Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Oyunlarının cüdo yarışlarının ilk günü Azərbaycan təmsilçilərindən tatami üzərində ilk olaraq 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva çıxıb.
O, 1/16 final mərhələsində Sloveniya idmançısı Kristina Vrşiç ilə üz-üzə gəlib. Gərgin idman mürarizəsi şəraitində keçən görüşdə heç bir idmançı fənd tətbiq edə bilməsə də, Sloveniya təmsilçisinin hesabında bir sido xəbərdarlığı olduğundan cüdoçumuz Leyla Əliyeva qalib élan olunub.Onun 1/8 finaldakı rəqibi Belçika cüdoçusu Şarlin van Snik olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu yarışlarda medal uğrunda mübarizə aparacaq. Qadın təmsilçilərimizdən - Ayşə Qurbanlı (-48 kq), Səkinə Zayirova (-52 kq), Kifayət Qasımova (-57 kq), kişi cüdoçularımızdan isə İlqar Müşkiyev (-60 kq), Orxan Səfərov (-60 kq), Nicat Şıxəlizadə (-66 kq) və Tərlan Kərimov (-66 kq) Azərbaycana Avropa Oyunlarının növbəti medallarını qazandırmağa çalışacaqlar.