Dürrə Həsən
Biz də budəfəki mövzumuzda nağıl və cizgi filmlərində mənfi personajların azyaşlıların psixologiyasına təsiri ilə bağlı araşdırma apardıq. Texniki baxımdan ayrı-ayrı görünən bu sahələr hər zaman bir-birilə əlaqəli olub. Cizgi filmi nağılın inkişaf etmiş vizual variantıdır. Unutmayaq ki, nağıl olmasa, cizgi filmi də olmazdı.
Heç yadımdan çıxmaz, bir zamanlar FM dalğalarının birində “Balacaların nağıl saatı” adlı proqram var idi. Yaşım o yaş olmasa da, arada həvəs və maraqdan oturub dinləyərdim. Nağılı səsləndirən naməlum qadının ahəstə səsi məni sözün əsl mənasında, nağıllar dünyasına aparırdı. Amma bu müsbət halı korlayan bir məqam var idi ki, nağıl saatı uşaqların oyaq olmadığı vaxtda, yəni gecə saat 10-dan sonra səsləndirilirdi. Maraqlıdır ki, uşaqların normal yuxu saatı axşam doqquz üçün nəzərdə tutulubsa, həmin veriliş bəs kim üçün idi?
Bu gün bu mövzu sözün həqiqi mənasında, “cəmiyyətin bəlasıdır” deyə bilərik. Doğrudur, indiki dövrün uşaqlarını nağıllara inandırmaq çox çətindir. Amma tarixi qədimə dayanan bu nağılları unutmaq olmaz. Çox zaman həyatımızın ən gözəl dövrlərini “nağıl kimi yaşadıq bitdi” deyirik. Bu o deməkdir ki, nağıl hər zaman gözəl, müsbət auralı və seviləcək tərzdə olmalıdır. Daha qəzəb, qorxu, nifrət və ehtiras kimi mənfi hallar yarada biləcək məqamlar burda olmamalıdır. Bəs bu gün bu ənənə nə dərəcədə qorunur? Məktəbli ikən yazıçı Süleyman Sani Axundovun “Qorxulu nağıllar” adlı kitabını adı məni qorxudurdu deyə, oxumazdım. Niyə axı azyaşlılar üçün nəzərdə tutulan nağıllarda və ya cizgi filmlərində qorxulu, nağıl dili ilə desək, bədheybət obrazlara yer verilir? Düşmənin nə qədər güclü və qorxunc olduğunu göstərmək üçünmü? Uşaqlıqdan eşitdiklərimiz bu oldu ki, hiyləgər tüklü qarğanı aldadıb pendirini oğurladı, Div Cırtdanı və dostlarını yemək istədi, vəhşi quş mənfi personajın gözlərini oyub çıxartdı, canavar Qırmızıpapağın nənəsini, qurd keçinin Məngülümünü yedi, anası qurdun qarnını yarıb balasını xilas etdi. Bu tip nağıllarda sonluq ürək açan olsa belə, gedişat, əslində, ürək parçalayandır. Deməli, yazıçı balacaları dünyada yalan, aldatmaq, xəyanət, savaş və zülm deyə anlayışlardan da xəbərdar edir. Bu cür mənfi hallara cavab tapmaq çətindir.
