Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib.

Strategiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.



ANS PRESS xatırladır ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. Onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.



Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub. Adıçəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.