Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb.

Bu barədə təşkilatın Parlament Assambleyasının Helsinki sessiyasında qəbul edilən yekun sənəddə bildirilir.

PA-nın prezidenti İlkka Kanera deyib ki, ATƏT regionda uzanan münaqişələri sülh yolu ilə həll etməyə və bu yöndə səyləri artırmağa çağırıb. Sənəddə güc tətbiqindən çəkinmək, ölkələrin ərazi bütövlüyü və suverenliyi, habelə BMT-nin nizamnaməsi və Helsinki Yekun aktına hörmətlə yanaşmağın vacibliyi qeyd edilir.


ATƏT PA-nın prezidenti İlkka Kanerva

Bildirək ki, ATƏT Parlament Assambleyasının (PA) ötən il iyulun 2-də Bakıda keçirilən 23-cü sessiyasında səsvermə nəticəsində Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın prezidenti seçilib.

Təşkilatın ötən gün keçirilən yay sessiyasında qəbul edilən Helsinki Bəyannaməsində ATƏT-ə üzv ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunub.

Maraqlıdır ki, Ermənistan nümayəndə heyətinin üzvləri sənədin əleyhinə səs veriblər. Onlar dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmanın, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına hörmət etməyin zəruriliyinin qeyd edildiyi dördüncü paraqrafa etirazlarını bildiriblər.

Bu paraqrafda deyilir ki, ATƏT regionunda həlli uzanan münaqişələrin müəyyən edilmiş çərçivədə, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına əsasən sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə edilməsi təşkilat üçün prioritet olaraq qalır. Həmçinin ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə nizamlanmasına dair səylərin gücləndirilməsinin zəruriliyi bildirilir.

ATƏT-in Parlament Assambleyası (PA) 317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-cı ildə Parisdə yaradılıb. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını toplayaraq ATƏT-lə bağlı məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə sədr seçir, sədr əsas yığıncaqlarda iştirak edir və yığıncaqlara sədrlik edir. Mənzil-qərargahı Kopenhagendə yerləşir. Assambleyanın daimi əməkdaşları 14 nəfərdən ibarətdir.


ATƏT PA 1990-cı ildə Parisdə yaradılıb.

1975-ci ildə yaradılandan bəri ATƏT-in yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşü 1999-cu ildə İstanbulda keçirilib. ATƏT-in Astanada 2010-cu ilin dekabrın 1-2-də keçiriləcək növbəti sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak ediblər.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb./anspress/