15 yaşlı məktəblinin törətdiyi qanlı hadisəyə səbəb onun anasının nalayiq sözlərlə təhqir olunmasıdır.
Qanlı hadisə Xızının Xələc kəndində qeydə alınıb. Kənd məktəbinin 8-ci sinif şagirdi Elnur Hümbətov şəxsi mübahisə zəminində özündən 39 yaş böyük həmkəndlisi Xasməmməd Rəsulovu qanına qəltan edərək onu həyatdan məhrum edib.
Onların mübahisəsi əvvəlcə kənd məktəbinin həyətində başlayıb. Mərhum məktəblinin anasının ünvanına nalayiq sözlər işlədib və onu öz evinə dəvət edib. Dava daha sonra mərhumun evində davam edib. Məktəbdə baş verən mübahisənin müəllimlər də şahidi olub.
“Mübahisə eləyəndə mən ayırmışam onları. Sonra bilmədim, dərsdən sonra da davaları olub” - deyə hadisə şahidi Eybulla Ələkbərov qeyd edib.
“Dərsdən sonra Heybətov Elnur Əzməmməd oğlu onun yaşadığı vaqon tipli evə gedərək qapısının ağzında Xasməmməd Rəsulovdan onu hansı səbəbdən vurmasını soruşub. Xasməmməd Rəsulov həmin vaxt sərxoş olub, bir daha təkrarən onun anasını nalayiq sözlərlə təhqir edib” - deyə Xızı Rayon Prokurorluğunun müstəntiqi Tural Məhərrəmov bildirib.
Prokurorluğun müstəntiqi Tural Məhərrəmovun sözlərinə görə, bundan əsəbiləşən yeniyetmə evdən gətirdiyi bıçaqla ona üç dəfə xəsarət yetirib. Xasməmməd Rəsulov yerindəcə keçinib, əli qana bulaşmış məktəbli isə oradan qaçıb.
ANS-in müxbiri Xələc kəndində olarkən Əfqanıstan müharibəsi veteranı olmuş Xasməmmədin yaxınları iddia etdi ki, onun ölümündə hətta məktəblinin atası da iştirak edib.
Mərhumun qardaşı Gülməmməd Rəsulov deyir ki, Xasməmməd Rəsulovu yatan yerdə öldürüblər.
Mərhumun ailə üzvlərinin ittihamlarına məktəblinin ailəsindən heç bir münasibət bildirmək istəmədilər.
Məktəbin sinfini həbsxana divarları ilə əvəz edən yeniyetmə barəsində Xızı Rayon Prokurorluğunda CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi acılıb. Aparılan istintaq qətlin səbəblərini tam müəyyən edəcək.