Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı "Trend"-ə bildirib ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.
M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: “Əgər tələbə magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi xidmətə çağırılır”.
Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib.
“Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.