Ağcabədi Pedaqoji Kollecində biabırçılıq yaşanır. İş o yerə çatıb ki, tələbələrin təqaüdünə göz dikən kollecin direktoru Vaqif Hüseynov, müəllimlərin də istirahətinə ayrılan pullara göz dikib.
Verilən məlumata görə, Vaqif Hüseynov bu məsələdə Ağcabədi Pedaqoji Kollecinin Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndəsi Nüsrət Sadıqovla əlbir olaraq, ezamiyyət xərclərini müxtəlif formada özlərinə götürürlər. Məsələn, müəllimlərə ildə bir dəfə ayrılan istirahət üçün ezamiyyət bileti məktəbə dəxli olmayan şəxslərə verilir. Kollecin direktoru kənardakı belə adamları isə yaxın adamları vasitəsi ilə tapır və onlarla sövdələşir.
Məlumatda qeyd olunur ki, həmkarların nümayəndələri isə bu sövdələşməni bəlli qiymət müqabilində reallaşdırırlar. Onlar «putyovka»nı 200-300 manat aralığında satışa çıxarırlar ki, bu da alanlar üçün sərfəlidir. Çünki həmin məqsədlə ayrılmış pulun məbləği daha çox olur.
Qeyd edək ki, Ağcabədi Pedaqoji Kollecində 127 müəllim, 1056 nəfər isə tələbə var. Onların hamısı Həmkarlar İttifaqının üzvlərdir. 1183 nəfərin yarısının ildə «putyovka»sının başqalarına satılması və ya digər işlərlə əldə olunan gəlirləri üst-üstə gəldikdə isə Vaqif Hüseynovun nə qədər böyük qazanc əldə etdiyini görməmək mümkün deyil. Halbuki bu hərəkətlər korrupsiya əlamətidir və dövlət əmlakının məqsədli şəkildə talanması deməkdir. Amma kollecin direktoru bütün bunlardan yaxasını kənara çəkərək, heç nədən qorxmadan əvvəlki qaydalarla işləməyə davam edir. Görünür, o da digərləri kimi, yuxarıdakı adamlarına güvənir və hesab edir ki, kimsə ona söz deyə bilməz./demokratiya/