Prezident İlham Əliyev: Ağızlarına su alıb susmuşdular

20:32 / 26.11.2019

İslahatlar bizim şüurlu seçimimizdir.

Bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Hörmətli müəllimlər, tələbələr. Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.

Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi.

Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq.

Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı.

Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir.

Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir.

Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq.

Xalqımızın tarixi faciələrlə doludur. Biz nəyə görə uzun illər, əsrlərboyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt hətta müstəqil dövlətlər olanda onların da imkanları məhdud idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi.

Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək.

Bu gün Azərbaycan bax, belə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın. Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, talan ediliblər. Daha artıq onların da səbri tükənib.

Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.

Bizim xarici siyasətlə bağlı uğurlarımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü.

Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında.

Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?

Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!

Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır.

Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə Görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və əslində, birinci təşkilatdır. Çünki BMT indi elə vəziyyətdədir ki, onu islah etmək istəyənlərin sayı gündən-günə artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldıracağıq, onları müdafiə edəcəyik.

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.

O ki qaldı, daxili məsələlərə, onlar da öz həllini tapır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.

Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbi yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məslə ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.

O ki qaldı müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram.

Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.

Biz 1920-ci ildən müstəqilliyi əldən verdik. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Ancaq bu, reallıqdır, indi hansı səbəbi istəyirsən gətir, xeyri yoxdur, getdi əldən müstəqillik. Nəyə görə gücümüz çatmadı? Onun da müxtəlif səbəbləri var, amma fakt odur ki, çatmadı. Ona görə bu acı tarix daim bizim gözümüzün önündə olmalıdır.

Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik.

Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir. Bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM