Bunu "Trend"-ə açıqlamasında Emin Bəşirovun vəfatı ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.
Onun sözlərinə görə, son illər mərhumun federasiya ilə hər hansı bağlantısı olmayıb: "Mərhum Emin Bəşirov 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. O, 1998-ci ildə Rusiyada yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Danimarkada yeniyetmələr arasında dünya çempionu, 2000-ci ildə Slovakiyada və 2002-ci ildə isə Yuqoslaviyada yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub. Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub.
Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib. Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"
* * *12:33
Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.
Məlumata görə, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirov narkotik istifadəçisi olub. Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.
Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart, 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayonu, Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
E.Bəşirovun idman nailiyyətlərinə gəlincə isə yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya, 1998), yeniyetmələr arasında dünya çempionu (Danimarka, 1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya, 2000, Yuqoslaviya, 2002) olub (azvision.az).