“Media forum” saytının məlumatına görə, Elman Rüstəmov qeyd edib ki, Azərbaycan hökuməti çətin dövrdə ipoteka kreditinə ayrılan vəsaiti 10 milyon manat artıraraq 40 milyon manatdan 50 milyon manata çatdırıb: “İndiyə qədər əhaliyə 1 milyard manat ipoteka verilib. Bu vəsaitin 600 milyon manatı İpoteka Fondunun vəsaiti, 400 milyon manatı isə bankların öz vəsaiti hesabına olub. 15 min 400 ailə ipoteka krediti alıb.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mənzilə ehtiyacı olan əhalini tam olaraq ipoteka krediti ilə təmin etmək dövlətin borcu deyil. Yalnız imkansız, gəlirləri aşağı olan əhaliyə dövlət hesabına kredit verilməlidir. Yerdə qalanları isə bankların və fondların işidir. Tez-tez inkişaf etmiş ölkələrdən ipoteka kreditləşməsi ilə misallar gətirib müqayisələr aparırlar. Amma bu düzgün deyil. Həmin ölkələr yüz illərlə ipoteka üçün ehtiyat yığıblar. Azərbaycan isə bu sahədə yeni addımlar atır, amma böyük uğurlar qazanıb. Cənubi Qafqazda ipoteka krediti yalnız Azərbaycanda verilir.
Bizim yeni ipoteka strategiyamızda üç əsas prinsip nəzərdə tutulub. Birincisi, güzəştli ipoteka krediti dövlətin himayəsinədə qalmalıdır. İkincisi, kommersiya ipotekalarının verilməsi liberallaşdırılmalıdır. Banklar və fondlar üçün imkanlar yaradılmalıdır. Üçüncüsü isə biz alman modeli olan ipoteka təklif edirik. Əhali bankda müəyyən qədər vəsait toplayır. Sonra isə bank həmin vəsaiti kredit formasında sahibinə verir. Azərbaycan xalqının milli mentalitetini və mənzilə olan münasibətini nəzərə alsaq, bu model Azərbaycan üçün çox yararlıdır”.