Fövqəlbəşərlik Mücəssəməsi

15:34 / 10.05.2020

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev

 

Məlum olduğu kimi, hər bir millətin müəyyən əlverişli tarixi məqamda milli-etnik soykökünə qayıdışında, zaman-zaman formalaşmış milli-mənəvi dəyərlər və təfəkkür-tərzi sisteminə söykənən özünəməxsusluğunu müstəqil şəkildə bəyan etməsində, vahid məqsədlər uğrunda birləşərək xalq kimi formalaşmasında müdrik liderlərin rolu mühüm əhəmiyyət kəsb etmişdir. Xalqımızla bağlı bu müqqəddəs missiyanı ümummilli lider Heydər Əliyev yerinə yetirmişdir. Dəyərli ömrünü bütövlükdə Azərbaycana həsr edən ulu öndər Heydər Əliyev həyatı boyu, o cümlədən Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli ideologiyanın formalaşması və onun inkişafı naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus milli-mənəvi dəyərlər sisteminin, adət-ənənələrin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməklə, millətin həmrəyliyinə və mənəvi tamlığına müvəffəq olmuşdur. Bu isə millətin monolitliyində və tərəqqisində aparıcı amil olduğundan, xalqın öz rəhbərinin ətrafında sıx birləşməsinə, bununla da, milli birliyin daha da möhkəmlənməsinə və gələcək uğurlara rəvac vermişdir.

14 iyul 1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başlayan böyük şəxsiyyət Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmaq və Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. Xalqda milli ruhu yüksəltməklə onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin adət-ənənələrini, mədəniyyətini, incəsənətini, bədii irsini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün müstəsna əhəmiyyətli işlər görüldü. Millətin birliyində, həmrəyliyində mühüm rola malik, müqəddəs dəyərlərin qorunmasında müstəsna əhəmiyyəti olan dinə hər zaman xüsusi ehtiramla yanaşan vətənpərvər rəhbər Heydər Əliyev, onun siyasi alətə çevrilməsinin, insanların saf inanclarının cəmiyyətdə gedən proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinin qarşısını qətiyyətlə aldı. Yerigəlmişkən qeyd olunmalıdır ki, ulu öndər ölkədə islam dininin mütərəqqi dəyərlərinin təşviqinə, formalaşmasına və inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin də təşəkkül tapmasına tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasına müvəffəq ola bilmişdir. Milli mənəvi dəyərlərə bütün varlığı ilə bağlı olan böyük insan xalqın düşüncələrini, adət-ənənələrini, azadlıq ideyalarını özündə yaşadan Azərbaycan folklorunun, o cümlədən aşıq musiqisinin dirçəldilməsini də diqqətdən kənarda qoymadı. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin 1972-ci ildə onun doğulduğu Göyçə mahalında, Bakıda və hətta Moskvada ən yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsi olmuşdur. Vurğulanmalıdır ki, bu tədbirlərin keçirilməsində məqsəd aşıq sənətinə və el sənətkarına yüksək dəyər verilməsi ilə bərabər, Azərbaycanın tarixi sərhədləri, ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları barədə həqiqətləri ictimaiyyətə, yeni nəslə və bütün dünyaya çatdırmaq idi. Azərbaycan xalqının zəngin tarixini özündə əks etdirən, milli-mənəvi dəyərləri təbliğ edən "Kitabi-Dədə Qorqud"un öyrənilməsini ötən əsrin 20-50-ci illərində sovet ideologiyası qadağan

etməklə uzun illər bu abidənin unutdurulmasına çalışsa da, qətiyyətli rəhbər Heydər Əliyev bu qadağanın da aradan qaldırılmasına və dastanın dərindən tədqiqinə normal şəraitin yaradılmasına nail olmuş, nəticədə "Kitabi-Dədə Qorqud"la bağlı çoxsaylı tarixi və ədəbi araşdırmalar aparılmış, bu mövzuda bədii film çəkilmişdir. O dövrdə Bakıda türkçülüyü tədqiq edən sanballı "Türkologiya" jurnalının nəşrə başlaması da böyük zəhmətin, əzmin, fədakarlığın, türk dönməzliyinin nəticəsi idi. Bu dəyərli jurnalın nəşrinə Kreml bir neçə dəfə etiraz etsə də, imperiya rəsmiləri dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyinin qarşısında aciz qalaraq türk dünyasının birliyinə xidmət edən bu nəşrin dayandırılmasına müvəffəq ola bilməmişdilər.