Nağılların çoxunun müəllifi məlum olmadığına görə onları Şifahi Xalq Ədəbiyyatının ayağına yazırlar. Bu baxımdan da nağıllar müəllifli və müəllifsiz olaraq iki qrupa ayrılır. Bu gün Seyid Əzim Şirvani, Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Səhhət və Mikayıl Müşfiq kimi şair və yazıçılar nəsr və nəzmlə nağıllar yazıblar. Amma təəssüfedici məqam odur ki, bir çox internet səhifələrində “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının müəllifini məhz Şifahi Xalq Ədəbiyyatı kimi təqdim edirlər. Əslində, mənfi obrazlarla mübarizə savaşın nə olduğunu azyaşlılara öyrətməkdən başqa bir şey deyil. “Yalançı çoban”, “Ac qurdun nağılı”, “Məlikməmmədin nağılı”, “Təpəgözün nağılı”, “Tülkü Həccə gedir”, “Tülkü, tülkü, tünbəki”, “Cırtdan”, “ Göyçək Fatma”... Bu siyahını istənilən qədər artırmaq olar və hər birində az öncə sadaladığımız hallara rast gəlinir. Doğrudur, sonda Xeyirin Şər üzərində qələbəsi müsbət haldır, amma nağıl yazarkən yaş həddi mütləq nəzərə alınmalıdır. Təsadüfi deyil ki, bu gün “böyüklər üçün nəzərdə tutulan nağıllar” ifadəsi mövcuddur. Deməli, bu məsələ lazımi orqanları narahat edib ki, belə bir ifadəyə ehtiyac duyulub. Əslində, bu cür hallar yalnız bizim ölkə üçün xarakterik deyil. Dünya ölkələrinin bir çoxunda – Afrika, Hind, Çin və Rusiya xalq nağıllarında da bu cür hallarla rastlaşırıq.
Nağılların mövzu baxımdan əhəmiyyətini nəzərə alıb uşaqların sevimli nağıl yazarı, “Gülzar nənə” kimi tanıdığımız Gülzar İbrahimova ilə söhbət etdik. Müsahibimiz mövzu haqqında bunları dedi: “Hər dövrün, hər zamanın öz tələbi var. Xalq nağılları bu zamanın uşaqlarının səviyyəsinə uyğun dəyişdirilməlidir. Tutaq ki, canavar nənəni yedi söhbətlərini o dövrün uşaqları normal qəbul edə bilirdi, amma bu dövrün uşaqları bu cür məsələlərə çox sərt reaksiya verirlər. Və biz çalışmalıyıq ki, aqressiyaya səbəb olacaq nağıllardan uşaqları uzaq saxlayaq. Əslində, xarici cizgi filmlərini uşaqların izləməsi doğru deyil. Mentalitet məsələsi çox önəmlidir. Uşaq baxır, Avropa ailəsinə xas olan mentalitetləri həmin cizgi filmlərində görür, amma ailəsində şərait tam başqa olur. Bu da onların psixologiyasında qırğınlıq və ziddiyyət yaradır. Millilik məsələsi bu sahədə çox önəmlidir. İndi cizgi qəhrəmanları o qədərdir ki, uşaqların sevimli personajlarını müəyyən etmək çox çətin olar. Çünki uşaqlarımız həm yerli, həm də əcnəbi cizgi film personajlarının hamısını demək olar ki, əzbər tanıyırlar. Bizim öz milli qəhrəmanımız var – Cırtdan. Bu gün fantastik mövzuda yazılan nağıllar uşaqlar tərəfindən ən çox oxunan nağıllardan hesab olunur.
Sevindirici bir halı qeyd edim ki, bu gün nağıl yazanlardan ibarət böyük bir axın var ədəbiyyatımızda. Hətta uşaqlar arasında həvəskar nağıl yazanlar da az deyil. Elələri olur ki, yazdıqları nağılları bizə yollayırlar və biz onlara bu sahədə doğru yolu və istiqaməti göstəririk. Nağıl dalğası gəlir Azərbaycana. Rəhmətlik Əlibala Hacızadə deyərdi ki, “mən elə bildim, Azərbaycan nağıllarının dövrü bitib, sən demə, “Gülzar nənə” ilə bu dövr yenidən başlayıb”. Amma təəssüf ki, Yazıçılar Birliyində bu məsələ ilə bağlı söhbət çox sönükdür. Biz birgə işləsək, istedadlı yazarları tapıb üzə çıxara bilərik. Uşaqları nağıl və cizgi filmi dünyasına öyrətməyin yaxşı üsulları var. Uşaqlar üçün nəzərdə tutulan kafelərdə cizgi film və nağıl personajlarının canlı kuklası və həmin kafedə oxumaq üçün nağıl kitablarının olması yaxşı olmazdımı? Unutmayaq ki, xarici ölkələrin əksəriyyətində bu belədir. Əvvəllər elə nəşriyyatlar olub ki, maraqsız kitablar çap etməklə balacaları nağıl kitabları oxumaqdan uzaqlaşdırıblar. Və biz bu cür halların aradan qaldırılması üçün çalışırıq”.
