ANS PRESS-in məlumatına görə, erməni hərbçini “İrs” partiyasnıdan olan müxalifətçi deputat Zarui Postancyan özündən çıxarıb. Rusiyadan kreditə 200 milyon dollarlıq silah alınması məsələsini tənqid edən Postancyan bildirib ki, Rusiya özünü Ermənistanın strateji tərəfdaşı kimi aparmır. “Siz heç bir tərifə layiq olmayan kredit götürürsünüz və Ermənistanı alçalmış vəziyyətə salırsınız”,- deyə Postancyan vurğulayıb. O bildirib ki, yeni kredit sazişinin Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. 


Zarui Postancyan

Zarui Postancyanın sözləri məsələ ilə bağlı məruzə edən Ara Nazaryanı özündən çıxarıb. “Əgər deputat təhlükəsizliklə bağlı real vəziyyətimizin nə halda olduğunu bilsəydi, bu cür suallar verməzdi”,- deyə müdafiə nazirinin müavini hərbi sirri açmağa məcbur olub. 

13 ilə illik 3 faizlə götürülən hərbi kredit barədə Ermənistanda müxtəlif versiyalar dolaşır. Ara Nazaryan bildirir ki, həmin vəsaitə 2015 - 2017-ci illərdə keyfiyyətli rus silahı alınacaq.

Ermənistanın Rusiyadan alacağı silahların siyahısı deputatlara paylanıb, amma hərbi sirr olduğuna görə açıqlanmır. Lakin siyahı ilə tanış olanların əksəriyyəti qorxu içindədir və ölkəsinin Azərbaycanın ehtimal edilən hücumuna hazır olmadığını düşünür. Bu fikir Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovdan müsahibə almağa getmiş erməni jurnalistlər tərəfindən də səsləndirilib. Şarmazanov bu fikri təkzib edərək, sadəcə indiyə kimi Ermənistanda olmayan silahların alınacağını vurğulayıb. 


Eduard Şarmazanov

Yunan əsilli erməni siyasətçinin dediyinə inanılarsa, az qala Ermənistanın robot-terminatorlar alacağını düşünmək olar. Çünki hər şeydən öncə Ermənistanın əsgərə ehtiyacı var. Sovet İttifaqının xaotik son illərindən istifadə edərək silahısız mülki əhaliyə qarşı soyqırım təşkil etməklə Azərbaycanın 20 faizini işğal etmiş Ermənistan özünü işə salıb. Müharibə vəziyyətində olan ölkə hətta qoşunların təmas xəttindəki postlara belə əsgər çatdıra bilmir və buna görə ucuz qiymətə xidmət edən “muzdlu”ları cəlb etməyə məcburdur. Gələcəkdə vəziyyət daha kəskin olacaq, çünki əsasən yaşlı adamlardan ibarət 1,4 milyon əhalisi qalmış ölkə normal ordu formalaşdıra bilməz.