Ulu öndər Heydər Əliyev xalqda milli dövlətçilik təfəkkürünün formalaşması üçün hər bir vətəndaşın yüksək təhsil almasını, elmin yeni nailliyyətlərini əxz etməsini son dərəcə vacib məsələ hesab etdiyi üçün, bu sahədə də bütün zəruri tədbirlərin görülməsini təmin etdi. Onun rəhbərliyi ilə respublikada milli maarifçilik hərəkatına start verildi, təhsilin inkişafı, eyni zamanda milliləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dahi strateqin ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda ali, həmçinin ali hərbi təhsil almasına, onların ixtisaslı kadr kimi yetişməsinə hər cür dəstək göstərməsi onun vətənpərvərliyi, xeyirxahlığı ilə bərabər müdrikliyinin, uzaqgörənliyinin əyani təcəssümü idi. Ulu öndər həmçinin ölkə daxilində milli hərbi kadrların hazırlanmasını və bu məqsədlə hərbi təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılmasını zəruri hesab edirdi. Müttəfiq respublikalar arasında ilk dəfə və yalnız Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, müdrik lider buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Ölkədə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan adıçəkilən məktəbin açılması SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbin açılmasına lüzum olmadığını əsaslandırmağa çalışsalar da, aqil liderin mahir diplomatiyası və qətiyyəti bu cəhdlərin qarşısını almağa müyəssər oldu. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının ölkəmiz müstəqillik qazandıqdan sonra, milli ordu quruculuğu sahəsində əvəzsiz əhəmiyyəti ulu öndərin siyasi uzaqgörənliyinin növbəti bariz təsdiqidir. Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağı da prioritet istiqamət hesab edən aqil rəhbər Heydər Əliyev ilk növbədə hakimiyyət orqanlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın birləşməsi, respublikanın tərəqqi yoluna çıxarılması və gələcəkdə müstəqilliyin əldə olunması istiqamətində zəruri tədbirlərin görülməsini təmin edirdi.

Göründüyü kimi, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ ulu öndərin Sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılmışdır. Bugünki müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü nəhəng işlər nəticəsində mümkün olmuşdur. Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən təməli qoyulmuş bünövrə üzərində qurulmuş və uğurla davam etdirilmişdir.

Hər kəsə məlumdur ki, 18 oktyabr 1991-ci ildə dövlətimiz müstəqillik əldə etsə də, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdanadək ölkə çətin durumda olmuş, 1993-cü ilin əvvəllərində isə hətta müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Tarixi ərazilərimizin işğal olunduğu, iqtisadi tənəzzülün sürətləndiyi, ciddi hakimiyyət böhranının yaşandığı, anarxiyanın tüğyan etdiyi, ölkənin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda, xalq Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insana, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyətə sığınaraq ona müraciət etdi. Xalqın təkidli xahişini cavabsız qoymayan böyük şəxsiyyət Heydər Əliyev ölkədə baş verənlərə rəğmən, heç nədən və heç kimdən çəkinmədən 15 iyun 1993-cü il tarixdə yenidən siyasi hakimiyyətə qayıtdı və milləti böyük bəlalardan, dövlətiçiliyi iflasdan qurtardı. Müstəqilliyimizi hifz edərək dövlətçiliyi möhkəmləndirməklə ölkəmizi dirçəliş və inkişafa doğru yönəltdi, milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Tarix göstərdi ki, yalnız polad iradəyə, mükəmməl idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik qətiyyətli lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi ağır tarixi tapşırığın öhdəsindən gələ bilərdi. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünya şöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik liderin 9 avqust 1994-cü il tarixdə imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərman xüsusi əhəmiyyət kəsb edirdi. Ölkəmizdə 1993–cü ilin iyun ayından ölüm cəzasının icrasına moratorium qoyulması, daha sonra onun tətbiqinin məhdudlaşdırılması, 10 fevral 1998–ci il tarixdən Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi-fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998–ci il tarixli müraciətində

deyilirdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi–demokratik dövlət quruculuğu yolunda olmasını bir daha təsdiqləyirdi.

Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi də ulu öndər Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi.Müdrik liderin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında dahi şəxsiyyət Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır.Komissiyanın hazırladığı yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Azərbaycanı bütün bəlalardan və çətinliklərdən məharətlə qorumaqla, ölkəsini olduqca çətin vəziyyətdən qısa zaman ərzində xüsusilə peşəkarlıqla çıxarmış ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həmçinin dövlət qurumlarının, o cümlədən prokurorluğun yenidən qurulması və müasir dövlət təsisatına çevirilməsi istiqamətində əhəmiyyətli işlər görülərək, onun demokratik orqan kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilməsinə və dövlət qurumları sırasında öz layiqli yerini tutmasına nail olundu. Dahi rəhbərin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real

təminatçısına çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə “1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü”nün təsis edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Ulu öndər Heydər Əliyevin prokurorluğun, özünün dediyi kimi, çətin və şərəfli işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə, onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, onların üzərinə daha böyük məsuliyyət qoymuşdur.

