Ömrünün 45 ilini “Sovtski”də yerləşən kiçik mənzildə yaşayan Almaz Nəcəfova illərlə rütubət və havasızlıqla mübarizə aparıb. 

“Sovetski”nin sökülməsi, yaşayış sahəsi 25 kvadrat metr və daha az olan şəxslərin mənzillə təmin edilməsi qərarı isə çoxları kimi Almaz xanıma da ümid yeri olub. Hazırda onları paytaxtın Nərimanov rayonunda yerləşən yeni təmirdən çıxmış binalarda mənzillər gözləyir.

Almaz Nəcəfova deyir ki, onlara ev verilməsi xəbəri 4- 5 ay bundan qabaq verilib. O belə bir evdə yaşayacağı üçün özünü çox xoşbəxt hiss edir. 

Mənzil verilən digər ailələrin hazırki yaşam şəraiti acınacaqlı idi. Sakinlər yeni mənzillərinə köçəcəyi anı səbrsizliklə gözləyirdilər.

Digər sakin Fəridə Məcidova binanı çox bəyəndiyini və ev üçün sevindiyini bildirdi.

Yasamal və Nərimanov rayon icra nümayəndələrinin iştirakı ilə sözügedən kateqoriyaya daxil edilən şəxslərə mənzillərin açarları təqdim edildi.


Yeni evlərin açarları sakinlərə verildi
Foto: APA 

Sakinlərin istifadəsinə biri 104, digəri isə 96 mənzildən ibarət 2 bina verilib. Hər bir mənzil 2 otaqdan ibarətdir. Mənzillər tam təmirlidir. Otaqların mebellə təchizatı isə sakinlərin öz hesabına təmin ediləcək. Binada olan 1 mənzilin mebellə təminatı isə diqqət mərkəzində idi. Onun sahibi tikinti təşkilatı tərəfindən püşkatma yolu müəyyənləşdirilib.

Mebelli mənzilin sahibi Mina Əliyeva qeyd etdi ki, “Sovetski”də çox kiçik evdə yaşayırdı. İndi isə onlara mebelli çox geniş bir mənzil verilib.

Müqayisə üçün deyək ki, verilən mənzillər sakinlərin “Sovetski” adlanan ərazisindəki mövcud yaşayış sahələrindən 2-3, bəzi hallarda isə 4 dəfə böyükdür.