Goranboy əhalisi oktyabrın 1-də baş verən dəhşətli qətlin şokundan hələ çıxmayıb. Rayonda kimə yaxınlaşsan, Səfikürd kəndindəki ürəkparçalayan hadisədən danışır. Qətli törədən Rafiq Hüseynovun yaşadığı evin qabağında qanlı olaydan sonra qurulan polis postu hələ götürülməyib. Onun valideynlərinin olduğu ev də polis nəzarətindədir.
Qatilin ailə üzvləri kənddən müvəqqəti olaraq çıxarılıb ki, hər hansı insident yaşanmasın. Ehtimal olunur ki, cavab olaraq Hüseynovların evi yandırıla bilər, yaxud evə hücum olar. Səfikürd kəndinin camaatı bu kütləvi qətliamı terror aktından fərqləndirmir.
Onların sözlərinə görə, ölkədə şəxsi münaqişə zəminində belə bir cinayət olmayıb. Kənd sakinləri bildirirlər ki, qatilin qumbara ataraq üç ailəni tələf etməsi, ADNA-da Fərda Qədirovun törətdiyi terror aktı ilə müqayisə oluna bilər. Çünki öldürülən 7 nəfərdən savayı, iki nəfər yaralıdır, digər iki qonşusunun isə bəxti üzünə gülüb. Deməli, 11 nəfəri qətlə yetirməyə cəhd edib. Qatilin isə hazırda Gəncə Şəhər Polis İdarəsində (ŞPİ) saxlandığı bildirilir.
Bəs onu bu qəddar addımı atmağa nə vadar edib? Niyə R.Hüseynov üç yaşlı körpəni belə öldürüb? Bu suallarımızı Səfikürd kəndində olarkən atasıMüzəffər Hüseynov cavablandırdı.
* * *
M.Hüseynov “Yeni Müsavat”ın bu hadisə ilə bağlı Goranboyda ezamiyyətdə olan əməkdaşlarına deyib ki, hər şey gəlini Südabə Hüseynovanın atası evindən qayıtmaq istəmədiyinə görə baş verib. Onun dediyinə görə, oğlu ay yarım olardı ki, Südabə ilə evlənmişdi: “Evlənəndən sonra özlərinin evlərinə köçdülər. İndi zəmanə dəyişib, gəlinlər qayınana ilə bir yerdə yaşamaq istəmirlər. Biz də razılaşdıq, cavandırlar, qoy yaşasınlar. Deməli, sentyabrın 27-də Naftalana getmişdik.
Qız nəvəmin xınayaxdı mərasimi idi. Ancaq həmin gün onun qayınatasının vəfatının ili idi. Ora gedib sonradan qızımın evinə gəlmişdilər. Məclisdə çox mehriban idilər, danışıb-gülürdülər. Düzü, Rafiq içki də içmir, heç siqaret də çəkmir. Biz də Naftalandan qayıdıb, qayınanasına zəng elədik, üzrxahlıq etdik. Sonra gedib baş çəkdik, yasda ehsan süfrəsində oturduq, axşam da evə qayıtdıq. Yas mərasiminə Rafiqlə yoldaşı günorta gəlmişdilər deyə axşam gəlmədilər. Bu gəlin də elə bilin ki, birinci sinfə gəlib. Başa düşmək olar. Ata evində nəyisə öyrənməyib. Rafiqə deyirdim ki, nə bilməsə, yolunu göstər, başa sal”.
“Rafiq öz ifadəsində deyib ki, o körpəni öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi”
Onun sözlərinə görə, qudasının il mərasimindən bir gün sonra oğlu səhər saatlarında evə gəlib: “Rafiq gəlib dedi ki, bəs Südabə evdən gedib. Evdə mübahisə ediblər, oğlum ondan ayaqqabı istəyib, gəlin də səhv gətirib. Dedim, ay bala, səhv gətiribsə, izah elə, düz gətirsin. Sonra danışdı ki, bəs gəlin əmisi oğlu ilə öpüşüb-görüşdüyünü dediyi üçün onu döyüb, başına ”botinka" ilə vurub.
Deməli, bunlar nişanlı olanda Gəncəyə getmişdilər. Rafiq əvvəl gündən nişanlısına tapşırıb ki, qardaşın və bacından başqa heç kəslə öpüşüb-görüşmə, bir də mənə yalan danışma. Qızın əmisi oğlu da görüşəndə onu öpüb.
Gəlin də gizlətməyib, 1 gün sonra bunu Rafiqə deyib. Bu, Rafiqin ürəyində qalıb. Sonradan da hirslənib, başından “botinka” ilə vurub, qız da atası evinə gedib. Mən də yoldaşımı götürüb qızın atası evinə getdik. Ancaq anası dedi ki, qayıtmağa qoymayacaq. Rafiqə bunu deyəndə yanımızda evlərinə zəng eləyib qayınanasına dedi ki, qızınla başdaşın bir olacaq. Düzü, heç nə başa düşmədim, niyə bu sözü dedi".
