İqtisadçı-ekspert Samir Əliyev aznews.az-a açıqlamasında əhalini panikaya düşməməyə çağırıb: “Əhali arasında çaşqınlıq yaranıb, buna isə ehtiyac yoxdur. Söhbət qəfildən ucuzlaşmadan getmir. Çünki Mərkəzi Bank manatın məzənnəsinin müəyyən edilməsinin yeni mexanizmini tətbiq etməyə başlayıb. Əslində bu, bizdə 2011-ci ildən var idi. Manatın dəyərdən düşməsi tədricən davam edəcək. Bir ay ərzində manat bir faizə qədər düşə bilər. Bu bir faizə görə isə əhalinin valyuta dəyişmə məntəqəsinə getməsinə ehtiyac yoxdur”.
Samir Əliyev əlavə edib ki, əslində Mərkəzi Bank buna getməyə məcbur olub: “Əgər neft gəlirlərinin azalması fonunda qeyri-neft sektoru inkişaf etmirsə, mütləq milli valyutanın məzənnəsi elə səviyyədə olmalıdır ki, biz xaricə məhsul ixrac edə bilək. Manatın öz məzənnəsi buna imkan vermirdi, çünki çox baha idi. Qonşu ölkələrin hamısında valyutalar ucuzlaşırdı, amma bizim manat baha oldudundan xaricə mal aparıb satmaq sərf etmirdi. Ona görə Mərkəzi Bank bu addımı atıb. Bank iki yoldan birini, yəni az ağrılı yolu seçib. Əgər birdən-birə aşağı salsaydı, vətəndaşlarda şok yaranardı. Amma Mərkəzi Bank buna getmədi. Bu addımı normal qəbul edirəm”.
Ekspert onu da bildirib ki, əgər neft kəskin ucuzlaşmasa, yaxud da fövqəladə hadisə baş verməsə, bir manatın bir dollara bərabər olması gözlənilmir: “Ən yaxşı halda bir manat 90 qəpiyə kimi ucuzlaşa bilər”.