Strategiya.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur: "Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunacağı haqqında məlumat verilmişdir.
Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz.
Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülmüş və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulmuş və Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz.
Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz əməllərinin ört-basdır edilməsi məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılmışdır. Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT nizamnaməsini və Helsinki yekun aktını kobud şəkildə pozmuş və buna görə bilavasitə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir".