Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Leyla Yunusun və Arif Yunusun vəkilinin vəsatətlərinə baxıldı.
Vəkil Əfqan Məmmədov məhkəmə tərkibinə yazılı etiraz etdi. Dedi ki, məhkəmə qərəzli aparılır, Arif Yunusun şüşə qəfəsdən çıxarılması barədə vəsatət təmin olunmadı: "Bizim cinayət işinə xitam verilməsi barədəki vəsatətimiz də təmin edilmədi. Belə çıxır ki, bizim burada oturmağımız əsassızdır. Ona görə də məhkəmə tərkibinə etirazımı bildirirəm".
Vəkilin bu etirazı qəbul edilmədi.
Daha sonra çıxış edən Leyla Yunus vəkilin çıxışını dəstəklədi. Dedi ki, o, xəstə adamın məhkəmə zalına gətirilməsini ilk dəfədir görür: “Arifə hər gün iynə vurulur. Belə məhkəmə olmaz”.
L.Yunus daha sonra məhkəmə heyətinə sərt formada etiraz edərək səsini ucaltdı: “Bu hakim işdən dərhal kənarlaşdırılmalıdır. Belə məhkəmə olmaz”.
Hakim Əfqan Hacıyev isə təqsirləndirilən şəxsin arqessiv çıxışına belə reaksiya verdi: “Leyla Yunus, bura məhkəmə zalıdır. Danışığınıza fikir verin, tərbiyəniz olsun”.
Arif Yunus da vəkilinin etirazını dəstəklədi.
Bundan sonra məhkəmə heyəti müşavirəyə yollandı. Onlar müşavirə otağına keçəndən sonra L.Yunus üzünü zala tutaraq çıxışını davam etdirdi. Dedi ki, bu məhkəmə işi Novruzəli Məmmədovun işinə bənzəyir: “Ayın 3-də keçirilən prosesdə Arifin təzyiqi qalxdı, başı dizimin üstündə qaldı. Belə proses olmaz. Bu, qanunsuzluqdur”.
L.Yunus daha sonra dövlət ittihamçısı Fərid Nağıyevə xitabən onun ünvanına qeyri-etik ifadələr işlətdi: “Siz kimsiniz, nəçisiniz, haralısınız? Mən boyu 1 metr 60 sm, çəkisi 45 kilo olan yaşlı qadınam, amma siz məndən qorxursunuz. Siz qorxaqsınız. Mənə burada zorakılıq edilir, hüquqlarım pozulur”.
Prokuror isə onun bu təhqirləri qarşısında təmkinini pozmadı və heç bir söz demədi. Hakimlər müşavirədən qayıdandan sonra isə dövlət ittihamçısı bu barədə məhkəmə heyətinə məlumat verərək L.Yunus tərəfindən təhqir olunduğunu, onun ictimaiyyəti və mətbuatı aldatdığını bildirdi, dediklərinin əsassız olduğunu, ona qarşı heç bir zorakılıq olmadığını söylədi: "Məhkəmə zalında kameralar var. Zorakılıq olsaydı, hamı görərdi, kameraya da düşərdi. Onun dediklərinin heç bir əsası yoxdur".
Vəkil Ramiz Məmmədov cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsi istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin edilib.
Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir.
Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.
Bugünkü prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olundu. Proses avqustun 6-da davam etdiriləcək. Sabahkı prosesdə prokuror L.Yunusa iş istəyəcək.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.