Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev onlayn Zirvə görüşünü açaraq iştirakçıları salamladı, təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu dedi. Qazaxıstan dövlətinin başçısı Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu bildirdi.
Sonra Qazaxıstanın qədim Türküstan şəhərinin tarixindən, mədəniyyətindən bəhs edən qısa film nümayiş etdirildi.
Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi:
- Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır.
Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq dedi:
-Biz hamımız bu prosesləri həyacanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər-bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.
Prezident Kasım-Jomart Tokayev: Növbəti çıxış üçün söz Türk Şurasının hazırki sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Qazaxıstan Respublikasının Prezidenti.
Hörmətli həmkarlar.
İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Abışoviç Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışoviç Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu Sammitin keçirilməsi bunun bariz təsdiqidir.
Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.
Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir.
Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.
Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu, faktiki olaraq, Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Bizi hədələyən keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı.
Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.
Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər.
Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.
Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.
Mən öz çıxışımı yekunlaşdırmaq istəyirəm. Yenə də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu, təbiidir. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formatda müzakirə edəcəyik. Əminəm ki, Türkiyədə keçiriləcək Zirvə görüşündə biz hamımız canlı olaraq iştirak edəcəyik. Biz sədr kimi orada həm görülmüş işlərlə bağlı məlumat verəcəyik, həm də ki, gələcək planlar haqqında danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM