Ermənistan paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə etiraz keçirənlərin sayı azalmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, buna baxmayaraq Baqramyan prospektində onların oturaq tətili davam edir.



Hazırda aksiya ərazisində gecələyənlərin sayının xeyli azaldığı müşahidə olunur. Hökumət qüvvələri kənardan əraziyə nəzarət edir, lakin hələ ki, aksiyanı dağıtmağa cəhd etmir.



Aksiya iştirakçılarının sayı onun koordinasiyasını icra edən “Talana yox!” təşəbbüs qrupunun öz fəaliyyətini başa vurduqdan sonra azalmağa başlayıb. “Talana yox!” fəalları prezident Sarkisyanın elektrik enerji tarifləri probleminin həllinə dair təklifləri elan edildikdən sonra Baqramyan prospektini tərk ediblər. Onları da Bağramyan prospektini tərk etməyən etirazçılar kimi prezident Sarkisyanın təklifləri qane etmir, lakin “Talana yox!” fəalları hesab edirlər ki, “küçə bağlamaq taktikası”nın davam etməsi durğunluğa aparır.



Qeyd edək ki, iyulun 1-ə keçən gecə elektrik enerjisinin bahalaşmasına qarşı aksiya iştirakçıları Baqramyan prospektində etiraz tədbirlərin koordinasiyası üçün açıq müzakirə şəraitində yeni təşəbbüs qrupunu yaradıblar. Yeni təşəbbüs qrupunda 10 nəfərdən ibarət ayrı-ayrı qrupların 1 nümayəndəsi təmsil olunur. Bu qruplar etiraz aksiyasının keçirilməsi ilə bağlı müxtəlif, o cümlədən, təcili reaksiya, ictimai asayişə nəzarət, ictimaiyyətlə iş üzrə, hüquqi, maliyyə-iqtisadi və bir sıra başqa məsələlərin koordinasiyasını təşkil etməlidir.



Xatırladaq ki, elektrik enerjisi tariflərinin artması qərarına qarşı Bqramyan prospektində oturaq tətil iyunun 22-dən başlayıb. İyunun 23-ü səhəri polisin güc tətbiq edərək aksiya dağıdılıb, 237 nəfər həbs olunub, lakin həmin gün daha böyük sayda adam Bağramyan prospektinə çixıb və hakimiyyət etirazçıların tələbilə tutulub polisdə saxlananların hamısını buraxıb. İyunun 28-də prezident Sarkisyanın çıxışından sonra “Talana yox!” təşəbbüs qrupu daxilində fikir ayrılığı yaranıb və sabahısı gün etirazçıların bir hissəsi Baqramyan prospektini tərk edib, lakin böyük hissəsi qaldı və fasiləsiz piket bu günədək davam edir.