«Sulu qəlyan çəkməyə artıq normal baxmıram. Düşünürəm ki, bu siqaretdən də təhlükəlidir. Əvvəl mən də çəkirdim, amma həvəsə. Sulu qəlyanı 16-17 yaşlarında olan oğlanlar istifadə edir. Onlarda qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq bir növ lovğalanmaq üçündür».
«Qəlyanı əsasən siqaret çəkməyənlər çəkir. Həm də son zamanlar gənclər şəkil çəkdirmək həvəsindən qəlyan çəkirlər. Qəlyanla şəkil çəkdirmək dəb halını alıb».
Gənclərin qəlyanla şəkil çəkdirmək həvəsi onların fərqində olmadan qəlyan, siqaret və ya narkotik vasitə asılılığına səbəb olur. Bu da bəzən onların gələcəyinin məhvinə gətirib çıxarır. APA TV-nin məlumatına görə, tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. İnsanlar qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, reallıq belə deyil. Mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranması qaçılmazdır. Bir zamanlar Şərqdə yaranıb sürətlə digər ölkələrə yayılan qəlyana maraq ölkəmizdə də kifayət qədərdir. Paytaxtda hər addımbaşı qəlyan reklamları ilə qarşılaşmaq mümkündür. Son zamanlar gənclər çay evlərinə daha çox qəlyan çəkmək həvəsi ilə gedirlər. Burada isə onlara müxtəlif çeşidlər təklif olunur. Sulu qəlyan, meyvəli, hətta südlü qəlyanlar. Ən acınacaqlısı isə odur ki, bəzi hallarda gənclər qəlyanın tərkibinə narkotik vasitələr də qatmaqla istifadə edirlər. Bəziləri bu vərdişin bronxlara xeyirli olduğunu düşünür. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Bakıda mağazalarda apardığımız kiçik araşdırma nəticəsində öyrəndik ki, qiymətlər 20-500 manat arasında dəyişir. Ən çox satılan qəlyanlar 50-100 manat dəyərindədir. İran və Türkiyədən gətirilən qəlyanların alıcıları daha çox çay evlərinin sahibləridir. Şəxsi istifadə üçün qəlyan alanların sayı da az deyil.
Mütəxəssislər bu mövzuda çox narahatdır. Həkim-infeksionist Sədrəddin Atakişizadə deyir ki, daha çox gənclərin maraq göstərdiyi qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir. Həkim Sədrəddin Atakişiyev sulu qəlyanın törədə biləcəyi təhlükəli fəsadlardan danışıb: «Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu siqaretdən daha çox təhlükəlidir».
Həkim gəncləri alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanların cəlbedici dadına aldanmamağa çağırır.
«Bəzən aldadıcı olaraq orada meyvə tamı meyvən dadlandırıcılardan istifadə edirlər. Bunlar konservant sayılır və onların da ikinci mənfi təsiri var. Yəni biz fikirləşməyək ki, bu çiyələk dadı verirsə deməli keyfiyyətlidir. Xeyr o zaman həmin şəxs iki komponentli zəhər qəbul etmiş olur».
Müsahibim deyir ki, qəlyan eyni zamanda yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmaz olur. Xəstə insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Hepatit, vərəm və QİÇS viruslarına yoluxma ehtimalı 98% təşkil edir. Qeyd edək ki, son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir. Bir tərəfdən maarifsizlik, digər tərəfdən isə müasirləşmək həvəsi zərif cinsin nümayəndələri arasında qəlyan çəkənlərin sayının artmasına təsir edir. Paytaxt sakinləri bu fakta qarşı mənfi fikirdə olduqlarını dilə gətiriblər. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyir ki, Azərbaycanda sulu qəlyanın istifadəsinə qadağa qoyulması vacibdir.
«Mən təklif edirəm ki, əgər bizim qapalı məkanlarda tütün məhsullarının istifadəsi qadağan olunan qanun qəbul olunarkən sulu qəlyanlarda bu sıraya aid olunsun. Ona kimi isə sulu qəlyanlardan istifadə lisenziya vasitəsi ilə tənzimlənməlidir. Yəni hansı müəssisələrdə istifadə oluna bilər və ya razılıq əsasında xüsusi otaqlarda istifadə edilə bilər. Amma ən yaxşısı odur ki, ölkəmizdə bunun istifadəsi qadağan olunsun».
Hər halda sağlamlığını düşünən hər kəs belə vərdişlərdən uzaq durmalıdırlar.