İndi də keçək cizgi filmlərinə… “Nu poqodi”, “Tom və Cerri” ilə böyüdük biz. İndi bu siyahını sonsuz sayda artırmaq olur. Bu gün bu obrazların sırasına Şrek, Vinni Pux, Sindirella kimi obrazların yer aldığı cizgi filmləri də qatılıb. Dünya ölkələrində qulağa xoş gələn bir xəbər var: “Məxsusi uşaqlar üçün nəzərdə tutulmuş kanallar”. Bu kanalların içərisində Türkiyənin “TRT Çocuk” və “Yumurcak TV” kanallarının yayımladığı cizgi film və verilişlər ibrətamiz və öyrədici xarakter daşıyır.
“Uzunqulaq ailəsi”, “Niloya – Hoh”, “Üçüzlər”, “Rori yarış avtomobili”, “Şirli Ana”, “Billi və Budi”, “Oliverin macəraları” adlı cizgi filmlərinin heç birində mənfi obrazlara rast gəlinmir. Əksinə, xırda küskünlük, bilgisizlik məsələsi və bunlara qarşı mədəni izah tərzi ön plandadır. Dostluq, sevgi, qayğı ilə aparılan mübarizə azyaşlıları həyata daha da həvəsləndirir. “TRT Çocuk” kanalında yayımlanan “Dədə Qorqud hekayələri”, “Canım qardaşım”, “Qaragöz dünyanı gəzir”, “Arı Maya” və “Çartlaq yumurtalar” kimi cizgi filmləri də az öncə sadaladıqlarımız sırasındadır.
Amma hər biri də belə olmur. Bəzi kanallar, xüsusən də uşaqlar üçün nəzərdə tutulmuş kanallar qorxulu cizgi filmlərinə daha çox üstünlük verirlər. Təəssüfedici məqamlardan biri araşdırmalar zamanı dünyanın ən qorxunc 20 cizgi filminin siyahısının da müəyyən edilməsi oldu. Bu siyahıda “Kapitan Huk”, “Pikkolo”, “Venom”, “Ursula”, “Meqatron”, “Skar”, “Skeletor”, “Qarqamel”, “Çernaboq”, “Joker” kimi mənfi cizgi film qəhrəmanlarının rol aldığı cizgi filmləridir. Ümumiyyətlə, belə qənaətə gəlmək olar ki, “Cartoon Network” kanalı uşaqların vəhşi ruhda böyüməsinə xidmət edir.
İstər nağıllar, istərsə də cizgi filmləri uşaq psixologiyasına təsirsiz ötüşmür. Uşaqların inkişafında nağıllar və cizgi filmlərinin rolu barədə danışarkən qeyd etməliyik ki, nağıllar və cizgi filmləri uşaqların inkişafında bir neçə istiqamətdə əhəmiyyətli təsirə malikdir, xüsusən də azyaşlıların nitq, təxəyyül, təfəkkür, qavrayış kimi psixi proseslərinin inkişafında, onların emosional sferasının və davranış modelinin formalaşmasında... Cizgi filmləri bu üsulu bir az daha rahatlaşdırır və zehni zəhməti müəyyən qədər yoxa çıxarır.
Psixoloq Elnarə Hüseynova mövzumuzla əlaqədar bunları dedi: “Uşaqların formalaşması nümunəyə əsaslanır, yəni onlar gördükləri davranış tərzini nümunə olaraq qəbul edirlər. Qorxu hissi yaradan, aqressiv davranış nümayiş etdirən nağıllarda və cizgi filmlərindəki səhnəciklər uşaqlarda emosional sferada problemlərə səbəb olur. Bu cür səhnələr onlarda sosial fobiyalar, ünsiyyətdən qaçma, qapalılıq, eyni zamanda qeyri-adekvat qorxular, feminizasiya və maskulizasiya effektləri yarada bilər. Hər hansı cizgi filmi qəhrəmanının aqressiv hərəkətini eyni formada öz yoldaşlarına, bacı və qardaşlarına qarşı təkrar etməsi mütəmadi xarakter alar və bu cür davranış vərdişə, daha sonra isə xarakterə çevrilər. Hal-hazırda uşaqlarımız yerli cizgi filmlərini çox az izləyirlər. Bu məsələ başqa istiqamətdə problemlər yaradır. Belə ki, hər bir ölkənin yaratmış olduğu cizgi filmində həmin xalqa, etnosa məxsus xüsusiyyətlər öz əksini tapır. Xalqımızın etnik xüsusiyyətləri – qonaqpərvərlik, böyüklərə hörmət, valideynlərlə münasibətdə əxlaq normaları, cəsurluq və s. kimi bir çox xüsusiyyətlər xarici cizgi filmlərində təbliğ edilmir. Bundan əlavə, xarici cizgi filmləri uşaqların cinsi inkişafında əhəmiyyətli dərəcədə fərqli təsirə malikdirlər. Bir çox səhnəciklərin əksər hallarda cinsi inkişafın sürətlənməsinə səbəb olması uşaqların sonrakı inkişafında daha ciddi fəsadlar törədir. Valideynlər uşaqların inkişafının hansı istiqamətdə getməsini idarə edən şəxslərdir”.
Az öncə qeyd etdiyimiz kimi nağıllar cizgi filmlərinin, eləcə də, bədii filmlərin süjet xəttidir. Bu gün “Bir qalanın sirri”, “Sehrli xalat” kimi bədii filmlər, eləcə də, dünyada nağıllar əsasında hazırlanmış bədii filmlər var. “Ələddinin sehrli çırağı”, “Min bir gecə”, “Sindirella” kimi nağıllar əsasında həm cizgi, həm də bədii filmlər çəkilib. Bəs bu gün Azərbaycanda bu sahədə vəziyyət necədir? Cizgi filmlərinin peşəkar ilə çəkilməsi ilə “Azanfilm” məşğul olur.
“Azanfilm”in direktoru Fariz Əhmədovun da mövzumuza yanaşması xeyli maraqlı oldu: “Bizim “Ən güclü kimdir?” adlı bir layihəmiz var idi. 15 dəqiqəlik bu animasiya filmi də bu tipli cizgi filmi idi. İndi hazırda üzərində işlədiyimiz cizgi filmi “Gəlin birlikdə öyrənək” adlı bir neçə serialı cizgi filmidir. Xüsusilə qeyd edirəm, musiqili cizgi filmidir. Qeyd edək ki, Azərbaycan animasiya filmi tarixində bu, artıq yeniliyə imza atmaqdır. Sırf azyaşlılar üçün nəzərdə tutulub. Burda silsilə şəklində rəngləri, rəqəmləri, əlifbanı, ilin fəsillərini və saatları öyrədəcək bölümlər əlavə edək. Gələn ilin əvvəlində Salnamə studiyasının çəkdiyi “Cırtdan” balacaların ixtiyarına veriləcək. Müstəqillik dövründən bu günə kimi ən çox film çəkən komanda biz olmuşuq. Əslində, bu sahədə mütəxəssis problemi var. Bildiyiniz kimi, heç bir tədris mərkəzində animator yetişdirilmir. Bu sahədə ayrıca ixtisas yoxdur. Bununla bağlı artıq işlər görülür. Gələn ildən etibarən studiyamızın daxilində kurs fəaliyyətə başlayacaq. Kurs Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. Artıq işlərin yarıdan çoxu hazırdır.
Bizdə cizgi filminin ssenariləri psixoloqla birgə hazırlanır və bu sahədə psixoloji hallar nəzərə alınır. Bu sahədə biz uşaqların özlərini də bu işə cəlb etmişik. Ssenariləri həmin azyaşlılar oxuyur və öz düşüncələrinə görə analiz edirlər. Xoşlarına gələn və gəlməyən məqamlarla maraqlanırıq. Bu cür müzakirələr hər iki tərəfin də xeyrinə olur. Animasiya filmi kino sahəsində ən baha filmlər hesab olunur. Bəzən 10 dəqiqəlik film Avropada 30-50, hətta 100 milyonlarla dollar vəsait hesabına başa gəlir. Maddi məsələ ilə yanaşı, mütəxəssis məsələsi də bu sahədə önəmlidir. Demək olar ki, Sovet dövründən bu günə qədər dörd-beş peşəkar mütəxəssis qalıb ki, onların da yaşları 60-dan yuxarıdır”.
Sonda çıxış yolunu nədə görürük? Müsahibimiz Elnarə Hüseynova mövzu ilə əlaqədar bir neçə xəbərdarlıq etdi. Bu işdə məsuliyyət valideynlərin üzərinə düşür və onlar bu məsləhətləri nəzərə alsalar, yaxşı olardı: “Maraqlı sual yaranır ki, bəs bu mövzuda valideynlər uşaqları ilə necə davranmalıdırlar? Onların edə biləcəklərini aşağıdakı formada qruplaşdırmaq olar: Öncə, qeyd edilməlidir ki, nağıl və cizgi filmi seçimində seçicilik uşaqların doğru inkişafı üçün yetərli olacaqdır. Belə ki, uşaqların baxa biləcəyi cizgi filmi və ya nağıl ilə öncə valideyn tanış olmalıdır. Aqressiv davranış tərzi, qeyri-etik səhnələr, maskulizasiya və ya feminizasiya yarada biləcək səhnələr yoxdursa, həmin hekayə uşağa təqdim oluna bilər. Xüsusilə də nağıl yoxsa cizgi filminə üstünlük verilməsi də önəmli məsələdir. Belə ki, nağıllar uşaqların təxəyyül və nitqinin inkişafında daha müsbət təsir gücünə malikdirlər. Uşaqlar nağıllar vasitəsilə eşitdikləri və oxuduqları məlumatları təxəyyül vasitəsilə özləri canlandırırlar və bu zaman təxəyyül, şifahi nitqin inkişafı daha intensivləşir. Cizgi filmi isə təxəyyül vasitəsilə yaradılmalı olan səhnəcikləri hazır formada təqdim etdiyindən təxəyyülün fəaliyyətinə ehtiyac qalmır və beləliklə, bu inkişafda ləngimə yarana bilər. Mümkün olduğu qədər uşaq psixoloqu ilə əlaqə saxlasınlar. Mütəxəssis rəyi olmadan verilən psixodiaqnostik qərarların nəticəsi ürəkaçan olmaya bilər”.
Bu günün uşaqları tez inkişaf edirlər və bu inkişaf sırasında onlar sevdikləri cizgi filmlərini kinoteatrlarda da izləyirlər. 2012-ci ildə baş vermiş hadisənin mövzumuzla yaxın əlaqəsi var. Belə ki, sözügedən hadisə İngiltərədə baş verib. “Cineworld” kinoteatrında bütün uşaqlar həvəslə “Madaqaskar 3” filmini izləyə gəlmişdilər. Zal uşaqla dolu idi. Əslində, bunun təsadüf ya zərurət olduğunu iddia etmək olmaz. Amma kinoteatrda gözlənilən filmin əvəzində “Paranormal Activity 4” filminin göstərilməsi şok yaratdı. Bir-birini əzən kim, qorxusunu qışqırıqları ilə əvəzləyən kim... Təqdim etdiyimiz əsəri kim üçün nəzərdə tuturuqsa, ona görə də davranmalıyıq. Gəlin özümüzə sual verək. Axi biz nəyə xidmət edirik? Məqsədimiz nədir? Etdiklərimizin faydası və ya zərəri barədə düşünək. Əgər özümüz yetişdirdiyimiz gələcək nəslin qurbanı olmaq istəmiriksə, bu barədə dəfələrlə düşünək. Məhv etməkdə olduğumuz gələcək nəslin tərbiyəsi üçün doğru çalışmaq və xidmət etmək lazımdır.
Kult.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM