Virtualaz.org-un məlumatına görə, bunu Aİ-nin Azərbaynadakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında deyib.
Aİ səfiri qeyd edib ki, son 10 il ərzində Azərbaycanla tərəfdaşlıq Aİ-nin qonşu ölkələrlə əməkdaşlığının əsasını təşkil edən Avropa Qonşuluq Siyasəti poroqramı çərçivəsində hayata keçib. Lakin bu siyasətin yenidən nəzərdən keçirilməsi qərara alınıb. Bununla əlaqədar Avropa İttifaqı tərəfdaş ölkələr və Avropa Qonşuluq Siyasəti üzvləri ilə 4 aylıq məsləhətləşmələrin keçirilməsi haqqında qərarını elan edib.
M.Mard vurğulayıb ki, Aİ yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində tərtəfdaş ölkələrlə daha sıx əməkdaşlıq edərək, geniş spektoru əhatə edən sahələrdə fəaliyyət göstərəcək. Nəzərdə tutulur ki, bu əməkdaşlıq daha çevik olacaq.
Aİ səfiri həmçinin Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasəti çərçivəsində görülən işlər haqqında Məruzə təqdim edib. O, Azərbaycanın iqtisadiyyatın diversifikasiyası ilə bağlı atdığı addımları qeyd edib, ölkənin Cənub Dəhlizi layihəsinin həyata keçirilməsində mühüm rolunu vurğulayıb.
M.Mard bildirib ki, məruzədə Aİ-nin Azərbaycanda unsan haqları sahəsindəki vəziyyətə dair narahatlığı qeyd olunub.
Xatırladaq ki, martın 25-də Avropa İttifaqı Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasəti çərçivəsində görülən işlər haqqında Məruzə dərc edib. Məruzə son 1 il ərzində ölkədə iqtisadiyyat, demokratik islahatlar, insan haqları və s. sahələrdə əldə olunan tərəqqi haqqında icmaldır.
Aİ hər il Azərbaycanın da daxil olduğu Avropa Qonşuluq Siyasəti proqramına daxil olan 16 ölkəsində əldə olunan tərəqqi haqqında məruzə dərc edir.