Onun üçün əslində hamının həsəd apardığı kral ailəsi ilə evlənmək o qədər də önəmli deyildi. Hətta bur dəfə jurnalistə verdiyi müsahibədə Böyük Britaniyanın deyil, istəyir dünyanın kralı olsun, mən yenə ürəyimin sevmədiyi adamla münasibət qurmaram demişdi. Məhz bu açıqlamadan sonra kral ailəsi ilə bu xanımın məxsus olduğu Spenser ailələri arasında soyuqluq yarandı. Sonradan “Nikah diplomatiyası” öz işini uğurla gördü. Böyük Britaniya şahzadəsi Çarlzla evlənən Diana həyatının həm xoşbəxt, həm də bədbəxt pilləsinə start verdi.
“Mən kralla heç vaxt evlənmərəm”
Kral ailəsi ilə sayılıb seçilən Spenser ailəsi arasında baş tutacaq nikah diplomatiyası özünün növbəti “qurban”ını gözləyirdi. Kraliyyət əhli bunun Spenserlərin böyük qızı olan Sarah olacağını gözləyirdi. Amma Sarahın sonradan kobud, adama yovuşmaz, içki düşkünü olması üzə çıxdı. Kraliça onu öz ailəsinə layiq bilmədiyindən hər iki ailədə bütün nəzərlər kiçik qız Dianaya yönəldi. O zaman cəmi 18 yaşında olan Diana gözəlliyi və əyləncələrə meylliyi ilə bütün elit zümrənin marağını cəlb edirdi. Şahzadə Çarlz da bu maraqdan yan keçə bilmədi. Əvvəlcə Diana öz sərbəstliyinin əksinə getməyərək jurnalistə: “şahzadə Çarlz mənə evlilik təklifi etsə qəbul etmərəm. İstər işçi, istər İngiltərə kralı olsun, sevmədiyim bir insanla heç vaxt evlənmərəm ” cavabını verir. Bu əslində nəinki iki ailənin möhtəşəm yaxınlıq planlarını, həm də ümumilikdə aristokratiyanın divarlarını uçurmaq demək idi.
Amma Diananın içindəki liderlik şakəri, kral ailəsinin üzvi olaraq seçilmək istəyi o daha sonradan onun səmimiyyətinə kölgə salır. Britaniya mediası ana mövzu olan bu münasibət barədə yeni fərziyyələr uydurur. Bəziləri Diananın sırf taxt-taca görə nikaha razı olduğunu, bəziləri Çarlzı sevdiyi üçün evlənmək istədiyini yazırdı.
Bəziləri də qeyd edirdi ki, Diana onu sevən Çarlza yalnız nişan mərasimindən sonra vurulur. Bu fakt medianı daha məhsuldar işləməyə sövq edir. Məhz medianın bu qədər yüksək marağı səbəbindən Çarlzla Diana erkən evlənməyə qərar verirlər. Şahzadənin əmisi oğluna görə media, cazibədar, ancaq kral ailəsinə görə son dərəcə sıravi olan bir qızı super ulduz halına gətirmişdi. Ancaq bu şahzadə Çarlzın Dianadan xoşu gəlmədiyi anlamına gəlmirdi. Kraliçadan başqa, hər kəs ikisinin evlənmələrini istəyir və sanki sözləşmiş kimi bu yöndə söz-söhbət, yazılar get-gedə çoxalırdı. Bütün bunların məntiqi nəticəsi olaraq Bukinqam sarayında Böyük Britaniyanın maraqla gözlədiyi nikah mərasimi baş tutur.
“O, bizə uyğundur – bakirədir”
Əlahəzrət media bundan sonra da dinc dayanmır. Var gücü ilə Diananın keçmişini araşdırmağa başlayır. Leydi Diananın bakirə olub-olmaması ilə bir çox jurnalistlər maraqlanmağa çalışır. Evlilik öncəsi kral ailəsinin adətlərinə uyğun olaraq başdan ayağa müayinə edilən ledi Diananın əslində evliliyinin məqsədi olan uşaq dünyaya gətirmə qabiliyyətinə sahib olub olmadığı maraq doğururdu. Ledi Diana toya qədər də kral ailəsinin qayda qanunlarını mənimsəmək üçün Butinqam sarayında qalır. O burada kraliyyət həyat tərzinin intizama söykənən qaydaları ilə rastlaşır. Formaya düşmək üçün yeməyini həddindən artıq azaltmalı, saraydan heç bir yerə çıxmamalı və yalnız kral ailəsinə məxsus olan xüsusi davranış qaydalarını öyrənməli idi. Bu mərhələ də sona çatır. 29 iyul 1981-ci ildə kral ailəsində möhtəşəm toy mərasimi baş tutur.
Nəhayət ki, bu toyla Spenser ailəsi də qurduğu xəyallara çatmış oldu. Amma Diana daxilindəki ərköyünlük və sərbəstliyi kral ailəsinin daxili intizamına sığdıra bilmədi. O, xüsusən də kraliça tərəfindən özünü saraya zümrəsinə layiq aparmadığı üçün danlanırdı. Amma buna baxmayaraq xalq onu sevirdi. Bütün İngiltərə xalqı 20 yaşındakı sevimli, çaşmış şahzadəni salamlayırdı. Eyni İngiltərə xalqı illər sonra Diananı media ilə yaxın münasibəti və kraliyyətə yaraşmayan davranışları səbəbindən həyatı boyunca çətinliklərlə və tənqidlərlə mübarizə edərkən də eyni sevgi ilə salamlayacaqdı. Xalq onu sevirdi, çünki, 1980-ci illərin əvvəllərindən etibarən Diana, Qaller şahzadəsi olaraq bir çox xeyriyyə qurumunun işləri ilə maraqlanır və yardımlar edirdi. Kral ailəsinin axmaqlıqlarından özünü sıyıraraq Qaller şahzadəsi kimi bir çox xəstəxana və dövlət qurumunu ziyarət etdi. Bir çox xəstəliyə, eləcə də AİDS və cüzama xüsusi həssaslıq göstərirdi. Eyni zamanda evsizlər, gənclər , yaşlılarla bağlı bir çox xeyriyyə qurumunun idarəsində yer alır və aktiv olaraq çalışırdı.
Üç nəfərlik eşq
Şahzadə Diana illər sonra bu evliliyi “üç adamlıq evlilik ” kimi görəcəkdi. Çünki ərköyün kral ailəsinin yeganə varisi olan Şahzadə Çarlz Diana ilə yaşamasına baxmayaraq ömrünün sonuna qədər yalnız bir xanımı sevdi. Həmin xanım - Kamilla Porker ilə hələ Diana ilə evlənməmişdən əvvəl tanış idi. Lakin şahzadənin qətiyyətsizlik və hərdəmxəyallığı ailəsinin seçdiyi Dianadan vaz keçməsinə imkan vermədi. Kamillanı sevsə də Dianadan da əl çəkməyən Çarlz bütün həyatı boyu bunun acısını çəkməli oldu. Yalnız ilk vəliəhd Vilyamın dünyaya gəlişindən sonra kral ailəsində istilik nisbətən artmağa başladı. Uşaqdan sonra Diana kral ailəsində kraliçadan sonra hörmət göstərilməsi gərəkən ikinci qadın oldu. Onun artıq bütün xəyalları bu uşaq vasitəsilə gerçəkləşmişdi. O, kral ailəsinin varisi olacaq bir uşağı dünyaya gətirmək, və ana olmaq üçün evlənmişdi və istədiyi oldu.
Şahzadə Çarlzın bu ərəfədə ən böyük problemi Diananın inadkar olması idi. Hamiləliyinə görə rəsmi vəzifələrdən azad olan Diana yenə də xeyir işlərinə, köməyə ehtiyacı olan yaşlılara, uşaqlara vaxt ayırırdı. Bu səbəbdən də kral ailəsinin şapka və əlcək zərurətindən, sərt qanunlardan qaça bilmirdi. Vilyam onların əvvəlki mehriban həyatını özünə qaytarmışdı. Amma 1985-ci ildə ikinci vəliəhddən sonra Çarlzla Diana arasındakı münasibət daha da yaxşılaşır. Ailə həyatında sevgi boşluğu yaşayan ər-arvad hər iki övladını bərabər böyütməyə başlayırlar.
Ah, Kamilla, Kamilla...
Bu cümlə evdə uşaqları ilə oynayıb başqalarının gözünə xoşbəxt ata kimi görünən Çarlzın dilindən və ruhundan heç zaman düşmədi. Bal gecələrinin birində Kamilla ilə rəqs edərkən “sənin nənən mənim babamın məşuqəsi olub” - deyərək bu qeyri qanuni münasibətin sanki irsi olaraq nəvələrə də keçdiyinə işarə etdi. Çox keçmir ki sərt ingilis mətbuatı və Britaniya xalqı onların bu gizli münasibətlərindən xəbər tutdu. Belə ki, Çarlzla Kamilla şəhərdən kənardakı kral malikanəsində gizli görüşürdülər. Hamiləlik müddətində bir çox depressiyalarla üzləşən Dianaya bu amil daha da pis təsir edir. Ailə uğursuzluğunu yalnız uşaqları və xalq ilə doldurmağa çalışırdı. Xeyriyyə cəmiyyətlərindəki aktivliyi Diananı get-gedə insanlara sevdirirdi. Bu sevgi o yerə gəlib çatdı ki, insanlar artıq Kamilladan nifrət etməyə başladı. Hətta Diananın ölümündən sonra Şahzadə Çarlz Kamillə ilə rəsmi şəkildə evlənsələr də nə kraliça, nə də xalq onu kral ailəsinin bir üzvi kimi qəbul etmədi. Kamilla hər zaman onlar üçün varlı kişiləri, hətta şahzadəni belə yoldan çıxaran cazibədar model kimi qaldı...
