məscidlərimizi, dini ocaqlarımızı birlikdə qururuq, dinc gələcəyimizin qayğısına da birlikdə qalmalıyıq. Məsələn, Qafqazda Qarabağ problemi özünün beynəlxalq hüquq əsasında, sülh yolu ilə ədalətli həllini gözləyir. Biz, Qafqazın dini liderləri Tanrıya dualar oxuyuruq ki, Yer kürəsinin heç bir yerində heç vaxt müharibələr olmasın, bizim evimiz Qafqazda həmişə sülh, əmin-amanlıq bərqərar olsun, bunun naminə mümkün olan hər şeyi edirik. Təəssüf ki, bu gün də faşizmi yaşadan qüvvələr var. Hazırda bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeyə abidə qoyulur. Bu cür hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Rusiyanın böyüklüyü, ilk növbədə, onun xalqların mənəvi-dini dəyərlərinə və tarixi ənənələrinə yüksək münasibəti və dərindən bağlı olması ilə səciyyələnir. Bugünkü tədbir buna gözəl nümunədir.
Şimali Osetiya-Alaniyada, Vladiqafqaz şəhərinin mərkəzində Qafqazda özünün memarlıq quruluşuna görə nadir olan məscidlərdən birinin - Azərbaycan xalqının şanlı oğlu tərəfindən osetin xalqına hörmətin əlaməti, Azərbaycan və osetin xalqlarının dini birliyinin rəmzi olaraq inşa etdirilmiş Muxtarov məscidinin minarələri məğrurcasına ucalır. Mozdokda qardaş torpağı azad etmiş azərbaycanlı döyüşçülərin xatirəsinə obelisk ucaldılıb. Budur həqiqi dostluq və qardaşlıq yardımı nümunəsi, böyüməkdə olan nəsil üçün gözəl örnək. Budur, bu gün biz faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsini anmaq üçün Şimali Osetiya torpağında toplaşmışıq. Əminəm ki, bu cür görüşlər təkcə mövcud qardaşlıq, dini əlaqələrin möhkəmlənməsinə deyil, həm də bu əlaqələrin xalqlarımızın, ümmətimizin rifahı naminə genişlənməsinə xidmət edəcək. Bizim həmrəyliyimiz faşizmə qarşı müharibədə həlak olmuş bütün insanların xatirəsinə gözəl töhfədir. Allah onların ruhunu şad eləsin! Şəhidlərimizin yeri cənnət olsun! Amin!
x x x
Sonra Azərbaycanın Baş Nazirinin müavini Şahin MUSTAFAYEV çıxış edərək dedi:
-İcazə verin, sizi ürəkdən salamlayım və Rusiya tərəfinə səmimi qəbula və bu tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığımı bildirim.
Azərbaycan Respublikası MDB çərçivəsində humanitar əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu baxımdan ölkələrimizin mədəni dəyərlərinin və ortaq tarixi yaddaşımızın qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əziz tuturlar və dövlət müharibə veteranlarına böyük qayğı göstərir. 9 May – Qələbə Günü Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunur.
Məlum olduğu kimi, 2020-ci il Müstəqil Dövlətlər Birliyində 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Qələbənin 75 illiyi” elan edilib. Bu baxımdan bugünkü tədbirin keçirilməsi Azərbaycan tərəfi üçün xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan xalqı faşizm üzərində ümumi qələbəmizə misilsiz töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsinin cəbhələrində rəşadətlə döyüşüblər, onların yarısı cəbhələrdə qəhrəmancasına həlak olub. Göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Bütün müharibə boyu Azərbaycan həyati əhəmiyyətli neft məhsullarının cəbhəyə əsas tədarükçüsü olub. Neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü.
Faşist Almaniyasının Şimali və Cənubi Qafqazın, o cümlədən Bakının neft mədənlərinin ələ keçirilməsi üzrə “Edelveys” planı var idi. Bakı nefti olmadan sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqdan məhrum ola bilərdi.
Böyük Vətən müharibəsi zamanı Azərbaycanda beş milli diviziya formalaşdırılıb. 223-cü Azərbaycan atıcı diviziyası SSRİ Müdafiə Xalq Komissarlığının 1941-ci il 14 oktyabr tarixli əmri ilə Zaqafqaziya cəbhəsində formalaşdırılıb. Diviziyanın hissələri Azərbaycanda formalaşıb. Bu diviziya yaradılması üçün sözsüz ki, komandir – general mayor Heybət Atamoğlan oğlu Heybətova borcludur.
223-cü Azərbaycan atıcı diviziyası əvvəlcə Qudermesdən Xəzər dənizinə qədər ikinci eşelonda müdafiə mövqeyini tutub, 1942-ci ilin dekabrında isə Mozdok şəhərindən şərqə doğru birinci eşelona irəli çəkilib. Diviziyanın şərq istiqamətində zəfər yürüşü də buradan başlayıb. Azərbaycanın bu atıcı diviziyası Avropanın faşizmdən azad edilməsində böyük rol oynayıb. Diviziya Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexoslovakiya ərazilərində gedən ağır döyüşlərdə iştirak edib.
Ümumilikdə, 223-cü atıcı diviziya 3600 kilometr döyüş yolu keçib. Onun minlərlə döyüşçüsü orden və medallarla təltif edilib, iki nəfərə isə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bu tarixi faktların hamısı yaşlı nəslə yaxşı məlumdur, lakin bizim gənc nəsil də onları bilməlidir.
Bu gün bəzi ölkələrdə həmin müharibə haqqında həqiqətlərin təhrif olunması cəhdləri göstərilir, kimlərsə tarixi yalan əsasında yenidən yazmağa cəhd edir. Bu, yolverilməzdir. Ona görə biz etirazımızı bildirməli və bununla bağlı fikirlərimizi söyləməliyik. Bu gün faşist ideologiyası bəzi yerlərdə yenidən baş qaldırır. Biz buna yol verə, biganə qala bilmərik.
Təəssüf hissi ilə vurğulamaq istərdim ki, Azərbaycan xalqı XX əsrin sonlarında yenidən təcavüzkar faşizmin təzahürləri ilə üzləşib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının ərazilərinin 20 faizi Ermənistan Respublikasının işğalı altındadır, Dağlıq Qarabağın azərbaycanlı əhalisi isə etnik təmizləməyə məruz qalıb, bir milyondan çox azərbaycanlı yaşadığı tarixi yerlərdən zorla didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib.
Qeyd etmək lazımdır ki, bütün sivil dünyanın faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxdıqları bir vaxtda, MDB məkanında, xüsusən Ermənistan Respublikasında faşizmin qəhrəmanlaşdırılmasına cəhdlər göstərilir. Yerevanın mərkəzində faşist cəlladı və xain, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın altı metrlik heykəli qoyulub. MDB ölkələrindən olan veteran qrupları Ermənistan rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazlarını bildiriblər.
Rusiyanın Xarici İşlər Nazirliyi öz hesabatında onun Üçüncü Reyxlə cinayətkar əlaqələrini qeyd edib. Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun şəxsində Rusiyanın vicdanlı və cəsur vətəndaşları bu faktla bağlı qəti etirazlarını ifadə ediblər.
Çıxışımın sonunda faşist Almaniyası üzərində Qələbədə Rusiya və Azərbaycanın birgə səylərinin əhəmiyyətini bir daha qeyd etmək, bunun xalqlarımızın birgə mübarizəsinin və sarsılmaz dostluğunun şərəfli dövrü olduğunu xüsusi vurğulamaq istəyirəm. Barışmaz düşmənlə döyüşlərdə göstərilmiş və möhkəmlənmiş bu hisslər əsrlərboyu yaşayacaq.
x x x
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edərək dedi:
-Əvvəlcə, 223-cü Azərbaycan atıcı diviziyasının xatirəsinə həsr olunmuş bugünkü tədbirdə iştirakınıza görə hamınıza təşəkkür etmək istərdim. Həmçinin bu bərəkətli torpaqda olduğumuz ilk dəqiqələrdən bizə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə Şimali Osetiya – Alaniya Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bizi əlamətdar hadisə - Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümündən cəmi yarım il ayırır. Həmin illərin qəhrəmanlıq hadisələri əvvəlki kimi yaddaşlardan silinmir. Əksinə, atalarımızın və babalarımızın faşist Almaniyası ilə amansız döyüşlərdə göstərdikləri igidliyə görə qürur hissi ildən-ilə güclənir. Bu müharibədə Sovet İttifaqının başqa millətlərinin nümayəndələri kimi, azərbaycanlılar da öz ölkələrinin müdafiəsinə qalxdılar və təcavüzkarın darmadağın edilməsinə layiqli töhfələrini verdilər. Bizim əsgər və zabitlərimiz demək olar ki, bütün cəbhələrdə, o cümlədən Şimali Osetiyanın müdafiəsində rəşadətlə döyüşüblər. 1942-ci ilin ikinci yarısında məhz burada 223-cü atıcı diviziyanın da iştirak etdiyi qanlı döyüşlər başlayıb. Diviziya 86 faizinin azərbaycanlılar olduğu əsgər və zabitlərinin böyük bir hissəsini Şimali Qafqazın müdafiəsi uğrunda döyüşlərdə itirib. Yeri gəlmişkən, onların əksəriyyətinin 20 yaşı da olmayıb. Böyük Vətən müharibəsində həlak olmuş bütün döyüşçülərin ruhu şad olsun.