M.Hüseynovun sözlərinə görə, gəlin qayıtmadığı gün oğlu evdə tək qalıb: “Qardaşı və nəvəm də tək qalmasın deyə Rafiqin yanına getdilər ki, fikir eləməsin, dərdini bölüşsün. Təxminən gecə saat 1-ə qədər Rafiqin yanında olublar. Onu başa salmağa çalışıblar, yola gətirmək istəyiblər. Ondan sonra evlərinə gediblər. Gecə yarısı, oktyabrın 1-i yatmışdım. Bir də gördüm Rafiq gəlib məni qucaqlayıb öpdü. Axı haradan biləydim ki, gedib qumbara atıb, 7 nəfəri öldürüb, gəlib vidalaşmağa?! Sonra dedi ki, ”ata, salamat qal, narahat olmayın, hər şey qaydasındadır"...
Bunu deyib evdən çıxdı. Tez qalxıb, üstümü dəyişib, dalınca həyətə qaçdım. Gördüm ki, qardaşı ona yalvarıb-yaxarır. Elə darvazanı açanda güllə səsi eşitdim. Demə, qorxutmaq üçün havaya atıbmış. Amma ondan əvvəl də qonşumuz Aydını çağırıb, ona da güllə atıb. Mən arxa otaqda yatmışam, heç nə eşitməmişəm. Bax, belə olub. Həyətdə qardaşına deyib ki, aralaş, özümü vuracağam. Qardaşı isə onu fikrindən daşındırıb. Sonra darvazanın yanında qardaşına dedi ki, bəs onu polis şöbəsinə aparıb təslim eləsin... Kaş özünü vuraydı, o ailəyə də, mənə də təsəlli olardı".
Ata oğlunu bir də nə vaxtsa görəcəyinə ümidi olmadığını bildirdi: “Rafiq öz ifadəsində də deyib ki, 3 yaşlı körpəni öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi. O gəlin də, ailəsi də çox yaxşı insanlar idilər. Mən bu ailə haqda pis söz deyə bilmərəm.
İnsafən çox yaxşı gəlin idi. Rafiqlə də bu ay yarımda mehriban olublar. Özümüz sevinirdik ki, nə yaxşı bir-birini başa düşürlər. Təmizkar gəlin idi. Tək o yox, bütün gəlinlərim hörmətimi saxlayırdı. Mən elə kişi olmuşam ki, kimin qapısına getsəm, qızını oğluma verməkdən imtina etməyib. Haradan bilim ki, Rafiq belə iş görəcək?"
Müsahibimiz oğlunun birinci evliliyindən də söz açdı: “Toydan sonra bizim evdə 12 gün qaldılar. Sonra başqa yerdə yaşayıblar. Qəşəng toy elədik. Amma yola getmədilər. Qızı döyməyini deyə bilmərəm.
Ancaq Bakıda kirayədə yaşayırdılar. Evin sahibi bir dəfə deyib ki, bu necə gəlindir, kartofu qoyub qazın üstünə, özü də gedib yatıb, az qala ev yansın. Bunun üstündə mübahisə oldu, ayrıldılar. Doğrusu, birinci gəlin evdən qaçmışdı. Ancaq Rafiqin ikinci evliliyi pis deyildi".
M.Hüseynov deyir ki, oğlunda hər hansı bir xəstəlik, psixi pozğunluq olmayıb: “Oğlumun heç bir xəstəliyi olmayıb, içki düşkünü deyildi. Özü də, deyəsən, bu gəlin təzəlikcə uşağa qalıbmış. Hər şey evə qayıtmamağına görə oldu. Anası qoymadı, Rafiq də təsirlənib bu işi görüb.
Onda silah əsgərlikdən qabaq vardı. Çünki Ovçular Cəmiyyətinin üzvü idi. Amma qumbaranı hardan tapıb bilmirəm".
Oğlunun özünə yaxşı ev tikdirdiyini bildirən M.Hüseynov Rafiqin gəlirinin də pis olmadığını dedi: “Həyətdə işləyirdi, ”setka" toxuyurdu, ayaqqabı tikirdi. Sənətkar adamdı, əli qızıl idi".
M.Hüseynov qonşusu Aydın Yusifovla arasındakı məhkəmə çəkişməsinin səbəbini də açıqladı: “Onun oğlu həyat yoldaşımı su üstündə söymüşdü. Rafiq də onu döymüşdü. Ona görə Rafiqi 5 sutkalıq içəri saldılar. O vaxt kredit götürüb, min manat verib, Rafiqi çıxardım. Ədavətimiz buna görədir. 2011-ci ildə də torpaq şöbəsinə ərizə verdik ki, Aydıngil hasarı küçənin ortasına qoyublar, gəlib söküb yerinə qoysunlar. İndi iş məhkəmə icraçılarındadır. Mənim oğlum bu iddia ilə onlara güllə atıb. Kaş özünə güllə ataydı, bizi bəlaya saldı”.
Yada salaq ki, oktyabrın 1-i, sübh saat 4:00 radələrində Rafiq Hüseynov əl qumbarası və silahla qayınatası evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır:
1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov.
Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub.