Onun ölümü də sənətə gəlişi kimi səs-küylü oldu. Bir sabah bu xəbərə oyandıq: "Hüseyn Dərya gecə saatlarında "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb".
Xəbər yayılanda o yaşayırdı, durumu ilə bağlı gələn xəbərlər ümidverici idi, amma günorta saatlarında gələn xəbər hamını üzdü. Ardınca qalmaqallı, sirli ölüm faktının müzakirəsi, onun yaradıcılığı, şəxsi həyatı, seçimləri ətrafında dolaşan söz-söhbətlər baş alıb getdi. Bilən də, bilməyən də, tanıyan da, tanımayan da özündə söz haqqı tapıb danışmağa başladı.
İyun ayının 29-da mərhum reper Hüseyn Dəryanın doğum günü idi. Yazı doğum günü üçün nəzərdə tutulsa da, qismət bu günə imiş...Hüseyn Dəryanı onun ikinci həyat yoldaşı Sona İbadova və dostu, sirdaşı prodüser Sayka Cahidlə anırıq. Hər ikisini elə birgə həyata keçirdikləri "Yat, dostum" layihəsinin təqdimat mərasimində yaxaladıq və söhbətə çəkdik.
- Sona xanım, Hüseyn Dəryasız həyatınız necə keçir?
- Hər şey olduğu kimi qalır. Dəyişən bir odur ki, Hüseyn var idi, indi yoxdur. Ən çətini Cahangir üçün oldu. O, atasını çox istəyirdi, Hüseyn vaxtının çoxunu Cahangirin otağında keçirirdi, onunla oyunlar oynayırdı. Hüseynsiz bir ailə başsız qalıb.
- Bir qadın kimi nə hiss edirsiniz?
- Mənim üçün də çox ağırdır. Onun evdə o qədər şəkilləri var ki, mən sağa keçəndə də, sola keçəndə də onları görürəm. Çox çətindir. Onunla bağlı hazırlanan hər yeni layihə hazır olanda insan bir balaca sevinc hissi keçirir, amma sonra hamı öz evinə dağılır, tək qalıram. Bu da, təbii ki, çətindir.
- Bəlkə, fotolarını yığışdırasınız. Ki, sizə çətin gəlməsin.
- Olmur. İnsanın gərək içindən gəlsin ki, onları yığışdırıb bir kənara qoysun.
- Bir ara sizin aranız soyuq idi. Yəqin, o dönəm o fotolar da orada yox idi.
- O şəkillər həmişə evimizdə olub. İndi də necə var idisə, elə qalıb. Dəyişən yalnız vəfatından sonra hazırlatdırdığım onun lentlə dolanan iri fotosunun da ora əlavə olunmasıdır.
- Sizə tez-tez dediyi hansı sözləri xatırlayırsınız?
- Ən çox zarafatları yadımda qalıb. Bir də mesajlarımız. Hamısını saxlamışam.
- Fanatlarından necə dəstək görürsünüz?
- Bütün fanatlarına çox təşəkkür edirəm. Unutmurlar, yada salırlar. İki ilə yaxındır ki, Hüseyn bizi tərk edib amma fanatları onları unutmayıb. Hələ də efirlərdə danışırlar, ad günlərində yada salırlar.
- O, sağ olanda doğum gününü necə qeyd edirdiniz?
- Bu il onun 40 illiyidir. Sağ olsaydı, doğum gününü fanatları ilə birgə qeyd edərdim. Çünki 35 illiyini fanatları ilə birgə qeyd etmişdik. 40 illiyi üçün də fikrimiz var idi, amma qismət olmadı. Siz jurnalistlər bilirsiniz ki, mən iş baxımından ona çox dəstək olmuşam. Amma bunu adi insanlar bilmirlər. Çünki heç vaxt bunu deməmişik. Prodüser o demək deyil ki, müğənninin diskini daşısın, yaxud toyunu, verilişlərini danışsın. Mənim fantaziyalarım var idi. Bir çox işlərdə Hüseynə ideyalar verirdim.
- Hüseyn Dəryanın albomunu hazırlayırsınız. Bunun bağlı hansı problemləriniz var?
- Maddi problemimiz var. İmkanlı şəxslərdən xahiş edirəm ki, bizə bu işdə dəstək olsunlar. Bu, çox böyük məbləğ də deyil. Hüseynin sənətinə, yaratdıqlarına hörmət edib, ona sevənlər bu işdə bizə yardım etsin. Albom hazırda Ruslan Səfəroğlundadır. Albomu göz bəbəyi kimi qoruduğuna görə ona təşəkkür edirəm. O albomu tam hazırlayıb, üzə çıxarsaq, əməlli-başlı yenilik olar.
- Albomda neçə mahnı hazırdır?
- 17 mahnı. Onları heç kim eşitməyib.
- Bəs neçəsi əlavə olacaq?
Bu vaxt söhbətimizə prodüser Sayka Cahid qoşulur. Və söhbəti onunla davam edirik.
- Bir neçəsi hələ ki, aranjiman olunmayıb. Amma bir albom üçün lazım olan 17 mahnı artıq hazırdır. Bu gün kimsə maddi olaraq bizə dəstək olarsa, albomu bir həftəyə hazır edib, sevənlərinə təqdim edərik.
- Bunun üçün nə qədər maliyyə gərəkdir?
- 5-6 min manat. Belə deyəndə uşaqlar mənə gülürlər, deyirlər, heç olmasa, bu məbləği 10-15 min deyin. Söyləyirəm ki, mən bunu necə deyim...Əgər bu iş üçün bizə 5-6 min maliyyə gərəkdirsə, bunu demək lazımdır. Biz ən minimum qiyməti deyirik. O pulla albomu 2 min tirajla çıxara bilərik, sonra tələb olsa, artırarıq.
- Albomda duetlər varmı?
- Var. Vasif Məhərrəmli, Brilliant Dadaşova ilə duetlər var.
- Heç müğənnilərdən yardım istəmisiniz?
- Hüseyn heç vaxt kimdənsə pul istəmədi, yalvarmadı. Onu özünə təhqir, dilənçilik hesab etdi. Çox ağır yaşadı, amma kiməsə ağız açmadı. İndi bizim haqqımız deyil ki, bunu edək. Yəqin, məni başa düşdünüz.
- Ölümü dönəmində o qədər müğənnilər ortaya çıxdılar ki, yəni yardım etmələrini gözləmək olardı.
- Nə olsun ki... Bir ildən sonra kim qaldı. İki tək, bir cüt insan var. Bir araya yığılanda: Sona Cahangirlə, Seva, Dado, mən, Kənan, Ruslan Səfəroğludur, dostu Asif...baqşa heç kim yoxdur...
- Deyəsən, Cahangiri reper kimi yetişdirmək istəyirsiniz?
- Onun repə böyük həvəsi varsa biz ona dəstək olacağıq. Qızı Ayşə də şeir yazır, mən ona da dəstəyəm. Mən dostumun iki yadigarının arasında fərq qoymuram, onların hansı birinisə tutub, digərini unutmuram. İkisi də mənə doğmadır, ikisi də əzizdir. Əlimdən nə gəlirsə edirəm. Bilirəm ki, mənim bir oğlum yox, iki oğlum, bir qızım var.
- Hüseyn Dərya ilə bağlı nəyi daha çox xatırlayırsınız?
- Hüseynlə tez-tez mübahisə edib, küsürdük. Çünki mən ona həmişə filan, filan şeylər olmaz, bunu etmə, bunu et, deyirdim. Məsləhət deyil, tövsiyə edən bir şəxs idim. Hadisələrə kənardan baxıb, həm sənət, həm həyat dostu kimi onu düzgün istiqamətə yönəltməyə çalışırdım. Ən çox xatırladığım hansısa bir məqamda sözümə qulaq asmayıb istədiyi müsahibəni verdikdən və bununla da aləmi bir-birinə qatandan sonra mənə zəng edərkən, telefonumu qaldırmamağımdır. Mesaj yazırdı, mətni də belə idi: OKUŞ. Bir müddət mənimlə işi olmurdu, amma sonra heç gözləmədiyim anda çıxırdı qabağıma "Əlahəzrət sizin qəbulunuza gəlmək olar?" deyirdi. Nə qədər üzünü görmürdüm, "yox" deyirdim, üzünü görən kimi barışırdım. Çünki bu, onun həyatı idi. O, küyə tez gedirdi və mən də hər dəfə bunun qarşısını almağa çalışırdım.
- Dostunuzu olduğu kimi qəbul edirdiniz?
- Dostlarım çox deyil. Ümumiyyətlə, mən dostlarımın hamısını bütün mənfi və müsbət xüsusiyyətləri ilə sevirəm. Çünki onlar da məni belə qəbul edirlər. Mən ideal deyiləm ki...İstər görünüşdə, istər xarakterdə ...Amma mən düzə-düzəm. Buna görə onlar mənimlə dostluq edirlər.
- Yaradıcılığında ən çox hansı səhvinə hirslənmisiniz? Ümumiyyətlə, sözə qulaq asırdı?
- Sözə qulaq asırdı. Bir dəfə bir reperə qarşı əks kampaniya keçirilirdi. Reperlər yığışıb ona mahnı oxumaq istədilər. Bu, o insana qarşı idi ki, həmin insan Hüseynin yaradıcılığa başlayanda ona çox dəstək olmuşdu. Buna görə mən bütün cəhdlərdən istifadə edərək Hüseynin belə bir iş görməsinin qarşısını aldım. Və mən onun yadına saldım ki, səni kim heç tanımayanda o insan sənin əlindən tutub. Sən əgər ona qarşı mahnıda bir misra belə oxusan, dilin quruyar, qolun qırılar. Çünki o, sənin qolundan tutub. Və həqiqətən də, o, bu kampaniyada iştirakdan imtina etdi. O dönəmdə bu məsələ ilə bağlı verdiyi müsahibələrində hansı sözləri deməsi ilə bağlı ona jurnalist kimi məsləhətlər vermişdim. Çünki onun o zaman dediyi sözlər nə o tərəfi, nə də bu tərəfi incitməli deyildi. Ona həmişə deyirdim ki, sən yaradıcı adamsan, siyasətçi deyil. Sən repinin siyasətçisisən, deməli öz ampulanda siyasətçi olmalısan. Sənin yetərincə düşmənin, dostun var. Sən öz qabında işini gör.
- Niyə çoxları deyir ki, şöhrət onun başını fırladı və belə bir son qaçılmaz idi.
- O, hər zaman birinci olmaq istəyirdi və hər zaman da birinci idi. Şanslı idi, istənilən auditoriyanı ələ almağı çox yaxşı bacarırdı və seçilirdi. Seçilən insanlarda da bu normaldır. Bu gün iki mahnını yalandan oxuyub sponsorların vasitəsilə efirə çıxan insanlar var ki, onların artıq burunları görmək olmur. O qədər göylə gedirlər ki...Amma bu insan hər şeyi sıfırdan özü qurdu. Niyə də qürurlanmasın? Həyatdır, bilmək olmaz mən indi burdan çıxandan sonra başıma nələr gələcək. Bu, o demək deyil ki, şöhrət məni ona itələdi. Siz onun yaradıcılığına, mahnılarına baxın. Onun nə qədər vətənpərvərlik mövzusunda repləri var idi. Heç müğənnilərin arasında araşdırma aparmısınız ki, içərilərindən kimlər əsgərliyə gedib, yaxud da getməyib. Getməyənlər, niyə əsgərliyə getməyiblər, niyə hələ də getmirlər. Amma Hüseyn Qarabağa qədər gedib, döyüşüb. Özü də könüllülərə qoşularaq...Deməli, onun həyatında neqativ olan şeylərə rəğmən, haqqı çatırdı ki, hərbi geyimi geyinib vətənpərvərlik haqda mahnı oxusun.
- Ölümündən uzun müddət sonra deyirdiniz ki, onun bu dünyadan köçdüyünə inanmırsınız. Çünki son dönəmlər həyata, işinə, ailəsinə çox bağlanmışdı. Hələ də inanmırsınız?
- Görün nə qədər vaxt keçib, amma mən indi də buna inanmıram. Mənə elə gəlir ki, o, məndən küsüb. Bir gün yenidən qarşıma çıxacaq və "gəl barışaq, bəsdir, küsülü qaldıq" deyəcək. Ölümünə inanmıram. Bu baxımdan, deyirəm, Hüseyn hələ bir də qayıdacaq. O albomu ilə bir də qayıdacaq.
teleqraf.com