90-cı illərin ortalarında öz ekstravaqant hərəkətləri ilə məşhurlaşan qalmaqallı rusiyalı milyarder German Sterliqov üç həftə əvvəl arvadı Alyonanı və beş uşağını götürərək Rusiyadan köçüb.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Sterliqov Azərbaycanın işğal altındakı ərazilərində - Qarabağda məskunlaşıb.
Milyarderin köməkçisi Polina bildirib ki, hazırda onlar German Sterliqovun təsərrüfatını satmaqla məşğuldur.
“Hələlik inəkləri, qoyunları, qismən atları satırıq. Evin və torpağın satışı haqda German Lvoviçdən hələ göstəriş almamışıq”- deyə Polina bildirib.
Milyarder özü Qarabağa köçsə də ona məxsus müəssisə Rusiyada çörək bişirməkdə və süd məhsulları istehsal etməkdə davam edir.
“Bizim müştərilər qarşısında öhdəliklərimiz var və onları yerinə yetiririk. Müəssisə işləməkdə davam edir, ancaq German Lvoviç özü nə vaxt gələcək - bunu bilmirik. Yəqin ki, o, özü də bilmir”- deyə şirkətin Viktor adlı meneceri bildirib.
Məlum olub ki, 48 yaşlı German Sterliqov Qarabağda artıq ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaratmağa başlayıb. Onun yaşayış yerini dəyişib Qarabağa köçməsinin səbəbini açıqlamırlar. Amma köməkçiləri deyir ki, Sterliqov həftədə bir dəfə onlara zəng edir, işlərlə maraqlanır, yeni tapşırıqlar verir.
Milyarder Sterliqov 90-cı illərin əvvəllərindən məşhurdur. O, Rusiyada ilk əmtəə-xammal birjası “Alisa”nın əsasını qoyub və ilk leqal milyonçuya çevrilib.
1993-cü ildə “Alisa” iri holdinqə çevrilib, Rusiyada və xaricdə 84 törəmə müəssisəyə malik olub. 2002-ci ildə Sterliqov Krasnoyarsk qubernatorluğuna namizədliyini irəli sürüb. Bir il sonra isə Moskva meri postuna namizəd olub.
2005-ci ildə Sterliqov Moskvanın zənginlər yaşayan Rublyovka səmtindəki villasını satıb və Moskva ətrafındakı Mojaysk rayonunda torpaq sahəsi alıb. Orada natural təsərrüfatla məşğul olub və özünə ev tikdirib.
2008-ci ilin sonlarında - qlobal iqtisadi böhranın hökm sürdüyü dövrdə Sterliqov yenidən Moskvada biznesə qayıdıb və Antiböhran Əmtəə-Ödəmə Mərkəzini yaradıb, onun baş direktoru olub. Bu mərkəz iştirakçılar arasında barter birjası rolunu oynayırdı. Mərkəzin köməyi ilə banklar öz borc öhdəliklərini sata bilirdi, borclular isə borclarını əmtəə şəklində qaytarırdı.
2009-cu ildə Sterliqovun ortaqları onu günahlandırırdılar ki, mərkəz mal mübadiləsinə dair öhdəliklərini yerinə yetirə bilmir və nəticədə bəzi iştirakçılar ziyana düşür.
Şəbəkənin bəzi iştirakçıları ondan məhkəməyə və prokurorluğa şikayət ediblər. Sterliqovu isə məhkəmədə məşhur moskvalı vəkil Artur Ayrapetov müdafiə edirdi. Şirkətin aktivlərinə həbs qoyulsa da erməni vəkilin və mətbuatın təzyiqləri nəticəsində bu həbs aradan qalxıb./virtual/