Strategiya.az xəbər verir ki, “36 rayon və şəhərə səfər, 131 sosial obyektin açılışı” başlıqlı yazıda bildirilir ki, dövlət başçısı ötən il şəhər və rayonlara etdiyi səfərlər zamanı mühüm sosial obyektlərin açılışında, habelə bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Prezident şəhər və rayonlara etdiyi 39 səfəri zamanı 131 sosial obyektin açılışında iştirak edib, 43 mərkəzdə aparılan təmir - tikinti, əsaslı bərpa və yenidənqurma işləri və yaradılan şəraitlə tanış olub. “Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin statistikasına nəzər saldıqda görərik ki, 1 ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 hotel kompleksi, 6 Mədəniyyət Mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi (2 Atıcılıq klubu, 2 Regonal Boks Mərkəzi, 1 Milli Qolf Klubu) 5 Mərkəzi Xəstəxana, 3 körpələr evi - uşaq baxçası, 2 muzey, 2 Elektrik Stansiyası, 1 hava limanı tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də, 16 rayonda avtomobil yolunun açılışında iştirak etmişdir. Eyni zamanda Prezident İlham Əliyev 3 rayonda 4 yeni körpünün açılışı mərasiminə qatılmış, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olmuşdur”.
Qəzet yazır ki, 2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.