Xəyanətdən doğulan xəyanət
Xəyanətin acığına edilən xəyanət təbii ki, ondan da şiddətli olur. Şahzadə Çarlz, Diana və Kamillanın “üçbucaq evliliyi ” Diananın bütün qürurunu məhv etdi. Buna baxmayaraq o, rəsmi varis olan övladları və kral ailəsinin nüfuzu üçün bütün depressiyalara sinə gərirdi. Özünün də dediyi kimi üç nəfərlik bir ailə həyatında o, hər şeyə dözməyə hazır idi. Amma sən saydığını say... Əsil ingilis ədası ilə yüklənən Çarlz ondan boşanmaqlarını xahiş edir. Hər şeydən yorulan Diana buna razılıq verir. Rəsmən boşanandan sonra Diana 17 milyon funt təzminata sahiblənir. Media öz sevimlisi ilan bu xanımdan əl çəkmir. Depressiyada olan Diana 3 il tənhalığa çəkiləndən sonra nəhayət ki, medianın obyektinə tuş gəlir. Yenidən aktiv həyata qayıdır. Dar günlərində onunla olan hərbiçi Ceyms Hevitlə eşq macərası yaşayır. Sonradan Ceyms ondan istifadə etməyə çalışır. Bu fakt artıq onda kişilərə qarşı sınmış inamı daha da məhv edir və onlar ayrılırlar. Get-gedə yaşlanmasına baxmayaraq Diana ömrünün sonuna qədər boşluqdan xilas olmaq üçün ard –arda Ceyms Cilbert, Vel Karlinq , Oliver Hoaro və şəxsi mühafizəçisi olan Bobla münasibətdə olur. Dəyişilən eşq partnyorları Diananı xalqın gözündən salmır. Media yenə də ən çox onunla maraqlanır.
Parisdə bir gecə...
Təqvimlər 31 avqust 1997-ci ili göstərir. Media yenə də öz işindədir. Həyatındakı sonuncu sevgilisi Əl Fayedlə səfərə çıxan Diananı izləməkdədirlər. Paparazzilər lyuks bir avtomobildən görüntü almaq üçün bir-birləri ilə yarışırdılar və qazanan elə onlar oldu. Çünki hamı bilirdi ki, buradan məhz son günlərin ailə uğursuzluqlarını, depressiyasını yaşayan Diana keçəcək. Və qəfildən Alma Tunelində adi olmayan avtomobil qəzası baş verir. Paparazzilər çəkdiyi ölümün şəkli: Qaller şahzadəsi Diana və son sevgisi Dodi-El Fayed. Bu qəza haqqındakı fərziyyələr, ölümlərinin üzərindən illər keçməsinə baxmayaraq davam edir. Hələ də çox insan şahzadə Diananın adi avtomobil qəzasında deyil, sui qəsd nəticəsində qurban getdiyini düşünür. Ölümlə bitən bu qərib hekayənin ardından milyonlarla insan Dianaya yas tutdu və tutmağa davam edir. Diana nə qədər eşq hekayəsi ilə gündəmə gəlsə də heç şübhəsiz, milyonlarca insanın sevimlisi ola bilmişdi. Ən böyük sevgi də budur. Şahzadə Çarlz isə illər sonra gizli sevgisi Kamilla ilə evləndi. Beləliklə, Kamillə nənəsi Alis Keppelin edə bilmədiyini etdi və kral ailəsinə rəsmən daxil oldu. Ancaq şahzadə ünvanını ala bilmədi. Son şahzadə olaraq qalan Diananın heyranları isə hələ də Kamillanı cazibədar model olaraq anır. Ən əsası da Diananı hələ də özlərinin şahzadəsi kimi sanırlar. Bu Diananın ən böyük arzusu idi. Müsahibələrinin birində də dediyi kimi ? Mənim arzum İngiltərənin deyil, insanların ürəklərini şahzadəsi olmaqdır...
P.S. Və o, hələ də şahzadədir...
(modern.az)