ABŞ-ın Tenesi ştatının Neşvil şəhəri kənarında kinoteatrların birinə silahlı hücum olub.

ANS PRESS-in məlumatına görə, insident nəticəsində hücum edənin özü həyatını itirib. Belə ki, o polis tərəfindən güllələnib. 



Hücum edən odlu silah və balta ilə silahlanmışdı və bundan əlavə bibər aerazolundan da istifadə edib. Cinayətkarın üstündə eləcə də iki çanta olub ki, polis araşdırması zamanı birinin içindən bomba maketi çıxıb. Hazırda polis ikinci çantanı nəzərdən keçirir. 





Yanğınsöndürmə xidmətinin nümayəndəsinin bildirdiyinə görə, insident nəticəsində bir nəfər yüngül xəsarət alıb. Daha üç nəfər bibər aerazolundan zədə alıb.





Hücum edənin şəxsiyyəti də müəyyənləşib. O 29 yaşlı Vinsent Montanodur. Hücumçunun anası bir neçə gün bundan qabaq oğlunun itməsi barədə polisə müraciət edib.

Yerli WSMV-TV kanalının məlumatına görə anası oğlunun 2006-cı ildən bu yana şizofreniyadan əziyyət çəkdiyini bildirib.
 
Xatırladaq ki, ABŞ-da bənzər hadisələr mütəmadi olaraq baş verir. Hələ bir neçə həftə öncəkinoteatrda silahlı basqın nəticəsində 3 nəfər ölmüşdü. 
Basqın Lafayette şəhərindəki "Grand 16" kinoteatrında "Trainwreck" filminin nümayişi zamanı olub. 

Qeyd edək ki, bu ABŞ-da törədilən ilk hadisə deyil. Artıq Amerikada silahlı hücumlar törədərək insanların öldürülməsi və yaralanması intensiv hal alıb. Son hadisə bir neçə gün öncə qeydə alınmışdı. Tennessi ştatında hərbi obyektə hücum 4 nəfərin ölümü ilə nəticələnmişdi. 

Bundan başqa ölkədə müntəzəm olaraq məktəblər, universitetlərdə və ya mağazalarda silahlı basqınlar törədilir. Müxtəlif zamanlarda bu ölkədə məktəbə, xəstəxanaya
kollecə basqınlar olub.