Virtualaz.org saytı xəbər verir ki, “Damavand” adlı destroyer İranın Xəzər donanmasının tərkibinə qatılacaq.
Gəminin uzunluğu 90 metrdir, ağırlığı 1300 tondur. O, qanadlı raketlərlə, torpedo və elektron hərbi avadanlıqlarla təchiz olunub. Gəminin fotosu İran televiziyalarında yayılıb.
İranın müdafiə naziri Hüseyn Dehqan bildirib ki, “Damavan” narkotik qaçaqmalçılarına qarşı əməliyyatlarda və terrorçuluqla mübarizədə istifadə olunacaq.
İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Həbibulla Səyyari isə deyib ki, “Damavand” bundan əvvəl İranın Fars körfəzi sularında dislokasiya olunmuş donanmasına verilən “Camaran” destroyer gəmisindən daha sürətli və çevikdir.
İran KİV-ləri xəbər verir ki, hazırda ölkənin cənubundakı tərsanələrdə “Damavand” tipli daha üç hərbi gəmi inşa olunmaqdadır. İran son illər Xəzərdəki hərbi qüvvələrini gücləndirir, onu kiçik sualtı qayıqlarla və raket gəmiləri ilə təchiz edir.