“Hurriyyət”də dərc edilən “Aliyev yolsuzluk ve rüşvete savaş açtı” başlıqlı materialda qəzet prezidentin fikirlərini geniş formada işıqlandırıb. “Əlbəttə, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axını başlayıb. O illərdə iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan təcrübəsi nümunə ola bilər” deyə qəzet dövlət başçısından sitat gətirib. Materialda dövlət başçısının korrupsiya və rüşvət hallarına qarşı sərt mübarizə aparılacağına dair səsləndirdiyi fikirlər də əks olunub. Elə məqalənin başlığında da bundan bəhs edilib. Qəzet yazır ki, prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək.
“CNN Türk”də “Aliyev rüşvetxorluğa savaş açtı” başlıqlı məqalədə isə dövlət başçısının “ASAN xidmət”lə bağlı fikirlərinə yer verilib. Nəşr yazır ki, dövlət başçısı cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olduğunu bildirib: “Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcək. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdır. Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcək. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir”.
“Taymturk”da dərc edilən “Azerbaycan Cumhurbaşkanından yolsuzluk ve rüşvet tepkisi” başlıqlı məqalədə dövlət başçısının Azərbaycan iqtisadiyyatına qoyulan vəsaitlər barədə fikirləri işıqlandırılıb. “Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan verib. Bu müsbət meyllər güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili sərmayələrin qoyuluşu gözlənilir. Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanıb. “Əsrin kontraktı”, yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı da imzalanıb. Azərbaycanın kredit reytinqləri artır. Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit reytinqlərini artırıblar. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir”.
“Cihan” agentliyində dərc edilən “İlham Aliyev yolsuzluğa savaş açtı” başlıqlı materialda isə prezidentin korrupsiyaya, rüşvətxorluğa göz yumulmayacağını bəyan etməsi vurğulanıb: “Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”./“Kaspi” qəzeti/