Bugün müdrik lider cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi mütərəqqi tövsiyələri və dəyərli göstərişləri əsasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni müstəvidə və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyəti daha da təkmilləşdirilmiş, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun hərtərəfli müasirləşdirilmişdir ki, bu da işin səmərəliliyini artırmışdır. Hərbi Prokurorluğun kollektivi də ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində yaxından iştirak edərək cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də xalqın qanunla qorunan mənafelərinə zərər yetirə və dövlətin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı qətiyyətli mübarizə apararaq xidməti vəzifələrini ləyaqətlə icra edirlər.

Sevindirici və qürurverici haldır ki, bugün də Azərbaycana ümummilli liderimizin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirən cənab Prezident İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və hərtərəfli biliklərə malik siyasətçi rəhbərlik edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində dövlətimiz ildən ilə daha da qüdrətlənir xalqın rifahı hərtərəfli yaxşılaşdırılır. Belə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə saysız-hesabsız nəhəng işlər görülmüş, bütün sahələrdə mütərəqqi islahatlar aparılmış, o cümlədən müxtəlif dövlət qurumlarında struktur və kadr islahatları həyata keçirilmişdir. Bütün bunların nəticəsində ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Eyni zamanda əhalinin pul gəlirləri, minimum əməkhaqqı, minimum pensiya və bəzi müavinətlər artmış, həmçinin manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Nəticədə təbii olaraq əhalinin sayı da artaraq on milyonu keçmişdir. Sadalananlar dövlətimizin daha da qüdrətlənməsini və xalqın rifahının hərtərəfli yaxşılaşmasını şərtləndirmişdir.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, eləcə də Respublikamızın davamlı inkişaf yolunda inamla irəlilədiyi beynəlxalq təşkilatların hesabatlarında və nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında da xüsusi vurğulanır. Təsadüfi deyil ki, Azərbaycan Davos Ümumdünya İqtisadi

Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Hər kəsə məlumdur ki, bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsinə, dövlətimizin daha da qüdrətlənməsinə ölkəmizin əldə etdiyi ardıcıl uğurlara yüksək mənəvi-əxlaqi ali insani keyfiyyətləri parlaq şəxsiyyətində cəmləşdirmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti töhfələr verməkdədir. Mehriban xanımın istər ölkə daxilində, istərsə də ölkə xaricində gördüyü böyük işlər, reallaşdırdığı əhəmiyyətli layihələr hamı tərəfindən rəğbət və sevinclə qarşılanmış, insanlığın və ədalətin təntənəsinə xidmət edən çoxsaylı təşəbbüsləri və xeyirxah əməlləri isə ona hər kəsin sonsuz sevgisini qazandırmışdır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın gördüyü işlər dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də davamlı olaraq geniş yer alır.

Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 17 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Dövlət başçısının mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin, aparılan siyasətin mərkəzində insan amilinin dayandığının təcəssümüdür.

Bəşəriyyəti bürüməklə insanların həyat və sağlamlığını təhdid altına alan, dünyanın demək olar ki, hər yerində, o cümlədən inkişaf etmiş ölkələrdə hər gün yüzlərlə insanı cənginə keçirən və ya qurbanına çevirən Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizə də ölkədə həyata keçirilən mükəmməl siyasətin nəticəsidir. Pandemiya sınağından məharətlə çıxmağımız dövlət başçımızın nə qədər müdrik, xalqımızın necə əzəmətli olduğunu bir daha təsdiqləyir.

Bütün bunlar onu deməyə əsas verir ki, dahi şəxsiyyət Heydər Əliyev dühasının nəticəsi olan qurduğu müasir Azərbayacanda onun ali ideyaları yaşayır və müdrik siyasəti uğurla davam etdirilir.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində hər şeydən əvvəl millətinin mənafeyini düşünmüş, həyatın sərt sınaqlarına məharətlə sinə gərərək, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapmaqla xalqını və dövlətini xilas etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin qüdrətlənməsi, xalqın rifah halının yaxşılaşdırılması və demokratiyanın inkişafı üçün mümkün olan hər şeyi edərək ölkəmizi sürətli inkişaf yoluna çıxarmışdır. Ona görə də, ömür boyu qəlbində vətən sevgisi, milli ruh gəzdirən dünya şöhrətli siyasi xadim ulu öndər Heydər Əliyevin adı hər zaman böyük ehtiramla çəkiləcək və əziz xatirəsi həmişə yad ediləcəkdir.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM