Ə.Əmənov bildirib ki, nəvəsi Nazlı Sahib qızı Əmənova 1994-cü ildə Sabirabad rayonu Zalqarağac kəndində anadan olub. Zalqarağac kənd orta məktəbini və Şirvan Pedaqoji kollecini bitirib. 2014-cü ilin mayında həmkəndlisi və sinif yoldaşı olan Qurban Şəmistan oğlu Hacıyevlə ailə həyatı qurub.
“2014-cü il iyunun 18-də nəvəmin yaşadığı ev yanıb və o, faciəli, eyni zamanda müəmmalı şəkildə dünyasını dəyişib”.
Ə.Əmənov hesab edir ki, bu məsələdə nəvəsinin həyat yoldaşı Qurban Hacıyev, baldızları Aygün və Aynurə Hacıyevalar və Nazlının baldızının həyat yoldaşı Samitin əli var:
“Hadisə baş verən gün - iyunun 18-də mən Şirvan şəhərində yas yerində olmuşam. Nazlının atası, yəni mənim oğlum Sahib Əmənovla gəlinim isə onlarda olublar. Axşam oğlum evlərinə qayıdıb. Gəlinim isə qızıgildə qalıb və səhər tezdən evə gəlib. Axşamdan ailədə mübahisə yaranıb. Hətta baldızları Nazlının dəli olduğunu deyiblər:
“Nazlı heç vaxt dəli ola bilməzdi. Bu barədə onun müəllimlərinin də rəyi var. Yerini bilən, ədəbli-ərkanlı qız olub. Oğlum mənə zəng elədi ki, Nazlıgilin evi yanıb, qız da qalıb içəridə. Oğlum haraya gedəndə deyiblər ki, Nazlı evdə yoxdur. Necə ola bilər ki, iyunda Sabirabad kimi isti yerdə qapı-pəncərə bağlı olsun? İkincisi də, bunlar deyirlər ki, qız evdə yoxdur. Deməli, bu işdə nəvəmin baldızlarının, ərinin və baldızının həyat yoldaşının əli var. Nazlı mənim ilk nəvəm idi. Nazlının həyat yoldaşı da kasıb oğlandır, bizim kimi təsərrüfatla məşğuldur”.
Ə.Əmənov sayt vasitəsilə aidiyyatı qurumlara müraciət edib:
“Bu məsələyə aidiyyatı olan bütün qurumlardan, həmin təşkilatların rəhbərlərindən xahiş edirəm ki, məsələyə düzgün baxılsın. Vəziyyətimiz çox pisdir, nə edəcəyimizi bilmirik. İyirmi yaşlı balamızı itirmişik. Nazlı elə yanmışdı ki, tibbi ekspertizaya vermək istəmədik. Bütün bədəni kül olmuşdu... Cəmi qırx altı günün gəlini oldu”.