Cari ilin 6 ayı ərzində paytaxtda azyaşlılarla bağlı 37 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 uşaq dünyasını dəyişib, 31 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, azyaşlılarla bağlı baş vermiş 9 hadisədə 5 məktəbəqədər yaşlı uşaq həlak olub, 6 məktəbəqədər yaşlı uşaq isə yaralanıb: "Məktəblilərin iştirakı ilə baş vermiş 28 yol qəzası zamanı 8 şagird həlak olub, 25 nəfər isə müxtəlif xəsarətlər alıb".
V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı stabil qalsa da, həlak olanların sayı 4 nəfər, yaralananların sayı isə 2 nəfər artıb: “Azyaşlılarla əlaqədar qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, bu, “həyəcan siqnalı”nın verilməsi deməkdir”.
Qeyd edək ki, 2015-ci ilin ilk yarısı ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.