Trend-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri Dilarə Xəlilova bildirib ki, günvurma uzun müddət və birbaşa günəş şüalarının başın açıq sahələrinə təsiri nəticəsində yaranan vəziyyətdir: "Günvurma əsasən yay mövsümündə uzun müddət günəş altında başıaçıq vəziyyətdə qaldıqda baş verir. Günəş şüalarının təsiri nəticəsində baş beyində qan axını artır və nəticədə qan dövranı pozulur. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslər məruz qalırlar”.
D.Xəlilova həmçinin günvurmanın əsas əlamətlərinin kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarının olduğunu bildirib.
Qeyd edək ki, günvurmanın 3 növü - yüngül, orta və ağır dərəcəli günvurma var.
D.Xəlilovanın sözlərinə görə, günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompress qoymaq lazımdır: "Qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. Günvurmanın profilaktikası üçün isti havalarda tövsiyə olunur ki, əsasən saat 11:00-dan 18:00-a qədər mümkün qədər açıq günəş altında olmamaq lazımdır. Həmçinin açıq rəngli, təbii materiallardan hazırlanmış geyimlərdən, başörtükləri və papaqlardan istifadə etmək, ən əsası isə bol maye qəbul etmək məsləhətdir".