Bu bəyanatla Xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edib. Nazir müavini qeyd edib ki, hüquqi statusla bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qruplarının görüşləri davam etdiriləcək.O deyib:"
"Əminəm ki, bütün məsələləri başa çatdırmağa nail olacağıq. Astana sammitinə kimi Konvensiya layihəsinin bütün müddəalarını başa çatdırmalıyıq ki, razılaşdırmaq mümkün olsun."
Xələf Xələfov qeyd edib ki, Həştərxan sammitindən sonra işçi qrupunun keçirdiyi bu ilk toplantıda sammitin nəticələri, dövlət başçılarının məsələ ilə bağlı qərarlarının həyata keçirilməsi müzakirə olunub, bir sıra prinsipial məsələlərə dair razılaşmaların Konvensiya layihəsində əksini tapması üçün tədbirlər görülüb. Həm Bakı, həm də Həştərxan sammitlərindən sonra bir sıra prinsipial vacib məsələlər həllini tapıb:
"Bunlar su səthinin bölünməsi, təhlükəsizlik məsələləri, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya məsələləridir."
Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılığa gəlindiyini vurğulayan İranın Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur isə bildirib ki, 20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Regionda xeyli münaqişə və böhranın mövcudluğunu xatırladan İran rəsmisi Xəzər dənizi bölgəsində əmin-amanlıq tərəfdarı olduqlarını vurğulayıb. İranlı diplomat deyib:
"Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin."
Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı xüsusi İşçi Qrupunun növbəti iclası Tehranda keçiriləcək. Xələf Xələfovun sözlərinə görə, yaxın 1-2 ay ərzində keçirilməsi nəzərdə tutulan iclasın tarixi diplomatik yollarla dəqiqləşdiriləcək.