Məlumdur ki, İkinci Dünya müharibəsi illərində 223-cü diviziya Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Macarıstan ərazilərində gedən döyüşlərdə iştirak edib. Yuqoslaviyanın azad olunmasında döyüş xidmətlərinə görə ona “Belqrad” fəxri adı verilib. Ümumilikdə, diviziya 3600 kilometr döyüş yolu keçib, düşmənin 25 mindən çox canlı qüvvəsini, 30 təyyarəsini, 100-dən artıq tankını məhv edib. Diviziyanın minlərlə döyüşçüsü orden və medallarla təltif olunub, onların ikisi isə ən yüksək mükafata – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ümumilikdə, müharibə illərində Azərbaycan 600 mindən çox oğul və qızını cəbhəyə yollayıb. Onların təxminən yarısı canlarını faşist Almaniyası və onun müttəfiqləri üzərində Qələbə uğrunda qurban verib. İşğalçılarla döyüşlərdə göstərdikləri rəşadətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.
Ölkənin yanacaqla təmin edilməsində də Azərbaycanın əvəzsiz rolu olub. Müharibə illərində neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi bizim respublikanın payına düşürdü. Mübaliğəsiz demək olar ki, Bakı nefti olmadan sovet ordusu düşmənə qalib gələ bilməzdi. Məhz ona görə Hitler Azərbaycanın neft yataqlarının ələ keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Lakin sovet əsgər və zabitlərinin, o cümlədən 223-cü atıcı diviziyanın şəxsi heyətinin qəhrəmanlığı sayəsində bu planı həyata keçirmək ona müyəssər olmadı.
Tarixin ən dağıdıcı və qanlı müharibəsinin başa çatmasından 75 ilə yaxın vaxt ötür. Təəssüf ki, son illər bəzi ölkələrdə müharibənin dərsləri unudulur, nasistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri göstərilir. Məsələn, bir neçə il əvvəl Ermənistan paytaxtında Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın altı metrlik heykəli ucaldılıb. 2012-ci ildə isə Krasnodar diyarındakı Armavir şəhərinin erməni icması erməni Apostol kilsəsinin ərazisində ona xatirə lövhəsi qoyub. Onun Üçüncü Reyxlə fəal əməkdaşlıq etdiyi, Qızıl Ordunun hissələrinə qarşı döyüşən diversiya qrupu və bütöv bir erməni batalyonu yaratdığı məlumdur. Njdenin əsas şüarı belə olub: “Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur”. Hesab edirəm ki, postsovet məkanında bu cür cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərinə yer olmamalıdır. Həm Yerevandakı abidə, həm də Armavirdəki xatirə lövhəsi sökülməli, onların təşəbbüskarları və təşkilatçıları isə cəmiyyətin bütün təbəqələri tərəfindən qəti şəkildə qınanmalıdır.
Bu baxımdan faşist işğalçıları və onların əlaltıları ilə döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə abidə qoyulması xüsusi hörmətə və dərin minnətdarlığa layiqdir. Şübhəsiz ki, bu heykəl Azərbaycan və osetin xalqları, bütövlükdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı dostluğun daha bir rəmzidir.
Müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olub. Sevindirici haldır ki, ikitərəfli əlaqələrimiz bütün istiqamətlərdə - siyasətdən humanitar sahəyədək inkişaf edir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi-ticari və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət göstəririk, energetika və nəqliyyat sektorlarında birgə layihələr həyata keçiririk. Regionlararası əməkdaşlıq da ildən-ilə inkişaf edir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi-ticari və humanitar əlaqələr yaradıb. Onların arasında sizin respublika da var. 2015-ci ildə Azərbaycan və Şimali Osetiya–Alaniya hökumətləri arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlığa dair Saziş imzalanıb. Bu sənəd çərçivəsində müxtəlif sahələrdə əhəmiyyətli layihələr həyata keçirilir.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəstəyi ilə Vladiqafqazda XX əsrin böyük neft sənayeçisi və mesenatı Murtuza Muxtarovun inşa etdirdiyi məscid bərpa olunub. Qeyd etmək xoşdur ki, bizim ənənəvi dostluğumuzun və qardaşlığımızın təcəssümü olan bu memarlıq incisi Şimali Osetiyanın mədəni-mənəvi mərkəzlərindən biridir.
Sonda vurğulamaq istərdim ki, Azərbaycan gələcəkdə də həm Şimali Osetiya, həm də bütövlükdə Rusiya Federasiyası ilə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi niyyətindədir. Əminəm ki, biz birgə səylərlə ikitərəfli əlaqələrimizi yeni, daha yüksək səviyyəyə qaldıra biləcəyik.
x x x
Anım tədbirində çıxış edən digər natiqlər də Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar. Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bu isə Azərbaycanın Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM